30 Iyun 2017 12:06
425
PARLAMENT
A- A+

“Azərbaycan Ordusunun 100 illiyi” adlı medal təsis edildi

 

Milli Məclisin yaz sessiyasının sonuncu növbədənkənar iclasında bir neçə mühüm qanun layihəsi təsdiqləndi

 

İyunun 30-da Milli Məclisin yaz sessiyasının sonuncu növbədənkənar iclası keçirildi. İclası açıq elan edən Milli Məclisin Sədri Oqtay Əsədov gündəlikdə 19 məsələnin olduğunu bildirdi.
İlk altı məsələ Apelyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi barədə idi. Bu barədə Milli Məclis Sədrinin birinci müavini, Məhkəmə Hüquq Şurasının üzvü Ziyafət Əsgərov məlumat verdi. Azərbaycanın məhkəmə orqanlarının son illərdəki inkişaf yolundan danışan Z.Əsgərov vurğuladı ki, ölkədə məhkəmələrə yüksək diqqət göstərilir. Hakimlər də işlərinin öhdəsindən layiqincə gəlməyə çalışırlar. Lakin bütün bunlara baxmayaraq, yeni çağırışlar nəzərə alınaraq hakimlərin iş yükünün azaldılması istiqamətində qanunvericilik islahatları davam edir: “Dövlət başçısının sərəncamı əsasında məhkəmə sisteminin elektronlaşması nəticəsində vətəndaşlar elektron sistemlə məhkəməyə müraciət edə bilirlər. Vətəndaşlar yeni sistem əsasında şəxsi kabinet yaratmaqla məhkəmələrə ərizələr verir, məkəmə rüsumlarını elektron qaydada ödəyə bilirlər. Ölkəmizdə 9 məhkəmə üçün yeni bina inşa olunur. Ötən dövrdə hakimlərin sayı 2 dəfə artırılsa da, Azərbaycanda 100 min nəfərə 6 hakim düşür. Bu rəqəm Avropa ölkələrində 20-dir. Ona görə də ölkəmizdə hakimlərin sayının artırılmasına ehtiyac var”.
Milli Məclis Sədrinin birinci müavini qeyd etdi ki, Azərbaycan məhkəmə sahəsində aparılan islahatlara görə bir sıra Avropa ölkələrinə nümunə ola bilər: “Bəzən bildirilir ki, Avropa Məhkəməsinin ölkəmizə qarşı qərarlarının sayı çoxalır. Lakin statistik göstəricilərə nəzər salsaq, görərik ki, 2016-cı ildə Avropa Məhkəməsi tərəfindən ölkəmizlə bağlı 16 qərar qəbul edilib. Hansı ki, Yunanıstana 41, Özbəkistana qarşı 33 qərar verilib. Avropalı ekspertlər Azərbaycan hakimiyyətinin məhkəmə sistemində apardığı islahatları yüksək qiymətləndirirlər. Amma bəzi qüvvələr buna da kölgə salmağa çalışırlar”.
Sonra Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında məsələyə baxıldı. Ali Məhkəmə üzrə hakimlik səlahiyyətinin müddəti 2017-ci il iyunun 19-da başa çatan Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Şəlalə Ağakərim qızı Məmmədova Ali Məhkəmənin hakimi təyin edilib. “Məhkəmələr və hakimlər haqqında” qanunun 93-4-cü maddəsinə uyğun olaraq Tahir Lələkişi oğlu Kazımov da Ali Məhkəmənin hakimi təyin olunub.
Bundan başqa, səlahiyyət müddəti 2017-ci il iyulun 16-da başa çatan Akif Əsgər oğlu İsgəndərov və Əhməd Güləhməd oğlu Nurməmmədov həmin tarixdən Ali Məhkəmənin hakimləri təyin edilib. Həmçinin səlahiyyət müddəti 2017-ci il iyulun 28-də başa çatan Mehparə Tofiq qızı Əhmədova, İmran Teymurxan oğlu Hacıqayıbov və Rahib Sahib oğlu Nəbizadə həmin tarixdən Ali Məhkəmənin hakimləri təyin olunub. Elşanə Rafiq qızı Vəliyeva Bakı Apelyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək 2017-ci il iyulun 28-dən Ali Məhkəmənin hakimi təyin edilib. İlham Məmməd oğlu Cəfərov vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar 2017-ci il iyulun 28-dən Ali Məhkəmənin hakimi vəzifəsindən azad edilib.
