Alternative content

16:01 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclis bir sıra qanunlara dəyişiklik etdi
Milli Məclis bir sıra qanunlara dəyişiklik etdi
ANA SƏHİFƏ / PARLAMENT
12:04 25.04.2017

 

Valyutadəyişmə məntəqələri yenidən fəaliyyətə başlayacaq

 

Azərbaycanda yeni lisenziyalaşdırılan fəaliyyət növü - valyuta mübadiləsi fəaliyyəti yaradılacaq. Həmçinin özəl mənzil fonduna aid çoxmənzilli yaşayış sahələrinin və yaşayış evlərinin mülkiyyətçi tərəfindən yerləşmə vasitəsi kimi istifadəsi üçün heç bir prosedur qaydası (yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi) tələb olunmayacaq. Bu məsələlər Milli Məclisin aprelin 25-də keçirilən plenar iclasında müzakirə edilib.
Milli Məclisin Sədri Oqtay Əsədov 36 məsələnin daxil olduğu gündəliyi təqdim etdi. Əvvəlcə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” sazişin təsdiq edilməsi barədə qanun layihəsi təsdiqləndi. Sonra Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında layihəyə baxıldı. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirdi ki, dəyişikliklər “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna uyğunlaşdırma məqsədilə edilmişdir. Eyni məqsədlə “Vətəndaşların müraciətləri haqqında” qanunda dəyişikliklər olunub. Qanun layihələri səsə qoyularaq qəbul edildi.
Daha sonra Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini təqdim etdi. Bildirdi ki, məcəlləyə “korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin dövlət müdafiəsi ilə əlaqədar qanunvericiliyin tələblərinin pozulması” məzmunlu 594-2-ci maddə əlavə edilir. Layihə təsdiq edildi. Əli Hüseynli qanunvericiliyin uyğunlaşdırılması məqsədilə “Dövlət qulluğu haqqında” və “Məhkəmələr və hakimlər haqqında” qanunlara təklif edilən dəyişiklikləri də təqdim etdi. Hər iki sənəd səsə qoyularaq qəbul edildi.
İclasda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə də baxıldı. Komitə sədri Əli Hüseynli bildirdi ki, qanunun 27-ci maddəsi Azərbaycanın ərazisində bütün mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının bu qanunla və ona uyğun olaraq Azərbaycanın müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınması qaydalarını müəyyən edir. Qeyd edildi ki, nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi zamanı bir sıra tələblər irəli sürülür. Onlardan biri nəqliyyat vasitəsinin dövlət qeydiyyatı və daimi uçota alınması, qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi, habelə nəqliyyat vasitəsinin müayinəsi ilə bağlı hərəkətlərin fasiləsiz olaraq həyata keçirilməsi, digəri isə nəqliyyat vasitəsinin müayinəsinin növbələrin yaranmasını istisna edən şəraitdə xüsusi avadanlıqlarla təchiz olunmuş yerlərdə aparılmasının təmin olunmasıdır. Texniki baxışın da bu sıraya əlavə edilməsi nəzərdə tutulur.
Yeni təklifə əsasən nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərriki, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir.
Bildirilib ki, mövcud təklifə əsasən qanunun 27-ci maddəsinin ikinci hissəsinin 2-5-ci bəndlərində və üçüncü hissəsində nəzərdə tutulmuş nəqliyyat vasitələri, həmçinin avtobuslar, icazə verilən maksimum kütləsi 3.5 tondan artıq olan yük avtonəqliyyat vasitələri, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələri istehsal olunduğu vaxtdan bir il müddətində texniki baxışdan keçirilməməsini nəzərdə tutur. Qanuna əsasən istehsal olunduqları vaxtdan dörd il keçdikdə - iki ildə bir dəfə, istehsal olunduqları vaxtdan on il keçdikdə - ildə bir dəfə texniki baxış keçirilməsi nəzərdə tutulur. Nəticə etibarilə bu təklif texniki baxışı həyata keçirən qurumların fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edir. Qanun layihəsi təsdiq edildi.
