17 Mart 2017 02:03
319
PARLAMENT
A- A+

Milli Məclis Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında illik hesabatını qəbul edib

Martın 17-də Milli Məclisin yaz sessiyasında növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Konstitusiyaya uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyətinə dair illik hesabatı dinlənilib.

İclası açan Milli Məclisin sədri Oqtay Əsədov gündəliyi təqdim edib.

Parlamentin sədri qeyd edib ki, Konstitusiyaya uyğun olaraq hər il yaz sessiyasının beşinci iclasında hökumət fəaliyyəti barədə Milli Məclis qarşısında hesabat verir. “Bizə təqdim olunmuş hesabatdan da göründüyü kimi, ötən il dünya iqtisadiyyatında qeyri-müəyyən vəziyyət davam edib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət dünya iqtisadiyyatında cərəyan edən proseslərin iqtisadiyyatımıza mənfi təsirlərini azaltmağa imkan verib”.

Sədr bildirib ki, hesabat ilində informasiya və rabitə, kənd təsərrüfatı, turizm sektorlarında əldə olunan artım yüksək qiymətləndirilməlidir. Ölkəmiz dörd göstərici üzrə dünya dövlətləri arasında ilk qırxlığa daxil olub. Azərbaycan investisiya qoyuluşu üzrə cəlbediciliyini qoruyub saxlayıb. İl ərzində ölkədə sosial-iqtisadi infrastruktur layihələrinin həyata keçirilməsində 15 milyard manatdan çox sərmayə yatırılıb. 2016-cı ildə Azərbaycan dünyanın təxminən 186 ölkəsi ilə 17,1 milyard dollar məbləğində xarici ticarət əməliyyatları həyata keçirib.

Oqtay Əsədov qeyd edib ki, hökumətin hesabatının Milli Məclisdə dinlənilməsi sosial-iqtisadi məsələlərin obyektiv araşdırılmasına imkan yaradır. Ötən il deputatların irəli sürdükləri təkliflər hökumət tərəfindən diqqətlə araşdırılıb.

Sonra Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti barədə hesabatla çıxış edib.

 

 

Baş nazir Artur Rasi-zadənin
çıxışı

 


-Hörmətli sədr.

Hörmətli deputatlar.

2016-cı ildə ölkəmiz dövlət müstəqilliyinin bərpasının 25 illiyini qeyd etdi. Azərbaycan xalqının tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdan ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə müəyyən etdiyi sosial-iqtisadi inkişaf strategiyası əsasında Prezident İlham Əliyevin apardığı çevik və praqmatik siyasət ölkəmizin şərəfli tərəqqi yolu keçərək, dünya dövlətləri arasında layiqli yer tutmasını təmin edib.

Dövlətimizin başçısının daxili və xarici siyasətinin xalqımız tərəfindən dəstəkləndiyini Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən dəyişikliklərin və əlavələrin referendumda qəbul edilməsi bir daha əyani sübut etdi.

Bu dəstəyin və xalq-iqtidar birliyinin son on üç ildəki iqtisadi əsaslarını əks etdirən faktları və rəqəmləri diqqətinizə çatdırmaq istərdim. Ölkədə istehsal edilən ümumi daxili məhsulun real həcmi 3 dəfə, dövlət büdcəsinin nominal gəlirləri 20 dəfə, əsas kapitala qoyulan investisiyalar 3 dəfə, o cümlədən qeyri-neft sahələrinə yönəldilən sərmayələr 5,6 dəfə, qeyri-neft məhsullarının ixracı 3,3 dəfə, əhalinin nominal gəlirləri 8 dəfə, orta aylıq əməkhaqqı 6,4 dəfə artıb. 250 min qaçqın və məcburi köçkünün mənzil-məişət və sosial problemlərinin həllinə 5,2 milyard manat məbləğində vəsait xərclənib, 1 milyon 677 min yeni iş yeri yaradılıb. On min kilometrdən çox avtomobil yolları salınıb, 3 min məktəb, 600 xəstəxana, 400-dən artıq turizm və mədəniyyət obyekti, 50 idman kompleksi tikilib istifadəyə verilib. Strateji əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin layihələri reallaşdırılıb, 26 elektrik stansiyası inşa edilib, ölkədə qazlaşdırmanın səviyyəsi 90 faizə çatdırılıb. Əhalinin içməli su ilə təmin olunması üzrə ölkəni əhatə edən layihələrin ardıcıl surətdə reallaşdırılması bu böyük və ciddi problemin yaxın dövrdə tam həllinə əminlik yaradır. Taxtakörpü və Şəmkirçay su anbarları kimi nəhəng hidrotexniki qurğular tikilib istifadəyə verilib. Ölkənin bütün bölgələrinin tarazlı inkişafını nəzərdə tutan regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına bütün mənbələr üzrə ümumilikdə 60 milyard manata yaxın maliyyə vəsaiti yönəldilib.

