03 Avqust 2017 08:08
295
Səfərlər
A- A+

Qaxda tütün qəbulu məntəqəsində yaradılan şəraitlə tanışlıq

Avqustun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qax rayonuna səfəri çərçivəsində tütün qəbulu məntəqəsində yaradılan şəraitlə tanış olub.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, ölkəmizdə ixracyönümlü və ənənəvi sahələrin dirçəldilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində tütünçülüyün inkişaf etdirilməsi də qarşıya məqsəd qoyulub. Qax rayonu bu baxımdan böyük potensiala malik bölgələrimizdən biridir. Bu sahənin inkişafında Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında” Sərəncamı böyük əhəmiyyət kəsb edir. Sərəncam ölkəmizdə tütünçülüyün inkişafına dövlət dəstəyini gücləndirmək, bu sahənin potensial imkanlarından səmərəli istifadə etmək, rəqabət qabiliyyətini yüksəltmək və tütün istehsalı ilə məşğul olan əhalinin sosial rifahını daha da yaxşılaşdırmaq məqsədi daşıyır. Bu da Azərbaycanda aqrar sektorun ən perspektivli sahələrindən olan tütünçülüyün inkişafı üçün atılan addımların təqdirəlayiq olduğunu göstərir.

Təsadüfi deyil ki, dünyada gün ərzində satış dəyəri təxminən 4 milyard dollar olan tütün ticarətindən illik qazanc bir trilyon dollara çatır. Tütün dünya üzrə istifadə olunan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin bir faizini təşkil etsə də, ən gəlirli sahələr arasında yer alır. Azərbaycanda da tütünçülüyün inkişafı üçün lazım olan bütün şərtlər mövcuddur. Bu sektorda həm böyük ənənə və təcrübə, həm keçmiş strukturdan qalma mütəxəssis bazası, emal fabrikləri, ucuz və yerli xammal əldə etmək və nəhayət, daxili və xarici bazara çıxış imkanları var.

Dövlətimizin başçısına məlumat verildi ki, sovet dövründə respublika üzrə tütün tədarükünün xeyli hissəsi Qax rayonunun payına düşürdü. Respublikada ən çox tütün tədarükü də həmin dövrə - 1986-cı ilə təsadüf edirdi. Hazırda yeni tütün təsərrüfatlarının salınması, tütünçülüyə dövlət qayğısının getdikcə artması bu sahədə çalışanlara stimul olub. Fermerlərlə bağlanan müqavilələrin sayı da bunu təsdiqləyir. Əgər ötən il fermerlər tərəfindən məntəqəyə 30 müraciət daxil olmuşdusa, indi bu göstərici 60-ı keçib. Bu il rayonda 6500-7000 ton yaşıl tütün tədarükü gözlənilir. Artıq məntəqədə tütün qəbuluna başlanıb. Yerli fermerlər müxtəlif tütün sortları yetişdirirlər. Üstünlük isə əsasən yüksək məhsuldarlığa malik Virciniya sortuna verilir. Sahələrdən toplanan yaşıl tütün məntəqəyə qəbul olunduqdan sonra buradakı 60 kamerada bir həftə ərzində qurudulur. Hazırda müəssisədə 90 nəfər işlə təmin olunub.

Tütünçülüyün inkişafına göstərilən diqqət onu deməyə əsas verir ki, yaxın perspektivdə istehsalı dəfələrlə artırmaq mümkün olacaq. Bu baxımdan satış bazarını tapmaq, ilk növbədə, daxili bazarı tam təmin etmək, sonrakı mərhələdə ixrac imkanlarını genişləndirmək hazırda qarşıda duran əsas vəzifədir. Bu məqsədlərə nail olmaq üçün dövlətimizin başçısı hökumət qarşısında ciddi tələblər qoyub. Çünki tütünçülük post-neft dövründə ölkə iqtisadiyyatının inkişafını təmin edə biləcək əsas sahələrdən sayılır. Ən azı daxili tələbatı yerli məhsul hesabına ödəməklə, idxaldan asılılığı aradan qaldırmaq mümkündür. Şübhə yoxdur ki, tezliklə tütün sektorunun Azərbaycan iqtisadiyyatında çəkisi ciddi şəkildə artacaq. Ölkəmiz tütünçülükdən böyük gəlirlər əldə edəcək, bu sahənin inkişafı həm də on minlərlə yeni iş yerinin yaranmasına səbəb olacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video