08 Avqust 2017 02:08
293
Səfərlər
A- A+

Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Avqustun 8-də Azərbaycan-Türkmənistan sənədlərinin imzalanması mərasimindən sonra Prezident İlham Əliyev və Prezident Qurbanqulu Berdiməhəmmədov mətbuata bəyanatlarla çıxış ediblər.


Prezident İlham Əliyevin
bəyanatı



-Hörmətli Qurbanqulu Məlikquluyeviç.
Hörmətli qonaqlar.
Xanımlar və cənablar.

Hörmətli cənab Prezident, mən Sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram. Ölkəmizə “Xoş gəlmisiniz” deyirəm.

Sizin səfəriniz Türkmənistan-Azərbaycan əlaqələrinin inkişafında çox mühüm yer tutur. Bu gün apardığımız danışıqlar və imzalanmış sənədlər bir daha onu göstərir ki, Türkmənistan-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Bu əlaqələrin təməlində xalqlarımızın birliyi, dostluğu, qardaşlığı dayanır. Əsrlər boyu türkmən və Azərbaycan xalqları bir yerdə yaşamışlar, əməkdaşlıq, dostluq etmişlər. Dövlətlərarası münasibətlər bu möhkəm təməl üzərində qurulub. Bu il biz diplomatik münasibətlərin yaradılmasının 25-ci ildönümünü qeyd edirik. Bu 25 il ərzində Azərbaycan və Türkmənistan böyük və uğurlu yol keçmişdir.

Cənab Prezident, mən bu gün xüsusilə Sizin rəhbərliyinizlə Türkmənistanın əldə etdiyi uğurlar haqqında danışmaq istərdim. Sizin rəhbərliyinizlə ölkəniz sürətlə inkişaf edir, sosial, iqtisadi məsələlər uğurla həll olunur, vətəndaşların rifah halı yaxşılaşır, Türkmənistan beynəlxalq aləmdə böyük rol oynayır. Sizin neytrallıq siyasətiniz dünya ictimaiyyəti tərəfindən dəstəklənir və Birləşmiş Millətlər Təşkilatı Türkmənistanın neytrallığı ilə bağlı iki il əvvəl qətnamə qəbul etmişdir. Azərbaycan da o qətnamənin həmmüəllifi olmuşdur.

Bu gün imzalanan sənədlər arasında Birgə Bəyannamə xüsusi yer tutur. Bu, strateji tərəfdaşlıq haqqında imzalanan Bəyannamədir. Yəni, bu, əlaqələrin ən yüksək səviyyəsidir. Bu gün Türkmənistan və Azərbaycan artıq strateji tərəfdaşlardır. Bu Bəyannamədə gələcək birgə fəaliyyətimizin demək olar ki, bütün istiqamətləri müəyyən edilib, həm siyasi, həm iqtisadi, humanitar, mədəniyyət, nəqliyyat, energetika, təhlükəsizlik məsələləri öz əksini tapıb. Bəyannamədə hər iki tərəf bir-birinin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərin toxunulmazlığına qətiyyətli dəstək nümayiş etdirmişdir.

Bizim əlaqələrimiz uğurla inkişaf edir. Biz bir çox istiqamətlər üzrə fəaliyyətimizi gücləndirəcəyik. Bu gün beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirik - BMT-də, ATƏT-də, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində bir-birimizi dəstəkləyirik. Ticarət sahəsində, iqtisadi sahədə yaxşı nailiyyətlər var. Keçən il ticarət dövriyyəmiz artıb.

Bu gün danışıqların böyük hissəsi nəqliyyat məsələlərinə həsr edilib. Həm Türkmənistanda, həm Azərbaycanda yeni dəniz ticarət limanları tikilir və yaxın zamanlarda istifadəyə veriləcək. Bu, yük daşımalarının həcminin artırılmasına gətirib çıxaracaq. Eyni zamanda, bu gün müzakirə edilən mövzulardan biri də Bakı-Tbilisi-Qars dəmir yolunun inşasıdır. Bu yol həm Türkmənistanın, həm Azərbaycanın tranzit imkanlarını böyük dərəcədə artıracaq.

