Alternative content

23:20 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xalq onu xatırlayır
Xalq onu xatırlayır
ANA SƏHİFƏ / Oxucu məktubları
12:03 14.03.2017

 

Vətən, millət öz qəhrəman oğullarını unutmayıb, unutmayacaq da! Belə vətənpərvər igidlərimizdən biri - Milli Qəhrəman Elman Süleyman oğlu Hüseynovdan bəhs etmək istəyirəm. Yaşasaydı, bu günlərdə 65 yaşı tamam olacaqdı. Amma cismən aramızda olmasa da, o, həmişə xalqımızın qəlbində yaşayacaq. Tərtərdə bu il də onun xatirə, anım gecəsinə yığışdıq.

O dövrün - Qarabağ müharibəsinin alovlandığı ilk illərin şahidləri və şəhidin silahdaşları bir daha xatirələrini təzələyib Elmanın həyatından, şanlı döyüş yolundan danışdılar. Bu, gənc nəslin tərbiyəsində, tarixin olduğu kimi gələcək nəsillərə ötürülməsində vacibdir. Başımıza gətirilən müsibətlərin bir səbəbi də elə uzun illər tarixin saxtalaşdırılması, qardaşın düşmən, düşmənin dost kimi tanıdılması olmuşdu.

Ermənilərin və onların havadarlarının ötən əsrin əvvəllərində torpaqlarımızı işğal edib millətimizi soyqırımına məruz qoyması həmişə başqa cür təqdim edilmişdi. Biz də fərqinə varmadan ilanı bağrımıza basıb özümüzdən çox istəmişdik... Halbuki o tarixi olduğu kimi bilsəydik, növbəti dəfə təcavüz cəhdinə belə hazırlıqsız, qəfil yaxalanmazdıq. Amma qəhrəman Vətən oğullarının, vətənsevər igidlərimizin şücaəti sayəsində nəticə heç də düşmənin planlaşdırdığı kimi olmadı.

Xüsusi qeyd etmək istəyirəm ki, Elman Hüseynov vəzifə sahibi idi. O, 3 il Tərtər Xalq Nəzarəti Komitəsinin sədri, 3 il icraiyyə komitəsi sədrinin birinci müavini, 2 il Tərtərçay Hidroqovşağı İstismar İdarəsinin rəisi işləyib. Sonuncu iş yeri Tərtər Rayon Partiya Komitəsi olub. Dəfələrlə rayon sovetinə deputat seçilib. Vəziyyətin kəskinləşdiyi, ağırlaşdığı dövrdə - 1991-ci ildə işindən, vəzifəsindən imtina edərək könüllülərdən ibarət müdafiə taboru yaradıb. Əvvəlcə Tərtər özünümüdafiə qərargahının rəisi, daha sonra Tərtər ərazi özünümüdafiə batalyonunun komandiri təyin olunub. Bir yerdə döyüşmüşük. O, Ağdərə rayonunun və ətraf yaşayış məntəqələrinin düşməndən azad edilməsində fərqlənib. Onun rəhbərliyi altında keçirilmiş döyüş əməliyyatları nəticəsində düşmənin xeyli hərbi texnikası, silah-sursatı və canlı qüvvəsi məhv edilib. İki dəfə yaralanmasına baxmayaraq, sağalar-sağalmaz yenidən silaha sarılıb, cəbhəyə yollanıb. Vəng yüksəkliyi uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub. 1995-ci ildə Elman Hüseynova Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Tərtər şəhərində büstü ucaldılıb, adına muzey açılıb. Onun Qaraqoyunlu kəndindəki məzarı gənclərin ziyarət, and yeridir.

Xalq onu xatırlayır, ruhuna dualar oxuyur. Amma bilirik: şəhidlərimizin ruhu yalnız torpaqlarımız tamamilə azad edildikdən, düşmən vətənimizdən qovulduqdan sonra rahatlıq tapacaq! O günsə uzaqda deyil! Biz mütləq dövlətimizin ərazi bütövlüyünü bərpa edəcəyik! Özü də nəyin bahasına olursa-olsun...

 

Eldəniz İBADOV,

Tərtər şəhər sakini, müharibə veteranı