03 Oktyabr 2017 03:10
608
Qəbullar
A- A+

Prezident İlham Əliyev Ümumdünya Boks Şurasının 55-ci Konvensiyasının nümayəndə heyətini qəbul edib

Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya Boks Şurasının Bakıda keçirilən 55-ci Konvensiyasının nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinə Ümumdünya Boks Şurasının rəhbəri Maurisio Süleymanın başçılığı altında Avropa Boks İttifaqının, Şimali Amerika Boks Federasiyasının, Britaniya Boks Nəzarəti Şurasının prezidentləri, WBC versiyası üzrə keçmiş dünya çempionları Evander Holifild, Kostya Dzyu, Yuri Arbaçkov, Vitali Kliçko, Nino Benvenuti, Karlos Zarate, Azumah Nelson, Bernard Hopkins və WBC versiyası üzrə hazırkı dünya çempionu Jelena Mrdjenoviç daxildir.

Azərbaycan Prezidenti İlham ƏLİYEV çıxış edərək dedi:

- Azərbaycana xoş gəlmisiniz. Çox şadam ki, Azərbaycan sizin Konvensiyanın iclasına ev sahibliyi edir. Kiyev meri Vitali Kliçko ilə görüşdükdə qeyd etdiyim kimi, biz bu məsələni müzakirə etdik və dedik ki, bu Konvensiyanın Bakıda keçirilməsi yaxşı ideya olardı. O, sizinlə əlaqə saxladı, siz qərar verdiniz. Azərbaycanın bu qədər məşhur insanların iştirakı ilə bu cür mötəbər tədbirə ev sahibliyi etməsi bizi çox şad edir və fərəhləndirir. Dünya idman əfsanələri Azərbaycandadır. Düşünürəm ki, çoxlarınız üçün bu, ölkəmizə ilk səfərdir. Siz burada bir neçə gün qalacaqsınız, beləliklə, xalqımız, ölkəmiz haqqında daha çox məlumat əldə edəcəksiniz. Əlbəttə ki, ölkəmizdə keçirilən bu Konvensiya Azərbaycan üçün, sizi tanıyanlar, sizin döyüşlərinizi, qələbələrinizi televiziyada izləyənlər üçün mühüm tədbirdir. Bir daha xoş gəlmisiniz və Konvensiyanın işinə uğurlar arzulayıram.

Sonra Ümumdünya Boks Şurasının rəhbəri Maurisio SÜLEYMAN çıxış edərək dedi:

- Bizim üçün bu, böyük şərəf və olduqca sevindirici bir haldır. Biz dünyanın bir çox ölkələrindən böyük məsafə qət edərək gəlmişik. Azərbaycana, Bakıya ilk qədəm qoyduğumuz andan bəri hər kəs bizi təbəssümlə qarşılayıb və hər şey mükəmməl olub. Atanızdan Sizə qalmış miras bizim hamımız üçün stimuldur. Siz idman vasitəsilə çox uğurlar qazanmış yeni dünya, yeni ölkə yaratmısınız. Bu, bizi məmnun edir və biz Sizə minnətdarıq.

WBC ən önəmli boks təşkilatıdır və boks bütün dünyada çox mühüm idman növüdür. Azərbaycan həvəskar boks yarışlarında uğurlar qazanıb və biz yaxın gələcəkdə peşəkar boks yarışlarında Azərbaycandan dünya çempionunun yetişdirilməsi prosesinin təməlini qoymaq istəyirik. Bizim çempionlarımızın münasibəti, onların əməlləri örnəkdir. Çünki boks sadiqlik, idmana sevgi və qurban tələb edir. Siz böyük rəhbər olmaq üçün məhz bu xüsusiyyətlərdən istifadə etmisiniz. Buna görə də bu qəbulun baş tutmasında böyük rol oynamış qəhrəmanımız Vitali Kliçko sayəsində Sizinlə görüşmək bizim üçün şərəf və olduqca sevindirici haldır.

Prezident İlham ƏLİYEV dedi:

- Təşəkkür edirəm. Ölkəmiz haqqında xoş sözlərə görə çox sağ olun. Sizin hamınızın bir neçə gün Azərbaycanda olacağınız məni çox sevindirir. Bu, Azərbaycanda boksun inkişafına müsbət təsir göstərəcək. Qeyd etdiyiniz kimi, həvəskar boks yarışlarında yaxşı idmançılarımız var. Bu il boksçularımızdan biri üçqat dünya çempionu adına layiq görülüb. Olimpiya Oyunlarındakı boks yarışlarında da medallar qazanmışıq, zənnimcə, bürünc medallarımız olub. Hesab edirəm ki, boksçularımızın peşəkar boksçu olması üçün potensial mövcuddur, çünki boks Azərbaycanda çox məşhur idman növüdür. Ümumiyyətlə, Azərbaycanda idmanın inkişafı çox uğurla gedir.

