Alternative content

22:24 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Günah kimdədir
Günah kimdədir
ANA SƏHİFƏ / Oxucu məktubları
01:01 19.01.2017

 

Kommunal xidmət təşkilatları ilə vətəndaşlar arasında narazılıq, anlaşılmazlıq, qarşılıqlı ittihamlar həmişə olub və görünür, necə deyərlər, “qayınana-gəlin” münasibəti kimi indidən sonra da olacaq. Özü də əsəbləri tarıma çəkən, çox vaxt iki tərəfin mübahisəsi  çərçivəsindən kənara çıxıb əməlli-başlı hüquqi çəkişmə müstəvisinə keçən bu cür konfliktlər təkcə bizdə baş vermir. Yalnız qonşu ölkələrin kütləvi informasiya vasitələrini müntəzəm demirik, ara-sıra izləmək kifayətdir ki, kommunal xidmət qurumları ilə abonentlər arasındakı “amansız mübarizə”nin coğrafiyasının sərhədsiz olduğuna şübhə yeri qalmasın.

Bunun səbəbini “iş olan yerdə qüsur da olar” prinsipindən tutmuş hər iki tərəfdə müşahidə edilən məsuliyyətsizlik və tamah qarışıq bütün neqativ keyfiyyətlərlə izah etmək mümkündür. Amma bütün hallarda, yəni baş vermə səbəbindən asılı olmayaraq belə vəziyyət hər zaman qınanılmalı və kökünün kəsilməsi demirik, ən azından sayının minimuma endirilməsi üçün ciddi tədbirlər görülməlidir. 

İndiki həssas zaman isə bu cür tədbirlərin görülməsini daha vacib edir. Nəyə işarə vurduğumuz yəqin ki, aydındır. Bəli, Tarif Şurasının elektrik enerjisi və təbii qazın istehlak tariflərində limitlərin tətbiq olunması barədə qərarından sonra yaranan vəziyyəti nəzərdə tuturuq. Həmin vəziyyət də bundan ibarətdir ki, indi əhali elektrik enerjisindən və təbii qazdan daha qənaətlə istifadə etməyə, onlara xərclədiyi və xərcləyəcəyi pulu qəpiyinəcən hesablamağa başlayıb. Artıq hamı başa düşür ki, işıq, qaz, istilik daha uzaq və yaxın keçmişlərdəki kimi  “ehsan” deyil, əksinə, sözün hər iki mənasında qiymətli kommunal xidmətləridir və bu səbəbdən onların həm qədrini, həm də qədərini bilmək lazımdır.

Eyni zamanda, həmin xidmətləri göstərən qurumlar da qəbul etməlidirlər ki, abonentlər də dəyişiblər, indi onlara “kompüterə düşüb, heç nə edə bilmərik” deyib işlətmədikləri işığın, qazın pulunu “yükləmək”, keyfiyyətsiz xidmət göstərmək mümkün deyil. Çünki dəyişən təkcə tariflər yox, həm də zamandır. O zaman ki, yeni tarifləri qaçılmaz etdiyi kimi, həmin tarifləri ödəyən əhalini bu sahəyə münasibətini dəyişməyə də vadar edib.

Bu günlər redaksiyamıza Ağdaş şəhər sakini, 67 yaşlı pensiyaçı Əhmədiyə Quliyevdən bir şikayət məktubu daxil olub. Gileyi Ağdaş Qaz İstismarı Sahəsindəndir. Qurumun bildirişlərini və özünün ödəniş qəbzini əlavə etdiyi məktubunda yazır: “Ötən il noyabrın 26-da yaşadığım Səməd Vurğun küçəsi, ev 184 ünvanına Qaz İstismar Sahəsi tərəfindən 30 manat 29 qəpik borcum olduğu barədə bildiriş gəlmişdir. Mən də pensiyamı alandan sonra ağzımdan-əynimdən kəsib dekabrın 12-də həmin borcun 30 manatını ödədim. Qalan borcum 29 qəpik oldu. Lakin ayın sonuna yaxın, yəni dekabrın 26-da aldığım bildirişdə işlətdiyimiz qazın pulundan əlavə həmin 29 qəpik qalığın üstünə 144 manat da əlavə olunmuşdu”. Ə.Quliyev daha sonra Qaz İstismar Sahəsinə gedib məsələni aydınlaşdırmaq istədiyini, lakin rəisin qəbuluna düşə bilmədiyini, indi ümidini qəzetimizə bağladığını yazır, bu işdə ona kömək göstərməyimizi xahiş edir.

