20 Iyun 2017 11:06
1174
Tədbirlər
A- A+

Azərbaycan sivilizasiyalararası dialoqun inkişafında əvəzolunmaz rol oynayır

 

İyunun 20-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iftar mərasimində iştirak edib. 

İftar mərasimi “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başladı.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür PAŞAZADƏ mərasim iştirakçılarını salamlayaraq dedi:
- Bismillahir-rəhmanir-rəhim.
Zati-aliləri, möhtərəm cənab Prezident.
Hörmətli qonaqlar.
Əziz qonaqlarımıza, xüsusən dövlətimizin başçısı, möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına məclisimizdə iştirak etdiyinə görə Azərbaycan dindarları adından və şəxsən öz adımdan salam-dualarımı və dərin minnətdarlığımı bildirirəm. Məclisimizdə iştirak edən dəyərli dövlət və din xadimlərinə, dini konfessiya rəhbərlərinə, deputatlara, xarici ölkələrin təmsilçilərinə “Xoş gəlmisiniz!” deyirəm.
Zati-aliləri, “Qurani-Kərim”in nazil edildiyi, bütün duaların qəbul olunduğu mübarək Ramazan ayında iftar məclislərini bizimlə birgə keçirməyiniz Azərbaycan dindarlarına və şəxsimə olan yüksək ehtiram və etimaddır. Mən bunu yüksək dəyərləndirirəm. Bu məqam müqəddəs ənənə halını almışdır. Bu ənənənin bünövrəsini - ali mənəviyyat yolunun başlanğıcını Azərbaycan xalqının ümummilli lideri, böyük dövlət xadimi, xatiri mənim üçün bir qardaş qədər daim əziz olan Heydər Əliyev qoymuşdur. Bu mübarək ayda mən Heydər Əliyevə və ömür-gün yoldaşı Zərifə xanıma Allahdan rəhmət diləyirəm.
Möhtərəm Prezident, Sizin rəhbərliyinizlə Azərbaycan gündən-günə inkişaf edir, yeni zəfərlər qazanır. Mən Sizin simanızda görkəmli dövlət xadimini, siyasi lideri, ölkə başçısını görməklə bərabər, Allah-Təalanın Azərbaycan xalqına lütfünü, inayətini və mərhəmətini görürəm. Uca Allahın lütfündəndir ki, Azərbaycan dindarları öz dövlətinin başçısını - Zati-alinizi Məkkədə, mübarək Qurban bayramı ərəfəsində seçmək imkanına malik oldular. İslam tarixində ilk və istisna hal olan bu özəl məqamı dindarlar heç vaxt unutmayacaqlar.
Zati-aliləri, müqəddəs Kəbə Evinin daxilində etdiyiniz niyyətin hasili olan Heydər məscidi dualarımızın müstəcab olmasının təsdiqidir. Sizin dövlət-xalq birliyinə əsaslanan müdrik siyasətiniz, qətiyyətli iradəniz sayəsində Azərbaycan yeni zəfərlər qazanır və qlobal təşəbbüslərin mərkəzinə çevrilir. Sizin təşəbbüsünüzlə keçirilən Mədəniyyətlərarası Dialoq, Qlobal, Humanitar forumlar, Dünya Dini Liderlərinin Sammiti, müəllifi olduğunuz “Bakı prosesi” buna bariz nümunədir. Bakı dünyanın humanitar mərkəzinə çevrilməkdədir.
Sizin multikultural dəyərləri təşviq edən, islami həmrəyliyə dəvət edən qlobal ideyalarınız zamanın çağırışlarına cavab verir, nəinki ölkəmizin, bölgəmizin, habelə bütün bəşərin mənafeyinə xidmət edir. Siz yüksək xitabət kürsülərindən İslam dininin sülhsevər mahiyyətini, mütərəqqi dəyərlərini təşviq edir, islamofobiya hallarına qarşı öz qətiyyətli mövqeyinizi bildirirsiniz. Sizin səyləriniz sayəsində Azərbaycan ekstremizm, radikalizm, terrorizmə qarşı mübarizənin önündə gedən dövlətlərdən biridir və İslam dünyasının inkişafına öz töhfəsini verir.
Zati-aliləri, ötən ili “Multikulturalizm İli”, bu ili isə “İslam Həmrəyliyi İli” elan etmək kimi müdrik, beynəlxalq əhəmiyyətli qərarlarınız islami və bəşəri dəyərlərə ali xidmətinizdir. Bu, qlobal əhəmiyyətli addımdır. Hər dövlət başçısı bu addımı atmaq imkanında deyil. Bunun davamı olaraq, “İslam Həmrəyliyi İli” çərçivəsində mötəbər idman bayramı - İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi, 54 müsəlman ölkəsini, hətta münaqişə vəziyyətində olan dövlətləri belə bir araya gətirən həmrəylik bayramı, Azərbaycan idmançılarının zəfəri Sizin misilsiz səylərinizin bəhrəsidir. Bütün bu nailiyyətlərə görə İslam dünyası adından Sizə dərin təşəkkürlərimizi qəbul edin. Mən Azərbaycan idmançılarını təbrik edirəm. Hər dəfə ucalan bayrağımız, səslənən himnimiz bizə qürur gətirdi. Azərbaycan xalqı bir daha sübut etdi ki, onun lideri həm siyasi, həm mənəvi, həm də fiziki cəhətdən güclüdür. Siz bu qüruru bizə yaşatdınız.
