14 Aprel 2017 03:04
442
PARLAMENT
A- A+

Hesablama Palatası hesabat verdi

Milli Məclisin dünənki iclası Azərbaycan Respublikası Hesablama Palatasının 2016-cı ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi ilə işinə başladı. Öncə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qurumun hesabatını təqdim etdi.

V.Gülməmmədov bildirdi ki, Prezident İlham Əliyev tərəfindən maliyyə nəzarəti və şəffaflığın gücləndirilməsi ilə bağlı qarşıya qoyulmuş tələblər, mövcud qanunvericilik aktlarına dövlət başçısının təşəbbüsü ilə edilmiş dəyişiklik və əlavələr Hesablama Palatasının institusional möhkəmlənməsi istiqamətində mühüm addımlardan olub.

Ali audit orqanının əsas məqsədi ölkənin maliyyə inzibatçılığı sahəsində vacib və böyük təsirə malik olan problemlərin müəyyən edilməsi və bu sahədə nöqsanların qarşısının alınması, həmçinin şəffaflığın və hesabatlılığın gücləndirilməsi tədbirlərinə dəstək olmaqdır. 2016-cı ildən başlayaraq isə müəyyən edilmiş nöqsanların və pozuntuların təsnifləşdirilməsi işlərinə başlanıb, bu məqsədlə beynəlxalq təcrübə öyrənilib, xüsusilə analoji maliyyə inzibatçılığı sisteminə malik olan qonşu dövlətlərin təcrübəsinə diqqət yetirilib. Nəticədə ayrı-ayrı qurumlar üzrə müəyyən edilmiş maliyyə pozuntularına vahid yanaşma tətbiq edilməklə sistemləşdirilib və təhlil olunub.

V.Gülməmmədovun sözlərinə görə, 2016-cı ilin iş planına uyğun olaraq ötən ildə dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının vəsaitləri üzrə 12-si təhlil işi olmaqla 77, Naxçıvan Muxtar Respublikasının büdcəsi üzrə isə 10-u təhlil olmaqla 19 nəzarət tədbirinin başlanılması ilə bağlı qərar qəbul edilib. Dövlət büdcəsinin gəlirlərini əhatə edən 8 tədbir, büdcə xərcləri üzrə 63, dövlət zəmanəti ilə alınmış kreditlər üzrə  2, büdcədənkənar dövlət fondlarının vəsaitləri ilə bağlı 4 audit keçirilib.

Qurumun fəaliyyətinin nəticəsini xarakterizə edən bir sıra kəmiyyət və keyfiyyət göstəriciləri barədə məlumat verən V.Gülməmmədov qeyd etdi ki müəyyən edilmiş nöqsanlar və pozuntular vahid yanaşma tətbiq olunmaqla təsnifləşdirilib. Ümumilikdə 8 istiqamət üzrə 825 halda nöqsan müəyyən edilib.

V.Gülməmmədovun fikrincə, Hesablama Palatası vəsaitin təyinatının dəyişdirilməsi hallarını əsasən üç istiqamət üzrə qruplaşdırıb və ümumilikdə 53,4 milyon manat məbləğində vəsaitin təyinatının dəyişdirildiyi müəyyən olunub. Təhlil göstərir ki, qurumlar tərəfindən satınalmaların həyata keçirilməsi zamanı ən çox yol verilən nöqsanlar satın alınan malların (iş və xidmətlərin) ehtimal olunan qiymətin düzgün müəyyən edilməməsi, tenderdə iştirak edən iddiaçılardan zəruri sənədlərin alınmaması, xüsusilə də satınalma metodları tətbiq edilmədən və satınalma metodunun dəyişdirilməsi kimi nöqsanlardır.

Hesablama Palatası ötən illərdə həyata keçirilmiş auditlər üzrə görülmüş tədbirlərin sona çatdırılması işinə də diqqət yetirir və bu məlumatlar daim nəzarətdə saxlanılır. Qurumun 2016-cı ildə həyata keçirdiyi maliyyə-büdcə nəzarəti fəaliyyətinin və əvvəlki illərdə başa çatmış tədbirlərin davamı olaraq ümumilikdə 11,3 milyon manat, 75 min ABŞ dolları, 17,8 min avro məbləğində vəsaitin bərpası təmin edilib və bu, keçən ilin müvafiq göstəricilərindən 9,6 faiz çoxdur.

