16 Mart 2017 03:03
352
PARLAMENT
A- A+

Azərbaycan ilə İordaniya arasında əlaqələr yüksək səviyyədədir

Martın 16-da Milli Məclisin sədri Oqtay Əsədov V Qlobal Bakı Forumunda iştirak etmək üçün ölkəmizə səfərə gəlmiş İordaniya Senatının sədri Feysal əl-Fayez ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəvəti ilə baş tutmuş bu səfərin ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcəyini bildirdi. Qeyd edildi ki, Azərbaycan tarixən dini və mədəni köklərlə bağlı olduğu ərəb ölkələri, o cümlədən İordaniya ilə müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verir. Əlaqələrimizin inkişafına dövlət başçılarımızın qarşılıqlı səfərləri, onların arasındakı səmimi münasibət və aparılan danışıqlar öz müsbət təsirini göstərib. Bu günədək dövlətlərimiz arasında 34 sənəd imzalanıb.

Siyasi sahədə münasibətlərimiz çox yüksək səviyyədədir. Biz iqtisadi əlaqələrimizi də genişləndirmək niyyətindəyik. Bu baxımdan hökumətlərarası komissiyanın iclaslarının və biznes forumların keçirilməsi ümumi məqsədlərə çatmaqda əhəmiyyətli rol oynaya bilər.

Sədr parlamentlər səviyyəsində əməkdaşlığın genişləndirilməsinin önəmini vurğulayaraq, hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsini təqdir edib. Bildirilib ki, nüfuzlu beynəlxalq qurumlarda nümayəndə heyətlərimiz prinsipial məsələlərdə eyni mövqedən çıxış edirlər.

Spiker Azərbaycanın yerləşdiyi bölgədə özünəməxsus mövqe tutduğunu qeyd edərək, Bakıda mötəbər beynəlxalq tədbirlərin keçirilməsinin artıq bir ənənə halı aldığını söylədi. O, 2015-ci ildə Birinci Avropa Oyunlarının keçirilməsindən və bu il IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərindən danışdı. Bildirildi ki, heç də təsadüfi deyil ki, ölkə başçısı tərəfindən 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunub.

Görüşdə Dağlıq Qarabağ problemindən söz açan sədr bu məsələdə İordaniyanın Azərbaycanın haqq işini həmişə müdafiə etdiyi üçün minnətdarlığını bildirdi. O, 2013-cü ilin mayında İordaniya Senatı tərəfindən Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar bəyanat qəbul edilməsini və bu soyqırımının pislənilməsini yüksək dəyərləndirdi. Ümidvar olduğunu bildirdi ki, gələcəkdə də bu iki dost, qardaş ölkə bir-birinə dəstək verəcək.

İordaniya Senatının sədri Feysal əl-Fayez ölkəmizə səfərindən və burada gördüklərindən məmnun qaldığını söylədi. Bildirildi ki, hər iki ölkənin geosiyasi vəziyyətində oxşar cəhətlər çoxdur. Bu baxımdan qardaş dövlətlərin bir-birinə dəstək verməsi təbiidir. Qonaq dövlət başçılarımız arasındakı sıx münasibətlərin həyatın digər sahələrinə də təsir etdiyini söylədi. O, ümidvar olduğunu bildirdi ki, gələcəkdə iqtisadi, mədəni və digər sahələrdə də yüksək nəticələr əldə ediləcək.

Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, regional münaqişələrin həlli yolları, humanitar sahədə əməkdaşlığın genişləndirilməsi və digər məsələlər barədə fikir mübadiləsi aparıldı.

Görüşdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, ölkəmizin İordaniyadakı səfiri Sabir Ağabəyov, İordaniyanın Azərbaycandakı səfiri Nassar Habaşneh və digər rəsmi şəxslər iştirak edirdilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video