Mən Milli Olimpiya Komitəsinin yaradılmasının 25-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə sizi gördüm. Biz həqiqətən də uğurlu fəaliyyət göstərmişik, tarixdə ilk dəfə keçirilən Avropa Oyunları kimi önəmli idman tədbirlərini Azərbaycanda təşkil etmişik. Çünki bütün digər qitə oyunları artıq dəfələrlə təşkil olunub, məsələn, Amerika, Asiya və Afrika Oyunları, lakin Olimpiya Hərəkatının başladığı Avropanın özünəməxsus oyunları olmamışdı. Beləliklə, ilk Avropa Oyunları iki il bundan əvvəl burada təşkil edildi. Bu il Azərbaycanda minlərlə atletin iştirakı ilə İslam Həmrəyliyi Oyunları da keçirildi. Bir neçə gün əvvəl voleybol üzrə qadınlar arasında Avropa çempionatı keçirildi. Bizim komanda medal qazanmağa çox yaxın idi və dördüncü yerdə qərarlaşdı. Əlbəttə ki, digər müxtəlif idman yarışları da keçirilmişdir. Onların sırasında Formula-1 şəhər halqası da var və Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarındakı nəticələrimiz də. Riodakı Yay Olimpiya Oyunlarında biz 18 medal qazandıq və ümumi medal sayına görə dünyada 14-cü yerdə qərarlaşdıq. On milyon əhalisi olan və cəmi 25 il bundan əvvəl müstəqilliyini bərpa etmiş bir ölkə üçün bu, böyük bir nailiyyətdir. Hər dəfə Bakıya nüfuzlu idmançılar təşrif buyurduqda biz idmanın inkişafının şahidi oluruq. Əminəm ki, səfərinizdən sonra çoxlu uşaqlar sizin kimi məşhur olmaq üçün idman seksiyalarına, idman komandalarına yazılacaqlar.

Maurisio SÜLEYMAN dedi: Onlar hamısı icmalarda uşaqlarla məşğul olur, məktəblərə, uşaq evlərinə, icmalara gedir və həmişə ədalətli oyun prinsiplərini, idmanı və daha yaxşı insan olmağın yollarını öyrədirlər. Mən öz döyüşçülərimizlə çox fəxr edirəm, onlar nəinki ölkə, dünya miqyasında qəhrəmandırlar. Bütün dünyanın diqqəti bu həftə boksun paytaxtı olan Bakıya yönəlib. Biz çox fərəhlənirik, Sizə minnətdarıq, qonaqpərvərliyiniz dünyada bir çoxları üçün nümunədir.

Prezident İlham ƏLİYEV dedi: Çox sağ olun. Məşhur atletlər uğurla çıxış etdikdən və karyeralarına son qoyduqdan sonra uğurlu biznesmen, siyasətçi olurlar. Vitali çox uğurla fəaliyyət göstərən bir merdir. Mənə gəldikdə isə mən də bu vəzifəyə Olimpiya Komitəsindən gəlmişəm. Çünki 20 il bundan əvvəl mən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti və yalnız ondan 6 il sonra Azərbaycan Prezidenti seçildim. Beləliklə, mən də idmanı təmsil edirəm, mən də sizin ailənizin bir üzvüyəm.

Gənclər və idman naziri Azad RƏHİMOV bu tədbirdə iştirak edən dünya çempionlarının Azərbaycandakı uşaq evlərinə baş çəkəcəklərini və uşaqlarla görüşəcəklərini dedi, qonaqlar üçün Bakıda rəngarəng proqramların təşkil olunduğunu və keçirildiyini bildirdi. Nazir Ümumdünya Boks Şurasının Bakıda keçirilən 55-ci Konvensiyasının işi barədə də məlumat verdi.

Maurisio SÜLEYMAN dedi: Konvensiya dünyada 55 ildir ki, keçirilir. Biz bir çox ölkələrdə bu Konvensiyanı keçirmişik. Bizim söhbət etdiyimiz hamının ümumi rəyi belə oldu ki, tədbirin ən səmimi, ən qonaqpərvər və gözəl şəkildə təşkil olunduğu yer Azərbaycandır. Əgər siz göstərdiyiniz nümunə əsasında, - Azərbaycanın idman qurğuları sanki başqa bir aləmdir, - işə başlamaq üçün bu şərəfi və imkanı versəniz biz WBC-nin idarə heyəti və çempionları olaraq Azərbaycanda peşəkar boksu inkişaf etdirmək üçün üzərimizə öhdəlik götürməyə hazırıq. Çünki Azərbaycanda yaxşı, geniş ürəkli idmançılar var və onlar dünya çempionları ola bilərlər. Biz əminik ki, üç ildən çox olmayan müddətdə Azərbaycandan peşəkar boks üzrə ilk dünya çempionu çıxacaq.

Prezident İlham ƏLİYEV: Mən buna dəstək göstərəcəyəm. Düşünürəm ki, sizin dəstəyinizlə nazirliklə birlikdə bunu təşkil etmək olar, çünki boks çox məşhurdur.

