Alternative content

10:09 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV M.V. Lomonosov adına MDU-nun Bakı şəhərindəki Filialında yeni, 10-cu dərs ili başlanıb
M.V. Lomonosov adına MDU-nun Bakı şəhərindəki Filialında yeni, 10-cu dərs ili başlanıb
ANA SƏHİFƏ / Təhsil
01:09 15.09.2017

Sentyabrın 14-də M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı şəhərindəki Filialında yeni dərs ilinin ilk günü keçirilib. Dərs ilinin başlanması münasibətilə M.V. Lomonosov adına MDU-nun 80 professor və müəllimi Filiala gəlib və yeni, 10-cu, yubiley dərs ili başlanıb. Filial həm tədris prosesinin təşkili, həm də müəllimlərin və tələbələrin məişət və mənzil şəraitinin yaxşılaşdırılması baxımından yeni tədris ilinə hərtərəfli hazırlaşıb. Filialın Kampusunda 2012-ci ildən istifadədə olan yataqxanalarından əlavə, bu il moskvalı müəllimlər üçün daha bir yeni üçmərtəbəli yataqxana binası tikilib və bu gün istifadəyə verilir.

AZƏRTAC xəbər verir ki, ilk zəng çalınaraq filialın auditoriyalarında universitetin 6 fakültəsinin tələbələri üçün yeni dərs ili başlanıb. Bu tələbələr filologiya fakültəsində (rus və roman-german filologiyası bölmələri), kimya fakültəsində, tətbiqi riyaziyyat fakültəsində, psixologiya fakültəsində, iqtisadiyyat fakültəsində (iqtisadiyyatın və menecmentin müxtəlif istiqamətləri üzrə) və filialın ən gənc fakültələrindən biri olan, 2016/2017-ci il tədris ilində fəaliyyətə başlamış fizika fakültəsində təhsil alacaqlar.

Bu fakültələrdə 528 tələbə, o cümlədən bakalavriatda 447 tələbə və magistraturada 81 tələbə təhsil alır. 2016/2017-ci il tədris ilində Filialın bakalavriat pilləsinə 125, magistratura bölməsinə 43 tələbə daxil olub. 84 bakalavr və 35 magistrant filialın məzunları olub.

Altı il ərzində (2012-2017-ci illər) Filialı 552 bakalavr və 70 magistr bitirib. Onların böyük əksəriyyəti respublikamızın iqtisadiyyat, elm və mədəniyyət sahələrində uğurla və səmərəli fəaliyyət göstərir.

Filialın strukturuna daxil olan magistratura bölməsi 2012-ci ildən fəaliyyət göstərir. Bu müddətdə “Filologiya”, “Tətbiqi riyaziyyat”, “Kimya”, “Psixologiya” və “İqtisadiyyat” ixtisasları üzrə magistraturaya qəbul həyata keçirilib.

Qeyd etmək lazımdır ki, M.V. Lomonosov adına MDU-nun Bakı şəhərindəki Filialında İqtisadiyyat fakültəsinin magistraturası ilk qəbul üçün öz qapılarını hələ keçən il açıb. Bu magistr proqramının xüsusiyyəti ondan ibarətdir ki, burada tədris trimestrlər üzrə təşkil edilir. Hər trimestr çərçivəsində bəzi fənlər Moskvada öyrənilir. Hazırda birinci kursda oxuyan iqtisadçı-magistrantların bir qrupu yeni dərs ilini M.V. Lomonosov adına MDU-da başlayıblar və bütün semestr ərzində təhsillərini Moskvada davam etdirəcəklər.

Dərs ilinin ilk günündə M.V. Lomonosov adına MDU-nun Bakıdakı Filialının rektoru, akademik Nərgiz Paşayeva bakalavriatın və magistraturanın birinci kurs tələbələrinə tələbə biletləri təqdim edib, onlara MDU-nun tələbəsi kimi yüksək ad almaları münasibətilə təbrik edib və təhsildə uğurlar arzulayıb. Rektor ümidvar olduğunu bildirib ki, bugünkü birinci kurs tələbələri səylə oxuyacaq, təhsildə yüksək nəticələr qazanacaq və gələcəkdə yaxşı mütəxəssislər olacaqlar. Akademik N.Paşayeva qeyd edib ki, bundan ötrü Filialda həm tələbələr, həm də müəllimlər üçün hər cür şərait yaradılıb. Hazırda Kampusun yataqxanalarında 200 tələbə və MDU-nun 80 müəllimi yaşayır.