Hesablama Palatası tərəfindən həyata keçirilən inzibati fəaliyyət haqqında geniş məlumat verən V.Gülməmmədov vurğuladı ki, 2016-cı ildə qurumun fəaliyyətinin təşkili məqsədilə dövlət büdcəsindən 3,3 milyon manat məbləğində vəsait sərf edilib ki, bu məbləğin də 85,9 faizi əməktutumlu xərclərdir.

Məruzədən sonra müzakirələr başlandı. Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlardan Fərəc Quliyev, Əli Məsimli, Fəzail İbrahimli, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Zahid Oruc, Musa Quliyev, Qənirə Paşayeva, İlham Məmmədov çıxış edərək bildirdilər ki, Hesablama Palatası uğurlu fəaliyyəti ilə ildən-ilə daha mükəmməl quruma çevrilir. Ciddi təhlil və faktlar əsasında hazırlanan hesabat beynəlxalq normalara uyğun şəkildə tərtib edilib.  

Müzakirələrdən sonra Hesablama Palatasının 2016-cı ildəki fəaliyyəti haqqında hesabat səsə qoyularaq təsdiqləndi.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilməsi ilə bağlı sənədi təqdim etdi. Bildirdi ki, İTV-nin Yayım Şurasında 6 illik səlahiyyət müddəti başa çatmış üç nəfərin yerinə yeni namizədlər irəli sürülür. Deputatlar adları irəli sürülmüş şəxslərin namizədliyinə müsbət münasibət bildirdilər və sənəd təsdiq edildi (Milli Məclisin Qərarı qəzetimizin bugünkü sayında dərc edilib).

Sonra Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli “Məktəbəqədər təhsil haqqında” qanun layihəsini üçüncü oxunuşda müzakirəyə  təqdim etdi. Bildirdi ki, 5 fəsil 24 maddədən ibarət olan qanun layihəsi artıq tam təkmilləşdirilib. Deputatların irəli sürdükləri təkliflərin əksəriyyəti nəzərə alınıb.

Komitə sədrinin sözlərinə görə, müzakirəyə təqdim olunmuş qanun layihəsi məktəbəqədər təhsilin təmin olunması sahəsində dövlət siyasətinin prinsiplərini, məktəbəqədər təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edəcək. Məktəbəqədər təhsil müəssisəsinin təsisçisi dövlət, bələdiyyələr, Azərbaycanın hüquqi şəxsləri və vətəndaşları ola bilərlər. Bu tip təhsil müəssisəsinə lisenziya müddətsiz verilir. Layihədə bildirilir ki, məktəbəqədər təhsil sahəsində təhsil xidmətləri göstərən hüquqi və fiziki şəxslər tərəfindən məktəbəqədər təhsilin vəzifələri pozulduqda, məktəbəqədər təhsilin dövlət standartlarının tələbləri yerinə yetirilmədikdə onların lisenziyası ləğv edilir.

Qanun layihəsində bir sıra yeniliklər nəzərdə tutulur. Layihəyə əsasən, məktəbəqədər yaşlı uşaqlar üçün yeni növ təhsil müəssisələri yaradılacaq. Qanuna əsasən, məktəbəqədər yaşlı uşaqların təhsil aldığı müəssisələrin bir neçə növü müəyyən edilib. Bunlar körpələr evi, körpələr evi-uşaq bağçası, məktəbəhazırlıq qrupların fəaliyyət göstərdiyi ümumtəhsil məktəbləri, digər tipdən olan təhsil müəssisəsi yanında kompleks formada fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəsi, uşaq inkişaf mərkəzi, sanator tipli uşaq bağçaları (bu uşaq bağçaları infeksion xəstəliklərə meyilli və immun sistemi zəif olan uşaqlar üçün yaradılır), sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələri, elmi-tədqiqat müəssisələrinin yanında yaradılan məktəbəqədər təhsil müəssisəsidir.

Bunlar arasında sanator tipli uşaq bağçaları, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələri və uşaq inkişaf mərkəzi yeni növ müəssisələr olacaq.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edildi.

Gündəlikdəki “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihələri ilə bağlı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Bildirdi ki, dəyişikliklər ölkədə korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi məqsədi daşıyır. Eyni zamanda Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın səlahiyyətləri genişləndirilir.

Dəyişikliklər ayrı-ayrılıqda səsə qoyularaq qəbul edildi.

