20 Avqust 2017 03:08
324
Səfərlər
A- A+

“Gədəbəy” elektrik yarımstansiyası işə salınıb

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 20-də 110/35/10 kilovoltluq yeni “Gədəbəy” elektrik yarımstansiyasının açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev dövlətimizin başçısına yeni yarımstansiyada görülən işlər barədə məlumat verdi. Bildirildi ki, Gədəbəy rayonuna indiyədək elektrik enerjisi istismar müddətini başa vurmuş birdövrəli 35 kilovoltluq hava xətti ilə verilirdi. Bu isə rayonun ümumi inkişaf tempinə cavab vermirdi. Hətta bəzi obyektlərin, o cümlədən qızıl mədənlərinin elektrik enerjisi ilə təchizatı generatorlar vasitəsilə həyata keçirilirdi. Görülmüş işlər nəticəsində Gədəbəy rayonunda perspektiv tələbat da nəzərə alınmaqla müvafiq güc mənbələri yaradılıb. 110/35/10 kV-luq “Gədəbəy” yarımstansiyasından əlavə 35/10 kV-luq “Gədəbəy” adlı digər bir yarımstansiya yenidən qurulub. İkidövrəli 110 kV-luq Zəyəm-Gədəbəy hava xətti çəkilib. 35/10 kV-luq “Gədəbəy” yarımstansiyasında 6,3 MVA gücündə transformatorlar quraşdırılıb, köhnə tipli 40 transformator məntəqəsi yeni transformator məntəqələri ilə əvəz edilib. Görülən işlərin davamı olaraq 10 kV-luq İsalı və Göyəlli hava xətlərində istismara yararsız dirəklər yeni metal dirəklərlə əvəzlənib. Həmçinin rayon üzrə istismara yararsız 1284 sayğac dəyişdirilib, 996 yeni sayğac quraşdırılıb.

Yeni yarımstansiyada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkədə elektroenergetikanın inkişafında xidmətlərinə həsr olunan fotostendlər yaradılıb.

Bildirildi ki, Gədəbəy rayonunun elektrik təchizatının yaxşılaşdırılması, elektrik enerjisinə artan tələbatın ödənilməsi, güc qıtlığının aradan qaldırılması, inkişafda olan sosial-iqtisadi infrastrukturun dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün tikilən yeni “Gədəbəy” yarımstansiyası 21 min abonentə xidmət edir. Yarımstansiyada 110 kV-luq açıq, 35 və 10 kV-luq qapalı paylayıcı qurğular inşa edilib. Bu qurğularda müasir standartlara cavab verən elektrik avadanlığı, elektron tipli avtomat rele mühafizəsi quraşdırılıb. Bu yarımstansiyanı qidalandırmaq üçün “Zəyəm” yarımstansiyasından 48 kilometr uzunluğunda 110 və 35 kV-luq birdövrəli hava xətləri çəkilib. Paralel olaraq Gədəbəy rayonunun böyük bir hissəsini elektrik enerjisi ilə təmin edən 35 kV-luq “Gədəbəy-Saratovka” hava xətti tam yenidən qurulub. Ümumilikdə “Gədəbəy” yarımstansiyasından 35 kV-luq “Saratovka” və “Mədən”, həmçinin 10 kV-luq “Söyüdlü”, “Arıxdam”, “Ticarət mərkəzi” hava xətləri çəkilib. 10 kV-luq hava xətləri isə 1795 abonentin elektrik enerjisi ilə təchizatını təmin edir.

Qeyd edildi ki, Gəncə, Şəmkir, Göygöl, Samux, Daşkəsən, Gədəbəy, Ağstafa, Tovuz, Qazax elektrik şəbəkələrinin birləşdiyi “Azərişıq” ASC-nin Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisində respublika əhəmiyyətli 1 şəhər, 8 rayon mərkəzi, 37 qəsəbə və 341 kənd var ki, burada da ümumilikdə 288 min 119 abonent olmaqla 1 milyon əhali yaşayır. Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisində indiyədək “Azərişıq” ASC tərəfindən 96 kənd və qəsəbədə yenidənqurma işləri aparılıb. Hazırda 78-dən çox yaşayış məntəqəsində bu işlər davam etdirilir. Region üzrə ümumilikdə 11 min 290 yeni sayğac quraşdırılıb, 28 min 961 sayğac yenisi ilə əvəz edilib, qoyuluş gücü 1731 MVA-dan 1911 MVA-dək artırılıb.

Prezident İlham Əliyev yarımstansiyanı işə saldı.

Sonda xatirə şəkli çəkdirildi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video