Elə həmin gün M.V. Lomonosov adına MDU-nun Filialında Filialın rektoru N.Paşayevanın tələbələrin seçimi və qəbulu üzrə dekan, Harvard Kennedi məktəbində qəbul komissiyasının üzvü Aleksandra Martines və ABŞ-ın Azərbaycandakı səfirliyinin təhsil və mədəniyyət məsələləri üzrə müşaviri Heydi Smit ilə görüşü olub.

Görüşdə akademik Nərgiz Paşayeva qonaqlara bu ali məktəbdə tədris fəaliyyəti, Filialın fakültələri və ixtisasları, burada fəaliyyət göstərən tədris laboratoriyaları barədə məlumat verib. Qarşıdakı illərdə Filialın daha da inkişafı və fəaliyyətinin genişlənməsi və dünyanın qabaqcıl xarici ali məktəbləri ilə, o cümlədən Böyük Britaniyadakı Oksford Universiteti ilə əməkdaşlıq perspektivləri ilə bağlı məsələlər də müzakirə edilib. Akademik N.Paşayeva qonaqlara 2013-cü ildə Oksford Universitetində yaradılmış Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin fəaliyyəti barədə məlumat verib. Vurğulanıb ki, Nizami adına Mərkəz Azərbaycanın tarixi irsinə və mədəniyyətinə aid ciddi və mühüm elmi-tədqiqat işləri aparır, beynəlxalq elmi konfranslar və seminarlar keçirir.

Həmçinin qeyd edilib ki, Oksford Universitetinin alim və mütəxəssislərinin daxil olduğu arxeoloji ekspedisiya Nizami Gəncəvi adına Elmi Mərkəzin fəaliyyəti çərçivəsində Bərdə şəhərində arxeoloji qazıntılar aparır.

M.V. Lomonosov adına MDU-nun Bakı şəhərindəki Filialının rektoru qonaqlara şərqşünas alim Yevgeni Bertelsin “Böyük Azərbaycan şairi Nizami” (“The Great Azerbaijani Poet, Nizami”) adlı kitabının ingilis dilinə ilk akademik tərcüməsinin bu il iyunun beşində Londonda keçirilmiş təqdimatı barədə məlumat verib. Bu kitab Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi tərəfindən tərcümə edilib və çapa hazırlanıb.

Sonra xanım Aleksandra Martines ətraflı məlumata görə akademik N.Paşayevaya təşəkkürünü bildirərək qeyd edib ki, Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin fəaliyyəti və orada aparılan işlər, həmçinin Filialın işi onun üçün maraqlıdır. M.V. Lomonosov adına MDU-nun Bakı şəhərindəki Filialı və Harvard Kennedi məktəbi arasında əməkdaşlığın müxtəlif məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Qonaqlar Universitetin rektoru, akademik N.Paşayeva ilə birlikdə Filialın kitabxanasına, tədris auditoriyalarına və kimya laboratoriyalarına baş çəkib, tədris prosesi və burada aparılan tədqiqatlarla tanış olublar. Qonaqlar Filialın bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirib və qeyd ediblər ki, ən müasir tələblər səviyyəsində təchiz olunmuş bu laboratoriyalarda tələbələrin və magistrantların səmərəli işi üçün hər cür şərait yaradılıb.

Görüşün sonunda Aleksandra Martines və Eydi Smit rektor, akademik N.Paşayevaya səmimi qəbul, maraqlı söhbət və aparılmış fikir mübadiləsinə görə təşəkkür ediblər. Qonaqlar Filialda həyata keçirilən işləri yüksək qiymətləndirib və əmin olduqlarını bildiriblər ki, Amerikanın elmi-təhsil və elmi-akademik strukturları gələcəkdə Filialla daha sıx əməkdaşlığa maraq göstərəcəklər.

Filialın rektoru, akademik Nərgiz Paşayeva öz növbəsində Aleksandra Martinesə və Heydi Smitə Filiala gəldiklərinə, əməkdaşlığa maraq göstərdiklərinə və Filialın ünvanına söylədikləri səmimi sözlərə görə minnətdarlığını bildirib.