Bu müddətdə aparılan irimiqyaslı ordu quruculuğu işləri ölkənin müdafiə qabiliyyətini dəfələrlə gücləndirib.

Hörmətli deputatlar, 2016-cı ildə ölkənin maliyyə-bank sektorunda mövcud olan çətinliklər onu mürəkkəb il kimi xarakterizə etməyə əsas verir. Məlumdur ki, dünya bazarında karbohidrogen resurslarının qiymətlərinin kəskin aşağı düşməsi ölkənin ixrac gəlirlərinin xeyli azalmasına gətirib çıxarıb və tədiyyə balansında böyük kəsir yaranıb. Bir sıra bankların qeyri-qənaətbəxş işləməsi, ölkənin sistem əhəmiyyətli Beynəlxalq Bankının rəhbərliyinin cinayətkar fəaliyyəti durumu daha da ağırlaşdırıb.

Vəziyyəti nəzərə alan dövlətimizin başçısı maliyyə sektorunda dövlət idarəçiliyinin təkmilləşdirilməsi və makroiqtisadi dayanıqlılığın təmin edilməsi məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatasını və Maliyyə Sabitliyi Şurasını yaradıb.

Ölkə iqtisadiyyatındakı mövcud problemlər Maliyyə Sabitliyi Şurasında araşdırılaraq, onların həllinə yönəldilmiş tədbirlər planı hazırlanıb və aidiyyəti dövlət orqanları tərəfindən icrasına başlanılıb.

Həyata keçirilmiş məqsədyönlü tədbirlər və əvvəlki illərdə yaradılmış güclü iqtisadi potensialdan düzgün istifadə edilməsi iqtisadi durumun sabitləşməsinə gətirib çıxarıb və 2016-cı ili ümumilikdə müsbət nəticələrlə yekunlaşdırmağa imkan verib. Belə ki, iqtisadiyyatın qeyri-neft sənayesində istehsal 5 faiz artıb. Qeyri-neft sənayesinin inkişafında texnologiya və sənaye parklarının yaradılması konsepsiyası əsas götürülüb. Artıq Sumqayıt Texnologiyalar Parkı ilə yanaşı, Sumqayıt Kimya Sənaye Parkı, Qaradağ Sənaye Parkı, Balaxanı Sənaye Parkı fəaliyyət göstərməkdədir. Ümumən, keçən il 400-dən artıq sənaye müəssisəsi açılaraq fəaliyyətə başlayıb.

Kənd təsərrüfatında həyata keçirilən genişmiqyaslı tədbirlər sayəsində məhsul istehsalı 2,6 faiz artıb.

Əsas kapitala yönəldilmiş 15 milyard manatdan artıq məbləğdə vəsaitin 45 faizi qeyri-neft sektorunun payına düşüb.