Məsələ səsə qoyularaq təsdiq edildi.
Sonra Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki apelyasiya məhkəmələrinin hakimlərinin təyin və azad edilməsi haqqında məsələlər təqdim edildi. Muzakirələr zamanı Kəpəz Rayon Məhkəməsinin hakimi Nuru Nadir oğlu Quliyev və Tovuz Rayon Məhkəməsinin hakimi Ədil İsa oğlu Məmmədov Gəncə Apelyasiya Məhkəməsinə, Quba Rayon Məhkəməsinin hakimi Elman Məmməd oğlu Əhmədov və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin hakimi Zaur İkram oğlu Məmmədov isə Sumqayıt Şəhər Apelyasiya Məhkəməsinə hakim vəzifəsinə təqdim olundular. Onların hər biri ayrılıqda səsə qoyularaq təsdiq edildi.
İclasda növbəti müzakirə edilən məsələ “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi oldu. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, 2017-ci ilin yenilənmiş dövlət büdcəsinin gəlirləri gözlənilən ÜDM-in 25,2 faizini təşkil etməklə, mütləq ifadədə 16 766 mln manat həcmində proqnozlaşdırılır ki, bu da ilkin proqnozla müqayisədə 511 mln manat və ya 3,1 faiz çoxdur. Yeni büdcənin xərclərinin isə 1 041 mln manat artırılaraq 17 941 mln manata çatdırılması nəzərdə tutulur ki, bu da təsdiq edilmiş büdcə xərclərinə nisbətən 6,2 faiz çoxdur. Bu ilin dövlət büdcəsinə yenidən baxılma zamanı xarici dövlət borclanmasının yuxarı həddinin artırılması, yəni, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sağlamlaşdırılması tədbirləri çərçivəsində bankın 2 383,4 mln ABŞ dolları məbləğində dövlətin üzərinə keçəcək borclarının ödənilməsi məqsədilə avrobondların emissiyası həyata keçiriləcək.
Yenilənmiş dövlət büdcəsində kəsirin təsdiq olunmuş göstəriciyə nisbətən 530 mln manat və ya 82,2 faiz artırılaraq 1 175 mln manata çatdırılması nəzərdə tutulub ki, bu da cari ilin sonuna gözlənilən ÜDM-in 1,8 faizinə bərabər olacaq. Büdcə gəlirlərinin Mərkəzi Bankın mənfəətinin 250 mln manatlıq bir hissəsinin büdcəyə alınması, Vergilər Nazirliyinin xətti ilə əlavə 135 mln manat, Gömrük Komitəsi vasitəsi ilə isə 50 mln manat əlavə vəsaitin büdcəyə cəlb edilməsi və s. mənbələr vasitəsilə təmin edilməsi nəzərdə tutulur. Büdcənin artan xərcləri daha çox sosial xarakterli tədbirlərə və bank sahəsində yaranmış problemlərin yumşaldılmasına yönəldiləcək. Burada qazın qiymət fərqi ilə bağlı Dövlət Neft Şirkətinin (SOCAR) ziyanını qarşılamaq üçün 250 mln manat, lisenziyası alınmış 11 bankın əmanətçilərinə ödəniş üçün Əmanətlərin Sığortalanması Fondunun nizamnamə kapitalının artırılmasına 546 mln manat və s. kimi xərclər xüsusi yer tutur.
Azərbaycanın 2017-ci il dövlət büdcəsinə ediləcək dəyişiklikdən sonra builki icmal büdcənin gəlirləri 22 840,9 mln manat olacaq, bu da təsdiq edilmiş büdcəyə nisbətən 2 820,2 mln manat və ya 14,1 faiz çoxdur. İcmal büdcə xərclərinin isə təsdiq edilmiş göstəriciyə nisbətən 3,7 faiz və ya
1 051 mln manat artırılaraq
29 818,2 mln manata çatdırılması nəzərdə tutulur.