Çox hörmətli cənab Prezident, bugünkü müqəddəs iftar süfrəsində ilin mühüm hadisəsi - möhtərəm Mehriban xanım Əliyevanın ölkəmizin Birinci vitse-prezidenti təyin olunması ilə bağlı müdrik qərarınıza görə ölkə dindarları adından Sizə dərin minnətdarlığımızı bildirmək istərdim. Mehriban Əliyevanın azərbaycançılıq naminə, milli, mənəvi irsimizin qorunması istiqamətində uzun illər ərzində misilsiz səylərinin, ölkə daxilində və xaricində uğurlu fəaliyyətinin şahidiyik. Mehriban xanıma Allah-Təaladan Azərbaycan naminə gələcək fəaliyyətinə xeyir-dua və uğurlar diləyirəm.
Hörmətli cənab Prezident, Siz din xadimlərinin mənəvi dayağısınız. Dini icmalar, axund və imamlarımızın maddi-mənəvi ehtiyacları hər zaman Sizin diqqət mərkəzinizdədir. “Dini etiqad azadlığı haqqında” Qanuna son əlavələr, İslam dini təhsilinin inkişafı ilə bağlı tarixi qərarınız dini maarifləndirmə işinə böyük töhfələrdir və bunlara görə dindarların təşəkkürlərini Sizə çatdırıram. Yasamal rayonundakı Hacı Cavad məscidinin münasib yerə köçürülərək şəxsi vəsaitiniz hesabına yenidən inşası barədə qərarınız dindarlar tərəfindən rəğbətlə qarşılandı. Buna görə Sizə və ailənizə dualar edirlər.
Zati-aliləri, Siz təkcə Azərbaycanın deyil, bütün Qafqaz müsəlmanlarının mənəvi dayağısınız. Qafqaz xalqları Ali Dini Şurası üzvlərinin arzusunu nəzərə alaraq, azərbaycanlı xeyriyyəçi Murtuza Muxtarovun XX əsrin əvvəllərində Vladiqafqazda Azərbaycan milli memarlığı üslubunda inşa etdirdiyi Cümə məscidinin təmiri üçün Sizin ayırdığınız maddi yardım hesabına tarixi dini məkan əsaslı şəkildə bərpa edilib. İslam Həmrəyliyi Oyunlarının açılışına şəxsi qonağınız kimi dəvət etdiyiniz Qafqaz müftiləri Zati-alilərinizə xas olan bu diqqət və qayğı nümunəsinə görə təşəkkürlərini Sizə çatdırmağı Qafqaz Xalqları Ali Dini Şurasının sədri olaraq məndən xahiş ediblər.
Möhtərəm Prezident, Qafqaz Müsəlmanları İdarəsi həm “Multikulturalizm İli”, həm də “İslam Həmrəyliyi İli” çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, dini konfessiyaların rəhbərləri, ictimai təşkilatlar ilə birgə həm ölkə daxilində, həm də xarici ölkələrdə dövlət qurumları, elmi, dini mərkəzlərdə, nüfuzlu universitetlərdə milli, dini tolerantlığımızı, mənəvi dəyərlərimizi, multikultural həyat tərzimizi böyük qürurla təqdim və təbliğ etmişik. Təşkil etdiyimiz çoxsaylı beynəlxalq konfrans və görüşlərdə ölkəmizdəki dini konfessiya rəhbərləri ilə bərabər, Azərbaycandakı nümunəvi dinlərarası dialoq və məzhəblərarası münasibətlərin yüksək səviyyəsini dünya ictimaiyyətinin diqqətinə çatdırmışıq. Zati-alinizin tövsiyəsi ilə “İslam Həmrəyliyi İli” çərçivəsində ölkəmizdə və xaricdə tədbirlərimiz davam edəcək, inşallah!
Bu gün dünya ictimaiyyəti Azərbaycanın nümunəvi tolerantlıq, multikulturalizm modelini, dinlərarası dialoq mədəniyyətini qəbul və təqdir edir. Roma Papası Fransisk Azərbaycana səfəri zamanı ilk dəfə müsəlman ibadət məkanında - Heydər məscidində dünyaya yayımlanan çıxışında Azərbaycanın multikultural həyat nümunəsini yüksək qiymətləndirdi. Həmçinin Qafqaz Müsəlmanları İdarəsi olaraq, bu il ərzində Rusiya Patriarxı Kiril həzrətləri, Ümumgürcüstan Katolikos-Patriarxı II İliya həzrətləri ilə səmərəli görüşlərimiz Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq prosesinə töhfələrimizdir.
Zati-aliləri, Siz dərin məzmunlu çıxışlarınızdan birində buyurdunuz ki, Azərbaycan öz tarixi boyunca heç vaxt indiki qədər güclü olmayıb. Bu, həqiqətən, belədir. Dünyanın böyük dövlətlərinin miqrant böhranı qarşısında aciz qaldığı bir dövrdə Azərbaycan öz əzəli torpaqlarından didərgin salınmış bir milyondan artıq vətəndaşının problemlərini öz daxili imkanları hesabına həll etmək iqtidarı nümayiş etdirir.
Şanlı aprel qələbəmiz, Lələtəpə üzərində dalğalanan bayrağımız, məcburi köçkün soydaşlarımızın erməni işğalından azad etdiyiniz əzəli Azərbaycan torpaqlarına qayıdışı, Cocuq Mərcanlıda Şuşa memarlığı üslubunda inşa olunan nəfis, əzəmətli məscid və onun minarələrindən ucalacaq azan çağırışı bizim Böyük Qayıdışımızın başlanğıcı olacaq, inşallah! Bütün bunlar Sizin - qüdrətli ordumuzun Ali Baş Komandanı olaraq düzgün siyasətinizin, yenilməz iradənizin, atdığınız cəsarətli addımların bəhrəsidir.
