30 May 2017 05:05
675
Tədbirlər
A- A+

Prezident İlham Əliyev Bakının Yasamal rayonunda yeni tikilən yolların açılışında iştirak edib

Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxtın Yasamal rayonunda keçmiş “Sovetski” adlanan ərazidə Mirzəağa Əliyev və Füzuli küçələrinin davamı olaraq yeni tikilən yolların açılışında iştirak edib, digər küçələrdə aparılan işlərin gedişi ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına “Bakı şəhəri, keçmiş “Sovetski” ərazisində yeni yolların çəkilməsi, yaşıllaşdırma və abadlıq işlərinin aparılması” layihəsinin birinci mərhələsi üzrə görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, layihənin birinci mərhələsinə ümumi uzunluğu 7 kilometrdən artıq 5 küçədə aparılan yenidənqurma işləri, ikinci mərhələsinə isə ərazidə yaşıllıqların, parkların, istirahət zonalarının salınması, sosial infrastrukturun yaradılması daxildir. Layihənin icrasına 2016-cı il avqustun 5-də start verilib. Aparılan işlər yüksək keyfiyyətlə, texnoloji ardıcıllığa uyğun, həm də maksimum qısa müddətdə icra edilib.

Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yenidən qurulması istiqamətində Prezident İlham Əliyevin ötən ilin avqustunda imzaladığı müvafiq sərəncamlara uyğun olaraq “Azəravtoyol” ASC tərəfindən aparılan işlər çərçivəsində Füzuli meydanında yerləşən dairə ləğv edilib. Avtonəqliyyat vasitələrinin hərəkəti layihə üzrə yeni istiqamətlərə yönəldilib. Belə ki, avtonəqliyyat vasitələrinin hərəkəti Şıxəli Qurbanov küçəsindən dairəyə çatmamış sağa, Füzuli küçəsinin davamı olaraq yeni salınmış yola, oradan da yeni yaradılmış geridönmə hissə ilə Mirzəağa Əliyev küçəsinə yönəldilib. Azərbaycan prospektindən gələn avtonəqliyyat vasitələri də layihə üzrə nəzərdə tutulmuş yeni sxem əsasında hərəkət edəcək.

Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində dairənin ləğvi ilə yeni hərəkət istiqamətləri üzrə - Akademik Milli Dram Teatrının hər iki tərəfində yerləşən Mirzəağa Əliyev və Füzuli küçələrinin davamı əsaslı şəkildə yenidən tikilib.

Mirzəağa Əliyev və Füzuli küçələrinin davamı olaraq salınan yolların uzunluğu müvafiq surətdə 750 və 800 metr, eni isə 15 metr təşkil edir. Bu yolların istifadəyə verilməsi ilə ərazidə nəqliyyatın hərəkətinin normal tənzimlənməsi, tıxacların qarşısının alınması və piyadaların təhlükəsizliyi üçün hərtərəfli şərait yaradılıb. Bundan başqa, bu layihənin icrası paytaxtımızda son dövrlərdə yol infrastrukturunun müasirləşdirilməsi istiqamətində uğurla aparılan işləri aydın nümayiş etdirir.

Dövlətimizin başçısı yeni yolların rəmzi açılışını bildirən lenti kəsdi.

Layihə çərçivəsində yenidən qurulan 440 metr uzunluğunda Balababa Məcidov küçəsinin eni genişləndirildikdən sonra 15 metrə çatdırılıb. Burada da tam müasir yol infrastrukturu yaradılıb.

Uzunluğu 1825 metr, genişləndirildikdən sonra eni 15 metrə çatan Abdulla Şaiq küçəsində və 2165 metr uzunluğu olan Nərimanov prospektində isə hazırda son tamamlama işləri aparılır. Yaxın günlərdə bu yolların da istifadəyə verilməsi nəzərdə tutulur.

Hazırda Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yenidən qurulması layihəsinin həyata keçirildiyi ərazi boyu son tamamlama işləri sürətlə davam edir.

Yenidən qurulan yollarda müasir işıqlandırma sistemləri, avtobus dayanacaqları quraşdırılacaq, yeraltı və yerüstü parkinq yerləri, həmçinin piyada keçidləri inşa ediləcək.

Onu da deyək ki, “Sovetski”nin köçürülməsi hələ Sovet İttifaqı dövründə belə paytaxt üçün vacib sayılan layihə idi. Bu irimiqyaslı və tarixi layihə yalnız müstəqil ölkəmizin iqtisadi inkişafı dövründə dövlətimizin başçısının təşəbbüsü ilə həllini tapdı.

Prezident İlham Əliyev görüləcək işlərlə bağlı tapşırıq və tövsiyələrini verdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video