İclasda maliyyə naziri Samir Şərifov layihəyə edilən düzəlişləri şərh etdi. Onun sözlərinə görə, “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər ölkə başçısı tərəfindən Milli Məclisə təqdim edilib. Təklif olunan dəyişikliyə əsasən, dövlət büdcəsinin bəzi xərcləri optimallaşdırılacaq: “2017-ci ilin yenidən baxılacaq dövlət büdcəsinin xərclərində əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin maliyyələşdirilməsinə, o cümlədən ünvanlı sosial yardımın təyin edilməsi məqsədilə ehtiyac meyarının həddinin 105 manatdan 116 manatadək artırılması üçün 32,2 milyon manat, sosial mənzil tikintisi ilə bağlı əhalinin ehtiyaclarının daha geniş şəkildə əhatə edilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi ilə bağlı xərclərin artırılması üçün 50 milyon manat, ölkəmizin 14 rayon və şəhəri üzrə yeni tikilmiş uşaq bağçalarının istismara verilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsinə və hazırda fəaliyyətdə olan uşaq bağçalarının, uşaq texniki yaradıcılıq mərkəzlərinin, ilk peşə-ixtisas təhsili müəssisələrinin və bəzi təşkilatlar üzrə əməyin ödənişi xərclərinin tənzimlənməsi üçün cəm olaraq 68 milyon manat vəsait yönəldiləcək”.
Nazirin sözlərinə görə, 2016-cı il ərzində ARDNŞ tərəfindən istehsal olunan təbii qazın daxili bazarda maya dəyərindən aşağı qiymətə satışına görə yaranmış zərərin örtülməsi üçün dövlət büdcəsindən 250 milyon manat subsidiyanın ayrılması məqsədəuyğun hesab edilib: “Həmçinin lisenziyası ləğv edilmiş 11 bank üzrə əmanətçilərin qorunan əmanətlərinin 100 faiz ödənilməsi üçün Əmanətlərin Sığortalanması Fondu tərəfindən cəlb edilmiş kreditlərin bağlanması üçün fondun nizamnamə kapitalının 546,0 milyon manat artırılması nəzərdə tutulub”.
Nazir qeyd etdi ki, 2017-ci ilin yenidən baxılacaq dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinə əlavə 191,0 milyon manat vəsait yönəldiləcək ki, bu da təsdiq edilmiş göstəriciyə nisbətən 7,6 faiz çoxdur.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun çıxışından sonra qanun layihəsinin müzakirəsinə başlanıldı. Deputatlar Vahid Əhmədov, Qüdrət Həsənquliyev, Əli Məsimli, Fərəc Quliyev, Tahir Kərimli, Rəşad Mahmudov, eləcə də Milli Məclisin Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzov fikir və təkliflərini səsləndirdikdən sonra dəyişikliklər səsə qoyularaq təsdiq edildi.
İclasda Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsinə də baxıldı. Dəyişikliyə görə, sənədin müvafiq maddələrində “sudan pullu istifadə” sözləri “sudan ödənişli istifadə” sözləri ilə əvəzlənir. Həmçinin sudan istifadə haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Layihə səsə qoyularaq qəbul edildi.
Sonra “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə layihə müzakirəyə çıxarıldı. Layihəyə əsasən, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) yubiley medalı” təsis olunur. Medala silahlı qüvvələrdə xidmətdə olan, eləcə də sonradan ehtiyata buraxılan hərbi qulluqçular müvafiq icra qurumunun təqdimatı ilə layiq görüləcəklər. Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edildi.
İclasda ASAN viza sisteminin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi də qəbul edildi. Daha sonra qanunvericiliyin uyğunlaşdırılması məqsədilə “İcra haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri təsdiqləndi. Eyni məqsədlə “Reklam haqqında” və “Dövlət rüsumu haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə sənədlər də qəbul edildi.