Hesabat ilində dövlət büdcəsinin gəlirlərinin icrası təmin edilib və bunun müqabilində bütün sosial öhdəliklər, əsas dövlət proqramları yerinə yetirilib. Büdcənin bir qayda olaraq sosialyönümlü olması orta aylıq əməkhaqlarının və pensiyaların artırılmasına zəmin yaradıb. Dövlət büdcəsindən maliyyələşdirilən elm, təhsil, səhiyyə, mədəniyyət, müdafiə və sair sahələrdə çalışanların aylıq əməkhaqları, pensiya, məcburi köçkünlərə verilən aylıq müavinətlər, təqaüdlər və digər sosial öhdəliklər orta hesabla 10 faiz artırılıb və ümumilikdə 3 milyon 600 min insanı əhatə edib. 130 minə yaxın aztəminatlı ailənin ünvanlı sosial yardımla təmin edilməsinə təqribən 240 milyon manatadək maliyyə vəsaiti xərclənib. 7 min məcburi köçkün yeni mənzillərlə təmin olunub.

Regionların, Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramlarının icrası çərçivəsində il ərzində çoxsaylı istehsal, infrastruktur və sosial layihələr həyata keçirilib. Belə ki, İsmayıllı və Şəmkir rayonlarında su elektrik stansiyaları, Bakı şəhərində iriqabaritli transformatorlar zavodu, Sumqayıt şəhərində tikiş, Ağstafada mebel fabrikləri və digər müəssisələr tikilib istifadəyə verilib. Bu müddətdə 800 kilometrdən çox avtomobil yolları salınıb, 14 körpü tikilib. 56 elektrik yarımstansiyası inşa edilib və ya təmir olunub, 25 min kilometrdən artıq elektrik xətləri çəkilib. Ölkənin enerji infrastrukturunun müasirləşdirilməsi, paylayıcı şəbəkələrin yenidən qurulması əhalinin və istehsal müəssisələrinin elektrik enerjisi ilə təchizatını əsaslı şəkildə yaxşılaşdırıb. Respublika üzrə 209 yeni yaşayış məntəqəsi təbii qazla təchiz olunub, içməli su sistemlərinin yenidən qurulması davam etdirilib.

Qəbələ və Masallı rayonlarında fəaliyyətə başlayan “ASAN xidmət” mərkəzləri dövlət tərəfindən göstərilən müxtəlif xidmətlərin coğrafiyasını daha da genişləndirib.

Sosial-iqtisadi inkişafı sürətləndirən əsas amillərdən biri də ölkədə sahibkarlığın geniş təşəkkül tapmasıdır. Buna nail olmaqdan ötrü həyata keçirilən ardıcıl tədbirlər nəticəsində sahibkarlıq subyektləri ilə dövlət orqanları arasındakı münasibətlər xeyli sadələşdirilib, lisenziyaların alınmasına sərf olunan vaxt həm qısaldılıb, həm də asanlaşdırılıb. Lisenziya tələb edən fəaliyyət növlərinin sayı azaldılıb və onların bəzilərinin müddətsiz verilməsinə başlanılıb. Ödənilən dövlət rüsumlarının məbləğləri 2 dəfədən 4 dəfəyədək azaldılıb.

Hesabat dövründə Sahibkarlığın İnkişafına Kömək Milli Fondu tərəfindən sahibkarlara 190 milyon manat məbləğində güzəştli kredit ayrılıb.

Daxili bazarın qorunması və idxalın əvəz edilməsi üçün ölkədə istehsal olunan bir sıra tikinti materiallarının və kənd təsərrüfatı məhsullarının idxalına rüsum tətbiq edilib.

Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində həlledici, ixracyönümlü məhsulların istehsalında isə mühüm rolu olan aqrar-sənaye kompleksində işlər geniş vüsət alıb. Keçən il ilə müqayisədə əksər kənd təsərrüfatı məhsulları istehsalının həcmi artaraq, yüksək göstəricilərə nail olunub.

