29 Sentyabr 2017 12:09
915
Oxucu məktubları
A- A+

Vətəni də anan kimi qorumalısan, oğul!

 

Əziz oğlum, əsgər  balam! Bilirəm,  ailəmizin yeganə kişisi olaraq bizi düşünüb  fikir çəkəcəksən. İlk vaxtlar darıxıb sıxılacaqsan. Amma gün keçdikcə  daha çox iradə toplayacaq, mətinləşəcəksən.

Evdə, məktəbdə nə qədər Vətən sevgisindən danışsaq da, bu məhəbbətin əslini  orada - hərbi  xidmətdə hiss edəcəksən! Əsgər oğlum, igid balam! “Əsgər”  kəlməsinin  altında böyük bir məna durur. Əsgərlik kişilk, vətəndaşlıq məktəbidir. Səni  bayrağımıza  sevgi ilə böyütdüm, oğlum! Yurda, torpağa, dövlətə  sevgi  aşıladım. Böyüdün, öz qəlbinin diktəsi ilə  otağında  Azərbaycan  bayrağını asdın. Əsgər olmaq, əldə silah Vətənə xidmət  etmək arzusu  ilə yaşadın! Lap kiçik yaşlarında “əsgər-əsgər” oynadığın yadındamı? “Marş irəli, Azəbaycan əsgəri” - deyə addımlardın həyətdə. Bir oyuncaq qılıncın da vardı. Bəzən gecələr əlində qılıncla başımızda durub “Rahat yatın,  mən qəhrəmanam, keşikdəyəm,  əjdahanı öldürəcəm,  düşmənlə savaşacam”- deyirdin.  Bax, oğlum, bu gün -  o gündür! Biz indi rahat yatır, sən bizim - xalqın  keşiyini çəkirsən.

Şübhəsiz, şanlı Azərbaycan bayrağını öpüb and içəndə Vətənin  dəyərini daha çox anlamısan. Bu bayrağın sənin müstəqilliyinin, gələcəyinin olduğunu daha dərindən hiss etmisən! Bu yurdun, bu Vətənin təhlükəsizliyinin sənin kimi oğulların, igidlərin əlində olduğunu da dərk etmisən! Vüqarınla, əzminlə vətənə borcunu ləyaqətlə ödəyəcəyinə əminəm!  Hər gün təlim keçəcək, qollarına, dizlərinə qüvvət yığacaq, hərbin sirlərinə yiyələnəcəksən! Ana qoynuna sığındığın, qoxusunu duyduğun qədər indi ruhən və cismən  ana torpağa daha yaxın olacaq, ətrini ciyərlərinə çəkəcəksən! Unutma, o torpaqda yüzlərlə, minlərlə  şəhidin qan izləri var! Onu da mütləq hiss edəcəksən. Doğmalarımızın qanı ilə suvarılmış bu torpağı yenidən dirçəltmək, işğalda olan hissəsini azad etmək,  qorumaq sizin borcunuzdur, oğul! “Hər şey Vətən üçün!” şüarı ilə addımlayarkən ananın bu məktubunu xatırla.  Unutma:  dünən evini, ailəni, ananı  qoruduğun kimi, bu gün dövlətini, torpağını, elini qorumalısan! Qorumalısan ki, evin də, elin də yaşasın!

Əziz oğlum! Uzun illər kimsəsizlərə də analıq etdim. Çoxları məni “Əsgər anası!” deyə çağırdı. Bu gün sayəndə həqiqətən də əsgər anasıyam! Səninlə fəxr edirəm, oğlum! Xidmətdə olduğun bu az müddətdə  hər dəfə komandirlərinin, əsgər yoldaşlarının  dilindən “Təşəkkür edirik, oğlunuz intizamlı, nümunəvi  əsgərdir!” - sözünü eşitməyim məni çox qürurlandırır! Belə davam et! Hər ay sənə bir məktub yazacam. 16-ci məktubda xidmətin sona çatmış olacaq.

Əziz balam! Yanına valideyni gələ bilməyən əsgərlər də olacaq. Onlara qardaş-sirdaş ol, dayaq  dur! Bütün əsgər və zabitlərimizi Allaha əmanət edirəm!

Vətən xidmətində uğurlarınız bol olsun!

 

Şərafət MUQUZOVA,

əsgər anası

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video