06 Sentyabr 2011 02:09
778
Konstitusiya məhkəməsi
A- A+

İnformasiya almaq hüququ

 

Son illər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında respublikamızda bütün sahələrdə quruculuq işləri böyük vüsət almışdır. Gözümüzün qarşısında yeni binalar ucaldılır, geniş və müasir yollar və körpülər tikilir, yeni iş yerləri açılır, qısa zaman kəsiyində iqtisadiyyatın inkişafında misli görünməmiş nailiyyətlər əldə edilir və ən başlıcası da vətəndaşların rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır. Heç şübhəsiz ki, bütün bunların mərkəzində insan və vətəndaş amili, yəni onların hüquqlarının və azadlıqlarının qorunması durur.

Məhz bu məqsədlə dövlət başçısının şəxsi təşəbbüsü və göstərişləri əsasında son illər ərzində dövlət və inzibati orqanlarda islahatlar aparılmış, onların yüksək səviyyədə işləməsi və xalqa xidmət etməsi üçün gözəl şərait yaradılmış, lazımi texnika və avadanlıqlarla təchiz olunmuş, yüksək vəzifə maaşları təyin edilmişdir.

Qayğının cavabı həmin orqanlarda çalışan məmurların vəzifələrinə tam məsuliyyətlə yanaşmaları olmalıdır. Belə ki, onlar daim yadda saxlamalıdırlar ki, dövlət və inzibati orqanlar Azərbaycan Respublikasının təməl daşlarından biridir və buna görə də nümunəvi və çox yüksək səviyyədə fəaliyyət göstərməlidirlər.

Hüquqi dövlətin prinsipləri baxımından inzibati orqanların idarəçilik fəaliyyəti konstitusiya prinsiplərinə və qanuna əsaslanmalı, hüquqi dövlət və ədalətlilik tələblərinə uyğun olmalı, habelə şəxsin qanuni maraqlarını nəzərə almalıdır. Bir sözlə, dövlət-vətəndaş münasibətlərində qarşılıqlı konstruktiv əməkdaşlıq ünsürü üstün rola malik olmalıdır. Dövlət - vətəndaş münasibətləri ahəngdar şəkildə, qarşılıqlı anlaşma əsasında qurulmalıdır.

İnzibati orqanlar insan hüquqlarına hörmətlə yanaşmalı, cəmiyyət üzvləri isə qanunun normalarına riayət etməlidirlər. Bu münasibətlər vətəndaşların hüquqlarının və qanuni maraqlarının qorunacağı inamına əsaslanmalıdır.

Dövlətlə vətəndaş arasında qarşılıqlı münasibətlərin yaranmasını, ilk növbədə, səlahiyyətləri daxilində öz vəzifələrini lazımi şəkildə yerinə yetirməli olan məmurlar təmin etməlidirlər.

Dövlət orqanlarının və ya inzibati orqanların idarəçilik fəaliyyətinin vahid icraat qaydalarının müəyyən olunması hakimiyyətdən sui-istifadənin, vətəndaşların hüquq və azadlıqlarının pozulmasının qarşısının alınmasında daha səmərəli təminat vasitəsidir. Qeyd edək ki, hər bir vətəndaş dövlət orqanlarından onun hüquqlarına aid olan hərtərəfli informasiya və qoyulan bütün suallara cavab almaq hüququna malikdir.

Dövlət orqanlarının nümayəndələri vətəndaşlara qarşı etik normalara uyğun, diqqət və təmkinlik nümayiş etdirməlidirlər. Vətəndaşı diqqətlə dinləmək, onu narahat edən suallara cavab vermək, ətraflı məlumatla təmin etmək bacarığı məhz cəmiyyət üzvlərinə diqqətin təzahürü deməkdir. Məmurların kobudluğu, etinasızlığı və öz xidməti vəzifələrinə səhlənkar yanaşmaları vətəndaşların dövlət orqanlarından narazılığına səbəb olur. Buna görə də hüquqi dövlətdə hər bir dövlət orqanının vətəndaşlarla münasibətləri dəqiq və aydın qaydalar əsasında qurularaq, müraciət edən şəxsə milli və sosial mənsubiyyətindən, dinindən asılı olmayaraq eyni münasibət göstərilməli, fəaliyyətsizliyə yol verilməməli, onların hüquqlarının bərpasına yardım edilməlidir. Nəzərə alınmalıdır ki, dövlət orqanının nümayəndələrinin vətəndaşlara qarşı davranışı həmin şəxslərin bütövlükdə dövlətə münasibətinin formalaşmasına və bu münasibətin xarakterinə təsir edən amildir.

