18 May 2017 11:05
672
Tədbirlər
A- A+

Prezident İlham Əliyev Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılışında iştirak edib

Mayın 18-də Qaradağ rayonunda, SOCAR-ın “Caspian Drilling” Şirkətinin dəniz təchizat və logistika bazasında Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlət Neft Şirkətinin Prezidenti Rövnəq Abdullayev və “Caspian Drilling” Şirkətinin baş direktoru Fərid Axundov dövlətimizin başçısına qurumun 1996-2016-cı illər ərzində fəaliyyəti, əməliyyatlar üzrə səmərəli vaxt cədvəlinin dünyanın digər qazma şirkətləri ilə müqayisəsi, həmçinin Heydər Əliyev adına yarımdalma qazma qurğusu barədə məlumat verdilər.

Qurğunun Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıması xüsusilə əhəmiyyətə malikdir. Ötən əsrin 70-ci illərindən başlayaraq ulu öndər Heydər Əliyev Xəzər dənizində qazma işlərinin sürətləndirilməsi məqsədilə müasir qurğulardan istifadə olunmasını daim diqqət mərkəzində saxlayıb. Ümummilli Liderin gərgin səyləri nəticəsində 1970-1980-ci illərdə ölkəyə “Şelf” tipli qazma qurğuları gətirilib, müstəqillik illərində onlar yenidən qurularaq “Dədə Qorqud” və “İstiqlal” kimi üzən qazma qurğuları yaradılıb. Sonralar dənizin dərin hissələrində kəşfiyyat-qazma işlərinin həyata keçirilməsi məqsədilə “Dədə Qorqud” və “İstiqlal” yarımdalma qazma qurğularında yenidənqurma işləri aparılıb, dənizdə suyun dərinliyinin 700 metr olan hissəsində qazma işlərinin aparılması üçün imkan yaradılıb. 2000-ci ildə inşa edilmiş “Lider” qazma qurğusu isə dənizdə suyun dərinliyinin min metr olan hissələrində kəşfiyyat quyuları qazmağa imkan yaradıb.

Prezident İlham Əliyev SOCAR-ın və “Caspian Drilling” Şirkətinin rəhbərliyi, layihədə çalışanlar, həmçinin ölkədə pay bölgüsü sazişlərində iştirak edən xarici şirkətlərin nümayəndələri ilə görüşdü.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

 

Prezident İlham Əliyevin
çıxışı


-Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Biz yeni yarımdalma qazma qurğusunun istifadəyə verilməsini qeyd edirik. Bu hadisə münasibətilə sizi, bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu, Azərbaycan neft sənayesində çox tarixi bir hadisədir. Çünki bu günə qədər Azərbaycanda bu böyüklükdə qazma qurğusu tikilməmişdir. Bu qazma qurğusunun inşaatında iştirak etmiş bütün işçiləri, əməkdaşları təbrik edirəm, onlara minnətdarlığımı bildirirəm. Şadam ki, belə bir nəhəng qurğu Azərbaycanda inşa edilib. Bu qurğunun inşasında iştirak edənlərin mütləq əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Burada biz xarici tərəfdaşlarla növbəti əməkdaşlıq layihəsinin uğurla icra edilməsini görürük. Əlbəttə, bu, reallıqdır. Çünki uzun illərdir Azərbaycan xarici tərəfdaşlarla uğurla əməkdaşlıq edir. Xarici şirkətlər Azərbaycana investisiyalar yatırırlar. Bu qurğuya isə investisiyalar Azərbaycan dövləti tərəfindən qoyulub.

