07 Sentyabr 2017 12:09
250
Fərmanlar
A- A+

“Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 759-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 759-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. üç ay müddətində:

1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.2. Azərbaycan Respublikası Su Məcəlləsinin 21-ci maddəsinin üçüncü hissəsinə uyğun olaraq, su təsərrüfatı balanslarının respublika, su hövzələri və inzibati ərazi vahidləri üzrə tərtib edilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

1.1.3. həmin  Məcəllənin 21-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq, tərtib edilən respublika üzrə illik su təsərrüfatı balansının təsdiq edilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

1.1.4. həmin  Məcəllənin 97-ci maddəsinin üçüncü hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasında sudan ödənişli istifadə qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

1.1.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. “Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 169; 2003, № 10, maddə 546;  2007, № 2, maddə 87; 2008, № 8, maddə 719; 2012, № 10, maddə 952; 2013, № 11, maddə 1333; 2014, № 10, maddə 1214, № 12, maddə 1550) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1-ci bəndə “Məcəlləsinin” sözündən sonra “21-ci maddəsinin üçüncü hissəsində birinci halda,” sözləri əlavə edilsin;

3.2. 2.3-cü bəndə “Məcəllənin” sözündən sonra “21-ci maddəsinin üçüncü hissəsində ikinci halda, dördüncü hissəsində hər iki halda,” sözləri əlavə edilsin;

3.3. aşağıdakı məzmunda 2.7-1-ci və 2.7-2-ci bəndlər əlavə edilsin:

“2.7-1. həmin Məcəllənin 21-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirirlər;

2.7-2. həmin Məcəllənin 21-ci maddəsinin üçüncü hissəsində “qurumlar” dedikdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti nəzərdə tutulur;”;

3.4. 2.8-ci bənddən “21-ci maddəsinin üçüncü hissəsində,” sözləri çıxarılsın;

3.5. aşağıdakı məzmunda 2.24-cü bənd əlavə edilsin:

“2.24. həmin Məcəllənin 98-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası  həyata keçirir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 5 sentyabr 2017-ci il

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video