24 Dekabr 2016 02:12
1002
Tədbirlər
A- A+

“Bəylər” məscidinin bərpa işlərindən sonra təqdimatı olub

Dekabrın 24-də İçərişəhərdəki “Bəylər” məscidinin bərpa və konservasiya işlərindən sonra təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Dövlətimizin başçısı və xanımı əvvəlcə məsciddə yaradılan “Müqəddəs əmanətlər” ekspozisiyası ilə tanış olublar.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov dövlətimizin başçısına və xanımına görülən işlərlə bağlı ətraflı məlumat verib. Bildirilib ki, qədim Bakının inkişaf mərhələlərinə nəzər salanda bu şəhərdə qədim dövrlərdən başlayaraq müxtəlif din və həyat tərzlərinin bir-birini əvəz etdiyini və nəticə etibarilə mənəvi mədəniyyətin mənbəyinə çevrildiyini görürük. VII əsrin birinci yarısından Azərbaycanda, o cümlədən Bakıda İslam dininin yayılmasının geniş vüsət alması bu şəhərdə çoxsaylı dini memarlıq abidələrinin - məscid, təkyə, məktəb-məscid və türbələrin tikilməsinə səbəb olub və bu proses yüzilliklər boyu davam edib, nəticədə günümüzə onlarla qədim mədəniyyət abidələrini gətirib çıxarıb. 1895-ci ildə inşa olunan “Bəylər” məscidi də yerli əhəmiyyətli tarix-memarlıq abidəsidir.

Qeyd olunub ki, İçərişəhər ərazisində inşa olunan bu sonuncu məscid zalın böyüklüyünə və tikinti quruluşuna görə digər dini abidələrdən fərqlənir. Onun inşasında Avropa, Şərq, eləcə də yerli memarlığın konstruktiv prinsiplərindən istifadə olunub. Mükəmməl görünüşlü minarənin yuxarı hissəsi Qərbi Avropaya xas olan dekorativ elementlərlə bəzədilib. Məscidin zalında və mehrabında mükəmməl bədii daşyonma sənəti nümunələrindən məharətlə istifadə edilib. Memarlıq abidəsi qədim məscidin yerində tikilib.

“Bəylər” məscidində bərpa və konservasiya işləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəvət etdiyi avstriyalı məşhur bərpaçı ekspert Erix Pummer tərəfindən aparılıb. 2014-2015-ci illərdə görülən işlər zamanı məscidin bərpasında “İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi” də iştirak edib, qapı və pəncərələri memarlıq elementləri ilə bəzəyib. Nəticədə təyinatına uyğun muzeyləşdirilən məsciddə “Müqəddəs əmanətlər” ekspozisiyası yaradılıb.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın diqqətinə çatdırılıb ki, ekspozisiyada İslam dininin müqəddəs əmanəti olan müxtəlif dövrlərə aid qədim “Qurani-Kərim” kitabları nümayiş etdirilir. Burada 73 Quran, 7 dini kitab, 19 dini atribut - ümumilikdə, 99 eksponat nümayiş olunur. Yanğından hifz olunan kitabların vərəqləri, Dərbənd məscidinə aid və axund tərəfindən divara hörülərək qorunan Quran, eləcə də burada nümayiş etdirilən Quranın cüzləri ekspozisiyada diqqəti cəlb edən eksponatlardır. Azərbaycanın müxtəlif regionlarından toplanılan müqəddəs əmanətlər yanğına məruz qalan kitabxanalar və şəxsi mülklərdən aşkar edilib.

Burada yaradılan şərait bir daha təsdiqləyir ki, milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlətimizin başçısının təşəbbüsü və tapşırıqlarına əsasən, paytaxtda və ölkəmizin bölgələrində onlarla məscid, dini məbəd, tarixi abidə və ziyarətgah inşa edilib, bərpa olunub və ya yenidən qurulub. Heydər Əliyev Fondu da bu prosesə böyük töhfələr verib, mədəni və mənəvi mühitin qorunmasında mühüm xidmətlər göstərib. İçərişəhərdəki “Bəylər” məscidinin bərpa və konservasiyası da ölkəmizdə milli-mənəvi dəyərlərin inkişafı ilə bağlı görülən işlərə önəmli bir töhfədir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video