Mən yenə də Ulu Öndəri yada salmaq istəyirəm. Ulu öndər Heydər Əliyev həzrətləri Bibiheybətdə çıxışında demişdi ki, Azərbaycanın bütün ərazilərində məbədləri bərpa edəcəyik, yenilərini tikəcəyik. Mənim edə bilmədiyimi mənim davamçılarım yerinə yetirəcəklər. Bu gün Heydər Əliyev siyasətinin davamçısı kimi Zati-alinizin Cocuq Mərcanlıda tikdirdiyi məscid buna sübutdur ki, həmin dua Allah tərəfindən qəbul olundu. Hazırda işğal altında olan ərazilərimizdə də, inşallah, biz məbədlərimizi bərpa edəcəyik.
Allah-Təala Vətən şəhidlərimizə rəhmət eləsin!
Qoy Ulu Yaradan ədalətli haqq mücadiləmizdə şanlı qələbəmizə rəvac versin!
Zati-aliləri, Ramazan ayı duaların qəbul olunduğu aydır. Bu ay ərzində biz dualar edirik ki, Uca Allah Vətənimizin inkişafı, millətimizin xoşbəxtliyi naminə fəaliyyətinizdə Sizi müzəffər, dəyərli ailənizi bəxtiyar qərar versin, Azərbaycanımızın qoşa qanadları olan Zati-alinizə və möhtərəm Mehriban xanıma himayəsini əsirgəməsin! Allah-Təala Sizi, övladlarınızı, nəvələrinizi qorusun. Allah-Təala Azərbaycan xalqını hifz etsin!
Bugünkü iftar məclisində iştirak edən möhtərəm qonaqlarımızı bir daha salamlayır, mübarək Ramazan ayında sizlərə, ailə üzvlərinizə ən xoş arzularımı yetirir, hamınıza Allah-Təaladan xeyir-dualar diləyirəm.
Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu!
* * *
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri ALEKSANDR dedi:
- Möhtərəm cənab Prezident.
Hörmətli şeyx həzrətləri.
Hörmətli xanımlar və cənablar.
Bizim ənənəvi iftarın sevindirici cəhəti odur ki, bu, müasir Azərbaycanın qədim ənənəsidir. Lakin ölkəmizə xas olan bu milli ənənə bizim cəmiyyətin vəziyyətini əks etdirir. Cənab Prezident, aydındır ki, Siz dövlət quruculuğuna böyük diqqət yetirirsiniz. Dövlət aparatında bəzi dəyişikliklər olunması, Vitse-prezident vəzifəsinin təsis edilməsi buna sübutdur. Siz iqtisadiyyata, ölkənin ictimai quruluşuna xeyli vaxt ayırırsınız, gənclər siyasətinə xüsusi diqqət yetirirsiniz. Bu yaxınlarda İslam Həmrəyliyi Oyunlarının böyük uğurla keçirilməsi buna sübutdur. Lakin bu gün diqqətdən yayınan daha bir tərkib hissə var - bu, insanların etiqad hissidir. Bir qayda olaraq bu hiss Yer üzündəki insanların əksəriyyətinə xasdır. Lakin nədənsə bu məsələyə, bir qayda olaraq, həm dövlət rəhbərləri, həm də ictimai xadimlərin çoxu lazımınca diqqət yetirmir. Təəssüf ki, çox vaxt vicdansız adamların əksəriyyəti bu diqqətsizlikdən istifadə edir. Nəticədə isə biz ya dini ekstremizm, ya da deyildiyi kimi, dinlərarası münaqişə halları ilə üzləşirik. Buna səbəb insanların dini hisslərinə lazımınca diqqət yetirilməməsidir.
Qeyd etməliyəm ki, cənab Prezident, Siz insanların bu dini hisslərinə xüsusi diqqət yetirirsiniz. Nümunə kimi çox gözəl abadlaşdırılmış Pravoslav Dini-Mədəni Mərkəzini, şəhərimizdəki möhtəşəm katolik məbədini və Gəncədə bərpa edilmiş heyranlıq doğuran İmamzadə kompleksini, Bakıdakı möhtəşəm Heydər məscidini göstərə bilərəm. Deməliyəm ki, mən ölkəmizin digər görməli yerləri ilə yanaşı, qonaqlarımıza hökmən Heydər məscidini də, İmamzadə kompleksini də göstərirəm. Onlar mənim qonaqlarımı heyran edir.
Bununla bərabər, cənab Prezident, deməliyəm ki, Siz IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda ölkənin dini həyatının daha bir aspektinə - dinlərarası dialoqun inkişafına və möhkəmlənməsinə diqqət yetirdiniz. Bunun əsası bizim Bakıda Dini Liderlərin Ümumdünya Sammitində qoyuldu. Sonra isə Siz bu hərəkata yeni təkan verdiniz. Bugünkü iftar da bu dinlərarası dialoqa sübutdur. Burada Azərbaycanda mövcud olan müxtəlif konfessiyaların nümayəndələri toplaşıblar. Dini icmalara Sizin tərəfinizdən, ictimai xadimlər tərəfindən göstərilən dəstək də və əlbəttə, dindar insanlar arasında qarşılıqlı münasibətlər də buna sübutdur.
