Alternative content

23:55 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qobustanda ali məktəblərə qəbul olunanların sayı ildən-ilə artır
Qobustanda ali məktəblərə qəbul olunanların sayı ildən-ilə artır
ANA SƏHİFƏ / Təhsil
12:09 16.09.2017

 

Bütün sahələrdə olduğu kimi, Qobustanın təhsil sistemində də uğurlar bir-birini əvəz edir. Təhsil şöbəsinin müdiri Füzuli Güləliyev deyir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və ölkə başçısı İlham Əliyevin davam  etdirdiyi təhsil islahatı Azərbaycanda təhsilin keyfiyyətini yüksəldib və dünya təhsilinə inteqrasiyanı sürətləndirib. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsilə göstərdiyi qayğı nəticəsində  ümumtəhsil məktəblərinin  maddi-texniki bazası möhkəmlənib və infrastrukturu yenilənib. Ölkəmizdə gözəl təhsil şəraiti yaranıb.

Qobustan rayon təhsil şöbəsi nəzdində 18 tam orta, 9 ümumi orta və 3 ibtidai məktəb olmaqla 30 ümumtəhsil müəssisəsi  fəaliyyət göstərir. Həmin məktəblərdə 5148 nəfər şagird təhsil alır ki, onların təlim-tərbiyəsi ilə 482 nəfər müəllim məşğul olur.

Dövlət qayğısı nəticəsində son illərdə rayonda 14 yeni məktəb binası tikilib. 8  məktəb binası isə əsaslı təmir edilib və məktəblərin maddi-texniki bazası möhkəmləndirilib. Təhsil müəssisələri ən müasir avadanlıq və texniki qurğularla təmin olunub. O cümlədən  rayonun şəhər 1 saylı, Yekəxana, Ərəbqədim, Cəyirli, Bəklə, Nabur kənd tam orta,  Ərəbşahverdi, Təsi və Sədəf ümumi orta  məktəbləri əsaslı təmir olunub. Yeni avadanlıq və İKT vasitələri ilə təmin edilib.

Ümumilikdə Qobustan respublikamızın  təhsil ənənələrinə malik olan rayonlarındandır. Təhsilin səviyyəsinə görə həmişə fərqlənən məktəblərdən biri də şəhər 3 saylı tam orta məktəbdir. Buranı bitirən məzunlar arasından yüzlərlə elm və mədəniyyət xadimləri yetişərək müxtəlif sahələrdə uğurla fəaliyyət göstərən insanlar olub. Məktəbin müəllimlərinin adı hələ sovetlər dönəmində hörmətlə çəkilib. Pedaqoji təcrübələri ölkə miqyasında geniş təbliğ edilib. Belə müəllimlərdən respublikanın əməkdar müəllimi D.Orucovun, “Lenin” ordenli A.Qayıblının adları bu gün də hörmətlə xatırlanır. Məktəbin məzunları olmuş adlı-sanlı alimlər respublikamızın müxtəlif universitetlərində uğurlu peqadoji fəaliyyət göstərirlər. Məktəbin müəllimlərindən respublikanın əməkdar müəllimləri S.Məhərrəmova, X.İsmiyev, müəllimlərdən Ə.Qasımov, S.Qayıbov keçmiş ənənələri bu gün də  qoruyub saxlayırlar.

Pedaqoji kollektivin bütün səylərinə baxmayaraq, son illərdə məktəbin binası müasir tələblərə cavab vermirdi. Prezident İlham Əliyevin ölkə təhsilinə göstərdiyi  qayğı 2017-2018-ci dərs ilində bir daha hiss olundu. Belə ki, bu il rayonun şəhər 3 saylı tam orta məktəbi üçün 660 yerlik yeni məktəb binasının tikintisinə göstəriş verildi. İşlərin sürətlə və keyfiyyətlə aparılması onu göstərir ki, yaxın vaxtlarda rayonun məktəbləri sırasına yeni və müasir tələblərə cavab verən daha bir təhsil ocağı əlavə olunacaq. Artıq yeni məktəbin 1 korpusu sentyabrın 15-də qapılarını şagirdlərin üzünə açıb. Rayonda təhsilin inkişafına göstərilən qayğı heç də bununla bitmir. Sədəf və Təsi kənd ümumi orta məktəbləri üçün modul tipli yeni məktəb binalarının tikintisi də sürətlə aparılır.

Bu il də Qobustan təhsili üçün uğurlu olub. Rayon üzrə ali məktəblərə  sənəd  verən 176 nəfər məzundan 82 nəfəri respublikanın müxtəlif ali məktəblərinə, 19 nəfər orta ixtisas təhsili məktəblərinə, 1 nəfər isə xüsusi təyinatlı təhsil müəssisəsinə qəbul  olunub. Bu da sənəd verənlərin 46,59 faizini təşkil edir. Sevindirici haldır ki, rayon şagirdlərinin ali məktəblərə qəbul sayı ildən-ilə artmaqda davam edir. Belə ki, 2013-cü ildə ali məktəbə  qəbul olanlar 62, 2014-cü ildə 68, 2015-ci ildə  85, 2016-cı ildə isə 105 nəfər  olmuşdur. Bundan əlavə, ötən illə müqayisədə daha yüksək bal toplayan şagirdlərin sayı xeyli artıb.  Bu il ali məktəblərə qəbul olan abituriyentlərdən 13 nəfəri 500-dən çox bal toplayıb. Bunlardan şəhər 1 saylı tam orta məktəbin şagirdi  Nofəl Ağayarlı 627, şəhər 3 saylı tam orta məktəbin şagirdi Zabit Nəcəfov 607 bal toplayıblar.  Rayonun  şəhər 1 saylı, 2 saylı, Çuxanlı, Sündü və Ərəbşalbaş kənd tam orta məktəblərində qəbulun faizi də yüksək olub.

İstedadlı şagirdlərin üzə çıxarılması üçün aparılan tədbirlərdən biri də olimpiadaların keçirilməsidir.  Ötən dərs ilində  rayonun ümumtəhsil məktəblərinin  IX-XI sinifləri üzrə olimpiadanın  rayon turunda 196  nəfər şagird iştirak edib. Onlardan 11 nəfəri  yüksək nəticə qazanaraq İsmayıllı şəhərində keçirilən  zona mərhələsinə qatılıblar. Zona mərhələsində Ş.Şikarov adına Sündü kənd tam orta məktəbin  X sinif şagirdi Aydın Ağaverdiyev 100 faizlik nəticə göstərərək respublika turuna vəsiqə qazanıb. Bakı şəhərində keçirilən final mərhələsində də o, birinci yeri tutub. Aydın Ağaverdiyev  rayonun tarixində ilk dəfə olaraq  tarix fənni üzrə olimpiadanın respublika turunda uğurlu nəticə göstərərək 2 il ardıcıl olaraq I yerin qalibi olub.

Ulu öndərin   həyat və fəaliyyətinə həsr olunmuş müsabiqənin  təqdimatı  rayonun  bütün ümumtəhsil məktəblərində keçirilmişdir. Təqdimatın rayon mərhələsində iştirak edən 27 məktəbin şagirdləri arasında   Çuxanlı kənd  tam orta məktəbin XI sinif şagirdi Aytac Maqsudova respublika turunda iştirak etmək hüququ qazanıb və o, müsabiqəni II yerdə başa vurub. Artıq Çuxanlı kənd tam orta məktəbin şagirdləri ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş inşa müsabiqələrində  dördüncü dəfədir ki, qalib gəlirlər.

 

Əli SƏLİMOV,

“Azərbaycan”