Energetika sahəsində əməkdaşlıq üçün yaxşı imkanlar var. Bu gün imzalanan Memorandum gələcək fəaliyyətimiz üçün yaxşı əsas yaradır. Biz bütün sahələrdə, təbii ki, humanitar sahədə uğurla əməkdaşlıq edirik. İctimaiyyət onu da görür ki, bizim üçün tərcüməçi də lazım deyil. Biz cənab Prezidentlə söhbət əsnasında dedik ki, əgər bizim vətəndaşlar bir ay bir-birinə qonaq getsələr onda heç, ümumiyyətlə, tanış olmayan kəlmə də qalmaz. Yəni, bu oxşarlıq bizim böyük sərvətimizdir. Tarix, mədəniyyət, etnik köklər birdir və biz fəaliyyətimizi bu möhkəm təməl üzərində qururuq.

Türkmənistan bizim üçün yaxın, dost, qardaş ölkədir, türkmən xalqı bizim qardaş xalqımızdır. Biz bunu yüksək qiymətləndiririk. Mən xüsusilə Prezident Berdiməhəmmədovun fəaliyyətini bir daha qeyd etmək istərdim. Çünki bizim uğurlu əməkdaşlığımızın tarixi hadisəsi 2008-ci ildə baş vermişdir. Həmin ilin may ayında ilk dəfə olaraq Türkmənistan Prezidenti Azərbaycana səfər etmişdir və ondan bir neçə ay sonra - 2008-ci ilin noyabr ayında mən Türkmənistana səfər etmişdim. O səfərlər dönüş nöqtəsi idi. O səfərlərdən sonra geniş əməkdaşlıq formatı formalaşdı, yaradıldı və biz bu gün onun gözəl bəhrəsini görürük.

Cənab Prezident, mənim dəvətimi qəbul edib Azərbaycana səfər etdiyiniz üçün Sizə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Əminliyimi ifadə etmək istəyirəm ki, səfərinizin çox gözəl nəticələri olacaq. Türkmənistan və Azərbaycan bir-birinə daha da yaxın olacaq. Sağ olun.

x x x


Prezident Qurbanqulu Berdiməhəmmədovun
bəyanatı



-Hörmətli kütləvi informasiya vasitələrinin nümayəndələri.
Xanımlar və cənablar.
Əvvəlcə Türkmənistanın nümayəndə heyəti adından Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə, bütün azərbaycanlı dostlara və həmkarlara göstərilmiş qonaqpərvərliyə, səmimi qəbula və birgə iş üçün gözəl şəraitin yaradılmasına görə səmimi minnətdarlığımı bildirmək istəyirəm.

Bu gün Türkmənistan ilə Azərbaycan arasında ən yüksək səviyyədə danışıqlar aparıldı. Həmin görüşlər zamanı ikitərəfli münasibətlərin durumu və perspektivləri, regional və beynəlxalq siyasət məsələləri müzakirə olundu, gələcək qarşılıqlı fəaliyyətimizin konkret istiqamətləri təyin edildi.

İki ölkə arasında ənənəvi olan qarşılıqlı inam və açıqlıq mühitində keçən danışıqların konstruktiv və məzmunlu xarakterini xüsusilə qeyd edirəm. Görüşlər zamanı bu gün bütün istiqamətlərdə - siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə aparılan ikitərəfli dialoqun indiki səviyyəsini yüksək dəyərləndirdik.

Azərbaycan ilə əlaqələrimiz qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri əsasında dinamik və yüksələn xətlə inkişaf edir.

Hörmətli azərbaycanlı dostlarımız, hörmətli qardaşlarımız, Azərbaycan bizim mühüm və etibarlı tərəfdaşımızdır. Biz Mərkəzi Asiya, Xəzər hövzəsi zonasında sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi, burada səmərəli əməkdaşlıq mexanizmlərinin qurulması üçün müvafiq şəraitlərin yaradılması məqsədilə fəal şəkildə birgə çalışırıq.

Türkmənistan və Azərbaycan arasında qarşılıqlı addımlar bu gün strateji sabitlik və regional proseslərin müsbət inkişaf amilidir. Hər iki ölkə Xəzəryanı məkanın Avrasiyada uzunmüddətli sabitliyin mənbəyinə, geniş beynəlxalq tərəfdaşlığın arenasına çevrilməsinin tərəfdarıdır.

Keçirilmiş danışıqlarda iki ölkənin nüfuzlu beynəlxalq və regional strukturlar - Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq etməsinə hazırlıq vurğulandı.