Allaha şükür olsun ki, bizim ölkəmizdə dinlərarası münaqişə nümunələri yoxdur. Bu, Prezident kimi Sizin və ölkədə dinlərarası sülhün, həmrəyliyin mövcud olması və bunun vasitəsilə respublikamızda sabitliyin möhkəmlənməsi üçün cavabdeh insanların böyük diqqətinin təsdiqidir. Buna görə, Sizə ürəkdən təşəkkür etmək, çox səmərəli və çoxşaxəli fəaliyyətinizdə uğurlar arzulamaq istəyirəm. Sizi əmin etmək istəyirəm, ölkəmizin hansı dinə etiqad etməsindən asılı olmayaraq, bütün dindarları dua edirlər ki, Ulu Tanrı Sizə möhkəm cansağlığı, güc və qüvvət versin ki, mərhum Heydər Əliyevin yürütdüyü müdrik siyasəti bundan sonra da uğurla davam etdirəsiniz. Sizə öz fəaliyyətinizdə uğurlar, Azərbaycana, Azərbaycan xalqına, bizim ölkəmizə uğurlar və firavanlıq arzu edirəm. Burada belə mötəbər məclisin keçirilməsindən istifadə edərək hamını bir həftədən sonra qeyd edəcəyimiz böyük dini bayram - Ramazan münasibətilə qabaqcadan təbrik etmək istəyirəm.
* * *
Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix YEVDAYEV dedi:
- Möhtərəm Prezident.
Şeyx həzrətləri.
İlk növbədə, oruc və orucluq haqqında deyilənlərə mən Allahın bir kəlamını əlavə etmək istərdim. Allah-Təala öz bəndələrinə xitabən deyir: “Ey insanlar, mən hər şeyi sizin üçün yaratdım, sizi isə özüm üçün yaratmışam”. Əgər Allah-Təala bizi özü üçün xəlq edibsə, biz də həmin yolun yolçuları olub bu yolda Allah-Təalanın həmişə xidmətində olacağıq.
Möhtərəm Prezident, Siz 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etmisiniz. Bununla da Siz İslam aləminə və bütün dünyaya bəyan etdiniz ki, dini və mədəni müxtəlifliyin harmoniyası əsasında elə bir cəmiyyət yaratmaq olar ki, o cəmiyyət dinc, sülh və əmin-amanlıq şəraitində yaşaya bilər. Bunun bariz nümunəsi isə bizim doğma vətənimiz Azərbaycan, Azərbaycan xalqı və Azərbaycanda yaşayan bütün xalqlardır. Bu, bütün dünyaya bəyan oldu. İnanın ki, Azərbaycan böyük dövlətlər arasında kiçik olmasına baxmayaraq, gördüyü işlər çox böyükdür. Möhtərəm Prezident, bu işlərin təməlini Ulu Öndər qoyubdur, bunlar Sizin müdrik siyasətiniz sayəsində hər addımınızı uğura çevirə bilən işlərdir. İslam Həmrəyliyi Oyunları başlanmamışdan qabaq Siz və respublikamızın Birinci vitse-prezidenti Mehriban xanımla birgə həyat mənbəyi olan suya müraciət etdiniz. Su həm də şəffaflıq rəmzidir. Bu, ona dəlalət edir ki, möhtərəm Prezident, həm Ulu Öndərin respublikamız üçün gördüyü bütün xeyirxah işlər, həm də Sizin uğurlu siyasətiniz o müqəddəs su kimi şəffafdır.
Deyirlər ki, dünəninə baş əyməyən sabahını tapa bilməz. Biz iyunun 15-də Qurtuluş Gününü bir daha bayram etdik. Həmin Qurtuluş Günü bizim dünənimizə baş əyməyimiz idi. Ulu Öndər dühasına bir daha baş əydik. Onun qurub yaratdığı müstəqil, azad Azərbaycanın bu gününə bir daha baş əydik. Dahilər ona görə dahi olurlar ki, onlar sağlığında xalqın sevimlisi, dünyasını dəyişəndən sonra isə tarixin yaraşığına çevrilə bilirlər.
Möhtərəm Prezident, məhz Ulu Öndər sağlığında xalqın sevimlisi olub, dünyasını dəyişəndən sonra isə tarixin yaraşığıdır. Bir də dahilər ona görə dahidir ki, onlar heç kəsin görə bilmədiyi hədəfi görürlər. Bəli, Ulu Öndər bugünkü günümüzü yaratdı.
Deyir, yarat elə bir əsər ki, adın ucalsın
Sən köçüb getsən də yerində qalsın.
Möhtərəm Prezident, biz Qurtuluş Günü ilə bir daha dünənimizə baş əydik, sabahımız isə möhkəm əllərdədir. Siz həmişə çıxışlarınızda qeyd edirsiniz ki, biz hərb istəmirik, amma hərbə hazırıq. İnanın ki, Sizin o humanist qəlbiniz heç düşmən analarının gözünün də yaşlı olmasını istəmir. Çünki müharibədə atılan hər bir güllə bir ananın qəlbinə dəyir. Ona görə də bizim şanlı Ordumuzun nələrə qadir olduğu aprel döyüşlərində göründü. Cocuq Mərcanlıya qayıdış isə böyük qayıdışın başlanğıcıdır.

İgidlər, silahları vuran eyləyin,
Vətən sevgisini Quran eyləyin.
Düşmən yuvasını viran eyləyin,
Bir də boy atmasın, qoy, Qarabağda.