“Azərbaycan Respublikası Mərkəzi Bankı haqqında” və “Əmanətlərin sığortalanması haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə layihə də müzakirə edildi. Birinci məsələyə əsasən, qanunun müvafiq maddələrinə “müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla” sözləri əlavə olunur. “Əmanətlərin siğortalanması haqqında” qanuna edilən dəyişikliklərə gəldikdə isə bildirildi ki, qanun layihəsi qəbul olunacağı təqdirdə Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasında maliyyə bazarlarına nəzarət orqanının nümayəndələrinin sayı azaldılacaq, müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələrinin sayı isə artırılacaq. Qanuna təklif edilən dəyişikliklərə görə, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasına maliyyə bazarlarına nəzarət orqanının bir nümayəndəsi, Mərkəzi Bankın bir nümayəndəsi, müvafiq icra hakimiyyəti orqanlarının üç nümayəndəsi və iştirakçı bankların təqdimatı ilə onların iki nümayəndəsinin daxil edilməsi təklif olunur. Mövcud qanunvericiliyə görə, indiyədək fondun Himayəçilik Şurası öz səlahiyyətlərini müstəqil həyata keçirirdisə, təklif olunan dəyişikliklər qəbul olunacağı təqdirdə məsələləri müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmalı olacaq. Hər iki qanun layihəsi səsə qoyularaq qəbul edildi. Sonra dövlət qulluğu sahəsində qanunvericiliyin təkmilləşdirilməsi məqsədi ilə “Dövlət qulluğu haqqında” qanuna təklif olunan dəyişikliklər də səsə qoyularaq təsdiqləndi.
İclasda “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı. Qanunun məqsədi Azərbaycanın əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərinin yaradılması, sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verilməsidir. Sənəd dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş şəxslərə şamil edilir. Layihəyə əsasən, işsizlikdən sığorta üzrə sığortaedənlərin və sığortaolunanların qeydiyyatı sığortaolunanların və sığorta edənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Layihə əvvəlcə fəsil-fəsil, sonra ümumilikdə səsə qoyularaq qəbul edildi. Deputatlar təklif etdilər ki, layihə mükəmməl hazırlandığından onu üçüncü oxunuşda da qəbul etmək olar. Beləliklə, sözügedən qanun layihəsi üçüncü oxunuşda da səsə qoyularaq təsdiq edildi. Qanunun 2018-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.
Gündəlikdə olan sonuncu məsələ “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi idi. İkinci oxunuşda müzakirəyə təqdim olunan yeni qanun layihəsi 13 maddədən ibarətdir. Layihə Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 7-ci bəndinə, 94-cü maddəsinin I hissəsinin 1-ci və 3-cü bəndlərinə uyğun olaraq Milli Məclis deputatının etik davranış qaydalarını, habelə həmin qaydalara əməl olunması ilə bağlı hüquqi mexanizmləri müəyyən edir. Bu qanun yalnız deputat statusu olan şəxslərə şamil edilir. Hər bir deputat etik davranış qaydalarını rəhbər tutaraq, bu qanunun müddəalarına əməl etməyə borcludur. Qanun layihəsində etik davranış qaydalarını kobud surətdə pozan deputatların mandatdan məhrum edilməsi, deputatların təhqiramiz sözlərdən istifadə etməsinə qadağa qoyulması nəzərdə tutulur, eləcə də deputatların həmkarlarının sözünü kəsməsi qadağan edilir. Eyni zamanda, layihəyə əsasən, Azərbaycanda deputat xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan, yaxud onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən, eləcə də bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz.
Layihədə qeyd olunur ki, bu qayda qonaqpərvərliklə bağlı və dəyəri “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda nəzərdə tutulmuş məbləğdən (55 manat) yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir.
Qanun layihəsi səsverməyə çıxarılaraq ikinci və üçüncü oxunuşda qəbul edildi. Sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. Bununla da Milli Məclisin yaz sessiyasının son növbədənkənar iclası başa çatdı.

Elgün MƏNSİMOV,
Fərman BAĞIROV (foto),
“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video