Biz neftdən əldə edilmiş gəlirləri, o cümlədən belə nəhəng layihələrə yönəldirik. Bu layihənin icrası üçün həm Dövlət Neft Fondundan, həm Dövlət Neft Şirkətindən qoyulan vəsait təqribən 1 milyard dollara yaxındır. Yəni, bu, həm bizim gücümüzü, həm də imkanlarımızı göstərir. Həm də onu göstərir ki, Azərbaycanda neft sənayesi uğurla inkişaf edir. Xarici şirkətlər tərəfindən Azərbaycana sərmayə qoyulanda bizim əsas şərtlərimizdən biri o idi ki, Azərbaycanda bu sərmayələr, eyni zamanda, neft sənayesinin inkişafına xidmət göstərsin. Azərbaycanda iş yerləri yaradılsın, bizim işçilər yaxşı maaş alsınlar, onların peşəkarlığı artsın, onlar üçün təlim kursları keçirilsin və bu gün biz bunu görürük. Bu gün Azərbaycan vətəndaşları bütün əsas neft layihələrində uğurla işləyirlər və həm özlərinə, həm də ölkəyə böyük fayda verirlər.

Bu qazma qurğusunun yaradılması tarixi hadisədir. Təsadüfi deyil ki, bu qazma qurğusuna ulu öndər Heydər Əliyevin adı verilmişdir. Heydər Əliyev Azərbaycanın müasir neft sənayesinin banisidir. Heydər Əliyevin neft strategiyası bu gün uğurla icra edilir. 1994-cü ildə “Əsrin kontraktı”nın imzalanması ilə Azərbaycanın neft sənayesində yeni dövr başlamışdır. Bununla bərabər, hələ 1970-ci illərdə Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın neft sənayesi üçün çox önəmli addımlar atılmışdır. O cümlədən dərin özüllər zavodunun tikintisi Ulu Öndərin təşəbbüsü ilə 1970-ci illərdə başlamışdı. Əgər o vaxt bu zavod Azərbaycanda tikilməsəydi, - yəqin, siz də eşitmişiniz ki, başqa variantlar da var idi, - Xəzərin digər sahillərində belə zavodun tikintisi nəzərdə tutulurdu. Heydər Əliyevin müdaxiləsi və səyləri nəticəsində dərin özüllər zavodunun tikintisi üçün yer Bakı seçildi. O zavodun bu gün neft sənayemizin, ümumiyyətlə, ölkəmizin inkişafı üçün əvəzolunmaz rolu var. Yəni, hələ 1970-ci illərdə neftayırma zavodlarının modernləşdirilməsi, digər layihələrin icrası Azərbaycanda neft sənayesinin inkişafına xidmət göstərirdi. O ki qaldı, müstəqillik dövrünə, əgər 1994-cü ildə biz xarici tərəfdaşları Azərbaycana investisiya qoymağa cəlb etməsəydik, bu gün Azərbaycanın, ümumiyyətlə, iqtisadi vəziyyəti tam fərqli ola bilərdi. 1994-cü ildə “Əsrin kontraktı”nın imzalanması tarixi hadisə idi və mən o günləri yaxşı xatırlayıram. Bu mərasimdə iştirak edən hörmətli Xoşbəxt müəllimlə birlikdə biz danışıqlarda iştirak etmişik. Biz 1994-cü ilin may ayında İstanbulda və iyul-avqust aylarında isə Amerikanın Hyuston şəhərində danışıqlar aparırdıq ki, Azərbaycan üçün ən məqbul şərtləri təmin edək. Eyni zamanda, elə edək ki, xarici investorlar da qaçmasın və onlar üçün də yaxşı şərait yaradılsın. Hesab edirəm ki, biz hər iki tərəf üçün məqbul variantı əldə etdik. Gərgin danışıqlar nəticəsində 1994-cü ilin sentyabrında “Əsrin kontraktı” imzalandı və bu gün uğurla icra edilir. “Əsrin kontraktı” imzalanmasaydı, indi Azərbaycan bu qədər inkişafa nail ola bilməzdi. Bunu hamı bilməlidir.

Bizim uğurlu inkişafımızın əsas mənbəyi “Əsrin kontraktı”dır və o layihədən əldə olunan gəlirlərdir. Biz gəlirləri uğurla digər sahələrə yönəltdik. Əlbəttə ki, neft-qaz əməliyyatlarının davam etdirilməsi prosesi getmişdir, “Şahdəniz” layihəsi 1996-cı ildən başlayaraq uğurla icra olunur. Hazırda biz digər layihələr üzərində işləyirik. Heydər Əliyev yarımdalma qazma qurğusu çox perspektivli “Abşeron” qaz-kondensat yatağında işləyəcək. Əminəm ki, biz tezliklə - bir neçə ilə “Abşeron” yatağından da yaxşı nəticələr görəcəyik.