Qısa müddətdə zəruri informasiyanın, bu və ya digər inzibati aktın alınması vətəndaşla dövlət orqanları arasında münaqişələrin qarşısının alınması üsullarından biridir. Dövlət orqanı məhz bu amildən çıxış etməli və vətəndaşlarla qarşılıqlı inama və əməkdaşlığa əsaslanan münasibətlər qurmalıdır. Bu məqsədi təmin etmək üçün 21.10.2005-ci il tarixində Milli Məclis tərəfindən "İnzibati icraat haqqında" qanun qəbul edilmişdir. Dövlət idarəçilik orqanları ilə vətəndaşlar arasında münasibətlərin bütün prosedur qaydaları inzibati icraat haqqında qanunla müəyyən olunur. Bu isə o deməkdir ki, heç bir dövlət orqanı, vəzifəli şəxs və dövlət qulluqçusu bu və ya digər məsələni qanunla müəyyən edilmiş qaydadan kənar, özünün şəxsi mülahizələri əsasında həll edə bilməz. Latın aforizminə istinadən desək: "Qanunlar elə ona görə verilib ki, güclünün hakimiyyətini məhdudlaşdırsın" (Inde datae legas, ne firmior omnia posset).

Ölkənin bütün inzibati orqanları üçün məcburi xarakter daşıyan "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun əsasını inzibati akt təşkil edir. İnzibati akt inzibati icraatı başa çatdırmaq üçün inzibati orqanların ən mühüm fəaliyyət və qərar qəbuletmə vasitəsidir. Ona görə də qanunda inzibati aktın qəbul edilməsi üçün şərtlərin yoxlanılması, inzibati aktın hazırlanması və qəbulu zamanı inzibati orqanların nəzərə almalı olduğu hüquq və prosessual prinsiplər tənzimlənir. Daha sonra qanunda inzibati aktın icrası, inzibati şikayətlər üzrə icraat, eləcə də inzibati orqanların və vəzifəli şəxslərin məsuliyyəti barədə müddəalar nəzərdə tutulmuşdur. Qanunda inzibati orqanlardan yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilmək, inzibati icraatda iştirak etmək üçün ona mümkün qədər tez bir vaxtda məlumat vermək, eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarlar qəbul etmək, vətəndaşlarla qeyri-mütənasib surətdə davranmamaq tələb olunur. Bütün bunlar hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləridir və bunların nəzərə alınması vətəndaşların dövlətə və idarəçiliyə olan etimadını gücləndirir.

Qeyd olunan məqsədlərə riayət edilməməsi məhkəmə çəkişmələrinə, yəni inzibati mühakiməyə gətirib çıxarır. Yuxarıda artıq göstərildiyi kimi, vətəndaşlarla dövlət inzibati orqanları arasında olan münasibətlərdə vaxtaşırı yaranan mübahisələri həll edən son instansiya məhkəmələrdir. Lakin "Inzibati icraat haqqında" qanun dövlət inzibati orqanlarına bu cür mübahisələrin məhkəməyə çatdırılmadan onların özləri tərəfindən qanunvericiliyin tələbləri çərçivəsində yoluna qoyulmasına şərait yaradır. Həmin qanun istər maraqlı şəxslərə (fiziki və ya hüquqi şəxslərə), istərsə də dövlət inzibati orqanlarına bu istiqamətdə geniş imkanlar verir. Bu baxımdan dövlət inzibati orqanlarının üzərinə xüsusi məsuliyyət düşür, yəni onlar vətəndaşların ərizə və şikayətlərinə diqqət və qayğı ilə yanaşmalı, sözügedən qanunun müddəalarına riayət etməlidirlər.

"İnzibati icraat haqqında" qanuna əsasən, hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. İnzibati orqan isə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin qanun inzibati orqanların üzərinə daha bir sıra vəzifələr qoyur. Onlar inzibati icraatda maraqlı şəxslərin iştirakını təmin etməli, işə baxılmasında qərəzsiz olmalı, maraqlı şəxslərə (vətəndaşlara) məsləhətlər və zəruri məlumatlar verməli, işin hallarını obyektiv araşdırmalıdırlar.