İclasda “Ətraf mühitin mühafizəsi haqqında”, “Geodeziya və kartoqrafiya haqqında”, “Hidrometeorologiya fəaliyyəti haqqında”, “Enerji resurslarından istifadə haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”, “Qaz təchizatı haqqında”, Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında, İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında, “Xidməti və mülki silah haqqında”, “Yanğın təhlükəsizliyi haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihələrinə texniki düzəlişlər edildi. Deputatlar həmçinin “Dərman vasitələri haqqında”, “Fitosanitar nəzarəti haqqında”, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında”, “Çayçılıq haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Taxıl haqqında”, “Yeyinti məhsulları haqqında”, “Toxumçuluq haqqında”, “Telekommunikasiya haqqında”,  “Avtomobil yolları haqqında”, “Texniki təhlükəsizlik haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Standartlaşma haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə sənədlərə müsbət münasibət bildirdilər.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, gündəlikdəki “Qiymətli metallar və qiymətli daşlar haqqında”, “Dövlət rüsumu haqqında”, “Reklam haqqında”, “Turizm haqqında” qanunlarda dəyişikliklər “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” qanuna uyğunlaşdırmaq məqsədi daşıyır. Sənədlər ayrı-ayrılıqda səsə qoyularaq qəbul edildi.

Gündəlikdəki Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihələri barədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdi. Bildirdi ki, hər iki qanun layihəsi “Publik hüquqi şəxslər haqqında” qanunun tətbiqi ilə əlaqədar hazırlanıb. Hər iki sənəd səsə qoyularaq qəbul edildi.

İclasda parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Vüsal Hüseynovun Azərbaycan-Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri təyin edilməsi ilə bağlı Milli Məclisin qərarı da təsdiqləndi (qərar qəzetimizin bugünkü sayında dərc edilib). 

Gündəliyin sonuncu məsələsi - “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi barədə parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verdi. Bildirdi ki, 10 ilə yaxındır üzərində iş gedən, 3 fəsil, 17 maddədən ibarət olan qanun layihəsi əhalinin sağlamlığının qorunmasının, sağlam həyat tərzinin təbliğinin, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikasının, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılmasının hüquqi əsaslarını müəyyən edir.

Qanun layihəsinə əsasən, səhiyyə, elm və təhsil müəssisələrində, muzeylərdə, kitabxanalarda, kinoteatr, teatr, sirk binalarında, sərgi və nümayiş salonlarında, idman yarışları, konsert və digər kütləvi tədbirlər keçirilən zallarda, ticarət, məişət və sosial xidmət obyektlərində, hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusun dayanacaq məntəqələrində, beynəlxalq və ölkədaxili sərnişin daşınmasında, sərnişindaşınmaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində, çoxmənzilli binaların liftlərində və ümumi istifadə otaqlarında, uşaq meydançalarında, çimərlik əraziləri hüdudlarında və digər yerlərdə tütün çəkilməsinə icazə verilməyəcək.

Bundan başqa, təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində, səhiyyə, reabilitasiya və sanatoriya-kurort müəssisələrində, onların ərazilərində, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlarda, iş yerlərində, idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallarda, restoranlar, kafelər, barlar daxil olmaqla ictimai iaşə obyektlərində (açıq məkanlar istisna olmaqla), ticarət və məişət obyektlərində, sosial xidmət müəssisələrində, mehmanxanalarda, teatr və kinoteatrlarda, sərgilərdə, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində tütündən istifadə qadağan ediləcək, eyni zamanda, yerüstü və yeraltı piyada keçidlərində, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda və taksilərdə, metropoliten stansiyalarının vestibüllərində, keçidlərində və platformalarında, vaqonlarda bu qadağa keçərli olacaq.

Qanun layihəsinin təqdimatından sonra müzakirələr başlandı. Deputatlardan İlham Əliyev, Tahir Kərimli, Musa Quliyev, Tahir Rzayev, Rüfət Quliyev, Hikmət Məmmədov, Qənirə Paşayeva və Sona Əliyeva çıxış edərək bildirdilər ki, sənədin  qəbulu tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azalması ilə yanaşı, əhalinin sağlamlığının qorunmasına xidmət edəcək. Deputatlar qanun layihəsinin çox vacib bir sənəd olduğunu qeyd edərək müsbət münasibət bildirdilər. Yeni qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olundu və bununla da Milli Məclisin plenar iclası başa çatdı. 

 

Rəşad BAXŞƏLİYEV,

Fərman BAĞIROV(foto),

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video