Digər perspektivli layihələrimiz də gündəlikdədir. “Ümid”, artıq orada işlər gedir. “Babək”, “Qarabağ” layihələrinə xarici şirkətlər yenə də maraq göstərirlər. Vaxtilə kontrakt imzalanmışdı, sonra ona xitam verildi. Ancaq indi biz bilirik və xarici tərəfdaşlar da görürlər ki, “Qarabağ” yatağında da böyük ehtiyatlar var. Yəni, bütün bu işləri biz ardıcıllıqla edirik ki, ölkəmiz daha da güclənsin və ölkəmizə daha da çox gəlir gəlsin. O ki qaldı, icra edilmiş neft layihələrinə, indi onların hamısı uğurla işləyir. Bakı-Tbilisi-Ceyhan neft kəməri 11 ildir ki, fəaliyyət göstərir, Cənub Qaz Dəhlizi layihəsi uğurla icra olunur. Əminəm ki, biz bu layihənin də icrasına vaxtında nail olacağıq. Biz bu layihənin əsas hissəsi olan TANAP-ın gələn il istifadəyə verilməsini qeyd etməliyik. Əminəm ki, biz buna nail olacağıq.

Mən bu gün, eyni zamanda, xarici tərəfdaşlarla əməkdaşlığımızı da qeyd etmək istəyirəm. Bu əməkdaşlıq çox sağlam təməl üzərində qurulubdur. Həm investor, həm də kontraktor şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərirlər. Əlbəttə ki, onların öz korporativ maraqları var. Bizim isə dövlət maraqlarımız var və bu maraqlar üst-üstə düşür. Hesab edirəm ki, Azərbaycanda xarici investorlar üçün çox gözəl şərait yaradılıb. Bütün kontraktlar qanunla təsdiqlənir ki, bu da investorlarda inam yaradır.

Beləliklə, bu gün biz ölkəmizin tarixində yeni gözəl hadisəni birlikdə qeyd edirik. Bu, nəhəng qurğu istənilən yerdə qazma işlərini apara bilər. Yəqin ki, neftçilər yaxşı bilirlər, sovet dövründə suyun dərinliyinin 200 metrdən çox olan yerlərinə getmək imkanı yox idi. Bəlkə məhz buna görə biz “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz” yataqlarını bu gün müstəqil Azərbaycan üçün qoruya bilmişik. Əgər o vaxt belə imkanlar olsaydı, həmin yataqlar da artıq əlimizdən çıxacaqdı. Necə ki, bizim qurudakı əsas yataqlarımızın böyük əksəriyyətinin neft ehtiyatları çar Rusiyası zamanı və sovet dövründə tükəndi. Amma bu qurğu ilə biz istənilən yerdə qazma işləri apara bilərik. Bu qurğu suyun min metr dərinliyində işləyə bilər. Mənə verilən məlumata görə, qurğunun qazma dərinliyi 12 min metrə bərabərdir, çəkisi isə 26 min tondur. Bax, bu rəqəmlər özlüyündə göstərir ki, biz nə qədər böyük bir layihəyə start verdik. Eyni zamanda, göstərir ki, bizim işçilərimiz, mühəndislər, fəhlələr nə qədər yaxşı iş görüblər. Sizi bu münasibətlə bir daha təbrik edirəm və sizə yeni uğurlar arzulayıram.

 

X X X

 

Dövlətimizin başçısı Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılışını bildirən düyməni basdı.

Prezident İlham Əliyev tədbirin iştirakçıları ilə söhbət etdi.

Sonra dövlətimizin başçısı qurğu ilə tanış oldu.

Prezident İlham Əliyevə burada quraşdırılacaq sualtı əməliyyat aparatı barədə məlumat verildi. Bu aparat sualtı görüntüləri əldə edəcək və baş verə biləcək qəza zamanı zəruri funksiyaları yerinə yetirəcək.

