22 Iyun 2017 04:06
372
PARLAMENT
A- A+

Milli Məclisdə Azərbaycan-Moldova əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib

İyunun 22-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov ölkəmizdə rəsmi səfərdə olan Moldova Respublikasının Prezidenti İqor Dodon ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdən əvvəl Moldova Prezidenti Milli Məclisin əsas iclas zalına baxıb, deputatlar üçün yaradılmış iş şəraiti ilə tanış olub.

Sonra Heydər Əliyev muzeyi ilə tanış olan Moldova dövlətinin başçısı xatirə kitabına ürək sözlərini yazıb.

Görüşdə Milli Məclisin sədri əmin olduğunu bildirib ki, bu səfər ölkələrimiz arasında münasibətlərin inkişafına yeni impuls verəcək. Hələ sovetlər dönəmində xalqlarımız arasında ənənəvi dostluq münasibətlərinin mövcud olduğunu deyən Oqtay Əsədov vurğulayıb ki, ölkələrimiz müstəqilliyini bərpa etdikdən sonra əlaqələrimiz keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Bu günədək Azərbaycan ilə Moldova arasında münasibətlərin hüquqi bazasını təşkil edən 60-dək sənəd imzalanıb. Əlaqələrimizin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri və görüşləri mühüm rol oynayır. Siyasi münasibətlərimizin inkişafı həyatın digər sahələrinə də müsbət təsir göstərəcək. İqtisadi əməkdaşlığı daha da dərinləşdirmək üçün dövlətlərarası komissiyanın imkanlarından hərtərəfli istifadə etmək günün tələbidir.

Azərbaycan parlamentində dünyanın 82 ölkəsinin qanunvericilik orqanı ilə əlaqələr üzrə dostluq qruplarının fəaliyyət göstərdiyini deyən O.Əsədov Moldova ilə də bu sahədə əməkdaşlıq üçün belə bir qrupun yaradıldığını qeyd edib. “Biz deputatların qarşılıqlı səfərlərini və mütəmadi görüşlərini önəmli hesab edirik. Təqdirəlayiq haldır ki, beynəlxalq təşkilatlarda nümayəndə heyətlərimiz prinsipial məsələlərdə eyni mövqedən çıxış edirlər. Bu gün hər iki ölkənin ərazi bütövlüyü pozulub, xalqlarımız oxşar problemlə üzləşiblər. Biz bu münaqişələrin sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdarıq. İnanırıq ki, bu məsələdə Moldova gələcəkdə də Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcək”, - deyə Milli Məclisin sədri bildirib.

Moldova Respublikasının Prezidenti İqor Dodon ölkəmizə səfərindən və keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. Ali qonaq Milli Məclisdə deputatlar üçün yaradılmış şəraiti yüksək dəyərləndirərək çox az ölkənin qanunverici orqanlarında belə şəraitin olduğunu vurğulayıb. Prezident siyasi əlaqələrimizin inkişafından söz açaraq iqtidar partiyaları arasında əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Moldova dövlətinin başçısı bildirib ki, Milli Məclisin təcrübəsi onlar üçün çox maraqlıdır. Gələcəkdə deputatların qarşılıqlı səfərləri hər iki tərəf üçün əhəmiyyətli olardı. Bu baxımdan dostluq qrupları arasında əlaqələri dərinləşdirmək vacib məsələlərdəndir. İqor Dodon ümidvar olduğunu bildirib ki, hər iki ölkə üzləşdiyi problemin tezliklə sülh yolu ilə həllinə nail olacaq, xalqlarımız əmin-amanlığa qovuşacaqlar.

Görüşdə Milli Məclis sədrinin müavinləri Bahar Muradova, Valeh Ələsgərov, Moldova ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Sabir Hacıyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, ölkəmizin Moldovadakı səfiri Qüdsi Osmanov, Moldovanın Azərbaycandakı səfiri George Leuke və digər rəsmi şəxslər iştirak ediblər.

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video