19 Fevral 2017 12:02
755
Oxucu məktubları
A- A+

Televiziyalarda təbiətə sevgi, qayğı aşılayan maarifləndirici verilişlər niyə yoxdur?

 

Ekologiyanın çirkləndirilməsindən,  təbiətdə tarazlığın pozulmasından,  bioloji və zooloji ünsürlərin  lüzumsuz yerə məhv edilməsindən bütün dünya narahatdır.  Bəşər övladı onu həyata gətirmiş və yaşaması üçün bütün  nemətləri ixtiyarına vermiş təbiəti acımadan istismar edir. 

Nədən? Yəqin, təbiəti yetərincə sevmir, qədir-qiymətini layiqincə bilmirik.  Azərbaycanda da təbiətə münasibət arzu olunan səviyyədə deyil. Bakının min-bir zəhmətlə ərsəyə gətirilmiş yaşıllıqları kommersiya maraqlarına, obyekt hərisliyinə qurban  getməkdədir. Cəzalar sərtləşdirilsə də, bu prosesin qarşısını tamamilə almaq mümkün olmur: təbiətə, yaşıllığa qarşı  eyni rəngli əsginasa sevgi daha güclüdür.  Əgər dünyanı gözəllik xilas edəcəksə, gözəlliyi də sevgi qorumalıdır.

Təbiəti uşaq və yeniyetmələrə, gənclərə, bəzən isə yetkin insanlara sevdirmək lazımdır. Özü də davamlı, fasiləsiz, bütün həyat boyu: ailədə, məktəbdə və cəmiyyətdə. Şübhəsiz, bu missiya  təsirli imkanlara  malik mətbuata,  xüsusilə də televiziyalara aiddir.

Keçmişdə  Azərbaycan dövlət televiziyasında hamının -  təkcə uşaqların deyil,  böyüklərin də maraqla izlədiyi , əvvəlcə  “Təbiətin keşiyində”, sonra  “Təbiəti sevənlər” adlı  bir veriliş yayımlanırdı.  40 ilə yaxın  efir həyatı sürmüş  verilişin aparıcısının  -  Qara müəllimin adını eşidən və o dövrü yaşamış hər  kəs  hörmətli bioloqun yumşaq səsini, təbiətə, canlı aləmə məhəbbət dolu söhbətlərini daxilən bir daha xatırlayır. O səsə, o təbiətə vurğunluğa indi necə də böyük ehtiyac var. Yeri görünür  o verilişin. Özü də, çox! Qara Mustafayevin  Mirəli Axundovla birgə apardığı  və misilsiz maarifləndirici, tərbiyəvi dəyərə malik “Təbiəti sevənlər”  verilişinin indi televiziyalarda bir analoqu, oxşarı yoxdur! Belə proqramlara həsrət qalmışıq. Niyə?  Bu sualın cavabı ilə yanaşı, nə zaman bu boşluğun doldurulacağını da bilmək istərdik. 

Ekologiya və Təbii Sərvətlər , eləcə də Mədəniyyət və Turizm nazirlikləri  heç də imkansız qurumlar deyillər.  İstəsələr birbaşa və ya  dolayı maliyyə dəstəyi verməklə, yəni müasir televiziya anlayışı ilə - sponsor təşkil etməklə belə bir verilişi yenidən ərsəyə gətirə bilərlər.  Bu yaxınlarda  qəzetinizdə Mədəniyyət və Turizm Nazirliyinin  televiziya verilişlərinin keyfiyyətcə inkişafı naminə veriləcək təklifləri dəstəkləməyə hazır olduğunu oxudum. Buyursunlar, bu da təklif: “Təbiəti sevənlər” verilişinin qaytarılmasına  əməli işlə nail olsunlar.  Efirdəki boşluqlardan birini doldursunlar.  Məgər buna mane olacaq, əngəl törədəcək nə isə var? Yaxud bu, onların  səlahiyyət və imkanları xaricindədir?  Bizcə, xeyr - istəsələr bunu edə bilərlər!

Fikrimizcə, biologiya elmləri doktoru, professor, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü Qara müəllim bu təklifin reallaşması üçün əlindən gələn köməyi, mənəvi dəstəyi, məsləhəti əsirgəməz.  Yetər ki, istək və iş görməyə təpər olsun...

 

E. HƏSRƏTLİ,

Bakı şəhər sakini

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video