02 Oktyabr 2017 05:10
473
Səfərlər
A- A+

Prezident İlham Əliyev Şamaxının Dəmirçi kəndində görülən işlərlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 2-də Şamaxı rayonunun Dəmirçi kəndində görülən işlərlə tanış olublar.

AZƏRTAC xəbər verir ki, turizm sahəsi ölkəmizdə böyük perspektivlərə malikdir. Bu gün Azərbaycanda turizmin əksər növlərinin inkişafı üçün geniş imkanlar mövcuddur. Son illərdə əldə olunmuş sürətli sosial-iqtisadi tərəqqi bu sahənin hərtərəfli inkişafına yeni imkanlar açıb. Turizm ehtiyatlarının öyrənilməsi, turistlərin tələbatının ödənilməsi üçün zəruri xidmətlərin təşkili və müasir standartlara uyğunlaşdırılması, sanatoriya-kurort imkanlarının genişləndirilməsi, otellərin və digər turizm obyektlərinin sayının artırılması, turizm marşrutlarının çoxaldılması istiqamətində həyata keçirilən davamlı tədbirlər real nəticələrini verməkdədir. Əsas məqsəd turizmin ölkə iqtisadiyyatının dayanıqlı, səmərəli və rəqabətədavamlı sahəsinə çevrilməsindən ibarətdir.

Prezident İlham Əliyev bir neçə mühüm sahə ilə yanaşı, Azərbaycanda turizmin inkişafını da qeyri-neft sektorunun əsas istiqamətlərindən biri elan edib və bununla bağlı atılan addımlar artıq öz bəhrəsini verir. Dövlətimizin başçısının vurğuladığı kimi, Azərbaycanda turizmin inkişafı sürətlə gedir, yeni otellər, istirahət zonaları, beynəlxalq səviyyəli turizm kompleksləri açılır. Son illərdə ölkəmizin uğurlu sosial-iqtisadi inkişafı, möhkəm daxili sabitlik respublikamıza turist axınını şərtləndirən əsas amillərdəndir. Zəngin potensialı olan paytaxt Bakı ilə yanaşı, ölkənin bütün bölgələrində turizm obyektlərinin yaradılması kompleks xarakter daşıyır və regionlarda inkişafın mühüm amillərindən biri kimi çıxış edir. Şamaxı rayonunun Dəmirçi kəndində turizm infrastrukturunun yenilənməsi, tarixi abidələrin bərpası və abadlıq-quruculuq işlərinin aparılması da bu qəbildən olan işlərdən biridir.

Dəmirçi Şamaxının ən qədim kəndlərindən biridir və onun tarixi XV əsrə gedib çıxır. Qədimdə adı Güneyçay olan kənddə dəmirçilik sənəti geniş yayıldığından sonralar buraya Dəmirçi adı verilib. Bir vaxtlar qədim İpək yolunun kənarında yerləşən kənddə bir neçə karvansara da olub. Lakin karvansara da daxil olmaqla Dəmirçidəki qədim tikililərin çoxu sovet hakimiyyəti illərində dağıdılıb. Maraqlı adət-ənənələri, özünəməxsus mədəniyyəti olan yerli əhali elmə, təhsilə böyük maraq göstərir. Odur ki, kəndin bərpası və tarixi simasının qorunması ilə bağlı son illərdə həyata keçirilən işlər ölkəmizin bu nadir abidəsini qoruyub saxlamaq və onu gələcək nəsillərə çatdırmaq istiqamətində mühüm tədbirlərdən biridir.

Görülən işlər bir neçə istiqamətdə həyata keçirilib və kompleks xarakter daşıyıb. İlk növbədə, kənddəki məscid bərpa olunub. Ölkəmizin ən qədim dini ocaqlarından olan Dəmirçi məscidi 755-ci ildə tikilib və Prezident İlham Əliyevin göstərişi ilə bərpa edilib. Bu da ondan irəli gəlir ki, dövlətimizin başçısı bütün ölkədə qədim və tarixi əhəmiyyəti olan dini ocaqların bərpasına diqqətlə yanaşır. Bir neçə il öncə Yaxın Şərqin ən qədim məscidlərindən olan Şamaxı Cümə Məscidində bərpa və yenidənqurma işlərinin aparılması da bu məqsədə xidmət edirdi.

Dövlətimizin başçısı məscidin axundu Nəbi İsgəndərov ilə söhbət etdi.

