Alternative content

02:09 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xoşbəxt ölkənin vətəndaşlarıyıq
Xoşbəxt ölkənin vətəndaşlarıyıq
ANA SƏHİFƏ / Təhsil
12:09 17.09.2017

 

Bu il onun üçün də tamamilə fərqli bir dərs ili başladı. Aylin Şirinova ilk dəfə tədris ocağının qapısından içəri şagird deyil, tələbə kimi daxil oldu. Təbii ki, hər gün üz tutacağı məktəbin adı da, ünvanı da dəyişdi. On bir il təhsil aldığı Bakı-Avropa liseyini Azərbaycanın böyük bir tarixi, özünəməxsus ənənələri olan Bakı Dövlət Universiteti əvəz etdi. İndi Aylin Şirinova bu universitetin hüquq fakültəsinin ingilis dili bölməsinin tələbəsidir. O, bu ada böyük müvəffəqiyyətlə, qəbul imtahanından 690 bal toplayaraq nail oldu.

Aylin Şirinova 1999-cu il 18 sentyabrda Bakı şəhərində dünyaya gəlib. Dediyinə görə, uşaqlıqda dəcəl olması dərslərini yaxşı oxumasına maneçilik törətməyib. Buna görə valideynləri də, müəllimləri də ondan həmişə razılıq ediblər.

Gələcək sənət yolunu müəyyənləşdirmək üçün çox tərəddüd etməyib. Orta məktəbin 6-7-ci siniflərində oxuyanda qəti qərarını verərək “hüquqşünas olacağam” deyib. Aylin valideynlərinin onların ixtisas seçiminə müdaxilə etmədiklərini söyləyir: “Əvvəlcə tərcüməçi olmaq barədə fikirləşdim. Sonra hiss etdim ki, hüquqşünas kimi özümü daha yaxşı ifadə edə bilərəm. Mən realistəm. Ona görə də gələcəkdə hansı sahədə işləyə biləcəyimi qəti şəkildə özüm üçün müəyyənləşdirdim. Valideynlərim düzgün qərar verəcəyimə əmin idilər. Doğrudur, anam əvvəl bir az şübhə ilə baxırdı, deyirdi ki, hüquqşünaslıq qız sənəti deyil. Amma etiraz etmirdi. Atam isə, təbii ki, ilk gündən dəstəkləyirdi. Ümumiyyətlə, bizim ailədə uşaqların ixtisas seçiminə ata-ana müdaxilə etmir. Yalnız tövsiyələrini verirlər, öz dəstəklərini əsirgəmilər. Ancaq son qərarı özümüz veririk. Ailədə iki uşağıq. Qardaşım da, mən də böyük arzularla bu sənəti seçmişik və yaxşı hüquqşünas olmağı qarşımıza məqsəd qoymuşuq. Bunun üçün qəbul imtahanlarına böyük həvəslə hazırlaşırdım. Repetitor yanına gedirdim. Digər ixtisaslar üzrə qrup, ingilis dilindən isə fərdi şəkildə məşğul olurdum. Ali məktəbə qəbul məsələsində özümdən çox atamı düşünürdüm. Çünki o, bu məsələdə çox həssasdır. Uşaqlarının yüksək bal toplayıb ən yaxşı ali məktəblərə daxil olması atamın bəlkə də həyatda ən böyük arzularından biri idi. Mən də bunun həyata keçməsi üçün bacardığımı etdim”.

Bu il ölkəmizdə tələbə adını qazanmaq istəyənlərə qəbul imtahanında iki dəfə iştirak etmək imkanı yaradıldı. Aylin Şirinova da apreldə keçirilən qəbul imtahanında 668 bal toplayıb. Anasının məsləhəti ilə iyulda ikinci dəfə qəbul imtahanına qatılmaq qərarına  gəlib. Nəticə 690 bal olub.

İndi hədəfində yaxşı hüquqşünas olmaqdır. Buna nail olacağına ona görə əmindir ki, özünü bu sənətdə görə bilir. Çünki hüquqşünaslıq sevərək görəcəyi işi olacaq. Qarşısına qoyduğu məqsəd ilk növbədə seçdiyi ixtisasa dərindən yiyələnməkdir. Aylin Şirinova Bakı Dövlət Universitetini bitirdikdən sonra Avropa ölkələrinin birində magistratura təhsili almaq niyyətindədir.

Hələ ki qarşıda Bakı Dövlət Universitetində keçirəcəyi dörd ili var. Burada ilk dərs gününün təəssüratı ürəkaçandır. “İlk tanışlıq oldu. Bundan sonra qarşımızda yeni bir yol var. Yaxşı tələbə olacağımı düşünürəm. Ümumiyyətlə, vaxtı hədər keçirməyi xoşlamıram. Bir də dərslərimdə kimdənsə geri qalmağı qəbul etmirəm. Özümlə bağlı fəxr etməli bir cəhətim var ki, çox məsuliyyətliyəm. Üzərimə düşən iş varsa, onu yubatmadan, bəhanələrə yol vermədən, ən yaxşı şəkildə etməyə çalışıram”.

Çoxları gənc nəslin mütaliəyə maraq göstərmədiyindən gileylənir. Aylin bu fikirlə razılaşsa da, hamıya şamil edilməsinin tərəfdarı deyil. O, bir sıra gözəl vərdişlər kimi, mütaliənin formalaşmasında da ailənin vacib rolu olduğunu deyir. Valideynlərinin, özündən yaşca böyük olan qardaşının kitablara sevgisi Aylində də maraq yaradıb. Ən çox detektiv əsərlər oxuyur. Xarici müəlliflərin, Azərbaycan yazıçılarından isə Çingiz Abdullayev, Elxan Elatlı və digər müəlliflərin əsərlərini mütaliə edir.

Hüquqşünas kimi həmişə ədalətin tərəfində dayanacağına, haqlını müdafə edəcəyinə görə özünü bəxti gətirmiş hesab edir. Deyir: “Azərbaycan tarixinin qürurverici səhifələri çoxdur. Ölkəmiz iki dəfə müstəqilliyini əldə edib. Hər ikisində buna çox böyük çətinliklərlə nail olub. Şübhəsiz ki, müstəqilliyi qazanmaq qədər onu qoruyub saxlamaq da çətindir. Bu gün Azərbaycan sürətli inkişaf edir, dünyanın qabaqcıl ölkələri sırasında yerinin möhkəmləlməsi istiqamətində dövlət səviyyəsində mühüm işlər həyata keçirilir. Biz xoşbəxt bir ölkənin gəncləriyik. Ona görə ki, belə gözəl ölkəmiz və güclü dövlətimiz var. Məncə, düzgün təhsil alan və dünyagörüşü olan hər bir gənc bunu yaxşı bilir. Dövlətimiz gənclərə çox böyük etimad göstərir. Bizim də Azərbycan Respublikasının gənc vətəndaşları olaraq üzərimizə böyük məsuliyyət düşür. Azərbaycanın dövlətçilik ənənəsinin davam və inkişaf etdirilməsində hər birimiz əlimizdən gələni əsirgəməməliyik. Mən də gələcək hüquqşünas kimi dövlətimizin, vətəndaşlarımızın hüquqlarını qoruyacağam”.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”