Dövlətimizin başçısının təşəbbüsü ilə kənd təsərrüfatının ənənəvi pambıqçılıq, tütünçülük, baramaçılıq, çayçılıq və fındıqçılıq kimi yüksəkgəlirli sahələrinin inkişafı istiqamətində həyata keçirilən kompleks dövlət dəstəyi tədbirləri artıq ilkin nəticələrini verməyə başlayıb. Nəticədə əvvəlki il ilə müqayisədə 2,5 dəfədən artıq pambıq istehsal edilib. Fındıqçılığın inkişafı üçün 18 min hektar sahədə fındıq ağacları əkilib, baramaçılığın genişləndirilməsi məqsədilə 37 rayonda yeni tut bağları salınıb. Kənd təsərrüfatı məhsullarının ixracının 20 faizdən çox artaraq, təqribən 400 milyon ABŞ dolları təşkil etməsini xüsusilə vurğulamaq istərdim.

Pambıq, ipək və tütün istehsalı sahələrində çalışan fermerlərə subsidiya verilməsinə başlanılıb, ümumilikdə kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsindən 180 milyon manatdan artıq məbləğdə yardım edilib.

Son illər 200 min hektaradək torpaq sahəsi əkin dövriyyəsinə cəlb edilib, 330 min hektar sahədə torpaqların su təminatı, 240 min hektara yaxın torpaq sahəsinin meliorativ vəziyyəti yaxşılaşdırılıb. Respublikanın müxtəlif rayonlarında yaradılmış 32 iri fermer təsərrüfatına 70 milyon manatdan artıq məbləğdə güzəştli kredit ayrılıb.

Azərbaycanın iqtisadiyyatında daim mühüm yer tutmuş neft sektorunda əhəmiyyətli işlər görülüb. Cənub Qaz Dəhlizinə aid olan “Şahdəniz” yatağının işlənilməsinin 2-ci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu və Trans-Adriatik Boru Kəməri layihələrinin icrası ilə bağlı işlər qrafiki qabaqlamaqla yerinə yetirilib.

Neft-kimya sənayesinin inkişafı məqsədilə Heydər Əliyev adına Bakı neft emalı zavodunda və “Azərikimya” İstehsalat Birliyində yenidənqurma və modernləşdirmə işləri, azot gübrəsi və yeni polimer layihələrinin icrası davam etdirilib.

İqtisadiyyatın prioritet sahələrindən biri olan nəqliyyat sektorunda nəzərəçarpan nəticələr əldə olunub. Azərbaycan Respublikası, Rusiya Federasiyası və İran İslam Respublikası prezidentlərinin iştirakı ilə Bakı şəhərində keçirilmiş Zirvə görüşündə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin fəaliyyətinə xüsusi önəm verilib. Layihə çərçivəsində dəhliz üzrə İran sərhədinədək yolun və Astaraçay çayı üzərində dəmir yolu körpüsünün tikintisi qısa müddətdə başa çatdırılıb.

Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin inşası tamamlanıb, Türkiyə hissəsində isə işlər yekunlaşmaq üzrədir.

Xəzər Dəniz Gəmiçiliyi alınmış 6 quru yükdaşıyan və 3 sərnişin gəmisi hesabına fəaliyyətini daha da genişləndirib, Bakı gəmiqayırma zavodu ilə iki bərə və iki tankerin tikintisi üçün müqavilə imzalayıb.

Bakı Metropolitenində 2 yeni stansiya tikilərək istismara verilib.

Həmişə olduğu kimi, hesabat ilində də insan kapitalının inkişafı ilə bağlı sahələrə böyük diqqət yetirilib. Təhsil, səhiyyə və mədəniyyət sahələrində maddi-texniki bazanın möhkəmləndirilməsi davam etdirilib.

Dövlət büdcəsinin vəsaiti hesabına ölkənin bütün ümumtəhsil məktəblərində hazırlıq qrupları yaradılıb, müsabiqə yolu ilə işə qəbul olunmuş 2400-dən artıq müəllimin 70 faizindən çoxu kənd məktəblərinə göndərilib.