Möhtərəm Prezident, biz bugünkü uğurlarımıza görə Sizə minnətdarıq. Yaxın Şərqdə baş verənləri, millətləri, uşaqları, ahılları güllə yağışı altında görəndə inanın ki, dözmək mümkün deyil. Amma biz - qədirbilən xalqımız Sizin bu gün yaratdığınız sülh, əmin-amanlıq, dostluq, bərabərlik, qardaşlıq şəraitində yaşayırıq. Allah-Təala bu xoşbəxtliyi əlimizdən almasın. Hamınızın qarşıdan gələn bayramını təbrik edirəm. Tutduğunuz oruclara, etdiyiniz dualara görə Allah-Təala hamınıza xoşbəxtlik və səadət nəsib etsin.
Möhtərəm Prezident, biz - Azərbaycanda yaşayan bütün xalqlar, o cümlədən yəhudilər həmişə ətrafınızda sıx birləşmişik və respublikanın ictimai-siyasi həyatında əlimizdən gələni edirik.
Bazar günü Amerikanın 18 ştatından bizə qonaqlar gəlmişdi. Mən onlarla saat yarım söhbət etdim və axırda biri dedi ki, mən bu görüşə bir ildir hazırlaşırdım. İndi gördüm ki, doğrudan da Azərbaycan tolerantlıq vadisidir.
Allah hamınızı salamat etsin, Allah amanında.
* * *
Roma Katolik Kilsəsinin ordinarisi Vladimir FEKETE dedi:
- Hörmətli cənab Prezident.
Şeyx həzrətləri.
Mənim əziz dostlarım, hörmətli qardaşlarım, dini liderlər, mötəbər məclisin iştirakçıları.
Mən, ilk növbədə, sizinlə birlikdə olduğuma, iki-üç kəlmə sözlə minnətdarlığımı bildirmək imkanına, bu iftarda iştirak etdiyimə görə təşəkkür etmək və eyni zamanda, bugünkü axşama, belə nümunəvi Azərbaycana görə Ulu Tanrıya şükür etmək istəyirəm.
Möhtərəm şeyx həzrətləri, sizin qeyd etdiyiniz kimi, səkkiz ay bundan əvvəl ali qonaq - Papa Fransisk Azərbaycana səfər etdi, indiki dövrdə bizim yaşadığımız reallığı öz gözləri ilə gördü və Heydər məscidində dinlərarası görüşdə xüsusi qeyd etdi ki, Azərbaycan nümunəsi - dinlərarası münasibətlərin bu cür yüksək səviyyəsi dünyanın başqa ölkələri üçün də nümunə ola bilər və olmalıdır. Mən sevinirəm ki, bizim katoliklər - həm yerli, həm də əcnəbi katoliklər ibadətlərdə iştirak edə bilirlər, rahat, qorxu bilmədən, hər hansı çətinliklərlə üzləşmədən gündəlik həyata qoşulurlar. Beləliklə, xüsusən əcnəbilər Azərbaycanın sülh vadisi olmasına və onun xarici ölkələr üçün nümunə ola bilməsinə heyrandırlar.
Bu dəvətə görə çox qısaca təşəkkürümü bildirmək və burada iştirak edənlərin hamısını müqəddəs Ramazan ayı münasibətilə ürəkdən təbrik etmək və hamımıza arzu etmək istəyirəm ki, biz bir ildən sonra da sülh və firavanlıq şəraitində görüşə bilək. Qoy Azərbaycan bütün dünya üçün daha möhkəm və cəlbedici nümunə olsun. Bayramınız mübarək.
* * *
Sonra dövlətimizin başçısı mərasimdə nitq söylədi.

 

Prezident İlham Əliyevin nitqi

 

- Hörmətli şeyx həzrətləri.
Hörmətli din xadimləri.
Xanımlar və cənablar.
İlk növbədə, sizi və bütün Azərbaycan xalqını qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bütün Azərbaycan xalqına sülh, firavanlıq, yeni-yeni uğurlar arzulayıram.
Biz mübarək Ramazan ayında ənənəvi olaraq şeyx həzrətlərinin iftar süfrəsinə toplaşmışıq. Bu ənənə yaşayır və yaşamalıdır. Bu ənənənin əsasını ulu öndər Heydər Əliyev və şeyx həzrətləri qoymuşlar.
Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinin qurucusudur, onun banisidir. Onun hakimiyyətə gəlişi Azərbaycanı inkişaf yoluna çıxardı. Biz hamımız təəssüf hissi ilə qeyd edirik ki, Ulu Öndər müstəqilliyimizin ilk illərindən Azərbaycanda rəhbərlikdə olmamışdır. Əgər olsaydı, o, xalqımızı, dövlətimizi böyük bəlalardan qoruya bilərdi. Heydər Əliyev ölkəmizin bütün istiqamətlər üzrə əsas inkişaf strategiyasını müəyyən etmişdir, onu həyata keçirmişdir. O cümlədən dövlət-din münasibətlərinin tənzimlənməsi işində Ulu Öndərin xüsusi rolu olmuşdur. Onu da qeyd etməliyəm ki, 1993-cü ilə qədər bütün sahələrdə olduğu kimi, dini məsələlər sahəsində də vahid siyasət yox idi. Bu boşluq əlbəttə ki, özündə çox böyük risklər saxlayırdı. 1993-cü ildən etibarən bütün istiqamətlər üzrə - xarici siyasət, daxili siyasət, iqtisadi, təhlükəsizlik məsələlərinin həlli, o cümlədən dövlət-din münasibətləri istiqamətlərində ardıcıl siyasət formalaşmağa başlamışdır. Bu siyasətin əsas prinsipləri bu gün də bizim üçün aktualdır. Bugünkü Azərbaycan bu möhkəm təməl üzərində inkişaf edir və inkişaf edəcəkdir.