Qeyd edilməlidir ki, inzibati icraatın konkret müddəti müəyyən olunur. Səlahiyyətli orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan, bir qayda olaraq, ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. Qanunda yeniliyi ilə seçilən bir müddəa xüsusi diqqətə layiqdir. Bu yenilik ondan ibarətdir ki, maraqlı şəxs inzibati şikayətin verilməsindən asılı olmayaraq, müvəqqəti xarakterli müdafiə ilə bağlı məhkəməyə müraciət edə bilər. Maraqlı şəxsin müvəqqəti xarakterli müdafiə ilə bağlı ərizəsinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətdə müvafiq məhkəmələr tərəfindən baxılır, yəni inzibati şikayət verilmədiyi halda belə, məhkəmələr maraqlı şəxsin ərizəsi əsasında onun hüquqlarını pozan və ya qanunla qorunan mənafelərinə toxunan inzibati aktın icrasının dayandırılması ilə əlaqədar müvəqqəti xarakterli müdafiə tədbirlərini görməyə borcludurlar.

"İnzibati icraat haqqında" qanunla inzibati aktdan şikayət verilməsi qaydası müəyyən edilərkən maraqlı şəxsə seçim hüququ verilir, başqa sözlə, inzibati aktdan şikayət inzibati qaydada, yəni subordinasiya baxımından yuxarı inzibati orqana və ya məhkəmə qaydasında verilə bilər. İnzibati aktdan eyni zamanda həm inzibati, həm də məhkəmə qaydasında şikayət (inzibati iddia) verildiyi hallarda, şikayətə məhkəmə qaydasında baxılır və şikayət instansiyasında həmin şikayət üzrə başlanılmış icraata xitam verilir.

Təcrübə göstərir ki, sözügedən məsələlərlə bağlı məhkəmələrə şikayətlər bir qayda olaraq inzibati orqanda maraqlı şəxslərin inzibati şikayətlərinə diqqətlə, həssaslıqla və obyektiv baxılmadığı hallarda verilir. Yəni maraqlı şəxs inzibati orqanlarda onun şikayətinə etinasız yanaşıldığını və hərtərəfli yoxlanılmadığını gördükdə ədaləti tapmaq məqsədi ilə məhkəmələrə üz tutmağa məcbur olur. Məhz burada da qeyd edilməlidir ki, ədalət mühakiməsi də dövlətlə vətəndaş arasında münasibətlərin ahəngdar şəkildə qurulması vasitələrindən biridir. Yenə də latın aforizminə istinad etsək: "Ədalət mühakiməsi dövlətin əsasıdır" (Justitia regnorum fundamentum).

Dövlətlə vətəndaş arasındakı problemin məhkəmə yolu ilə həll edilməsi isə vətəndaşların qanuni hüquq və maraqlarının qorunmasında ən son mərhələdir.

Şəxsi inzibati orqanların qanunsuz inzibati aktlarından və hüquqazidd hərəkətindən (hərəkətsizliyindən) qorumaq üçün İnzibati Prosessual Məcəllə qəbul edilmiş və ölkəmizdə inzibati ədalət mühakiməsinin təmin edilməsi üçün inzibati məhkəmələr yaradılmışdır. Qeyd edək ki, hazırda idarəçilik fəaliyyəti ilə bağlı vətəndaşla dövlət orqanları arasında yaranmış mübahisələrə baxılması və həll edilməsi qaydaları, inzibati orqanların qərarları (inzibati aktları) və vəzifəli şəxslərin hərəkətləri üzərində məhkəmə nəzarətinin həyata keçirilməsi prosedurları İnzibati Prosessual Məcəllənin normaları ilə nizama salınır.

İnzibati Prosessual Məcəllənin "Müvəqqəti xarakterli müdafiə" adlanan 40-cı maddəsinə xüsusi diqqət yetirilməlidir. Həmin maddənin müəyyən etdiyi müddəaların Mülki Prosessual Məcəllənin 157, 158-ci maddələri, yəni iddianın təmin edilməsi tədbirlərinin görülməsi ilə oxşarlığı olsa da, müvəqqəti xarakterli müdafiə tədbirləri inzibati hüquq münasibətlərinin prosessual tənzimlənməsi baxımından daha geniş sahəni əhatə edir və burada böyük əhəmiyyət kəsb edən yenilik var. Belə ki, müvəqqəti xarakterli müdafiə haqqında ərizənin məhkəmədə iddia qaldırılanadək verilməsi də mümkündür. Bu insan hüquq və azadlıqlarının pozulduğu halda məhkəmələr tərəfindən həmin məsələyə operativ və çox qısa müddətdə müdaxilə edilməsi üçün prosessual hüquqi imkanlar yaradır. Bu baxımdan deməliyik ki, İnzibati Prosessual Məcəllənin 40.3-cü maddəsinə əsasən, məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxsin üzərinə də belə vəzifələr qoya bilər.