Prezident İlham Əliyev ölkəmizdə həyata keçirilən yeni neft-qaz layihələri ilə əlaqədar yaranmış tələbatı nəzərə alaraq Xəzər dənizində analoqu olmayan 6-cı nəsil qazma qurğusunun yaradılması haqqında göstəriş verib və bu layihənin icrasını daim dəstəkləyib. Azərbaycanın iqtisadi və sənaye potensialının daha da möhkəmləndirilməsində mühüm rol oynayacaq bu qurğunun tikintisi respublikamızda həyata keçirilən iri infrastruktur layihələrindən biridir. Qurğunun tikintisi 2013-cü il iyunun 4-də “Caspian Drilling” və Sinqapurun “Keppel FELS” şirkətləri arasında podrat müqaviləsi çərçivəsində aparılıb. Layihənin iqtisadi əhəmiyyəti nəzərə alınaraq, maliyyələşmənin 90 faizi Dövlət Neft Fondu və 10 faizi isə SOCAR tərəfindən icra edilib. Qurğunun inşaat işlərinin idarə edilməsi, dizayn-mühəndislik işlərinə nəzarət, müvafiq təchizatlar və alqı-satqıların təşkil edilməsi isə SOCAR-a məxsus “Caspian Drilling” Şirkəti tərəfindən həyata keçirilib. 2013-cü il sentyabrın 20-də - Neftçilər Günündə Prezident İlham Əliyevin iştirakı ilə Bakı gəmiqayırma zavodunda qurğunun aşağı üzən gövdəsinin – pantonlarının inşasına başlanması ilə bağlı mərasim olub. Həmin ilin dekabrında isə Bibiheybət ərazisindəki tərsanədə qurğunun yuxarı gövdəsinin inşasına başlanılıb. Qurğunun tikintisi 2017-ci ilin mayında tam yekunlaşıb. İstismara verilən yeni qurğunun imkanları əvvəlkilərlə müqayisədə daha genişdir. Dünyada öz texnoloji keyfiyyətləri və qazma xüsusiyyətlərinə görə unikallığı ilə fərqlənən bu qurğu qazma əməliyyatları üçün ən müasir avadanlıqla, o cümlədən böyük həcmdə avtomatik idarəetmə sistemi ilə təchiz edilib. Ümumi uzunluğu 106,5, eni 69,5, hündürlüyü isə 130 metr olan qurğunun ümumi çəkisi 26 min tondur. Dənizdə suyun 1000 metr dərinliyə qədər hissələrində qazma əməliyyatları həyata keçirə bilən qurğu ilə qazılacaq quyunun maksimal dərinliyi 12,2 min metrdir. Bu göstərici ən dərin quyuları belə qazmağa imkan verir. Bundan əlavə, qurğunun müasir avadanlığı qazma işinin indikindən 4 dəfə daha sürətlə aparılmasını təmin edir.

Dövlətimizin başçısı yarımdalma qazma qurğusunun yaşayış blokunda da oldu. Burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə həyata keçirdikləri neft strategiyasından bəhs edən fotostend var. Yaşayış blokunda ofis, yataq, istirahət və kompüter otaqları yaradılıb. Blok yeməkxana, camaşırxana, idman otaqları, kinoteatr, kitabxana və konfrans zalı ilə də təchiz olunub.

Heydər Əliyev adına yarımdalma qazma qurğusu dünyada 1400 atmosfer sistemi texnologiyasına sahib olan ilk və yeganə qurğudur. Onun yükgötürmə qabiliyyəti 5600, su tutumu isə 47500 tondur. Qurğuda 160 nəfər işçi heyəti çalışa bilər. Altıncı nəsil yarımdalma qazma qurğusunun tikintisində 2400-ə yaxın insan çalışıb ki, onların da təxminən 80 faizi Azərbaycan Respublikasının vətəndaşları olub.

Sonda xatirə şəkli çəkdirildi.

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video