İclasda “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 may tarixli 1295-IVQD nömrəli Qanununda, eləcə də “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunda təkmilləşdirmə məqsədilə təklif edilən dəyişiklik də təsdiqləndi.
BMT-nin narkotiklərə nəzarət üzrə siyahılarına yeni 2 növ narkotik maddə və 4 psixotrop maddə daxil edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 960-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”nda və Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişikliklər edilməsi haqqında qanun layihələri qəbul edildi.
Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə əsasən isə mehmanxana və bu tipli obyektlər, müvəqqəti yaşayış üçün nəzərdə tutulan digər tikinti obyektləri “yerləşmə vasitələri” adlandırılır və statusuna görə yaşayış sahəsi hesab edilir. Nəticədə özəl mənzil fonduna aid çoxmənzilli yaşayış sahələrinin və yaşayış evlərinin mülkiyyətçi tərəfindən yerləşmə vasitəsi kimi istifadəsi üçün heç bir prosedur qaydası (yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi) tələb olunmayacaqdır.
İclasda qanunvericiliyin təkmilləşdirilməsi və uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Cinayət, İnzibati Xətalar və Mülki məcəllələrində, eləcə də “Müflisləşmə və iflas haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihələri də təsdiq edildi. Sonra Bakı şəhər prokuroru Əziz Cəfər oğlu Seyidovun Ali Məhkəmənin hakimliyinə namizədliyi məsələsinə də baxıldı. Əziz Seyidov Ali Məhkəmənin hakimi vəzifəsinə təsdiqləndi. Qeyd edək ki, Bakı şəhər prokuroru Ə.Seyidovun səlahiyyət müddəti bu il başa çatıb.
Qanunvericiliyin təkmilləşdirilməsi və bir-birinə uyğunlaşdırılması məqsədilə iclasda Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar, Vergi, Gömrük məcəllələrində, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Dövlət rüsumu haqqında”, “Yol hərəkəti haqqında”, Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Azərbaycan Respublikası Mərkəzi Bankı haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri də təsdiq edildi.
Sonra Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Valyuta tənzimi haqqında” qanunda dəyişikliklər edilməsi barədə layihəni təqdim etdi. Bildirildi ki, layihə ölkədə yeni lisenziyalaşdırılan fəaliyyət növünün - valyuta mübadiləsi fəaliyyətinin yaradılması məqsədilə hazırlanıb. Belə ki, həmin fəaliyyət növü Azərbaycan Respublikasında xarici valyutanın qanunla müəyyən edilmiş qaydada alınmasını, satılmasını və dəyişdirilməsini nəzərdə tutur və lisenziyalaşdırılan fəaliyyət növüdür.
Bu məsələ barədə deputatlardan Qüdrət Həsənquliyev, Elmira Axundova, Vahid Əhmədov, Əli Məsimli, Zahid Oruc və Yevda Abramov müsbət fikirlərini səsləndirdilər. Bildirildi ki, bu məsələ Azərbaycanda turizmin inkişafını stimullaşdıracaq. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə bir müddət əvvəl valyutadəyişmə məntəqələrinin bağlanmasını səhv addım adlandırdı: “Bazar günləri bir neçə valyutadəyişmə məntəqələri fəaliyyət göstərir. Qarşısında da növbə olur. Valyutadəyişmə məntəqəsinin açılması üçün tələb olunan depozit düzgün qərar deyil. Çünki məntəqəni işlədənin gəliri müxtəlif ola bilər”, - deyə S.Novruzov fikrini əsaslandırdı.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edildi.
İclasda uyğunlaşdırma məqsədilə “Dövlət rüsumu haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Dərman vasitələri haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” və “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə məsələlərə də baxıldı.
Gündəliyin sonuncu məsələsi isə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi idi. Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul olundu. Bununla da Milli Məclisin iclası başa çatdı.

Elgün MƏNSİMOV,
“Azərbaycan”