02 Sentyabr 2017 11:09
372
Səfərlər
A- A+

Prezident İlham Əliyev Lənkəranda “Cənub-Aqro” MMC-nin çəltik sahələrinə baxıb və çəltik zavodunun açılışını edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Lənkəranda “Cənub-Aqro” MMC-nin çəltik sahələrinə baxıb və çəltik zavodunun açılışını edib.

AZƏRTAC xəbər verir ki, son illərdə cənub bölgəsində, o cümlədən Lənkəran rayonunda ənənəvi əkin sahəsi olan çəltikçiliyin inkişafına diqqət daha da artırılıb. Lənkəran hələ qədimdən çəltikçiliyi ilə məşhurdur. Ətirli Lənkəran düyüsü yüzilliklər ərzində yerli əhalinin ən qiymətli ərzaq məhsulu olub. “Sədri”, “Ənbərbu”, “Haşimi”, “Həsəni”, “Akulə” və digər çəltik növündən olan düyü məhsulları öz ətri, dadı və bərəkəti ilə seçilib. İndi ölkədə aqrar sahəyə göstərilən dövlət dəstəyi Lənkəranda da uzun müddət tənəzzül dövrünü yaşayan çəltikçiliyin inkişafı üçün geniş imkanlar yaradıb.

Dövlətimizin başçısına məlumat verildi ki, Girdəni kəndindəki bu çəltik təsərrüfatının ümumi sahəsi 225 hektardır. Hazırda 35 hektar sahədə əkin aparılıb. Gələcəkdə çəltik sahəsinin 27,5 hektar genişləndirilməsi nəzərdə tutulub. Bundan başqa, müəssisənin Şiyavar kəndində də çəltik sahəsi mövcuddur.

Azərbaycan Prezidentinə çəltik əkininin aparıldığı son texnologiya barədə də məlumat verildi. Bildirildi ki, hazırda “Cənub-Aqro” MMC-nin sahələrindəki çəltik əkinində ən müasir texnoloji üsullardan və avadanlıqdan istifadə olunur. Əvvəllər əl əməyindən istifadə edilərək gündə 0,5 hektara yaxın sahədə çəltik əkilirdisə, hazırda yeni texnikalar vasitəsilə gün ərzində 2 hektar sahədə çəltik əkmək mümkündür. Texnika ilə əkilən sahələrdən yüksək məhsul əldə olunur və bu üsul təsərrüfat sahibləri üçün iqtisadi baxımdan səmərəlidir.

Qeyd edildi ki, rayonda çəltikçilik əsasən Girdəni, Veravul, Ürgə, Siyavar, Hirkan, Xolmili, Şıxəkaran, Mamusta, Separadi və digər kəndlərdə inkişaf etdirilir. Bu da çəltikçiliyin gəlirli sahə olması ilə bağlıdır. Belə ki, hər hektardan 50-60 sentner məhsul götürülür və maya dəyərindən 10-15 dəfə bahasına satılır. Ekoloji cəhətdən təmiz və keyfiyyətli olduğu üçün bazarda yerli düyüyə tələbat da böyükdür. Yerli düyüyə tələbatın artması, qiymətlərin digər kənd təsərrüfatı məhsullarına nisbətən yüksək olması, eləcə də dövlətin fermerlərə dəstəyi və ölkəyə çəltik əkini üçün müasir texnikaların gətirilməsi bu sahənin Lənkəranda yenidən dirçəlməsinə səbəb olub. Çəltik əkini əsasən istifadəsiz qalan bələdiyyə və əhaliyə dövlət tərəfindən verilən pay torpaqlarında aparılır. Hazırda Lənkəranda 526,5 hektarda çəltik əkilib. Fermerlər tərəfindən çəltik əkini və yığımı, həmçinin becərmə və gübrə səpmək üçün xaricdə istehsal olunan yeni texnikalar gətirilib.

Sonra çəltik sahəsində ilk biçin həyata keçirildi.

Diqqətə çatdırıldı ki, Lənkəranda “Cənub-Aqro” MMC-nin çəltik zavodunun inşası da mühüm əhəmiyyəti ilə seçilir. Regionda əhəmiyyətli layihələrdən olan bu müəssisə 1 hektar ərazidə tikilib.

Dövlətimizin başçısı “Cənub-Aqro” MMC-nin çəltik zavodunun açılışında iştirak etdi.

Prezident İlham Əliyev müəssisəni işə saldı.

Məlumat verildi ki, zavodun tikintisinə 2016-cı ilin noyabrında başlanıb və bu ilin avqustunda başa çatdırılıb.

Prezident İlham Əliyev müəssisədə istehsal prosesi ilə tanış oldu.

Bildirildi ki, zavodun aylıq emal gücü 300 ton və düyüqurutma gücü isə 900 tondur. Müəssisədə 15 nəfər daimi işlə təmin edilib. Gələcəkdə müəssisənin gücünün iki dəfə artırılması və işçilərin sayının 60 nəfərə çatdırılması nəzərdə tutulub. Emal edilən düyünün daxili bazarda tələbata uyğun olaraq satışı üçün müxtəlif şirkətlərlə danışıqlar aparılıb və “Made in Azerbaijan” brendi ilə xarici bazarlara ixracı üçün sənədləşmə işləri davam etdirilir. Gələcəkdə müəssisənin ərazisində hazır məhsul anbarı, satış mərkəzi və əlavə istehsal sahəsinin yaradılması planlaşdırılır.

Qeyd olundu ki, çəltik Yer kürəsində əkin sahəsinə görə bütün bitkilər arasında ikinci yeri tutur. Düyü dünya əhalisinin beşdə ikisini qidalandırır. Respublikamız çəltik əkinçiliyinə görə üç zonaya bölünür. Birinci Lənkəran-Masallı, ikinci Şəki-Zaqatala, üçüncü isə Quba-Xaçmaz zonalarıdır.

Zavodda yaradılan şərait bir daha onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar ölkəmizin sosial-iqtisadi tərəqqisində, xüsusən də aqrar sektorun inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoyub. Azərbaycanda qeyri-neft sektorunun prioritet sahələrindən olan kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ötən dövr ərzində iqtisadiyyatın əsas sahələrindən biri kimi müəyyənləşdirilib və görülən məqsədyönlü tədbirlər nəticəsində bu sahənin inkişafı üçün əlverişli şərait yaradılıb.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video