Alternative content

17:55 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əlavə zəhmət daha yüksək rifah deməkdir
Əlavə zəhmət daha yüksək rifah deməkdir
ANA SƏHİFƏ / Oxucu məktubları
12:02 28.02.2017

 

Göyçay rayonunun Bığır kəndində yaşayıram. Gözümü açandan ailəmizin, doğmalarımızın daim torpağa bağlı olduqlarını görmüşəm. Xoşbəxtlikdən, torpağın rəngi qara olsa da, ona doğdu əyildikcə üzümüzü ağ, qəlbimizi rahat, güzəranımızı xoş edib.

Göyçay narı ilə məşhurdur - bunu bilməyən yoxdur. Bığır narı da Göyçay məhsulları içərisində xüsusi şöhrətə malikdir. Kəndimizdə müxtəlif növ yüksək keyfiyyətli nar yetişdirilir. Bığır narı təkcə ölkəmizdə deyil, dünyanın bir çox ölkələrində tanınır və sevilir - bizim nar görünüşünə görə fərqlənməsə də, dənələrinin böyüklüyünə, tərkibinin zənginliyinə görə başqalarından seçilir.

Hazırda təxminən 2 hektardan bir qədər artıq nar bağım var. Bunun təxminən 1,5 hektarı həyətyanı təsərrüfatda, qalanı bir qədər kənarda olan sahədədir. Bağçılığın, narçılığın bir sirrini açmaq istəyirəm: məhsulun keyfiyyəti təkcə növündən, ona qulluqdan, torpaqdan deyil, həm də bağın coğrafi mövqeyindən, hava axını cərəyanlarından da asılıdır. Hətta bağın gündoğanda və ya günbatanda yerləşməsi də məhsulun keyfiyyətinə təsir göstərir. Məsələn, həyətyanı sahədəki nar bağım kəndin günçıxan hissəsindədir. Bığırlılılar bilir ki, kəndin gündoğan tərəfində yetişdirilən nar digər tərəfdə əldə edilən məhsuldan daha keyfiyyətli olur. Bununla belə, yerindən asılı olmayaraq, bizim rayonun, kəndin narı başqa bölgələrdə yetişdiriləndən daha keyfiyyətli sayılır. Əlbəttə ki, söhbət həm də keyfiyyətli nar növlərindən gedir.

Təsərrüfatımızın əsas hissəsini “Gülöyşə”, qalanını “Vələs”, eləcə də ağ nar dediyimiz “Bala Mürsəl” növləri tutur. Keçən il təxminən 12 ton məhsul götürmüşük. Onu da qeyd edim ki, məhsulun qiyməti onun keyfiyyətindən və satışa çıxarıldığı vaxtdan asılıdır. Keyfiyyətli məhsul bol dövrdə daha ucuz olur. Beləcə, qiymət 1-5 manat arasında dəyişir. Keyfiyyətli məhsulu satmaq da asandır - gəlib həyətdən aparırlar. Təsərrüfatımızda yetişdirilən məhsul Rusiyaya, Türkiyəyə ixrac edilir.

Sözümün canı odur ki, səfa çəkmək üçün cəfa çəkmək, zəhmətə qatlaşmaq lazımdır. Şükür ki, son dövrlər kənd təsərrüfatının inkişaf etdirilməsinə diqqət artırılıb, zəruri şərait yaradılıb. Lakin bəzi insanlar işdən, zəhmətdən çəkinir, müftə qazanc, rahatlıq axtarırlar. Düşünürəm ki, ən böyük rahatlıq torpaqda, halal zəhmətdədir. Nar bağımız kiçik hesab olunsa da, davamlı işləmək, çalışmaq üçün az deyil. Bununla belə, daha artıq zəhmətə qatlaşmağa, əlavə nar bağları salmağa hazıram - əlavə zəhmət, əziyyət həm də əlavə gəlir, daha yüksək rifah deməkdir.

 

Arzu İSMAYILOV,

Göyçay rayonu,

Bığır kənd sakini, fermer