Hörmətli dostlar, Türkmənistan ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyət Xəzər dənizində beştərəfli tərəfdaşlıq çərçivəsində davam edəcək. Mən bir daha təkrar etmək istəyirəm ki, bu əməkdaşlıq beştərəfli əməkdaşlıqdır. Biz iqtisadi əməkdaşlıq məsələlərini təfərrüatı ilə müzakirə etdik və iki dövlətin güclü sənaye və infrastruktur potensialına uyğun olaraq bu sahədə qarşılıqlı fəaliyyətin artırılmasının zəruriliyi haqqında ümumi rəyə gəldik.

Danışıqlar zamanı Türkmənistan ilə Azərbaycan arasında ticarət sahəsində tərəfdaşlığa, qarşılıqlı mal dövriyyəsinin artırılması və şaxələndirilməsinin zəruriliyinə xüsusi diqqət yetirildi. Biz qarşılıqlı ticarətin genişləndirilməsi, sənaye, xidmətlər və aqrar kompleks sahələrində geniş birgə layihələrin həyata keçirilməsi üçün sərmayə siyasətinin fəallaşdırılması məqsədilə tədbirləri nəzərdən keçirmək barədə razılığa gəldik. Bu baxımdan iki ölkənin biznes qurumlarının xətti ilə qarşılıqlı fəaliyyət mühüm rol oynamalıdır.

Əməkdaşlığımızın strateji istiqamətləri energetika və nəqliyyatdır. Türkmənistan və Azərbaycan enerji daşıyıcılarının istehsal həcminə görə Avrasiyada lider mövqeləri tutur. Bizim müasir infrastrukturumuz var və söhbət nəinki Avrasiya və regiondan gedir, mən söyləyə bilərəm ki, bütün dünyada ölkələrimiz məhz enerji daşıyıcılarının istehsal həcminə görə lider mövqeyindədir. Müvafiq infrastrukturumuz var, enerji və nəqliyyat marşrutlarının konfiqurasiyası ilə bağlı ümumi rəyimiz mövcuddur. Enerji və nəqliyyat axınlarının şaxələndirilməsi baxımından biz öz potensialımızın davamlı istifadəsi, yeni, birgə layihələrin reallaşması üçün bütün imkanlardan istifadə edəcəyik.

Danışıqlar zamanı iki ölkə arasında geniş mədəni, humanitar, elmi, təhsil və idman əlaqələrinin daha da inkişafı və həvəsləndirilməsi üzərində ümumi razılıq əldə olunmuşdur.

Hörmətli azərbaycanlı dostlarımız və qardaşlarımız, nümayəndə heyətimiz bugünkü görüşlərin nəticələrini yüksək dəyərləndirir. Yekun olaraq, böyük ikitərəfli sənədlər paketi imzalandı.

Hörmətli kütləvi informasiya vasitələrinin nümayəndələri, Türkmənistan Azərbaycan ilə münasibətlərinə xüsusi əhəmiyyət verir, onu qardaş dövlət sayır. Ölkələrimiz və xalqlarımız əsrlər boyu formalaşmış yaxşı qonşuluq, ümumi tarix, mədəniyyət, dil və mənəvi dəyərlər ənənələri ilə bağlıdır. Biz bu irsi xüsusi olaraq qoruyub saxlayırıq, ona müasir reallıqlar ruhunda yeni məzmun gətiririk. Qarşımızda duran əsas məqsəd ənənələrimizin və ən ülvi dəyərlərimizin gələcək nəsillərə çatdırılmasından ibarətdir.

Türkmənistan ilə Azərbaycan arasında əməkdaşlıq bütün istiqamətlər üzrə durmadan inkişaf edəcək. Bu, iki ölkənin və xalqın uzunmüddətli maraqlarına cavab verir, beynəlxalq proseslərin müsbət inkişafının güclü amilidir.

İkitərəfli əlaqələrin gücləndirilməsində, Türkmənistanla əməkdaşlıq məsələlərinə daimi diqqətin göstərilməsində Azərbaycan Prezidentinin böyük şəxsi xidmətlərini xüsusi qeyd etmək istəyirəm. Hörmətli İlham Heydər oğlu, icazə verin, Azərbaycan ilə Türkmənistan arasında qardaşlıq əlaqələrinin inkişafına göstərdiyiniz yüksək diqqətə görə Sizə dərin minnətdarlığımı bildirim.

Hörmətli iştirakçılar, hörmətli qardaşlar və həmkarlar, sonda qardaş Azərbaycan xalqını bir daha salamlayır, ona sülh, rifah və tərəqqi arzu edirəm. Sizə bu arzularımı bütün türkmən xalqı adından çatdırıram. Diqqətinizə görə minnətdaram.

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video