Sonra keçmiş dünya çempionu Vitali KLİÇKO çıxış edərək dedi:

- Cənab Prezident, mən bir neçə söz demək istəyirəm. Əvvəla, bu, çox möhtəşəm bir tədbirdir. WBC prezidenti Maurisio Süleymanın qeyd etdiyi kimi, hər bir kəs məmnundur. Gözəl ab-hava var. Bütün dünyanın diqqəti Azərbaycandadır. Dünyanın müxtəlif yerlərindən jurnalistlər Bakını, bu çox önəmli tədbiri dünya miqyasında işıqlandırır. Bu tədbir çox qeyri-adi bir tədbirdir, çünki ilk dəfə Konvensiyanın iclası boks üzrə dünya çempionu olmayan ölkədə keçirilir. Mən əminəm ki, bütün infrastrukturla, belə bir yaxşı komanda ilə, - məni infrastrukturun necə inkişaf etməsi heyrətləndirib, - WBC-nin köməyi ilə çox tezliklə Azərbaycanda yaxşı boksçular, Evander Holifild kimi dünya ulduzları yetişdirilə bilər.

Gənc nəslin formalaşmasında və cəmiyyətin inkişafında idmanın böyük rolunun olduğunu bir daha vurğulayan Prezident İlham ƏLİYEV dedi:

- Azərbaycanda biz həmişə deyirik ki, gənc nəsil idmanda çox fəal olmalıdır. Çünki idman nizam-intizam, ləyaqət deməkdir, idman insanlara yaxşı hisslər aşılayır. Həqiqi idmançı heç vaxt özündən zəif olana hücum etməz, xüsusilə çox güclü fiziki imkanlara malik olan boksçular, karateçilər, güləşçilər kimi idmançıları nəzərdə tuturam. Məşhur idmançıların davranışı gənc nəsil üçün yaxşı örnəkdir. Mən ölkəmizdə həmişə atletlərimizə dəstək olmağa çalışıram, çünki onlar buna layiqdir, onlar yaxşı medallar qazanır, bayrağımızı ucaldır, həm də gənc nəslə örnəkdirlər. Çünki idman gənc nəsli yaxşı əməllərə cəlb etmək, onları küçələrdən, narkotiklərdən, spirtli içkilərdən, pis vərdişlərdən, cinayətdən ayırmaq üçün ən yaxşı vasitədir. Əfsuslar olsun ki, Sovet İttifaqının dağılması ərəfəsində və ondan sonrakı ilk illərdə tam xaos, yoxsulluq və anarxiyaya görə bir çox idmançılar qeyri-qanuni fəaliyyətlə məşğul idilər. Buna görə də 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçildikdə mənim əsas məqsədim idmançıları yenidən idmana qaytarmaq idi və bu, baş verdi. Bu gün idmançı Azərbaycanda çox hörmətli adamdır. Hökumət onlara mükafat, çoxlu imtiyazlar verir, dövlət səviyyəsində keçirilən təşviqat kampaniyalarında biz onların təkcə necə döyüşdüyünü yox, həm də necə davrandığını, gənc nəslə necə münasibət göstərdiklərini nümayiş etdiririk. Həqiqətən də cəmiyyətin maariflənməsi və sağlamlığı üçün idmanın çox böyük təsiri var. Siz etdiklərinizi təkcə idman naminə etmirsiniz, bunu dünya üçün, sülh üçün edirsiniz. Ailəniz çoxmillətli, müxtəlif etnik mənsubiyyətli, çoxkonfessiyalıdır. Siz sülhsevər, eyni zamanda, çox güclü, həmişə özünü, ətrafındakı insanları müdafiə etmək iqtidarında olan, lakin gücündən və döyüş qabiliyyətindən yaxşı əməllər üçün istifadə edən insanlar kimi dünyanın necə fəaliyyət göstərməli olduğunu nümayiş etdirirsiniz. Ona görə, mən sizi təbrik etmək istəyirəm. Ümidvaram ki, gələcəkdə də Bakıda görüşəcəyik.

Sonra Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya idmanın boks növünə verdikləri dəstəyə görə WBC çempion kəmərləri xatirə hədiyyəsi olaraq təqdim edildi.

Sonda xatirə şəkilləri çəkdirildi.

Qeyd edək ki, Ümumdünya Boks Şurasının 55-ci Konvensiyasının Bakıda keçirilməsi və dünyanın ən məşhur boksçularının bu tədbirdə iştirakı bir daha ölkəmizin dünya idmanına mühüm töhfələr verdiyini, Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini göstərir. Bu, həm də ölkəmizin təbliği və Azərbaycan idmanının dünyada tanıdılması baxımından son dərəcə əhəmiyyətli addımdır. Fərəhləndirici haldır ki, artıq Azərbaycanda idmanın müxtəlif növləri inkişaf edir, onlara maraq durmadan artır. Bu da ölkəmizdə yeni və güclü idmançı nəslinin yetişməsinə xidmət edir.

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video