17 Iyun 2012 01:06
965
Hüquq məsləhəti
A- A+

Oxucuların suallarına cavab verir

 

Mənzilimizin pəncərələrindən cəmi 3 metrlik məsafədə yerləşən marketin soyuducusunun çöl hissəyə qoyulan kompressoru aramsız olaraq işləyir. Kompressordan gələn gur səs daim ailəmizdə ciddi narahatçılıq yaradır. Bu problemi aradan qaldırmaq üçün hansı hüquqlarım var?

 

Mətanət MƏMMƏDOVA,

Bakı şəhəri

 

- Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsinin I hissəsinə görə, hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. Həmin maddənin III hissəsində yazılır ki, heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz. "Sanitariya-epidemioloji salamatlıq haqqında" qanunun 1-ci maddəsinin I hissəsinə əsasən, əhalinin sanitariya-epidemioloji salamatlığı ictimai sağlamlığın və insanların yaşayış mühitinin elə bir halıdır ki, bu mühitin amilləri insan orqanizminə təhlükəli və zərərli təsir göstərmir və insanın həyat fəaliyyəti üçün əlverişli şərait vardır. Həmin qanunun 5-ci maddəsi ilə Azərbaycan Respublikasının vətəndaşları indiki və gələcək nəsillərin səhhətinə mənfi təsir göstərməyən və onların sanitariya-epidemioloji salamatlığını təmin edən əlverişli ətraf mühitdə yaşamaq hüququna malikdirlər. "Ekoloji təhlükəsizlik haqqında" qanunun 1.7-ci maddəsinə görə, ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsi səviyyələrinin nizama salınması dövlətin ekoloji təhlükəsizlik sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsində uyğun olaraq, xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli, 796 nömrəli fərmanı ilə təsdiq olunmuş "Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları" ilə yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisi, habelə insanların cəmləşdiyi digər yerlərdə səs-küyün yolverilən səviyyələrini və vibrasiyaya olan tələbləri müəyyənləşdirilmişdir. Nüfuz edən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları cədvəl 1-də verilmişdir. "Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları"nın icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2009-cu il tarixli, 52 nömrəli fərmanı ilə müəyyən edilmişdir ki, nəqliyyat vasitələrinin və digər səs-küy mənbələrinin yaşayış və istirahət yerlərində, habelə insanların cəmləşdiyi digər yerlərdə ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və nüfuzedici səs-küyün yolverilən səviyyəsinə nəzarəti  cədvəl 1-in 1-9-cu bəndlərinə münasibətdə - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi; həmin cədvəlin 10-16-cı bəndlərinə münasibətdə - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi; gecə vaxtı saat 23-dən səhər saat 6-dək həmin cədvəlin 1-16-cı bəndlərinə münasibətdə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir.

Odur ki, siz ilkin olaraq nüfuzedici səs-küyün yolverilən səviyyəsinin müəyyən edilməsi məqsədilə səlahiyyətli dövlət orqanına, konkret halda, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edə bilərsiniz. Bundan sonra, aparılmış araşdırmanın nəticələrinə uyğun olaraq sonrakı hərəkətləri həyata keçirə bilərsiniz. Məsələn, əgər səs-küy yol verilən səviyyədən çoxdursa, onda məhkəmədə iddia qaldıraraq mülkiyyət hüququnuza qəsd edən hərəkətlərə son qoyulmasını və kompressorun demontajını tələb edə bilərsiniz. Eyni zamanda, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnuz da vardır.   

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video