Ənənəvi iftar süfrəsinin təşkilində də Ulu Öndər və şeyx həzrətləri nümunə göstərmişlər. Əslində, bu ənənəvi iftar məclisləri din-dövlət münasibətlərinin tərkib hissəsidir. Bu gün mən şeyx həzrətlərinin bu işlərdə xüsusi rolunu qeyd etmək istəyirəm. Şeyx həzrətləri həm Azərbaycanda, Qafqazda, postsovet məkanında, həm də dünya miqyasında çox böyük nüfuza malik olan xadimdir. Mən bilirəm ki, şeyx həzrətlərinə dünya dini liderlərinin böyük hörməti var. Şeyx həzrətləri öz fəaliyyəti ilə ölkəmizin nüfuzunu beynəlxalq aləmdə gücləndirir, ölkəmizi təbliğ edir, Azərbaycanı müasir, öz dini, milli köklərinə bağlı olan, ancaq, eyni zamanda, tolerant, dünyaya açıq ölkə kimi təqdim edir. “İslam Həmrəyliyi İli” çərçivəsində həm ölkə daxilində, həm xaricdə şeyx həzrətlərinin rəhbərliyi ilə bir çox tədbirlər keçirilmişdir və keçiriləcəkdir. Bu, bir daha Azərbaycanı dünyaya inkişaf edən, müasir və dinamik ölkə kimi təqdim edəcək.
Bizim şeyx həzrətləri ilə şəxsi dostluq münasibətlərimiz var. Bu münasibətlər həm bizim üçün, həm də ölkə üçün önəmlidir. Biz nümunə və yol göstəririk ki, dövlət-din münasibətləri necə qurulmalıdır. Bu sahədə əldə edilmiş nailiyyətlərə görə Azərbaycan bir çox ölkələr üçün nümunə ola bilər. Azərbaycanda dövlət dini məsələlərə qarışmır, əksinə, çalışır ki, kömək göstərsin. Dövlət xətti ilə təmir edilmiş və tikilmiş tarixi məscidlərimiz, dini abidələrimiz, eyni zamanda, kilsələr, sinaqoqlar artıq bunun bariz sübutudur. Din də dövlət işinə, siyasi işlərə qarışmır. Hesab edirəm ki, bu da nümunəvi bir yanaşmadır. Bununla bərabər dövlət və din bir yerdədir. Çünki bizim amalımız birdir. Biz istəyirik ki, ölkəmiz daha da möhkəmlənsin, daha da güclənsin, Azərbaycan xalqı daha da yaxşı yaşasın və dinamik inkişafımız uzunmüddətli və dayanıqlı olsun. Ona görə din-dövlət münasibətlərinin sağlam zəmində formalaşması bizim böyük sərvətimizdir. Yenə də deyirəm, bizim bu nümunəmiz hesab edirəm ki, bir sıra ölkələr üçün çox cəlbedicidir. Təsadüfi deyil ki, Azərbaycana gələn xarici qonaqlar, o cümlədən dini liderlər bizim təcrübəmizi öyrənirlər, maraqlanırlar və Azərbaycan reallıqları ilə tanış olarkən, əlbəttə, daim öz hörmətlərini ifadə edirlər.
Keçən Ramazan ayından ötən dövr ərzində Azərbaycanda dinamik inkişaf davam etdirilmişdir, bir çox önəmli hadisələr baş vermişdir. Onların arasında Roma Papasının Azərbaycana səfərini xüsusi qeyd etmək istərdim. Roma Papasının səfəri Müqəddəs Taxt-Tacın Azərbaycana olan münasibətinin təzahürüdür. Onu da qeyd etməliyəm ki, Azərbaycan ilk müsəlman ölkələrindən biridir ki, Roma Papası bu ölkəyə səfər edibdir. Səfər zamanı onun bəyanatları Azərbaycanda dinlərarası münasibətlərə verilən yüksək qiymətdir. Əlbəttə, biz - Azərbaycanda yaşayan və bu siyasəti aparan insanlar bilirik ki, bu, bizim böyük sərvətimizdir, ancaq, eyni zamanda, bunu artıq dünya da bilir və dünyanın nüfuzlu şəxsiyyətləri bunu qeyd edirlər.
Onu da qeyd etməliyəm ki, Roma Papası Heydər məscidində Azərbaycanda bütün ənənəvi dini icmaların rəhbərləri ilə də görüşmüşdür. Bu görüşün də çox böyük rəmzi mənası var. Çünki Roma Papası ilə həmin görüşdə bax, bu gün masa arxasında əyləşən və digər dini icmaların rəhbərləri də iştirak etmişlər. Bu, yenə də dünyaya göndərilən növbəti bir mesaj idi ki, dinlərarası münasibətlər necə həll olunmalıdır. Azərbaycan ictimaiyyəti onu da yaxşı bilir ki, dini bayramlarda, mərasimlərdə bütün dini icmalar fəal iştirak edirlər. Yeni tikilmiş məscidlərdə və əsaslı təmir olunan tarixi məscidlərimizdə bütün konfessiyaların nümayəndələri nəinki iştirak edir, hətta çıxış edirlər. Hesab edirəm ki, bu da dünya miqyasında nadir bir təcrübədir və bu təcrübənin müəllifi Azərbaycandır.
