04 Oktyabr 2017 05:10
399
Səhiyyə
A- A+

Qəfil hava dəyişikliyi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər

Son günlər havaların kəskin dəyişməsi uşaqlar arasında kəskin respirator- virus infeksiyalarının artmasına səbəb olub. Qəflətən dəyişən havalarda ortaya çıxan belə xəstəliklərə diqqət yetirməlidir. Belə ki, valideynlər sonradan uşaqlarında daha ciddi problemlərin ortaya çıxması ilə üzləşə bilərlər.

Bu sözləri Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının uşaq nefroloqu, dosent Rauf Bəylərov universitetin mətbuat xidmətinə müsahibəsində bildirib.

Həkim deyib: “Vaxtında müalicə edilməyən hansısa bir xəstəliyin bir müddətdən sonra ağır fəsadları ortaya çıxa bilər. Xüsusilə, son günlər uşaqlar arasında geniş yayılmış boğaz ağrısını vurğulamaq istərdim. Bu, onlarda kəskin respirator–virus infeksiyaları və ya angina fonunda üzə çıxır. Bu zaman uşaqlar uzun müddət boğaz ağrısından, hərarətin qalxmasından əziyyət çəkirlər. Belə uşaqlar zamanında həkimə aparılmadıqda, patogenetik müalicə olunmadıqda, onlarda ürək və böyrək problemləri ortaya çıxa bilər. Ona görə də belə uşaqlar müayinə olunduqda böyrəklə yanaşı, mütləq ürək də yoxlanılmalıdır. Əgər uşaqda kəskin revmatik qızdırma varsa, bir fəsad kimi glomerulonefrit yarana bilər. Ona görə də müalicə zamanı bu iki xəstəlik mütləq nəzərə alınmalıdır. Glomerulonefrit xəstəliyinin əlamətlərinə gəldikdə isə, bu zaman valideynlər mütləq uşaqlarda sidiyin rənginə diqqət yetirməlidirlər. Xəstəlik zamanı uşaqlarda sidiyin rəngi tündləşir. Əksər hallarda bunu “ət suyuna” da bənzədirlər. Bu da hematuriya adlanır, yəni sidikdə çoxlu miqdarda qırmızı qan hüceyrələri - eritrositlərin olmasıdır. Bu zaman hətta uşaqlarda üzündə, ətraflarında, qarın boşluğunda şişkinlik əmələ gəlir. Bəzən bir çox valideynlər bunu anlamır, uşağın kökəlməsi kimi qəbul edirlər. Ona görə də belə halı öz uşağında müşahidə edən hər bir valideyn ilk öncə onun sidiyinin rənginə fikir verməli, dəyişiklik olduğu təqdirdə təcili həkimə müraciət etməlidir.

Xəstəlik özünü uşaqlar arasında digər əlamətlərlə də büruzə verə bilər. Onlarda yorğunluq, halsızlıq, baş ağrıları kimi hallar da müşahidə edilə bilər. Başağrısı ilk əlamətlərdən biri kimi ortaya çıxa bilər ki, belə vəziyyət çox vaxt təzyiqin qalxması ilə müşayiət olunur. Bu zaman təzyiq mütləq ölçülməli və lazımi köməklik göstərilməlidir. Bu xəstəliyə düçar olan uşaqlar, 1 il ərzində müalicə olunmalı, 5 il isə həkim nəzarətində qalmalıdırlar. Vaxtında həkimə müraciət olunub, düzgün diaqnoz qoyulduqda uşaqlar tam müalicə olunar və sağalma ehtimalları daha da artar. Əks halda bu xəstəlik gələcəkdə böyrək çatışmazlığı və qazanılan ürək qüsurunun yaranmasına səbəb ola bilər. Onu da qeyd edim ki, xəstəlik daha çox 7-15 yaşarası uşaqlar arasında geniş yayılıb. Bu səbəbdən qeyd olunan yaş qrupuna daxil olan uşaqlarda qeyd edilən əlamətlərə daha ciddi yanaşmaq lazımdır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video