15 Sentyabr 2017 01:09
470
Təhsil
A- A+

Təhsilə dövlət qayğısı artırılır

 

15 sentyabr - Azərbaycanın çoxmilyonlu təhsil ictimaiyyətinin bayramı, Bilik günüdür. Həmin gün valideynlər fidan balalarının əllərindən tutub məktəbə aparırlar. Bu günün ən böyük sevincini cəbhə bölgəsi olan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakinləri yaşayırlar. Erməni işğalından azad edilən bu kənddə Azərbaycan Prezidentinin 24 yanvar 2017-ci il tarixli sərəncamına əsasən müasir tipli orta məktəb binası inşa edilib. Burada 24 ildən sonra ilk dəfə məktəb zəngi çalınacaq. 

Yeni dərs ilində respublikanın ümumtəhsil məktəblərinin birinci siniflərinə təxminən 164.945 nəfər oğlan və qız gedəcək. Qürurlu haldır ki, son 6 ildə bu sahədə Azərbaycanda şagirdlərin sayı artıb. 2011-2012-ci tədris ilində dövlət məktəblərində (sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi və internat məktəbləri, siniflər istisna olmaqla) təhsil alan şagirdlərin sayı 1 milyon 278 min 100 nəfər olduğu halda, 2016-2017-ci tədris ilində onların sayı 1 milyon 446 min 600 nəfərə yüksəlib.
15 sentyabr Azərbaycanın ali təhsil müəssisələri üçün də əlamətdardır. Belə ki, ölkənin ali təhsil ocaqlarında 160 ixtisas üzrə 43 min tələbə ilk dəfə auditoriyaya qədəm basacaq. Onlardan 14 mini I, 12 min 500-ü II, 10 mini III, 3300 IV, 3200 isə V ixtisas qrupuna aiddir. Bu il qəbul imtahanlarında da müsbət dinamika müşahidə edilib. İmtahanlarda 200-dən yuxarı bal toplayan abituriyentlərin sayı 35 min 790 nəfər olmuşdur, bu da ötən illə müqayisədə 6,7 faiz artıqdır. Ümumiyyətlə, cari ildə 2464 nəfər 600 baldan yuxarı nəticə göstərib, bu da ötən ilkindən 183 nəfər çoxdur.
Azərbaycanda 15 və daha yuxarı yaşda olan əhalinin savadlılıq, ibtidai təhsili başa vurma səviyyəsi, eyni zamanda, I sinifdən başlayaraq V sinfə qədər təhsilini davam etdirən şagirdlərin xüsusi çəkisi yüz faizə çatıb. Son illərdə Azərbaycanda birinci sinfə gedən şagirdlərin sayında artım müşahidə olunub. Əgər 2013-cü ildə belə şagirdlərin sayı 138 min nəfər idisə, hazırda 165 min nəfərdən çoxdur. Ümumilikdə məktəblilərin sayında da artım var. Əgər 2013-cü ildə orta təhsil ocaqlarında 1 milyon 280 min şagird təhsil alırdısa, bu gün onların sayı 1 milyon 470 mini ötüb.
Azərbaycan təhsilinin inkişafının əsası ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. O vaxtdan başlayan təhsil quruculuğu bugünkü uğurlara zəmin yaradıb. Xatırladaq ki, respublikamızda 1969-1982-ci illərdə məktəbəqədər tərbiyə müəssisələrinin sayı 1600-dən 1875-ə çatdırılıb. O dövrdə ulu öndər Heydər Əliyevin imzaladığı “Ümumtəhsil məktəbləri şagirdlərinin dərsliklərdən pulsuz istifadə etməyə keçmək haqqında” qərarı da xalqına böyük töhfəsi idi. Müəllim əməyinə, müəllim zəhmətinə hər zaman yüksək dəyər verən böyük rəhbərin sərəncamları ilə çox sayda təhsil işçisi orden və medallara, fəxri adlara və digər mükafatlara layiq görülüb. 1970-1980-ci illərdə beş yeni ali təhsil ocağı yaradılıb. Həmin illərdə Heydər Əliyevin xeyir-duası ilə keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərində 15 mindən çox azərbaycanlı oğlan və qız ali təhsil alıb. Ulu öndərin yaratdığı Cəmşid Naxçıvanski adına hərbi məktəb isə ölkəmizdə milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayıb. Dünya şöhrətli siyasətçi Azərbaycana ikinci dəfə hakimiyyətə qayıdandan sonra da ölkəmizdə elmin, təhsilin inkişafına hesablanan böyük işlər görüb. Yeni akademiyalar, universitetlər, institutlar təsis edilib, özəl liseylər, sənət-peşə yönümlü məktəblər yaradılıb.