Axund Nəbi İsgəndərov: Möhtərəm cənab Prezident, bizim Dəmirçi kəndinə xoş gəlmisiniz! Bizim bu məscidin keçmiş forması belə olub. Yəni, uzun illər ibadətə yararsız olub, ibadət edə bilməmişik. Sizin sayənizdə bu məscidi bugünkü vəziyyətə gətirib bizim istifadəmizə veriblər. Biz Sizdən çox razıyıq, Allah Sizi, ailənizi qorusun. Çox sağ olun ki, bizə bu məsciddə belə gözəl şərait yaratdınız.

Prezident İlham Əliyev: Çox sağ olun. Bu, bizim tarixi abidəmiz, tarixi irsimizdir, qədim məsciddir. Mənə məlumat verilib ki, bu məscid 755-ci ildə tikilib, ölkəmizin və müsəlman aləminin ən qədim məscidlərindən biridir. Bilirsiniz ki, Azərbaycanda bütün tarixi abidələr, məscidlər bərpa edilir, əsaslı təmir olunur, yeni məscidlər tikilir. Onların arasında əlbəttə ki, Şamaxı Cümə Məscidi xüsusi yer tutur. Çünki bu, ölkəmizin ən qədim məscididir və bir neçə il bundan əvvəl biz bu məscidin yenidən qurulmasını təmin etdik. Məscid yenidən bərpa olundu, əlavə binalar tikildi. Yəni, Şamaxı Cümə Məscidi tam şəkildə əsaslı təmir olunmuşdur və demək olar ki, məscidin böyük bir hissəsi yenidən qurulmuşdur.

Şamaxı rayonunda tarixi-dini abidələr çoxdur, onlardan biri də təbii ki, bu məsciddir. Ona görə əlbəttə, bizim borcumuz idi ki, bu qədim tarixi-dini abidəni bərpa edək, qapılarını dindarların üzünə açaq. Çox şadam ki, biz buna nail ola bilmişik. Bu, məscidin köhnə şəkilləridir, demək olar ki, burada ibadət etmək qeyri-mümkün idi. İndi isə biz məscidi bərpa etmişik. Bərpa zamanı qədim daşlardan istifadə olunub, yəni, məscidin tarixi görkəmi tam qorunub. Bu, təkcə sizin kənd üçün, Şamaxı üçün yox, bütün Azərbaycan, bütün müsəlman aləmi üçün çox əlamətdar hadisədir. Xüsusilə də bu il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunub. Bax, bu gözəl tarixi-dini abidəni biz bu il istifadəyə veririk.

Axund Nəbi İsgəndərov: Bu Məhərrəm ayında bizə belə gözəl hədiyyəni etdiyinizə görə Sizə bir daha təşəkkür edirik, bunun savabı hər şeydən üstündür. Biz bilirik ki, Siz də, ailəniz də dinə, Allaha bağlı insanlarsınız. İcazə verin, Sizə müqəddəs “Qurani Kərim” kitabını hədiyyə edək. Allah Sizdən razı olsun. Allah Sizi bizim başımızın üstündən əskik etməsin.

Dəmirçi məscidində dövlətimizin başçısına “Quran” hədiyyə edildi.

Prezident İlham Əliyev: Çox sağ olun. Dəmirçi kəndinə də yol çəkilib. Xoşunuza gəlir? İşıq, qaz, su, indi rahat yol, körpü.

Axund Nəbi İsgəndərov: Çox sağ olun, cənab Prezident, saymaqla qurtaran deyil, biz sadalamadıq ki, vaxtınızı alarıq.

Prezident İlham Əliyev: Buradan da Lahıca qədər yol çəkiləcək. Sizin Lahıcda da qohumlarınız yaşayır, indi onlara tez-tez baş çəkərsiniz.

Axund Nəbi İsgəndərov: Lahıca getmək üçün 70-80 kilometr yol qət edirdik. İndi 20 kilometr gedəcəyik. Bu, Sizin sayənizdə olacaq.

Prezident İlham Əliyev: Mən tapşırıq vermişəm, bu il işlər başlayacaq və yol gələn il istifadəyə veriləcək. Beləliklə, Dəmirçi kəndinə maraq böyük olacaq, turistlər gələcək. Necə ki, il ərzində Lahıca minlərlə turist gəlir, buraya da gələcək. Bu, həm yeni iş yerləri, həm də dolanışığın yaxşılaşması deməkdir. Dəmirçi kəndi ölkəmizin ən gözəl turizm mərkəzlərindən birinə çevriləcək. Dünya da biləcək ki, Azərbaycanda, Şamaxıda belə bir kənd və onun qədim məscidi var, burada gözəl insanlar yaşayırlar. Bax, Azərbaycanın gözəlliyi və qüdrəti bundan ibarətdir.

