03 Avqust 2017 08:08
327
Səfərlər
A- A+

Prezident İlham Əliyev Balakən Su Elektrik Stansiyasının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Balakən Su Elektrik Stansiyasının açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, son illər ölkə iqtisadiyyatının bütün sahələri kimi elektroenergetika sistemi də ən müasir tələblər səviyyəsində yenidən qurulub, bu istiqamətdə köklü dəyişikliklər aparılıb. İcra edilən layihələr arasında yeni su elektrik stansiyalarının inşası, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması xüsusi əhəmiyyət daşıyır. Balakəndə yeni inşa edilən Su Elektrik Stansiyası da bu baxımdan böyük rol oynayır. Bu cür layihələrin icrası bölgələrin enerji təminatının gücləndirilməsində mühüm rol oynayır, eyni zamanda, regionların inkişafına təkan verməklə, əlavə iş yerlərinin açılmasına səbəb olur. Mütəxəssislərin araşdırmalarına görə, respublikanın müxtəlif bölgələrində dağ çayları və suvarma kanalları üzərində onlarla kiçik su elektrik stansiyasının tikintisini həyata keçirmək mümkündür. Kiçik su elektrik stansiyalarının tikintisi bir tərəfdən elektrik enerjisinin istehsalında yanacağa qənaət edilməsinə imkan verir, digər tərəfdən isə ətraf mühitə heç bir zərər yetirmədən istehlakçıları elektrik enerjisi ilə təmin edir.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına stansiya barədə məlumat verdi.

Bildirildi ki, Balakən çayı üzərində tikilmiş və ümumi gücü 1,5 meqavat olan bu stansiyanın təməlini Prezident İlham Əliyev 2010-cu ildə qoyub. Stansiya texniki göstəricilərinə görə olduqca səmərəli və müasirdir. Layihə çərçivəsində burada hündürlüyü 5,6 metr olan bənd tikilib. Bəndin maksimum eni 28, qaşının eni isə 4 metr təşkil edir. Burada saniyədə 63 kubmetr suburaxma qabiliyyəti olan sutullayıcı, saniyədə 23 kubmetr suburaxma qabiliyyəti olan suqəbuledici yaradılıb. Stansiyanın inşası zamanı uzunluğu 2 min metr, diametri isə 1550 millimetr olan boru, 10 və 0,4 kilovoltluq yarımstansiya və elektrik verilişi xətləri çəkilib, hər birinin gücü 0,5 meqavat olan üç hidroturbin və hidrogenerator quraşdırılıb. Bundan başqa, ərazidə turbin zalı və stansiyanın idarəetmə binası da inşa edilib.

Qeyd edildi ki, bu layihə olduqca əhəmiyyətlidir. İldə 10 milyon kilovat-saat elektrik enerjisi istehsalı gücünə malik stansiya rayonun tələbatının 15 faizini, Balakən şəhərinin tələbatının isə 25-30 faizini ödəyəcək.

Dövlətimizin başçısı Balakən Su Elektrik Stansiyasını işə saldı.

Azərbaycan Prezidentinin 2009-cu ildə imzaladığı Sərəncama əsasən, respublikada kiçik su elektrik stansiyalarının geniş tətbiq edilməsi məqsədilə xüsusi proqramlar hazırlanıb. Bu günədək ümumi gücü təqribən 150 meqavat olan 12 su elektrik stansiyası istifadəyə verilib. Hazırda isə ümumi gücü təqribən 18 meqavat olan beş stansiyanın inşası davam etdirilir.

Stansiyanın tikintisində 100 nəfər çalışıb. Ərazidə geniş abadlıq işləri aparılıb, müasir işıqlandırma sistemi quraşdırılıb, yaşıllıq zolaqları salınıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video