İlk peşə-ixtisas təhsili sahəsində peşə hazırlığının səmərəliliyinin artırılması və yüksəkixtisaslı kadrların hazırlanması məqsədilə 32 peşə təhsili müəssisəsinin bazasında 13 peşə təhsili mərkəzi yaradılıb. İl ərzində 29 yeni məktəb tikilib, 485 təhsil müəssisəsində cari və əsaslı təmir işləri aparılıb.

Səhiyyə sisteminin müasir tibbi avadanlıqlarla təmin edilməsi yaxın keçmişdə aparılması real olmayan bir sıra cərrahi əməliyyatların bu gün uğurla həyata keçirilməsini mümkün edib. Keçən il icbari tibbi sığortanın tətbiqi məqsədilə müvafiq Dövlət Agentliyi yaradılıb və cari ilin əvvəlindən Mingəçevir şəhərində və Yevlax rayonunda pilot layihənin icrasına başlanılıb.

Ötən il Rio Yay Olimpiya Oyunlarında qazanılan yüksək nəticələr, Bakı şəhərində keçirilən Formula-1 yarışları və 42-ci Ümumdünya Şahmat Olimpiadası Azərbaycanın dünyadakı “idman ölkəsi” imicinin daha da möhkəmlənməsində xüsusi yer tutur.

Humanitar sahədə əldə olunan nailiyyətlərdən, milli-mədəni irsin və mənəvi dəyərlərin qorunmasından danışarkən, ilk növbədə Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın yüksək humanizmə əsaslanan çoxşaxəli fəaliyyətini qeyd etmək lazımdır. Mehriban xanımın beynəlxalq aləmdəki gərgin əməyi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük əhəmiyyət kəsb edir.

İmkandan istifadə edib hörmətli Mehriban xanım Əliyevanı respublikanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə bir daha səmimiyyətlə təbrik edir, yüksək dövləti vəzifəsinin icrasında müvəffəqiyyətlər arzulayıram.

Hörmətli deputatlar, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən Silahlı Qüvvələrə göstərilən gündəlik diqqət və qayğını xüsusilə vurğulamaq istərdim. Bu gün ölkənin Silahlı Qüvvələrinin xaricdə və daxildə istehsal olunan müasir silahlarla təchiz edilməsi taktiki hədəflərə çatmaqla yanaşı, strateji vəzifələrin də yerinə yetirilməsini təmin edir. 2016-cı ilin aprel döyüşləri ölkənin hərb tarixinə zəfər səhifəsi kimi yazıldı. Təcavüzkar Ermənistanın növbəti təxribatına verilən qəti və tutarlı cavab ordumuzun yüksək döyüş ruhunu göstərdi. Bu hərbi əməliyyatlar torpaqlarımızın azad edilməsinin uzunmüddətli danışıqlar yolundan başqa, hərb yolunun da mövcud olduğunu və Azərbaycan əsgərinin qələbə əzmini nümayiş etdirdi.

Hörmətli deputatlar, dövlətimizin başçısı Nazirlər Kabinetinin yanvar ayında keçirilmiş iclasındakı çıxışında görülmüş işləri təhlil edərkən 2016-cı ili dərin iqtisadi islahatlar ili kimi qiymətləndirdi və bu siyasətin davamı olaraq cari ildə qarşıda duran vəzifələri müəyyənləşdirərək, onların icrası ilə bağlı tapşırıqlarını verdi.

Əminəm ki, Azərbaycan hökuməti bütün qüvvələrini və imkanlarını səfərbər edərək, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nail olacaqdır.

Fürsətdən istifadə edərək, Sizi qarşıdan gələn gözəl Novruz bayramı münasibətilə təbrik edir, möhkəm cansağlığı və ruzi-bərəkət arzulayıram.

Diqqətinizə görə sağ olun.