Məktəb tikintisi, xaricdə təhsil, peşə təhsilinə diqqət, şagirdlərə dərsliklərin pulsuz verilməsi yenidən reallaşıb, büdcədən bu sahəyə ayrılan vəsait ildən-ilə çoxalıb. Təhsil işçilərinin əməkhaqları dəfələrlə artırılıb. Hər il qəbul imtahanlarında ən yüksək bal toplayan gənclərə Prezident təqaüdü və istedadlı gənclərə fərdi təqaüdlər və s. mükafatlar verilir.
Prezident İlham Əliyevin Azərbaycan təhsilinə diqqət və qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr ulu öndərin təhsil siyasətinin uğurlu davamıdır. Ölkə rəhbərinin sərəncamı ilə “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” mükafatlarının təqdimatı da məktəb və müəllimin statusunun yüksəldilməsinə xidmət edir. Təhsilin səmərəliliyini yaxşılaşdırmaq və təcrübəli pedaqoji kadrlara diqqəti artırmaqla yanaşı, ölkəmizdə təhsil sisteminin bütün pillələri üzrə dövlət proqramları uğurla icra edilir. Məhz bunun nəticəsidir ki, təhsilə qayıdış geniş vüsət alıb, əlverişsiz və qəzalı vəziyyətdə olan məktəblər müasir tipli məktəb binaları ilə əvəzlənir. Son 13 ildə ölkədə məktəblərin 70 faizi yenidən tikilib və ya əsaslı təmir olunub.
Son iki ildə 5 yaşlı uşaqların 55 faizi təhsilə cəlb edilib. Bu il ali məktəblərin bakalavr və magistr səviyyəsinə qəbul olunanların sayı 40 minə yaxın olub. İndiyədək bu sayda gənc ali məktəblərə daxil olmaq imkanı əldə etməyib. Ümumilikdə son üç ildə 500-dən çox bal toplayanların sayı 19 faiz, 600-dən çox bal toplayanların sayı isə 32 faiz artıb. Dövlət proqramı çərçivəsində bu günə qədər 3558 gənc xarici ölkələrin ən nüfuzlu universitetlərində təhsil almağa göndərilib. Onlardan 1470 nəfəri artıq məzun olub.
Bu nailiyyətlərin əldə olunmasında Heydər Əliyev Fondunun xüsusi əməyi var. Fond Azərbaycanın sosial-iqtisadi inkişafının ən zəruri sahələrindən biri kimi müəyyən edilmiş təhsil sahəsinin inkişafına daim diqqət və qayğı ilə yanaşır, dövlət maraqları baxımından xüsusi əhəmiyyət kəsb edən bir sıra layihələri uğurla gerçəkləşdirir. Bu layihələr sırasında “SABAH-ın məzunu” da müstəsna əhəmiyyət daşıyır. Heydər Əliyev Mərkəzində keçirilən “SABAH-ın məzunu” mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, təhsil naziri, dövlət və özəl qurumların rəsmiləri, ali təhsil müəssisələrinin rektorları, ekspertləri, müəllim və tələbələr iştirak ediblər. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın “SABAH-ın məzunu” mərasiminin iştirakçılarına ünvanladığı müraciət oxunub: “SABAH qrupları 2014-2015-ci tədris ilində 34 ixtisas üzrə 7 dövlət ali təhsil müəssisəsində yaradılıb. Bu il SABAH qruplarına 836-dan artıq tələbə qəbul olub. SABAH tələbələri 11 ali təhsil müəssisəsində 32 ixtisas qrupu üzrə təhsil alacaq. 2016-2017-ci tədris ili üzrə SABAH qruplarının ilk məzunlarının sayı 722 nəfər olub. SABAH qruplarının müəllim-professor heyəti, ümumilikdə 650 nəfərə yaxın olmaqla, ali təhsil müəssisələrinin seçilmiş müəllimləri, Kanada və İngiltərədən dəvət olunmuş yerli dil daşıyıcıları, həmçinin Azərbaycandakı yerli və xarici şirkətlərdə çalışan peşəkarlardan təşkil edilib”.
Azərbaycan Prezidentinin tapşırığı və Heydər Əliyev Fondunun dəstəyi ilə bu il 71 məktəb binası inşa edilib. Bunun 61-i modul tipli məktəblərdir. İlin sonunadək respublikanın 44 rayonunda 100 azkomplektli və qəza vəziyyətində olan kənd məktəbləri modul tipli məktəb binaları ilə əvəz ediləcək. 12 məktəb binası əsaslı təmir olunub, 460 məktəbdə cari təmir işləri görülüb, 24 məktəb binasında isə cari təmir işləri davam etdirilir. Pilot layihə çərçivəsində Göyçay, İsmayıllı və Lənkəranda 3 məktəb quraşdırılaraq yeni dərs ilində şagirdlərin ixtiyarına verilib. 2017-2018-ci illərdə 232 modul tipli məktəbin quraşdırılması nəzərdə tutulub. Hazırda Balakən, Sabirabad, Şəki, Quba, Qusar, Neftçala, Kürdəmir, Ağdaş, İsmayıllı, Tovuz, Göygöl, Tərtər, Göyçay və digər rayonlarda bu məktəblərin quraşdırılmasına başlanılıb.
