Alternative content

19:43 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Torpaqlarımız azad olunacaq: özü də bizim iştirakımızla!
Torpaqlarımız azad olunacaq: özü də bizim iştirakımızla!
ANA SƏHİFƏ / Oxucu məktubları
12:01 29.01.2017

 

Dərs əlaçısıyam. Humanitar elmlərə, ədəbiyyata marağım böyükdür. Mütaliəni, kitab oxumağı çox sevirəm. Uzaq-yaxın tariximizi öyrənirəm. Milli-azadlıq hərəkatı,  20 Yanvar faciəsi və Qarabağ münaqişəsi haqqında oxuduqlarım yaddaşıma həkk olub.

Uzun illər boyu xilaskar kimi tanıdılan sovet ordusunun 20 Yanvar günü xalqımıza qarşı hücuma keçib onu gülləbaran etməsini ürək ağrısı ilə oxuyuram.  O gecə Bakı küçələrində günahsız insanların qanı axıdılıb. İndi biz anlayırıq: o zamankı mərkəzi hakimiyyət Azərbaycanda milli mübarizə əzmini qırmaq, ayağa qalxan xalqı tutduğu yoldan çəkindirmək istəyirdi. Ancaq sovet rejimi bu mənfur niyyətinə çata bilmədi. Əksinə, bu qanlı faciə xalqı daha sıx birləşdirdi, azadlıq mübarizəsinə səfərbər etdi. Bu mübarizədə milli ruhlu şairlər, ziyalılar öz odlu-alovlu çağırışları ilə xalqı başladıqları azadlıq mücadiləsini qəti qələbəyədək davam etdirməyə ruhlandırırdılar. Xalq şairi Xəlil Rza Ulutürkün məşhur misralarını oxuduqca o milli ruhu, ozamankı azadlıq coşqusunu duyuram:

Azadlığı istəmirəm qram-qram

Qolumdakı zəncirləri gərək qıram, qıram, qıram...

O qanlı yanvardan 27 il keçir. Artıq xalqımız azad, dövlətimiz müstəqildir. Əlbəttə, şəhidlərin qanı ilə yazılan o şanlı tarix əsrlər keçsə də unudulmayacaq, yaddaşlardan silinməyəcəkdir. Xalqımız qəhrəman övladlarının, 20 Yanvar şəhidlərinin xatirəsini hər zaman ehtiram və minnətdarlıqla yad edəcək. Bunun üçün tarix olduğu kimi öyrənilməli və gələcək nəsillərə ötürülməlidir. Bunda bizim - gəncliyin də məsuliyyəti böyükdür.

Təhsil aldığım məktəb şəhid Akif Abdullayevin adını daşıyır. Onun və minlərlə digər şəhidlərimizin arzusu doğma Azərbaycanımızı azad, bütöv və müstəqil görmək idi. Azadlıq və müstəqillik qazanılıb, təəssüf ki, torpaqlarımız işğaldan tamamilə azad edilməyib. Amma bu da olacaq. Özü də bizim - yeni nəslin, gəncliyin iştirakı ilə. Bunun üçün də hər kəs əlindən gələni əsirgəməməlidir. Vətənə layiqli, bacarıqlı vətəndaş kimi formalaşmağımız üçün də əvvəla yaxşı oxumalıyıq. Sonra kamil peşə, sənət sahibi olmalı, vətəndaşlıq vəzifələrimizi  dolğun icra etməliyik.  Mənim də həyat qayəm ali təhsil alıb bacarıqlı mütəxəssis olmaq, vətənimə, xalqıma şərəflə xidmət etməkdir. Hesab edirəm ki, bu, şəhidlərimizin ruhuna ən böyük ehtiram olar.

 

Leyla QULUZADƏ,

Bakı şəhəri, şəhid Akif Abdullayev adına 211 saylı məktəbin IX sinif şagirdi