15 Sentyabr 2017 01:09
336
Təhsil
A- A+

Yüksək təhsil uğurun açarıdır

 

Heydər Əliyev Fondunun həyata keçirdiyi təhsil layihələri öz bəhrələrini verir

 

Bütün dövrlərdə xalqının gələcəyini düşünənlər, ilk növbədə, onun təhsilinə böyük diqqət və qayğı ilə yanaşırlar. Azərbaycanın azad, müstəqil, güclü dövlət olması uğrunda həyata keçirilən məqsədyönlü işlərin, ən böyük əməllərin ilk sırasında da hər zaman maarifçilik məsələləri dayanır. Çünki təhsil beyinlərdən süzülən işıqdır. Onsuz millətin, dövlətin sabahı nurlu, gələcəyi uğurlu ola bilməz. Bu mənada, Heydər Əliyev Fondunun və onun rəhbəri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təhsilin inkişafına verdiyi dəstək təqdirəlayiqdir.
Hər bir sahədə müvəffəqiyyət qazanmaq üçün, ilk növbədə, ona gedən yolda qarşıya çıxan maneələr aradan qaldırılmalı, problemlər həllini tapmalıdır. Təhsildə böyük nailiyyətlər əldə etmək üçün də infrastruktur yeniləşdirilməli, müasir tipli məktəblər inşa olunmalı, təlim-tədris prosesinə lazımi şərait yaradılmalı, dünya ölkələrinin bu sahədə mütərəqqi ənənələri nəzərə alınmalıdır. Bu amillər müstəqil Azərbaycanın dövlət siyasətində mühüm yer tutur. Dövlət başçısı İlham Əliyevin təhsil sahəsi ilə bağlı imzaladığı dövlət proqramlarında, həmçinin digər sənədlərdə yeni məktəblərin inşası, tədrisin keyfiyyətinin yüksəldilməsi və başqa zəruri məsələlər əksini tapıb. Heydər Əliyev Fondu həmin proqramlar çərçivəsində həyata keçirilən işlərdə yaxından iştirak edir.
Fondun maarifçilik sahəsindəki fəaliyyəti genişdir. Bu qurum ilk vaxtlardan təhsilin inkişafına öz töhfələrini verir. Fondun əsas məqsədlərindən biri Azərbaycan təhsilinin dünya standartlarına yüksəlməsi yolunda çalışmaqdır.
Heydər Əliyev Fondunun reallaşdırdığı “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “İnternat məktəblərinin inkişaf proqramı”, “Dağlıq Qarabağ həqiqətlərinin bütün dünyaya çatdırılması”, “Təhsilə dəstək” kimi irimiqyaslı layihələr ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır.
Azərbaycanda təhsilin yüksək səviyyədə inkişafı, müasir dövrün tələbləri ilə ayaqlaşmağı bacaran yeni nəslin təlim-tərbiyəsi istiqamətində tədbirlər böyük həssaslıqla düşünülüb həyata keçirilir. Bunun üçün ölkədə uşaqların məktəbəqədər təhsilinə, tərbiyəsinə də xüsusu diqqət ayrılır. Heydər Əliyev Fondu tərəfindən 2017-ci ildə də “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində mühüm işlər görülüb. Belə ki, cari ildə Saatlı, Qax, Samux və digər rayonlarda körpələr evi-uşaq bağçaları inşa edilib. Həmin təhsil müəssisələrinin açılış mərasimlərində Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.
Heydər Əliyev Fondunun əsas məqsədi təhsil sahəsində mövcud problemlərin həllinə kömək etmək, ölkədə müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, yerli və xarici şirkətlərin, beynəlxalq təşkilatların birgə əməkdaşlıq imkanlarını müəyyənləşdirməkdir. Bu baxımdan “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 2005-2014-cü illərdə ölkənin müxtəlif bölgələrində 412 məktəb binası inşa olundu və yenidən quruldu. Təhsil ocaqlarının hər birində müasir laboratoriya, kitabxana, yeməkxana, ən son avadanlıqla təchiz edilmiş kompüter otaqları, emalatxana, idman zalları, geniş meydançalar və ayrıca istilik sistemi yaradıldı. İndi həmin məktəblərdə 100 mindən çox şagird yüksək səviyyədə təhsil alır, dövlətimizin, xalqımızın ümidi kimi yetişir.
Sevindirici haldır ki, bu istiqamətdə böyük işlər davam etdirilir. Cari ildə də ölkə başçısının tapşırığı, Heydər Əliyev Fondunun dəstəyi ilə yeni məktəb binaları tikilib istifadəyə verilib. İnşa edilən 71 məktəb binasının 61-i modul tiplidir. Eyni zamanda, 12 məktəb binasında əsaslı, 460-da isə cari təmir işləri aparılıb. 24 məktəb binasında isə cari təmir işləri sona çatıb.