 

x x x

 

Daha sonra deputatlar hökumətin hesabatına münasibət bildiriblər. Qeyd edilib ki, hesabatda və Baş nazirin bununla bağlı çıxışında hökumətin fəaliyyəti hərtərəfli və əhatəli təqdim olunub. İqtisadi çətinliklərə baxmayaraq, hökumət ötən il ərzində səlahiyyətləri çərçivəsində öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirib, Azərbaycanın sosial, iqtisadi inkişafına öz dəyərli töhfəsini verib. Bildirilib ki, deputatlar tərəfindən irəli sürülən təkliflərə hesabatda həssaslıqla yanaşılıb. Nazirlər Kabinetinin illik hesabatında ölkə həyatının bütün sahələri əhatə edilib, bütün əsas göstəricilər əksini tapıb.

Diqqətə çatdırılıb ki, 2016-cı il Azərbaycanın müstəqillik tarixində ən uğurlu illərdən biri olub. Məhz bu il biz əmin olduq ki, Azərbaycan Ordusu ən qısa müddətdə düşməni işğal altındakı torpaqlarımızdan çıxarmaq gücündədir. Ötən ilin aprelində baş vermiş döyüşlər xalqımızın ordumuza olan inamını daha da artırdı. Azərbaycan Prezidentinin uzaqgörənliklə apardığı düşünülmüş xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq aləmdəki mövqeyi daha da möhkəmlənib. Bakıda Azərbaycan, Rusiya və İran dövlət başçılarının üçtərəfli Zirvə görüşünün keçirilməsi ölkəmizin bölgədə oynadığı rolun göstəricisidir. Bu il həm də Azərbaycanın reallaşdırdığı vasitəçilik missiyasının da şahidi olduq. Rusiyaya məxsus təyyarənin Türkiyə səmasında vurulması nəticəsində yaranan gərginliyin qarşısının alınmasında Azərbaycan Prezidentinin mühüm rol oynadığını hər iki tərəf dəfələrlə bildirib. Heç kimin terror təhlükəsindən sığortalanmadığı bir vaxtda Azərbaycanda sabitlik və təhlükəsizlik tam təmin edilib.

Vurğulanıb ki, Azərbaycanda mövcud olan hazırkı mənzərə böyük nikbinlik doğurur. Qlobal təsirlərin yaratdığı müəyyən çətinliklərə baxmayaraq, ölkəmiz 2016-cı ildə də inamlı inkişafını davam etdirmək əzmini ortaya qoyub. Həyata keçirilən davamlı islahatlar sayəsində hesabat ilində ölkənin iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı addımlar atılıb. Azərbaycanda müasir çağırışlarla səsləşən, kreativ yanaşmalara geniş meydan verən sərbəst bazar iqtisadiyyatına transformasiya prosesi uğurla yekunlaşıb. 2016-cı ildə əldə olunan nəticələr aparılan islahatların səmərəliliyini bir daha təsdiqlədi. Çətin keçən ötən ildə Azərbaycan iqtisadiyyatı öz dayanıqlılığını saxladı və müəyyən inkişaf dinamikasına nail olundu. Eyni zamanda, 2016-cı ildə ölkəmizdə nəzərdə tutulan bütün sosial proqramlar uğurla icra edildi. Güclü iqtisadi inkişafın dərin məzmunlu sosial siyasətlə tamamlanması da müstəqil Azərbaycanı fərqləndirən əsas cəhətlərdəndir. Bütün ölkədə təhsil və səhiyyə infrastrukturunun ən yüksək səviyyədə yenidən qurulması, paytaxtda və bölgələrdə müasir idman obyektlərinin istifadəyə verilməsi, əhalinin rifahının yaxşılaşdırılmasına yönəldilmiş tədbirlərin ildən-ilə genişləndirilməsi Azərbaycanın sosial dövlət kimi mənzərəsini göz önündə canlandırır.

Deputatlar çıxışlarında 2017-ci ilin Azərbaycanda iqtisadi artım ili olacağına əminliklərini bildiriblər və müxtəlif təkliflərini səsləndiriblər.

Sonda Nazirlər Kabinetinin hesabatı səsə qoyularaq qəbul edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video