02 Sentyabr 2017 11:09
350
Səfərlər
A- A+

Prezident İlham Əliyev Lənkəranda “Astara Çay” MMC-nin çay plantasiyalarına baxıb

Sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lənkərana səfəri çərçivəsində “Astara Çay” Məhdud Məsuliyyətli Cəmiyyətinin plantasiyalarına baxıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafına göstərilən dövlət qayğısı, məhsul istehsalçılarına verilən subsidiyalar çayçılığın inkişafı üçün də geniş imkanlar yaradıb. Statistikaya görə, Azərbaycanda çay istehsalının 91 faizi Lənkəran iqtisadi rayonunun payına düşür. Bu sahənin daha da inkişaf etdirilməsi üçün “Azərbaycan Respublikasında 2017-2026-cı illərdə çayçılığın inkişafına dair Dövlət Proqramı”nın layihəsi işlənib hazırlanır. Proqramın həyata keçirilməsi nəticəsində çayçılığın inkişaf etdirilməsi ilə bağlı görülən işlər sürətlənəcək, çay plantasiyalarının əkin sahəsi xeyli artacaq. Təkcə ötən il ölkə üzrə min ton çay istehsal edilib, 12 hektar ərazidə yeni çay plantasiyaları salınıb. Bundan başqa, çayçılığın inkişafı ilə bağlı sahibkarlara dövlət tərəfindən güzəştli kreditlər də verilir. Belə ki, bu sahədə çalışan sahibkarlara ümumilikdə 10,7 milyon manat güzəştli kredit verilib. Bunun da nəticəsində 450 nəfər işlə təmin olunub.

Prezident İlham Əliyevə məlumat verildi ki, respublika üzrə mövcud 1016 hektar çay sahəsinin 568 hektarı Lənkəran, 345 hektarı Astara, 60 hektarı Zaqatala və 43 hektarı Masallı rayonlarının ərazisindədir. Bu ilin iyul ayınadək mövcud çay sahələrindən 444,1 ton yaşıl çay yarpağı istehsal olunub və hazırda bu proses davam etdirilir. Lənkəran rayonu ərazisində 568 hektar çay sahəsinin 289 hektarı “Astara Çay” MMC-yə məxsusdur.

“Astara Çay” MMC 2010-cu ildə təsis edilib. Quru çay istehsalı üçün istifadə edilən xammal yalnız Azərbaycanın subtropik bölgəsi olan Astara və Lənkəran rayonlarındakı plantasiyalardan tədarük olunur. Bu plantasiyalarda əkilən “Kolxida” çay toxumları Gürcüstanın Batumi şəhərinin Çayçılıq Elmi-Tədqiqat İnstitutunun tədris-təcrübə sahəsindən alınıb. Toxumlar sınaqdan keçirilib, yerli şəraitə uyğunlaşdırılaraq əkilib. Ekoloji cəhətdən təmiz şəraitdə yetişdirilən çayın becərilməsi və emalı zamanı heç bir kimyəvi qatqıdan istifadə edilmir. Dörd ildir ki, çay sahələrində Almaniyanın LACON şirkəti tərəfindən ekoloji müşahidələr aparılır. Astara rayonu ərazisində, həmçinin Koreya Respublikası şirkətinin layihəsi əsasında çay fabriki inşa edilib. Ərazisi 5 hektar olan fabrikdə xaricdən gətirilən ən müasir avadanlıq quraşdırılıb. Fabrik gündə 10 ton yaşıl çay emal etmək gücünə malikdir. Burada çəkisi 100, 200 və 400 qram olan çay bükümləri hazırlanır. Fabrikdə dəqiqədə 8 çay bükümü istehsal edilir. Astara çay fabriki 2016-cı ildə İSO 9001 və İSO 14001 sertifikatlarına layiq görülüb.

Prezident İlham Əliyev “Astara Çay” MMC-nin işçiləri ilə söhbət etdi.

İŞÇİLƏR: Xoş gəlmisiniz, cənab Prezident. Sizin səfəriniz əlamətdar günə təsadüf edir. Sizi və ailə üzvlərinizi Qurban bayramı münasibətilə təbrik edirik. Sizə uzun ömür, cansağlığı arzulayırıq. Sizin sayənizdə sakit, firavan həyat yaşayırıq. Allah Sizi qorusun.

Prezident İlham ƏLIYEV: Sağ olun. Mən də Sizi müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm. Sizə cansağlığı arzulayıram. Şadam ki, siz burada işləyirsiniz. Oradakı fotoşəkillərdə bu sahənin əvvəlki görüntüləri əks olunub. Burada heç bir təsərrüfat yox idi, kol-kos idi. İndi gözəl çay plantasiyaları yaradılıb və siz də ənənəvi işlə təmin olunmusunuz. Çünki çayçılıq cənub zonası, xüsusilə Lənkəran üçün ənənəvi sahədir. Burada həm dövlət üçün, həm də özünüz üçün fəaliyyət göstərirsiniz. Həm çayçılıq inkişaf edir, həm də siz əməkhaqqı alırsınız. Çayçılıq çox gözəl, ekoloji cəhətdən təmiz işdir. İşləmək də o qədər çətin deyil.

İŞÇİLƏR: Buna görə də Sizə minnətdarıq. Çox sağ olun. Allah Sizə cansağlığı versin.

Prezident İlham ƏLIYEV: Sağ olun. Lənkəranda çayçılıq daha da inkişaf etdiriləcək, yeni sahələr salınacaq. Çayçılığın əvvəlki şöhrətini bərpa edəcəyik.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video