29 Sentyabr 2017 12:09
231
Təhsil
A- A+

“Avropa təhsil məkanında dillərin və mədəniyyətlərin dialoqu” mövzusunda beynəlxalq konqres

 

Bakıda “Avropa təhsil məkanında dillərin və mədəniyyətlərin dialoqu” mövzusunda beynəlxalq konqres açılıb. Tədbir Rusiya Elm və Təhsil Nazirliyinin, Moskva Dövlət Pedaqoji Universitetinin təşəbbüsü və Azərbaycanın Rus İcmasının təşkilatçılığı ilə keçirilir.

AZƏRTAC xəbər verir ki, konqres iştirakçıları əvvəlcə Fəxri xiyabanı ziyarət edərək Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsini anıblar  və məzarı önünə güllər qoyublar.

Rusiya tərəfinin tədbirin keçirilməsi yeri kimi Azərbaycanı seçməsi multikulturalizmin inkişafı sahəsində, o cümlədən orta və ali təhsil sahəsində ölkəmizin sanballı təcrübəsi ilə bağlıdır.

Konqresdə təhsil işçiləri, ali məktəblərin rəhbərləri, Bolqarıstan, Türkiyə, MDB ölkələri (Moldova, Qırğızıstan, Tacikistan) və Rusiya regionlarından (Moskva, Sankt-Peterburq, Həştərxan, Şimali Osetiya, Dağıstan, Udmurtiya, Stavropol diyarı) müəllimlər, habelə Azərbaycanın ali məktəblərinin rəhbərləri, müəllimləri və tələbələr iştirak edirlər.

Konqresə Milli Məclisin deputatları, Təhsil Nazirliyinin rəhbərliyi və işçiləri, Rusiyanın ölkəmizdəki səfirliyinin, “Rostsotrudniçestvo” Agentliyinin Azərbaycan nümayəndəliyinin təmsilçiləri dəvət olunublar.

İclasın əvvəlində A.Soljenitsın adına Moskva Rus Mühacirliyi evinin nümayəndələri Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Kitabxanasına rus yazıçılarının 300 kitabını hədiyyə ediblər.

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin açılış mərasimində çıxış edərək deyib: “Səfir üçün günə belə bir tədbirlə başlamaqdan xoş heç nə ola bilməz. Sənin təmsil etdiyin ölkənin nə isə hədiyyə etməsi sevindirici haldır. Xüsusən də hədiyyə bu cür dəyərli kitablardan ibarət kolleksiya olanda. Azərbaycana diqqət yetirdiyi və belə bir hədiyyə ilə məhz bura gəldiyi üçün Rus Mühacirliyi evinin kitabxanasına öz təşəkkürümü bildirirəm. Azərbaycan bu diqqətə layiqdir. Əlbəttə, sizin hədiyyəniz rəmzi xarakter daşıyır, amma onun əməli əhəmiyyəti də olacaq. Bu kitablar rəflərdə tozlanmayacaq, çünki onlara ehtiyac var. Azərbaycanda rus dilinə və ədəbiyyatına maraq tamamilə təbiidir və dərin köklərə malikdir”.

Səfir qeyd edib ki, Azərbaycanda peşəkar rusistlər var. Onlar rus dili və ədəbiyyatını yüksək səviyyədə tədris edirlər. Burada Yesenin, Mayakovski, Tolstoy yaradıcılığını dərindən bilən mütəxəssislər işləyir və sizin hədiyyəniz düz hədəfə dəyib. Ümidvaram ki, bu tədbir sayəsində A.Soljenitsın adına Rus Mühacirliyi evi ilə AMEA-nın Kitabxanası arasında möhkəm əlaqələr yaranacaq.

A.Soljenitsın adına Moskva Rus Mühacirliyi evinin aparıcı elmi əməkdaşı Viktor Leonidov deyib: “Mən bu mərasimdə böyük məmnuniyyətlə iştirak edirəm. Bu dəyərli kitablar elə bir kitabxanaya hədiyyə olunub ki, orada rus dilini və ədəbiyyatını sevirlər. Bu kitablar çox yüksək səviyyəli nəşrlərdir - memuarlar, araşdırma tarixinə dair kitablar və ilk növbədə “Rusiyanın hüdudlarından kənarda Rusiya” deyilən nəhəng planetlə bağlı kitablardır. Bu kitablar rus mədəniyyətini və ədəbiyyatını sevən hər kəs üçün misilsiz hədiyyədir”. O bildirib ki, Azərbaycanda iki ölkəni birləşdirən əlaqələrə böyük ehtiramla yanaşırlar.

Milli Məclisin deputatı, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxışında deyib: “Bu kitabların hədiyyə olunması Milli Elmlər Akademiyası üçün çox əhəmiyyətli hadisədir. Əminəm ki, bu addım daha bir əlaqələndirici bağ olacaq və ölkələrimizin daha da yaxınlaşmasına, elmi və mədəni əlaqələrin inkişafına xidmət edəcək”.

Azərbaycanın xalq yazıçısı, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev bildirib ki, kitabların hədiyyə olunması onları hədiyyə edən ölkənin  mədəniyyətini və ədəbiyyatını vurğulayan nümunəvi aktdır. Amma, görünür, bu həm də bizim mədəniyyətimizi və ədəbiyyatımızı vurğulayan bir hadisədir, çünki kitablar elə bir ölkəyə hədiyyə olunur ki, orada onları dəyərləndirirlər. Kitabların əhəmiyyətini lazımınca qiymətləndirmək bütün zəmanələrdə çətin olub. Elmlər Akademiyasına, xalqımıza və dövlətimizə kitabların hədiyyə olunması çox rəmzi haldır. Ümidvaram ki, kitab mədəniyyəti bizim ölkəmizdə daim yaşayacaq”.

Bakının və Azərbaycanın arxiyepiskopu Aleksandr ata isə çıxışında diqqətə çatdırıb ki, Rus Mühacirliyi evinin bugünkü hədiyyəsi gənclərin dünyagörüşünün genişlənməsi nöqteyi-nəzərindən Azərbaycan üçün çox əhəmiyyətli hadisədir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video