16 Mart 2017 09:03
646
Tədbirlər
A- A+

V Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib

 

Martın 16-da Heydər Əliyev Mərkəzində V Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirak etdikləri ziyafətdə Latviya, Makedoniya, Albaniya, Monteneqro və Gürcüstan prezidentləri, Səudiyyə Ərəbistanının şahzadəsi, eləcə də bir sıra ölkələrin sabiq dövlət və hökumət başçıları, dünya siyasətində əhəmiyyətli rol oynayan ictimai-siyasi xadimlər, ekspertlər və mütəxəssislər iştirak ediblər.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Qlobal Bakı Forumu artıq beşinci dəfədir baş tutur və budəfəki forumda beynəlxalq münasibətlərin gələcəyi, münaqişələrin qarşısının alınmasında dialoqun rolu, miqrasiya, multikulturalizm, qlobal təhlükəsizliyin təmin olunması və digər mühüm məsələlər müzakirə edilir.

Forumda 50-dən çox ölkədən 300-dək nümayəndə iştirak edir. Artıq Qlobal Bakı Forumu ənənəvi mötəbər tədbirə çevrilib. Bir çox mühüm beynəlxalq tədbirlərin keçirilməsində zəngin təcrübə toplayan Azərbaycan Qlobal Bakı Forumuna da uğurla evsahibliyi edir. Bu cür tədbirlər ölkəmizin beynəlxalq birliyə təqdim olunması baxımından da vacib əhəmiyyət daşıyır.

Ziyafətdə çıxış edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa yüksək səviyyədə qonaqpərvərliyə görə nümayəndələr adından minnətdarlığını bildirdi, Azərbaycana hər səfərlərində daha böyük tərəqqi və uğurların şahidi olduqlarını vurğuladı. O, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yaradılmasında Prezident İlham Əliyevin səylərini yüksək qiymətləndirdi.

Qlobal Bakı Forumunun mühüm əhəmiyyətini qeyd edən Vayra Vike-Freyberqa Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin beynəlxalq səviyyədə rolunun get-gedə artdığını bildirdi. Xalqımızın ümummilli lideri Heydər Əliyev ilə ilk görüşünü məmnunluqla xatırlayan qonaq ulu öndərin xatirəsini ehtiramla andı.

Vayra Vike-Freyberqa bildirdi ki, hər bir ölkə öz ərazi bütövlüyünü beynəlxalq hüquqa uyğun surətdə bərpa etmək hüququna malikdir. Bütün Avropa İttifaqı ölkələri, o cümlədən Latviya belə bir ideyanı güclü surətdə dəstəkləyirlər.

Latviyanın sabiq prezidenti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ayrı-ayrı dövlət başçıları ilə görüşlərini əks etdirən fotoşəkillərdən ibarət xatirə albomunu Prezident İlham Əliyevə təqdim etdi.

Azərbaycan Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı salamlayan Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin təmsil etdiyi qurumun fəaliyyətinə hərtərəfli dəstəyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. O, Heydər Əliyev Fondunda Azərbaycanın birinci xanımı ilə ölkəmizlə Misir arasında mədəniyyət sahəsinə dair məsələləri müzakirə etdiklərini xatırlatdı, belə görüşlərin davam edəcəyinə ümidvar olduğunu söylədi. İsmail Serageldin növbəti Qlobal Bakı Forumunun daha möhtəşəm olacağına əminliyini vurğuladı.

Dəyərli hədiyyəyə və ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla andığına görə Prezident İlham Əliyev Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqaya minnətdarlığını bildirdi. Dövlətimizin başçısı Azərbaycan tarixinin istər sovet dövründə, istərsə də ölkəmizin müstəqilliyinin bərpa olunması və dövlət quruculuğunda ulu öndər Heydər Əliyevin müstəsna rolunu və misilsiz xidmətlərini xüsusi vurğuladı. Prezident İlham Əliyev hazırda Azərbaycanın nüfuzlu dövlətlərdən birinə çevrildiyini, çoxlu dostlarının olduğunu və gələcəyə nikbinliklə baxdığını dedi.

Dövlətimizin başçısı qeyd etdi ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi artıq mötəbər quruma çevrilib və bu da dahi Azərbaycan şairi Nizami Gəncəvinin irsinin daha geniş təbliğinə əlverişli imkanlar yaradır. Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə gələcək fəaliyyətində uğurlar arzuladı.

V Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə verilən ziyafətdə Azərbaycanın incəsənət ustalarının ifasında konsert proqramı təqdim olundu. 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video