Bir çox sahələrdə Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər yenilik, yeni dinamika, yeni yanaşma gətirir. Biz bəzi stereotipləri qıraraq bir çox sahələr üzrə, o cümlədən dini məsələlərin həlli işində yeni davranış formatını təqdim edirik. Təsadüfi deyil ki, Azərbaycanda bu sahədə görülən işlər, əldə edilmiş nailiyyətlər, demək olar, bütün aparıcı beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Onu da qeyd etməliyəm ki, bizim təşəbbüsümüzlə başlanan və inkişaf edən müxtəlif tədbirlər, forumlar sonrakı mərhələdə beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənir. Mən buna misal olaraq bu il keçirilmiş IV Mədəniyyətlərarası Dialoq Forumunu qeyd edə bilərəm. Biz bu Forumu bir təşəbbüs kimi irəli sürdük. Amma bu gün dünyanın aparıcı beynəlxalq təşkilatları - UNESCO, ISESCO, Avropa Şurası, Ümumdünya Turizm Təşkilatı və digər qurumlar bu Forumun təşkilatçılarıdır. Belə mötəbər tədbirlərin Azərbaycanda keçirilməsi həm bizim siyasətimizi, niyyətimizi göstərir və eyni zamanda, bütün dünyaya göstərir ki, bu gün dünyada multikulturalizmin mərkəzi olan ölkə var, bu ölkənin adı Azərbaycandır.
Bizim təşəbbüsümüzlə 2008-ci ildə “Bakı prosesi” başlamışdır. Bu gün “Bakı prosesi” ən yüksək kürsülərdən hörmətlə qeyd edilir. Deyə bilərəm ki, “Bakı prosesi” dünya miqyasında aparıcı istiqamətdir. Dinlərarası münasibətlər bu proses çərçivəsində öz həllini tapır. Biz bu işlərə təqribən 10 il bundan əvvəl çox fəal başlamışıq. O vaxt hələ bu gün mövcud olan təhlükələr, risklər yox idi. Bu risklər son 5-6 il ərzində yarandı. Həm müsəlman aləmində, digər yerlərdə, Avropada narahatedici məqamlar əfsuslar olsun ki, kifayət qədər çoxdur. Amma biz bu məsələyə diqqət yetirəndə, bu təşəbbüsləri irəli sürəndə bu təhlükələrin böyük əksəriyyəti mövcud deyildi. Yəni, vaxtında atılmış addımlar hesab edirəm ki, dinlərarası münasibətlərdə, sivilizasiyalararası məsələlərdə öz müsbət rolunu oynayır. Bu gün Azərbaycan bu sahədə də nümunəvi ölkə kimi qeyd edilir və tanınır.
Onu da qeyd etməliyəm ki, Azərbaycan dövləti çox möhkəm milli dəyərlər üzərində qurulubdur. İslam dəyərləri isə milli dəyərlərimizin ayrılmaz tərkib hissəsidir. Yəni, bizim çox möhkəm təməlimiz var. Bu, bizim milli dəyərlərimizdir və bu dəyərlər bizim üçün hər şeydən üstündür. Biz çalışırıq və nail oluruq ki, gənc nəsil də milli ruhda böyüyür, yetişir. Milli dəyərlər bizim üçün həmişə ən prioritet məsələ olmalıdır.
Bununla bərabər, Azərbaycan dünyəvi, müasir, dünyaya açıq olan dövlətdir. Azərbaycanda radikalizm, fundamentalizm yoxdur, daxildə hər hansı təhlükə mənbəyi yoxdur. Bunun səbəbi təkcə bizim hansısa inzibati addımlarımız deyil. Bunun səbəbi cəmiyyətdə mövcud olan ab-havadır. Radikalizm, terrorizm harada canlanır, harada baş qaldırır?! O ölkələrdə ki, savadlılıq yoxdur. O ölkələrdə ki, sosial ədalət pozulur. O ölkələrdə ki, ədalətsizlik mövcuddur və səfalət yaşanır. Ona görə radikalizmə qarşı ən gözəl sığorta sosial ədalətdir, maddi rifahdır, savadlılıqdır, düzgün siyasətdir. Bu amillər olan yerdə radikalizm üçün heç bir əsas yoxdur. Düzdür, kənardan ölkəmizə müdaxilə oluna bilər. Ancaq Azərbaycan bu müdaxiləyə qarşı öz tədbirlərini görən, Azərbaycan xalqının rahat həyatını təmin edən kifayət qədər güclü dövlətdir.
Bax, budur, bugünkü Azərbaycan. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm ki, bizim bütün uğurlarımızın təməlində düşünülmüş siyasət dayanır. Biz bütün istiqamətlər üzrə böyük uğurlara imza atmışıq. Bu gün də qeyd olundu ki, Azərbaycan İslam Həmrəyliyi Oyunlarında böyük uğurlar qazanıb, komanda hesabında birinci yerə layiq görülüb. Bu, böyük qələbədir. Ondan iki il əvvəl keçirilmiş Avropa Oyunlarında Azərbaycan komanda hesabında bütün Avropa ölkələri arasında ikinci yerə layiq görülmüşdür. İqtisadi sahədə bu ilin beş ayının göstəriciləri də çox ümidvericidir və müsbətdir. Qeyri-neft iqtisadiyyatımız 2 faizdən çox artıb. Qeyri-neft sənayemiz təxminən 4 faiz artıb. Kənd təsərrüfatı 2 faiz artıb. İxrac 44 faiz artıb, idxal təxminən 17 faiz azalıb. Bütün bunlar iqtisadi islahatlar, düşünülmüş siyasət hesabına mümkün olmuşdur.