Onu da qeyd edək ki, “Azəriqaz”ın yerlərdəki qurumlarından şikayət edən təkcə Ə.Quliyev deyil. Məsələn, paytaxt sakini, Ağa Nemətulla küçəsi, ev 50, mənzil 32-də yaşayan Kamal Cəfərov bağ evinə göndərilən 250 manat 70 qəpik borcun ona aid olmadığını bildirir: “Mən Sabunçu rayonu, Albalılıq-2 ünvanında yerləşən 469a saylı bağ evini 2013-cü ilin oktyabrında almışam. Bundan 3 il sonra - 2016-cı ildə smart kartla qaz pulu ödəmək istəyəndə məlum oldu ki, o, borca görə bloka salınıb, yəni mən qazdan istifadə hüququndan məhrum edilmişəm. Məsələni aydınlaşdıranda öyrəndim ki, borc bağın əvvəlki sahibinə aid imiş. İndi sual edirəm: necə olur ki, bağın əvvəlki sahibi düz 3 il (2010-2012-ci illər) pul ödəmədən qazdan istifadə etmişdir? Həmin illər Sabunçu Rayon Qaz İstismarı Sahəsinin əraziyə məsul əməkdaşları hara baxırlarmış? Və nəhayət, onların məsuliyyətsizliyi üzündən yaranan borcu mən niyə ödəməliyəm? Bununla bağlı dəfələrlə aidiyyəti idarəyə müraciət etsəm də, indiyəcən heç bir nəticəsi olmayıb. Bu, azmış kimi, “Azəriqaz” İstehsalat Birliyindən şikayətimlə bağlı mənə göndərilən cavabda borcu yaranmış bağ evinin tamam başqa ünvanda (Albalılıq qəsəbəsi, ev 207) yerləşdiyi “üzə çıxıb”. İndi başa düşə bilmirəm ki, 250 manat 70 qəpiklik borc hansı ünvana aiddir - mənə məxsus 469a saylı bağa, yoxsa “Azəriqaz” İB-nin cavab məktubunda göstərilən və mənə heç bir aidiyyəti olmayan 207 saylı evə”. K.Cəfərov da məktubunun sonunda bu anlaşılmazlıqlara aydınlıq gətirilməsində “Azərbaycan” qəzetindən kömək umur.

Bu yazının dərcinin şikayətçilərin problemlərinin həllinə kömək edib-etməyəcəyini deyə bilmərik. Ola bilsin və çox güman ki, “Azəriqaz”ın yerli qurumları abonentlərin şikayətlərini haqsız çıxarmaq üçün dəridən-qabıqdan çıxıb çoxsaylı sübut-dəlil gətirsinlər. Eyni zamanda biz həmin sübut-dəlillərin əsaslı olacağı ehtimalını da istisna etmirik. Amma olmazmı ki, bütün bunlar barədə şikayətçiləri qəbul edib onların özlərinə məlumat verilsin, məsələlərə yerində və anında aydınlıq gətirilsin və onlar operativ, obyektiv həll olunsun?! Axı, bu, problem ictimailəşəndən sonra özünə bəraət qazandırmaq üçün dəridən-qabıqdan çıxmaqdan, redaksiyaya və sözsüz ki, yuxarı təşkilata rəsmi cavab məktubu yazıb göndərməkdən daha asan və daha məqbuldur. Elə abonentlər də bunu istəmirlərmi?!

 

Raqif MƏMMƏDOV,

 “Azərbaycan”