Məktəblərin əyani vəsait və dərs ləvazimatları ilə təmin olunması da tədrisin keyfiyyətinin yüksəldilməsinə müsbət təsir göstərir. Hər il keçirilən silsilə aksiyalar təhsil sahəsində qarşıya çıxan bir sıra problemlərin həllinə kömək edir. “Təhsilə dəstək” layihəsi məktəblərin yeni dərslik, tədris vəsaitləri ilə təmin edilməsinə, məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulmasına, təhsilin keyfiyyətinin artırılmasına xidmət edən tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Fond tərəfindən Ermənistanın Azərbaycan torpaqlarının işğalı nəticəsində daimi yaşayış yerlərini tərk etmiş qaçqın, məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə hər il məktəbli çantaları və dərs ləvazimatı hədiyyə olunur.
Heydər Əliyev Fondu Gürcüstanda yaşayan həmyerlilərimizi də unutmur. Onların təhsillə bağlı problemlərinin aradan qaldırılmasına hər il böyük yardım göstərir. Ümumiyyətlə, fondun “Təhsilə dəstək” layihəsi çərçivəsində Gürcüstan, Misir, Rumıniya, Rusiya Federasiyası, Pakistan və Hollandiyada bir sıra məktəblər yenidən qurulub və əsaslı təmir olunub. Layihə çərçivəsində Pakistanda qızlar üçün yeni orta məktəb binası, Gürcüstanın Dmanisi rayonunda, Rusiyanın Ulyanovsk şəhərində, Misir Ərəb Respublikasında yeni məktəblər tikilərək istifadəyə verilib. Bu böyük işlər Azərbaycanın humanist mövqeyinin təsdiqidir.
Neçə illərdir ki, Heydər Əliyev Fondu çoxlarının ümid yerinə çevrilib. Fondun qarşıya qoyduğu əsas vəzifələrdən biri də kimsəsiz uşaqlar üçün nəzərdə tutulmuş müəssisələrə sığınan körpələrin problemlərinin həlli kimi vacib məsələdir. “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində görülən tədbirlər bu məktəblərdə mövcud problemlərin aradan qaldırılmasına yönəldilib. Yaşı 18-dən yuxarı olan, uşaq evlərini tərk edən gənclərin mənzillə təminatı Heydər Əliyev Fondu tərəfindən reallaşdırılan ən xeyirxah əməllərdəndir.
Azərbaycan təhsilini beynəlxalq səviyyəyə yüksəltmək üçün bütün imkanlardan istifadə edən Heydər Əliyev Fondu nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində uğurlu işlər aparır, bir çox tədbirlər həyata keçirir.
Heydər Əliyev Fondu Azərbaycan təhsilinin inkişafı yolunda aparılan bütün layihələrə dəstək verir. Bunlardan biri də Azərbaycanın ali təhsil tarixində ilk dəfə tətbiq olunan, xüsusi istedadı ilə seçilən və təhsildə göstəriciləri ilə fərqlənən tələbələrə yüksək keyfiyyətli təhsil almaq üçün əlverişli şəraitin yaradılması məqsədi daşıyan SABAH qrupları layihəsidir. Bu il iyunun 4-də Heydər Əliyev Mərkəzində keçirilən “SABAH-ın məzunu” mərasiminə Mehriban xanım Əliyevanın ünvanladığı təbrik məktubu bunun daha bir bariz nümunəsi oldu. O, məktubunda SABAH layihəsinin ölkə Prezidenti tərəfindən 2013-cü ildə təsdiq etdiyi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası çərçivəsində həyata keçirilən mühüm təşəbbüslərdən biri olduğunu diqqətə çatdırıb. SABAH-ın ilk məzunlarına uğurlar arzulayan Mehriban Əliyeva ölkəmizin sürətlə qloballaşan dünyaya inteqrasiyasında təhsilli gənclərin üzərinə böyük missiya düşdüyünü qeyd edib. SABAH könüllülərinin ölkəmizdə keçirilən irimiqyaslı beynəlxalq tədbirlərdəki roluna da toxunan Birinci vitse-prezident könüllülüyün, yardımsevərliyin vacib vətəndaş keyfiyyətləri olduğunu vurğulayıb.
Azərbaycanın tədris müəssisələrində yeni dərs ili başlayır. Təhsil ocaqlarımız öz qapılarını şagirdlərin, tələbələrin üzünə açır. Onlar Azərbaycanın ümidi, gələcəyidirlər. Bu da həqiqətdir ki, yüksək təhsil uğurun açarıdır. Bu gün orta məktəblərdə, orta ixtisas və ali təhsil müəssisələrində oxuyanlar aldıqları savadla, öyrəndikləri biliklərlə Azərbaycanı yeni nurlu sabahlara qovuşduracaq, xalqımızın, dövlətimizin tarixinə yeni parlaq səhifələr yazacaq. Heydər Əliyev Fondunun Azərbaycanda təhsilin inkişafı istiqamətində gördüyü çoxsaylı işlər, xeyirxah əməllər bu böyük məqsəd yolunda atılan qətiyyətli addımlardır.

Zöhrə FƏRƏCOVA,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video