Dövlətin gənc nəslə, elm və təhsilə olan qayğısı sayəsində son dörd ildə Azərbaycanda ali təhsil müəssisələri üçün nəzərdə tutulan qəbul planı ildən-ilə artırılıb. 2014-2015-ci tədris ilində ali məktəblərə ayrılan plan yerlərinin sayı 37763 olmuşdusa, 2016-2017-cı illərdə 41736-ya çatıb. Gələn tədris ilində isə bu rəqəm 43 min olacaq.
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində gənclərin dünyanın müxtəlif ölkələrinin nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilməsi istiqamətində də işlər uğurla davam etdirilir. 2017-2018-ci tədris ilindən 200 nəfər azərbaycanlı gənc Macarıstan ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. Onların böyük əksəriyyəti Macarıstanın “Debrecen University”, “Corvinus University of Budapeşt” və digər ali təhsil müəssisələrində kompüter elmləri, iqtisadiyyat, kənd təsərrüfatı, biznesin idarə olunması, turizm, mühəndislik, kimya və digər ixtisaslar üzrə təhsil alacaqlar. Fransa-Azərbaycan Universitetinə (UFAZ) keçirilmiş qəbul imtahanlarında I qrup üzrə 500-dən çox bal toplayan və UFAZ-a qəbul olunmaq üçün müraciət etmiş 428 abituriyentdən 148 nəfəri UFAZ-ın tələbəsi adını qazanmışdır. Onlardan 120 nəfəri ödənişsiz, 28 nəfəri isə ödənişli əsaslarla UFAZ-da təhsil alacaqlar. Qeyd edək ki, yeni tədris ilindən 34 ölkənin 600 universitetinin, o sıradan Almaniyanın 115, ABŞ-ın 71, Böyük Britaniyanın 48, Fransanın 66, İtaliyanın 24 universitetinin diplomları Azərbaycanda tanınacaq. Həmçinin ölkəmizdən ən çox təhsil almağa gedilən Rusiya Federasiyasının 58, Türkiyənin 13, Ukraynanın 2 ali təhsil müəssisəsinin də diplomları ölkəmizdə tanınacaq.
Dövlət başçısının sərəncamı ilə 2017-ci il yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan 38 minə yaxın müəllimin əməkhaqqısı artırılıb. Bu artım ötən ilin noyabr-dekabr aylarında ölkənin 26 şəhər və rayonunda diaqnostik qiymətləndirilmədən keçən müəllimlərə şamil olunub. Bununla da əməkhaqqının artımı dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin 70 faizini əhatə edib. Bu ilin aprel və may aylarında keçirilən diaqnostik qiymətləndirmədə iştirak edən müəllimlərin əməkhaqqısı cari il yanvarın 1-dən artırılacaq.
2017-2018-ci tədris ilində ölkənin dövlət ümumtəhsil məktəblərində şagirdlərin dərsliklərlə təmin olunması üçün ümumilikdə 241 adda 4563416 nüsxə dərslik və metodik vəsait çap olunub məktəblərə çatdırılıb. Yaxın gələcəkdə Azərbaycanda istifadə olunan dərsliklərdən əlavə, ehtiyat dərsliklərin hazırlanması nəzərdə tutulub. Bu məqsədlə Təhsil Problemləri İnstitutunda Tədris Resursları Mərkəzi yaradılıb və ehtiyat dərsliklərin hazırlanmasına başlanıb. Bakıda və bölgələrdə bir sıra orta məktəblərdə, habelə ali təhsil müəssisələrində əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı, infrastrukturunun yeniləşdirilməsi nəticəsində gənclərin təlim şəraiti yaxşılaşdırılıb. İkinövbəli məktəblərin, eyni zamanda, ikinci növbədə təhsil alan şagirdlərin faizi aşağı düşüb. Bu ənənə davam etdirilir. Prezident İlham Əliyevin yeni dərs ili ərəfəsində Bakıda və bölgələrdə təzə tikilən və əsaslı təmir olunan təhsil ocaqlarında olması, işlərin gedişi ilə yaxından tanışlığı, tapşırıq və tövsiyələrini verməsi dövlət başçısının bu sahəni hər zaman diqqətdə saxlamasının göstəricisi olmaqla, görülən işlərin keyfiyyətinə də müsbət təsir edib.
Bu gün ölkəmizin dövlət qayğısı ilə əhatə olunan bütün ümumtəhsil məktəbləri və ali təhsil ocaqlarında yeni dərs ili başlayır. Yeni dərs iliniz mübarək!

Rəhman SALMANLI,
“Azərbaycan”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video