Alternative content

17:32 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əlyar Əliyev - əbədiyaşar qəhrəman
Əlyar Əliyev - əbədiyaşar qəhrəman
ANA SƏHİFƏ / Oxucu məktubları
12:12 18.12.2016

 

Bir neçə gün qabaq Milli Qəhrəman Əlyar Əliyevin doğum gününü qeyd etdik. Yaşasaydı, 60 yaşına qədəm qoyacaqdı. O, unudulmaz igidlərimizdəndir. Xalqımız, o cümlədən Qubadlı, Laçın camaatı, silahdaşları onun xatirəsini əziz tutur, həyat və döyüş yolunu gənclərə örnək  göstərirlər. 

Əlyar Əliyev ali  təhsilini  fərqlənmə diplomu ilə bitirmişdi. Doğma Qubadlıya qayıdıb, özü Qazyandan olsa da, Dondarlı kəndində idman müəllimi işləmişdi. Oradan hərbi xidmətə yollanmış, sonra  Rusiya unversitelərindən birinə dəvət almışdı. Amma qürbətdə qərar tuta bilməmiş, yenidən vətənə dönmüşdü. 1985-ci ildə müəllim-məşqçilikdən Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyəti rayon şurasının sədri  vəzifəsinə yüksəlmişdi.  Özü və yetirmələri idmanda ən yüksək nailiyyətlər qazanmışdılar: aralarında respublika və ölkə, eləcə də dünya çempionları var idi...

Ancaq erməni separatizmi, işğalı başlayan ilk günlərdən  könüllü olaraq silaha sarılıb mübarizəyə qoşulmuşdu. Əlyar  vətənpərvər insan, qorxmaz döyüşçü olması ilə yanaşı, hərbi təşkilatçılığı ilə də seçilirdi. Könüllülərdən ibarət taborun kəşfiyyat bölməsinin komandiri, sonra tabor komandirinin müavini olmuşdu. Onun qurduğu könüllülər taboruna el arasında “Pəhləvanlar taboru” deyirdilər. 

Əlyar Əliyev əks-hücumlar zamanı bir sıra yaşayış məntəqələrinin, o cümlədən strateji mövqelərin geri qaytarılmasında iştirak etmiş, şücaəti ilə fərqlənmişdi. Əlyar və silahdaşları ermənilərin Xocalıda törətdikləri vəhşiliklərin qısasını almaq məqsədi ilə Gorusda hərbi əməliyyat keçirmiş, düşmənin 300-dən çox hərbçisini  məhv etmişdilər.  O və döyüşçüləri topladıqları  kəşfiyyat məlumatları əsasında Suriya ermənisi Karlenin başçılığı altında 50 nəfərlik təxribat qrupunu mühasirəyə alaraq darmadağın etmişdilər. Əlyarın dəstəsi bir gündə ermənilərin  3 hərbi vertolyotunu vurmuşdu. Müxtəlif uğurlu əməliyyatlarla düşmən tərəfdə döyüşən əcnəbilər də daxil olmaqla çox sayda muzdlunu əsir də götürmüşdülər... 

Onlar təkcə Qubadlının deyil, qonşu rayonların, o cümlədən Laçının müdafiəsində də iştirak edirdilər. Hər yerdə də igidlikləri, uğurları ilə seçilirdilər. Özü də qəhrəman idi, əsgərləri də.

Təəssüf ki, qüvvələr nisbəti xeyrimizə deyildi. Düşmənin havadarı da güclü idi. Əbəs yerə deməyiblər: arxalı köpək qurd basar. Şanlı döyüş yolu keçən Əlyar Əliyev Laçının 2 kilometrliyində  gedən döyüşlərdə  qəhrəmancasına şəhid  oldu...

Ölümündən sonra Milli Qəhrəman adına layiq görülüb.  Bakının Nərimanov rayonunda büstü ucaldılıb, küçələrdən birinə adı verilib. Yaratdığı tabor və Sumqayıtda bir idman klubu adını daşıyır. Xatirəsinə həsr edilən Yunan-Roma güləşi üzrə respublika turniri keçirilir. Haqqında “Pəhləvan komandir” adlı sənədli film çəkilib.

Əlyar Əliyev xalqımızın yaddaşında əbədi yaşayacaq və hər zaman ehtiramla yad ediləcək.

 

Qərib ƏHMƏDOV,

Laçın rayonu,

müharibə veteranı