19 Iyun 2017 12:06
526
Qəbullar
A- A+

İlham Əliyev: “Təmas xəttində son atəşkəs pozuntusuna görə məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür”

Azərbaycan  Prezidenti Ermənistanın nəyin bahasına olursa-olsun, ATƏT-in Minsk  qrupunun fəaliyyətini pozmağa çalışdığını həmsədrlərə faktlarla sübut etdi

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskontini, İqor Popovu, Riçard Hoqlandı və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

Dövlətimizin başçısı dedi: “Sizin Ermənistana və Azərbaycanın işğal olunmuş ərazilərinə səfərinizdən sonra və Azərbaycana gəlişiniz ərəfəsində Ermənistan təmas xəttində Azərbaycana qarşı növbəti hərbi təxribat törətmiş və bunun nəticəsində bir Azərbaycan əsgəri həlak olmuşdur. Azərbaycan Ordusu həmişə olduğu kimi, adekvat cavab vermiş və bunun nəticəsi sizə məlumdur. Bu, mənim üçün təəccüblü deyil, çünki Ermənistan tərəfi həmişə hansısa mühüm tədbir və ya sizin səfəriniz ərəfəsində bu cür təxribatlar törədir və biz bunun bir neçə dəfə - 2014-cü, 2016-cı illərdə və indi də şahidi olmuşuq. Onlar, sözsüz, bilirlər ki, mülki əhali və hərbi qulluqçularımıza qarşı istənilən hərbi təxribata biz adekvat cavab verəcəyik. Azərbaycan tərəfini buna ona görə təhrik edirlər ki, sonra bizi atəşkəsi pozmaqda ittiham etsinlər. Hadisələrin xronologiyasına baxmağınız kifayətdir ki, nə vaxt Azərbaycan əsgərinin Ermənistan ordusu tərəfindən öldürüldüyünü və nə zaman buna Azərbaycan tərəfindən adekvat cavab verildiyini görəsiniz. Beləliklə, təmas xəttində son atəşkəs pozuntusuna görə məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür və baş verə biləcək hər hansı hadisəyə görə bütün məsuliyyəti işğalçı Ermənistan ordusu daşıyır”.

Dövlətimizin başçısı, eyni zamanda, qeyd etdi ki, Azərbaycan tərəfi atəşkəs rejiminə sadiqdir. Son vaxtlarda təmas xəttində nisbi sakitlik hökm sürdüyünü deyən Prezident İlham Əliyev bildirdi ki, bu, danışıqlar prosesini sürətləndirmək üçün mühüm amildir. Lakin baş verənlər aydın şəkildə göstərdi ki, Ermənistan nəyin bahasına olursa-olsun Minsk qrupu həmsədrlərinin fəaliyyətini pozmağa çalışır. Dövlətimizin başçısı vurğuladı ki, Ermənistan diqqəti yalnız təhlükəsizlik məsələlərinə yönəltmək istəyir və bütün bu baş verənləri Azərbaycanı atəşkəsi pozmaqda günahlandırmaq üçün bir bəhanə kimi istifadə edir. Bu, tamamilə haqsız və ədalətsiz bir mövqedir.

Prezident İlham Əliyevə bəyan etdiyi fikirlərinə görə minnətdarlığını bildirən ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov qeyd etdi ki, həmsədrlərin Azərbaycana səfəri ərəfəsində baş verən bu ciddi atəşkəs pozuntusu dərin təəssüf hissi doğurur. O dedi: “Biz səfərimizin yekunu olaraq qəbul edəcəyimiz bəyanatda bu vəziyyəti əks etdirəcəyik”.

Söhbət zamanı Fransadan olan həmsədr Stefan Viskonti, ABŞ-dan olan həmsədr Riçard Hoqland və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik danışıqlar prosesi ilə bağlı fikirlərini ifadə etdilər.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video