10 Fevral 2017 10:02
707
Tədbirlər
A- A+

Yeni mərkəzlərdə əhaliyə yüksək standartlara uyğun xidmət göstəriləcək

 

Prezident İlham Əliyev Bakıdakı 1 saylı poçt filialının yeni xidmət mərkəzinin açılışında iştirak edib

 

Fevralın 10-da Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əsaslı şəkildə yenidən qurulan 1 saylı poçt filialının yeni xidmət mərkəzinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə dövlətimizin başçısına yeni xidmət mərkəzi barədə məlumat verdi. Bildirildi ki, nazirliyin qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlər poçt və telekommunikasiya binalarında yaradılan yeni xidmət mərkəzlərində təqdim ediləcək. “Şəbəkə” adlanan ilk xidmət mərkəzi Üzeyir Hacıbəyli 36 ünvanında yerləşən 1 saylı poçt filialında istifadəyə verilib. Sahəsi 500 kvadratmetrdən çox olan mərkəz müasir standartlara uyğun əsaslı təmir olunub.

Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, “Şəbəkə” mərkəzlərində istifadə olunan bütün proqram təminatı yerli mütəxəssislər tərəfindən hazırlanıb və müasir standartlara uyğundur. Mərkəzdə müştərilər xüsusi özünəxidmət terminalından da istifadə edə bilərlər. Burada son texnoloji tələblərə uyğun avadanlıq – müasir lazer printerlər, monoblok kompüterlər, özünəxidmət köşkləri, valyuta mübadiləsi və ödəmə terminalları, bankomatlar, bank sistemində tətbiq olunan ən müasir növbə aparatı, tam yenilənmiş abunə qutuları quraşdırılıb, müasir tələblərə cavab verən çeşidləmə otağı yaradılıb. “Şəbəkə” xidmət mərkəzlərində bütün növ telekommunikasiya və poçt, bank və maliyyə xidmətlərinin təşkili də nəzərdə tutulub. Vətəndaşlar telefon çəkilişi, internetə qoşulma, bütün növ rabitə xidmətlərinin ödənişi, mobil cihazların IMEI qeydiyyatı, elektron hökumət xidmətlərindən yararlanmaq, elektron imza, valyuta mübadiləsi və aviabiletlərin alınması üçün bu mərkəzə müraciət edə bilərlər. Xidmətlərin vahid məkanda cəmlənməsi vətəndaşların vaxt itkisini aradan qaldırmağa və nağdsız ödənişlərə imkan yaradıb.

Dövlətimizin başçısına və xanımına mərkəzdəki e-GovPay ödəmə sistemi barədə də məlumat verildi. Qeyd olundu ki, bu sistem vasitəsilə hazırda kommunal xərclər və digər ödənişlər mümkündür. Yaxın gələcəkdə isə həmin sistem vasitəsilə dövlət rüsumları da ödəniləcək. “Şəbəkə” xidmət mərkəzlərinin yaradılmasında əsas məqsəd əhaliyə mərkəzləşdirilmiş qaydada yüksək standartlara uyğun xidmət göstərməkdir. Burada işçi heyəti üçün treninqlər də keçirilir. İşə 60 nəfərdən çox əməkdaş cəlb olunub. Bildirildi ki, Bakı şəhərində ilkin mərhələdə 10 belə xidmət mərkəzinin açılması nəzərdə tutulur. Hazırda Xəzər, Yasamal və Binəqədi rayonlarında “Şəbəkə” xidmət mərkəzlərinin açılması üçün təmir-tikinti işləri aparılır və yaxın zamanlarda onların istifadəyə verilməsi gözlənilir. Gələcəkdə respublikamızın regionlarında da “Şəbəkə” xidmət mərkəzlərinin istifadəyə verilməsi planlaşdırılır.

Mərkəzdəki “elektron imza” və “elektron hökumət” portalı ilə bağlı həyata keçirilən yeniliklər barədə də ətraflı məlumat verildi. Qeyd olundu ki, müxtəlif ölkələrə səyahətə və istirahətə gedənlər də buradan sərfəli qiymətə aviabiletlər əldə edə bilərlər. Bu mərkəzlərdə vətəndaşlara fasiləsiz olaraq həftənin bütün günlərində səhər saat 9-dan axşam saat 8-dək xidmət göstəriləcək.

Yeni xidmət mərkəzi ilə tanış olan Prezident İlham Əliyev kollektivə uğurlar arzuladı, tapşırıq və tövsiyələrini verdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video