Xarici siyasət məsələlərinin həllinə gəldikdə, bu gün Azərbaycanın dünya miqyasında o qədər böyük nüfuzu var ki, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır. Biz bütün ölkələrlə bərabərhüquqlu və qarşılıqlı hörmət əsasında münasibətlər qura bilmişik. Avropa ölkələri ilə, müsəlman ölkələri ilə və digər ölkələrlə biz çox gözəl münasibətlər qura bilmişik. Azərbaycan sivilizasiyalararası dialoqun inkişafında, - bu gün mən tam qətiyyətlə bunu deyirəm, - əvəzolunmaz rol oynayır və bundan sonra da biz bu rolu oynayacağıq. Bu, bir növ bizim məsuliyyətimizdir, eyni zamanda, bu, bizə lazımdır. Biz istəyirik ki, Azərbaycanda dinlərarası münasibətlər həmişə indiki kimi olsun. Azərbaycanda bütün dinlərin, millətlərin nümayəndələri həmişə bir ailə kimi yaşasın, necə ki, bu gün yaşayırlar. Bax, bizim siyasətimiz bundan ibarətdir. Mən demişəm, bir daha demək istəyirəm ki, öz xalqına, dininə hörmət başqa dinə, xalqa olan hörmətdən başlayır. Budur, bizim siyasətimiz və bu siyasət Azərbaycan ictimaiyyəti tərəfindən tam bəyənilir və dəstəklənir. Məhz bunun sayəsində biz bugünkü gözəl nəticələri görürük və bunu qeyd edirik.
Bu yaxınlarda xalqımızın, dövlətimizin tarixində çox əlamətdar hadisə baş vermişdir. İşğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yeni qəsəbənin açılışı olmuşdur. Bu iki ay ərzində tikilmiş 50 ev, məktəb, yol və bütün infrastruktur həm bizim gücümüzü, həm də siyasətimizi göstərir. Onu göstərir ki, biz işğaldan azad ediləcək bütün əraziləri qısa müddət ərzində bərpa edəcəyik. O ərazilərə də həyat qayıdacaq, o ərazilərdə də Azərbaycan bayrağı qaldırılacaq. Necə ki, bu gün Füzuli, Cəbrayıl, Ağdərə rayonlarında işğaldan azad edilmiş torpaqlara həyat qayıdır, bu torpaqlarda Azərbaycan bayrağı dalğalanır, quruculuq işləri aparılır.
Cocuq Mərcanlı erməni faşizminin canlı şahididir. Bu kənd cəmi 3-4 ay ərzində işğal altında olmuşdur. O kənddə bir dənə də salamat bina qalmamışdır. Erməni vəhşiləri bütün binaları dağıdıblar. Ancaq biz bu kəndi iki ay ərzində bərpa etdik və əlavə yüz evin tikintisi də yaxın zamanlarda öz həllini tapacaq. Cocuq Mərcanlıda Şuşa məscidinin bənzəri olan məscid tikilib. Bu da böyük tarixi məna daşıyır. Cocuq Mərcanlı və digər torpaqlar bizim əzəli torpaqlarımızdır. Biz bu torpaqlarda yeni həyat yaradırıq.
Bu, onu göstərir ki, Azərbaycan xalqının iradəsini heç kim sındıra bilməz. Biz Bakıda erməni kilsəsini bərpa etdik və onu qoruyuruq. Ermənilər isə işğal edilmiş torpaqlarda bizim məscidlərimizi dağıdıblar. Bənzəri Cocuq Mərcanlıda tikilən həmin o Gövhərağa məscidi dağılmış vəziyyətdədir. O binanı dağıtmaq olar, amma düşmən bilməlidir ki, dağılmış məscidlər bizim qəlbimizdə yaşayır. Biz bu məscidləri qəlbimizdə ucaltmışıq və torpaqlar işğaldan azad olunandan dərhal sonra iki ay ərzində gözəl məscid tikilib istifadəyə verilib. Bunun çox böyük tarixi mənası var. Mən əminəm ki, biz işğal edilmiş bütün torpaqlara qayıdacağıq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və o torpaqlarda da belə gözəl iftar süfrələri açılacaq, İnşallah.
Əziz dostlar, mən sizi bir daha salamlayıram və qarşıdan gələn müqəddəs bayram münasibətilə təbrik edirəm. Sağ olun.
* * *
Şeyxülislam Allahşükür PAŞAZADƏ bir daha minnətdarlıq edərək dedi:
- Zati-aliləri, arzu edirəm ki, deyilən bu sözlərin hamısını Allah-Təala bizə nəsib etsin. Allah-Təala hamımıza nəsib etsin ki, o torpaqlarda, o məscidlərdə ibadətlər edək, namaz qılaq və onların evlərində qonaq olaq. İnşallah, Allah-Təala bunu bizə nəsib edəcək.
Çox sağ olun, minnətdaram. Mənim haqqımda, din haqqında dediyiniz çox gözəl sözlər Sizin İslam dininə və dindarlara olan münasibətinizdir. Bu gün Siz dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında bir Sərəncam da imzalamısınız, bizi sevindirmisiniz və ona görə də Sizə təşəkkürümüzü bildiririk. Burada əyləşən konfessiya nümayəndələrinin adından Sizə təşəkkürümüzü bildiririk. Çox sağ olun.
* * *
Sonra iftar süfrəsi açıldı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video