24 Aprel 2017 01:04
416
PARLAMENT
A- A+

“Dini etiqad azadlığı haqqında” Qanuna dəyişiklik edilir

Qafqaz Müsəlmanları İdarəsinə yeni səlahiyyət verilir

 

Aprelin 24-də Milli Məclisdə ictimai birliklər və dini qurumlar komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Siyavuş Novruzov gündəlik barədə məlumat verib.

Əvvəlcə iclasda “Dini etiqad azadlığı haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edilib. Siyavuş Novruzov bildirib ki, Azərbaycanda “Dini etiqad azadlığı haqqında” Qanun 1992-ci ildə qəbul olunub. Bundan sonrakı dövr ərzində həmin sənədə bir sıra dəyişikliklər və əlavələr edilib. Bildirilib ki, cəmiyyətdə din ən aktual məsələlərdən biridir. Bu il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunub, həmçinin bu il Bakıda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Nəticə etibarilə bu o deməkdir ki, Azərbaycanda bütün dinlər bərabər şəkildə fəaliyyət göstərir. Hər bir fəaliyyət növü isə qanun çərçivəsində tənzimlənməlidir. Kimliyindən, peşəsindən, inancından asılı olmayaraq hamı qanun qarşısında bərabərdir. İndiyə qədər 3 min Azərbaycan vətəndaşı xaricdə dini təhsil alıb və onlardan 200-ü burada dini ayinlər icra edir. Azərbaycanda 2500 məscid var və onlardan 1500-ü tam fəaliyyət göstərir. Həmin məscidlərdə gündəlik dini ayinlər və mərasimlər keçirilir. Həmçinin ölkədə kilsə və sinaqoqlar var ki, orada da inanclı insanlar öz dinlərinə uyğun ayin və mərasimlər keçirirlər. Mövcud qanunvericilik xaricdə təhsil alan Azərbaycan vətəndaşına dini ayin və mərasimlərin aparılmasını qadağan edir. Çünki əksər hallarda xaricdə təhsil alan şəxs təhsil aldığı ölkənin dini qaydalarını, mədəniyyətini təbliğ etməyə çalışır və bu da Azərbaycan dövlətçiliyi ilə ziddiyyət təşkil edir. Ancaq buna baxmayaraq, xaricdə təhsil alan xeyli sayda Vətənini sevən savadlı din mütəxəssisləri var və onlar bu qadağa nəticəsində ölkədə fəaliyyət göstərə bilmirlər. Bununla müəyyən mənada onların hüquqları pozulur və fəaliyyətlərində məhdudiyyətlər yaranır. Nəticədə həmin şəxs ya ölkədən getmək, ya da bəzi dini qruplara qoşulmaq məcburiyyətində qalır. Bütün bunları nəzərə alaraq yeni dəyişiklikdə xaricdə təhsil alan savadlı din mütəxəssislərinin hüquqlarını bərpa etmək, həm də ölkədə savadlı din xadimləri tərəfindən dinin təbliğini təmin etmək məqsədilə həmin şəxslərin fəaliyyətinə icazə verilməsi nəzərdə tutulur. Bu dəyişikliklər edildikdən və qüvvəyə mindikdən sonra həmin şəxslər yaranmış imkanlardan yararlanacaqlar.

Dəyişikliyə əsasən, Qafqaz Müsəlmanları İdarəsi xaricdə dini təhsil almış Azərbaycan vətəndaşlarına müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla İslam dininə aid ayin və mərasimlər aparmasına icazə verə bilər.

Sənədə əsasən dini mərkəz tərəfindən dəvət edilmiş din xadimləri istisna olmaqla, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin dini təbliğat aparması qadağandır. Vətəndaşların təhsil almaq üçün xarici ölkələrin dini tədris müəssisələrinə göndərilməsi, dini tədris müəssisələri tələbələrinin və müəllimlərinin, habelə din xadimlərinin və mütəxəssislərinin mübadiləsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla dini mərkəz tərəfindən həyata keçirilir.

Dəyişikliyə uyğunlaşdırma məqsədilə Cinayət Məcəlləsinin müvafiq maddələrində də dəyişiklik edilir. Dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozma maddəsinə əsasən İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşı (dini mərkəz tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla İslam dininə aid ayin və mərasimlərin aparılmasına buraxılmış şəxslər istisna olmaqla) tərəfindən aparılması iki min manatdan beş min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs (dini mərkəz tərəfindən dəvət edilmiş din xadimləri istisna olmaqla) tərəfindən dini təbliğat aparılması bir ildən iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bu əməllər təkrar törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

İclasda, həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov, Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov da iştirak ediblər.

Müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video