01 Avqust 2017 12:08
229
Qanunlar
A- A+

“Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 12-ci və 26-cı bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 812; 2016, № 11, maddə 1755; № 12, maddə 1996; 2017, № 3, maddə 334; № 5, maddələr 675, 748) aşağıdakı dəyişikliklər edilsin:

1.1. preambulada “dövlət nəzarətinin və tənzimləməsinin” sözləri “nəzarətin və tənzimləmənin” sözləri ilə əvəz edilsin;

1.2. 6.1.8-ci maddədən “müvafiq icra hakimiyyəti orqanının və ya” sözləri çıxarılsın;

1.3. 26.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Açıq məkanda ölçülərindən asılı olmayaraq reklam daşıyıcılarının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin edilməsinə icazəni Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum verir.”;

1.4. 26.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“26.2. Açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin bir ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə verilərkən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum reklama dair texniki şərtlər pasportunu hazırlayaraq  reklam  yayıcısına təqdim edir və reklam yayıcısı ilə icazə  müqaviləsini bağlayır. İcazə müqaviləsi bağlanılmadıqda, açıq məkanda reklam yerləşdirmək üçün verilmiş icazə və texniki şərtlər pasportu hüquqi nəticələr yaratmır.”;

1.5. aşağıdakı məzmunda 26.2-1-ci və 26.2-2-ci maddələr əlavə edilsin:

“26.2-1. Açıq məkanda reklam yerləşdirilməsinə icazənin verilməsi və bu sahədə nəzarətin keçirilməsi qaydasını, həmçinin icazənin və reklama dair texniki şərtlər pasportunun formasını, icazə müqaviləsinin formasını və bağlanılma qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

26.2-2. Açıq məkanda reklam yerləşdirilməsinə icazə almaq üçün reklam yayıcısı, həmçinin reklam yerləşdiriləcək reklam daşıyıcısının sahibi və ya reklam daşıyıcısının yerləşdiriləcəyi daşınmaz əmlakın mülkiyyətçisi ilə (və ya onlar barədə sərəncam vermək hüququ olan şəxslə) müqavilə bağlamalıdır.”;

1.6. 4-cü fəslin və 34-cü maddənin adında “dövlət nəzarəti” sözləri “nəzarət” sözü ilə əvəz edilsin;

1.7. 34.1-ci maddədə “dövlət nəzarətinin” sözləri “nəzarətin” sözü ilə əvəz edilsin;

1.8. 34.2-ci maddəyə “reklam” sözündən sonra “(açıq məkanda reklam istisna olmaqla)” sözləri, “orqanı” sözündən sonra “, açıq məkanda reklam sahəsində nəzarət isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum” sözləri əlavə edilsin;

1.9. 34.4-cü maddə ləğv edilsin;

1.10. 35.2-ci maddədə “Reklamın yayımına görə ödənilən haqqın məbləğinin” sözləri “Bu qanunun 26.2-2-ci maddəsinə uyğun olaraq, müqavilə dövlət və bələdiyyə mülkiyyətində olan daşınmaz əmlakın mülkiyyətçisi ilə (və ya onlar barədə sərəncam vermək hüququ olan şəxslə) bağlandıqda, müvafiq məbləğin” sözləri ilə əvəz edilsin;

1.11. 37.0.3-cü maddəyə “orqanını” sözündən sonra “, açıq məkanda reklam sahəsinə aid hissədə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumu” sözləri əlavə edilsin.

Maddə 2. Bu qanun 2017-ci il avqustun

1-dən qüvvəyə minir.

Maddə 3. 2017-ci il avqustun 1-dək açıq məkanda reklam yerləşdirilməsinə icazə almış və icazəsi qüvvədə olan reklam yayıcıları müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumla 2018-ci il yanvarın 1-dək “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsində nəzərdə tutulan icazə müqaviləsini bağlamalıdırlar. Bu tələb yerinə yetirilmədikdə, verilmiş icazə “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinin beşinci cümləsinə uyğun olaraq hüquqi nəticələr yaratmır.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 iyun 2017-ci il

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video