Axund Nəbi İsgəndərov: Çox sağ olun, cənab Prezident, bunlar hamısı Sizin sayənizdə mümkün olub. Biz Sizdən çox razıyıq.

 

X X X

 

Yerli əhalinin və turistlərin istirahəti, onların gəzintisinin yaddaqalan olması üçün burada bir sıra maraqlı layihələr icra olunub. Buraya ailə biznesinin qurulmasını və bu biznesdən alınan məhsulların satışını nəzərdə tutan, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış “ABAD” publik hüquqi şəxsin fəaliyyəti də daxildir. Burada turistlərə müxtəlif suvenirlər, əl işləri təqdim olunur və hazır məhsullar bütün regionları əhatə edir. Kənddə turistlər üçün maraqlı əyləncə və istirahət yerləri də təşkil olunub. Bunlardan biri də bir neçə yerdə qoyulan təndirdir. İl ərzində turistlər Dəmirçi kəndinin özünəməxsus qonaqpərvərliyinin şahidi olacaqlar. Onlara məhz bu bölgəyə aid olan milli yeməklər təqdim ediləcək. 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva isti təndir çörəyinə qonaq oldular.

Kənddə Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinin eksponatlarından ibarət sərgi də açılıb. Bu eksponatlar turistlərdə Şamaxının qədim tarixi barədə geniş təsəvvür yaradacaq. Burada turistlərdə maraq doğuracaq sərgi-kompozisiyalardan da istifadə olunacaq. Bundan əlavə, müxtəlif məişət obyektləri əhalinin və turistlərin istirahətinə maraqlı anlar qatacaq.

Dövlətimizin başçısını və birinci xanımı Dəmirçi kəndində çay içməyə dəvət etdilər.

Dəmirçi turizm infrastrukturunda “Azərxalça” ASC də yer alıb. Burada toxunacaq xalçalar sonradan turistlərə satılacaq ki, bu layihə Azərbaycan xalçalarının şöhrətini daha da artıracaq.

Bərpa və yenidənqurma işləri zamanı yeni xalq sənəti obyektlərinin tikilib istifadəyə verilməsi diqqət mərkəzində saxlanılıb. Kənddə dəmirçilik sənətinin dirçəldilməsi və bu sahəyə marağın artırılması məqsədilə dəmirçi dükanı və emalatxanası yaradılıb.

Azərbaycan Prezidenti və birinci xanım dəmirçi dükanı və emalatxanası ilə tanış oldular.

Prezident İlham Əliyevə inşası nəzərdə tutulan Dəmirçi Arxeoloji-Etnoqrafik Muzeyinin layihəsi də təqdim edildi.

Layihə çərçivəsində Şamaxı ilə yanaşı, bütün Şirvanın tarixi keçmişi barədə məlumatlar və eksponatlar sərgilənəcək, açıq səma altında muzey salınacaq. Qeyd edək ki, ötən il Dəmirçi kəndindən Lahıc qəsəbəsinə yol çəkilişi zamanı saxsı qablar və insan skeleti fraqmentləri aşkar olunub. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşlarının Dəmirçi-Lahıc yolunun 4-cü kilometrliyində, Gəgəli yaylağı adlanan ərazidə apardıqları araşdırmalar nəticəsində 1,5 hektar ərazidə nekropol olması müəyyən edilib. Qazıntılar zamanı ərazidən qızıl və gümüşdən bəzək əşyaları, muncuqlar, sikkələr və digər maddi-mədəniyyət qalıqları aşkarlanıb. Bu il nekropolda aparılan qazıntılar zamanı 18 qəbir açılıb. Əldə edilən maddi-mədəniyyət nümunələri əsasında Gəgəli nekropolunun son antik və ilk orta əsrlərə aid edildiyi məlum olub.

Beləliklə, Dəmirçi kəndində turizm infrastrukturunda yaradılan şərait bir daha təsdiqləyir ki, Azərbaycanın müxtəlif bölgələrində qısa müddətdə turist marşrutları üzrə mükəmməl infrastrukturun və müasir turist yerləşdirmə obyektlərinin yaradılması artıq öz bəhrəsini verir. Bu isə Azərbaycanın qədim və zəngin mədəniyyətini, milli mətbəximizin müxtəlifliyini, xalqımızın qonaqpərvərliyini turistlərə təqdim etməyə geniş imkanlar açır.

Dəmirçi kəndi ilə tanışlıq zamanı xatirə şəkilləri çəkdirildi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video