01 Iyun 2017 12:06
363
PARLAMENT
A- A+

Milli Məclisdə AŞPA-nın sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin iclası keçirilib

İyunun 1-də Milli Məclisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva açaraq gündəlik barədə məlumatı diqqətə çatdırdı.

Milli Məclis sədrinin birinci müavini, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov iclasda çıxış edərək sosial məsələlərin həllinin Azərbaycanın daxili siyasətində prioritet məsələlərdən biri olduğunu qeyd etdi. O bildirdi ki, Azərbaycan Konstitusiyasında sosial hüquqların təminatı ilə bağlı xeyli müddəalar var və ölkəmiz bu sahədə bir sıra konvensiyalara qoşulub. Ziyafət Əsgərov bəzən avropalı həmkarlarının Azərbaycana qarşı ikili standartlardan yanaşdığını da vurğuladı: “Azərbaycan öz dövlət müstəqilliyini 25 ildir bərpa edib. Avropa ölkələri isə oturuşmuş ölkələrdir. Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistan tərəfindən ölkəmizin ərazisinin 20 faizi işğal edilib. Azərbaycanda 1 milyondan artıq qaçqın və məcburi köçkün var, onların 300 mini uşaqdır”. Birinci vitse-spiker onu da qeyd etdi ki, Azərbaycan uşaqları bu gün dövlətin və cəmiyyətin hərtərəfli qayğısı ilə əhatə olunsa da, təəssüf ki, onların bir hissəsinin - qaçqın və məcburi köçkün uşaqların illərdən bəri doğma torpaqlarında sərbəst yaşamaq hüququnu təmin etmək indiyədək mümkün olmayıb.

Daha sonra Ziyafət Əsgərov iclasın gündəliyinə təqdim edilən miqrasiya, iqlim dəyişikliyi, dünyada uşaq hüquqlarının genişləndirilməsi ilə bağlı məsələlərin böyük əhəmiyyəti olduğunu diqqətə çatdırdi. O, Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının region üçün böyük təhlükə olduğunu dilə gətirdi. Köhnə sovet texnologiyası ilə tikilən və istismar müddətini bitirən atom stansiyasının Avropa ölkələri üçün də real təhlükə olduğunu, bu məsələdə Ermənistanın seysmik zonada yerləşməsinin xüsusi diqqətə alınmalı olduğunu qeyd etdi.

Sonra iclasda Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, təhsil naziri Mikayıl Cabbarov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, səhiyyə nazirinin müavini Elsevər Ağayev çıxış edərək gündəlikdəki məsələlərlə əlaqədar fikirlərini bildirdilər. Vurğulandı ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində minlərlə azərbaycanlı uşağın hüquqları pozulub, onlar öz doğma yurdundan didərgin salınıblar. Hərbi münaqişə zamanı 190-dan çox uşaq qətlə yetirilib, yüzlərlə uşaq yaralanıb, 61 uşaq itkin düşüb, 27-si hələ də əsirlikdədir. Dövlətimiz tərəfindən münaqişə zamanı 210 uşağın əsir və girovluqdan azad edilməsinə nail olunub. 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, əfsuslar olsun ki, ermənilərin Azərbaycanda uşaqları qətlə yetirməsi faktları qeydə alınmaqda davam edir. Ötən dövrdə 32 uşaq erməni terrorunun qurbanı olub. Onlardan 13-ü həlak olub, 19-u isə yaralanıb. Qeyd olundu ki, ölkə başçısı İlham Əliyev bütün uşaqların savadlı, bilikli, dövlətimiz üçün dəyərli vətəndaş olmaları üçün əlindən gələni əsirgəmir. Dövlət qurumları arasında koordinasiya və nəzarət sisteminin təkmilləşdirilməsi, uşaqların qidalanması, təhlükəsizliyi, zorakılığa məruz qalmaması, təlim-tərbiyə və səhiyyə müəssisələrindəki şəraitin yaxşılaşdırılması sahəsində görülən işlərdən, məktəbəqədər təhsil sistemindəki irəliləyişlərdən, ana və uşaq ölümünün azaldılması üçün tətbiq edilən yeniliklərdən, həyata keçirilən effektiv preventiv tədbirlərdən söhbət açıldı. Bu baxımdan, Heydər Əliyev Fondu və BMT-nin Uşaq Fondunun dəstəyi ilə keçirilən ümumrespublika uşaq forumlarının rolu xüsusi qeyd olundu.

İclasda yeni təkliflər irəli sürüldü və avropalı parlamentarilərin ölkəmizlə bağlı sualları cavablandırıldı.

Sonra toplantıda 2017-ci ilin 25-27 aprel tarixlərində qurumun Strasburqda keçirilmiş protokolları təsdiq edildi. Təşkilatın uşaqlar üzrə alt komitəsinin sədri Baronessa Massey 2017-ci il mayın 31-də Milli Məclisdə keçirilmiş uşaq hüquqlarına dair parlament seminarı və görüşü barədə alt komitənin hesabatını təqdim etdi. Hesabat qəbul edildi.

İclasda “Turin prosesi: Avropada insan hüquqlarının möhkəmləndirilməsi”, “Silahlı münaqişələrdən çıxmış uşaqların müdafiəsi”, “İqlim dəyişikliyi və Paris Sazişinin həyata keçirilməsi”, “Miqrasiya Avropanın inkişafında bir imkan kimi”, “Valideyn səlahiyyətləri münaqişələri” mövzusunda məruzələr dinlənildi.

İclasın sonunda cari məsələlər müzakirə edildi, alt komitələrin siyahılarında edilən dəyişikliklər təsdiqləndi, gələcək tədbirlərin yeri və tarixləri dəqiqləşdirildi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video