Alternative content

08:45 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Təhsilə investisiyaların həcmi artıb
Təhsilə investisiyaların həcmi artıb
ANA SƏHİFƏ / Təhsil
12:09 16.09.2017

 

Paytaxtda və bölgələrdə müasir tipli yeni təhsil ocaqları tikilərək şagirdlərin ixtiyarına verilib

 

Müasir tələblərə cavab verən keyfiyyətli təhsil sisteminin yaradılması Azərbaycanda ardıcıl şəkildə həyata keçirilən sosialyönümlü islahatların başlıca hədəfinə çevrilib. Təhsil ümumən ölkənin, xalqın müqəddəratı ilə bağlı strateji sahə olduğundan ölkə rəhbərliyi son 14 ildə bu sferada qarşıya çıxan çatışmazlıqların aradan qaldırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir.
Azərbaycanda təhsil sahəsində aparılan islahatların əsasını “Təhsil millətin gələcəyidir” - deyən ümummilli lider Heydər Əliyev qoyub. Ulu öndərin bu sahədə başladığı siyasəti dövlət başçısı
İlham Əliyev uğurla davam etdirərək təhsil sferasını yeni inkişaf mərhələsinə çıxarıb. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında daim xüsusi vurğulayır ki, müasir qloballaşma əsrində Azərbaycanda milli tərəqqinin yeganə yolu elm və təhsilin, müasir biliklərin, intellektual əməyin inkişafından, habelə kompüter və informasiya texnologiyalarının bütün idarəetmə səviyyələrində geniş tətbiqindən keçir. 2003-cü ildən dövlət büdcəsi vəsaitlərinin ilbəil artımı da təhsil sahəsində məhz maliyyə çatışmazlığı səbəbindən yığılıb qalmış bir sıra problemlərin məhz hazırkı mərhələdə həlli məsələsini aktuallaşdırmış, təhsilə dövlət investisiyalarının həcmcə artımını təmin etmişdir.
Dövlətin xüsusi qayğısı sayəsində təhsil sahəsində diqqətçəkən nəticələr ölkədə məktəb tikintisinin geniş vüsət alması ilə bağlıdır. Bu problemin həlli - məktəblərdə əsaslı təmir-tikinti işlərinin aparılması, müasir tipli yeni təhsil ocaqlarının tikilib istifadəyə verilməsi hələ 11 fevral 2004-cü il tarixli Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramında əksini tapmışdır. Eyni zamanda, “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin avadanlıqlarla təmin olunmasına dair İnkişaf Proqramı (2005-2009-cu illər)” bu sahədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini təmin etmişdir.
“2014-2016-cı illərdə Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən bütün sosial sahələrdə olduğu kimi, təhsil müəssisələrinin əsaslı şəkildə yenidən qurulması, yeni məktəb binalarının, uşaq bağçalarının inşası prosesi məqsədyönlü şəkildə uğurla həyata keçirilir. Paytaxtda və ətraf qəsəbələrdə, bütünlükdə respublikanın hər yerində orta məktəb binaları yüksək standartlara uyğun şəkildə qurulur və lazımi avadanlıqla təchiz edilir, təhsil müəssisələrinin ərazilərində abadlıq işləri həyata keçirilir, yeni yaşıllıq zolaqları salınır. Beləliklə, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülür. Təhsil sahəsində görülən bütün işlər Azərbaycanda insan kapitalının daha da inkişaf etdirilməsi məqsədinə xidmət edir. Yeni tədris ilində paytaxtda və bölgələrdə müasir standartlara uyğun yeni məktəblərin açılması aparılan işlərin məqsədyönlülüyündən xəbər verir.
Cari ildə ölkə üzrə 71 məktəb inşa edilib ki, onlardan 61-i modul tiplidir. İlin sonunadək 44 rayon əhatə olunmaqla 100 azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbinin də modul tipli təhsil müəssisəsi ilə əvəz edilməsi nəzərdə tutulur. İl ərzində 12-si əsaslı olmaqla 460 məktəb cari təmir edilib, 24-nün binasında isə işlər başa çatmaq üzrədir. 1 peşə, 1 uşaq-gənclər, 1 tədris-idman mərkəzi, 3 ali təhsil müəssisəsinin kampusu və korpusu tikilib, bəziləri isə əsaslı təmir edilib. Bütün bunlar dövlətin sosialyönümlü siyasətində təhsilin daim ön planda olduğunu, strateji məsələ kimi nəzərdən keçirildiyini bir daha təsdiqləyir. Ölkəmizin iqtisadi imkanları artdıqca təhsil sahəsinə ayrılan vəsaitlərin həcmi də adekvat yüksələcək.
Ümumtəhsil müəssisələrində 2017-2018-ci tədris ilinin ilk dərs məşğələsi isə “Cocuq Mərcanlı - tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunacaq. Məqsəd uşaq və gənclərə Azərbaycan Ordusunun 2016-cı ilin aprel döyüşlərində göstərdiyi qəhrəmanlıqlar və işğaldan azad olunmuş torpaqlarımıza qayıdışın rəmzinə çevrilən Cocuq Mərcanlı kəndi haqqında daha dolğun məlumatların verilməsidir.
Gənclərin intellektual yüksəlişinə sərmayə qoyulması, onların fərdi keyfiyyət və qabiliyyətlərinin inkişafı, nanotexnologiyaları dərindən mənimsəmiş yeni menecerlər sinfinin yaradılması, intellektin milli inkişafda prioritet amili kimi müəyyənləşdirilməsi də hazırda elm qarşısında dayanan əsas vəzifələrdən biridir. Cənab İlham Əliyev çıxışlarında daim vurğulayır ki, iqtisadi resursların insan kapitalının inkişafına yönəldilməsi yolu ilə formalaşan yeni təfəkkürlü intellektual elita ölkənin perspektiv inkişafının əsas lokomotivi - aparıcı qüvvəsi kimi çıxış edəcək. Məhz bu hədəfin reallaşdırılması məqsədilə son illər gənclərin xarici ölkələrdə ali təhsil almasına imkan yaradan mühüm dövlət proqramları, sərəncamlar imzalanmışdır. Azərbaycan Prezidentinin 19 oktyabr 2006-cı il tarixli “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında” sərəncamı bu sahədə həyata keçirilən dövlət siyasətində ardıcıllığın və sistemliliyin təmin olunması baxımından təqdirəlayiqdir. Dövlət proqramı məhz azərbaycanlı gənclərin müəyyən elmi istiqamətlər üzrə dövlət hesabına xaricdə təhsil almalarını nəzərdə tutur.
Hər bir xalqın gələcəyi sayılan gənclərin intellektual inkişafını təmin etmədən onların milli-mənəvi dəyərlərə bağlı şəxsiyyət kimi yetişməsinə nail olmaq qeyri-mümkündür. Bəşəriyyətin xilasına yönəlmiş ideallar məhz elm və təhsilin yüksək inkişaf etdiyi ölkələrdə özünə möhkəm dayaqlar tapa bilir. İqtisadi tərəqqi, demokratikləşmə və insan hüquqlarının etibarlı təminatı baxımından özünün yüksək inkişaf mərhələsinə çatmış dövlətlərin bu nailiyyətləri məhz elmə, təhsilə yüksək diqqət və qayğı nəticəsində əldə etdiyi danılmaz gerçəklikdir. Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin sırasında elm və təhsilin, müasir informasiya texnologiyalarının mühüm yer tutması məhz bu reallığa söykənir. Fondun təhsilin inkişafı, bu sahədə həllini gözləyən bir sıra problemlərin mərhələlərlə aradan qaldırılması istiqamətindəki fəaliyyəti Azərbaycanda maarifçiliyə ictimai təsisat səviyyəsində yüksək qayğı nümunəsi olmaqla yanaşı, cəmiyyətin ümumi potensialının da bu yöndə səfərbər olunmasına yönəlmişdir.
Yeni uşaq tərbiyə müəssisələrinin inşasına, eləcə də mövcud olanların müasir tələblər səviyyəsində yenidən qurulmasına dövlət tərəfindən həyata keçirilən proqramlarla yanaşı, Heydər Əliyev Fondu da xüsusi töhfə verir. Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulması, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə nail olunması ilə bağlı layihələri uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Azərbaycanda aparılan siyasətin uğurlu və məntiqi nəticəsidir. Heydər Əliyev Fondunun dəstəyi ilə bu günlərdə paytaxtın Nəsimi rayonunda “Qərənfil” körpələr evi-uşaq bağçası, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində isə əsaslı şəkildə təmir edilərək yenidən qurulan 105 nömrəli körpələr evi-uşaq bağçasının balaca sakinlərin ixtiyarına verilməsi deyilənlərə əyani misaldır.
Milli Məclisin Elm və təhsil komitəsində bu yaxınlarda “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Qanun layihəsi məktəbəqədər təhsilin təmin olunması sahəsində dövlət siyasətinin prinsiplərini, məktəbəqədər təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edəcək. Layihəyə əsasən məktəbəqədər yaşda uşaqların təhsil aldığı müəssisələrin bir neçə növü müəyyən edilib. Bunlar körpələr evi, körpələr evi-uşaq bağçası, məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi ümumi təhsil məktəbləri, digər tipdən olan təhsil müəssisəsi yanında kompleks formada fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəsi, uşaq inkişaf mərkəzi, sanator tipli uşaq bağçaları (bu uşaq bağçaları infeksion xəstəliklərə meyilli və immun sistemi zəif olan uşaqlar üçün yaradılır), sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələri, elmi-tədqiqat müəssisələrinin yanında yaradılan məktəbəqədər təhsil müəssisəsidir. Bunlar arasında sanator tipli uşaq bağçaları, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələri və uşaq inkişaf mərkəzi yeni növ məktəbəqədər təhsil müəssisələri olacaq.
Təhsil insan kapitalının formalaşmasına etibarlı zəmin yaradan mühüm vasitə olaraq cəmiyyətin hərtərəfli inkişafının özülünü təşkil edir. Təhsil nəinki sosial-iqtisadi, mədəni inkişafa nail olunmasında, həmçinin milli təhlükəsizliyin təmin edilməsində, cəmiyyətin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi və proqnozlaşdırılmasında mühüm yer tutan fəaliyyət sahəsidir. Son 14 ildə milli təhsil sisteminin inkişafı məsələsi məzmununu dəyişərək artıq ölkəmizin gələcək inkişaf modelinin əsasını formalaşdıran başlıca amil kimi gündəmə gəlmişdir. Prezident İlham Əliyev milli təhsil sisteminin müasirləşdirilməsi, bu sahədə mütərəqqi Qərb təcrübəsinin mənimsənilərək tətbiqi, eyni zamanda tarixən formalaşmış ənənələrin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər bugünkü uğurlarımızı şərtləndirib.

Elnur HACALIYEV,
“Azərbaycan”