Hüququ pozulmuş şəxs məhkəməyə müraciət etmək qərarına gələrsə, İnzibati Prosessual Məcəllənin 46-cı maddəsinə nəzər yetirməlidir. Həmin maddənin tələblərinə görə, iddia ərizəsində aşağıdakılar göstərilməlidir:

- ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi.

Məhkəmə prosesinin tezləşdirilməsi məqsədi ilə iddia ərizəsində həmçinin aşağıdakılar göstərilə bilər:

- iddiaçının öz tələbini əsaslandırdığı faktlar və digər sübutetmə vasitələri;

- iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsinin zəruriliyini göstərən hallar və iddiaçının istəyinə uyğun olaraq, həmin inzibati aktın layihəsi; mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar və iddiaçının vəsatətləri; əsli və ya surəti iddia ərizəsinə qoşulmaqla, mübahisələndirilən inzibati akt və şikayət instansiyasına şikayət verildiyi hallarda şikayət instansiyasının qərarı; ərizəyə əlavə olunmuş sənədlərin siyahısı.

2011-ci ilin yanvarından ölkəmizdə inzibati məhkəmələr fəaliyyət göstərir və artıq çoxsaylı ərizələrin araşdırılmasına başlanılıb. Bir tərəfdən bu kateqoriyalardan olan mübahisələrin sayının artması vətəndaş cəmiyyəti üzvlərinin hüquqi bilik səviyyəsinin, məhkəmə orqanlarına etibar etməsindən xəbər verir. Əlbəttə, bu məsələnin müsbət tərəfidir. Lakin bu işin digər tərəfi də vardır ki, bu da hakimiyyət subyektlərinin qanunsuz hərəkətləri və qəbul edilmiş aktların nəticəsində onlar tərəfindən qanunçuluq meyarlarının pozulması faktının artmasıdır. İstisna deyil ki, bu cür iddia kateqoriyalarının sayı süni surətdə, öz peşəsinə tam insafla yanaşmayan bəzi vəkillərin işin perspektivsizliyini bildikləri halda əsassız olaraq irəli sürdükləri iddiaların hesabına da artır. Nəzərə alınmalıdır ki, iddia ərizələrinin qəbul edilməsi proseduru da konstruktiv şəraitdə keçməlidir. Əksər hallarda tam işlənməmiş və hazırlanmamış iddia materialı ərizədəki çatışmazlıq izah olunmadan və onların aradan qaldırılması yolları göstərilmədən ərizəçiyə geri qaytarılır. Halbuki məhkəmə iddia qəbul edilməsinə mane olan çatışmazlıqların aradan qaldırılmasında iddiaçılara kömək etməli, ərizələrə qısa müddətdə baxmalı və ədalətli qərar qəbul etməlidir. Qeyd edilməlidir ki, insan hüquqlarının və azadlıqlarının effektiv qorunması məqsədi ilə İnzibati Prosessual Məcəllə inzibati məhkəmələr üçün çox geniş prosessual imkanlar yaradır və Mülki Prosessual Məcəllədən fərqli səlahiyyətlər verir.

İnzibati Prosessual Məcəllənin 13-cü maddəsində məhkəmələrin yardım etmək vəzifəsi göstərilir. Həmin maddəyə əsasən, məhkəmə qaldırılan iddialarda  yol  verilən formal  xətaların  aradan  götürülməsində, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Bu yardımı hakim olmayan və məhkəmələrdə iddiaların qəbul şöbələrində işləyən hüquqşünaslar da icra edə bilərlər.

Qərb ölkələrinin məhkəmə təcrübəsində belədir ki, məhkəmə orqanlarının hüquqşünasları iddia ərizələrinin rəsmiləşdirilməsində çatışmazlıqları aradan qaldırmağa yardım edir. Bu müəyyən dərəcədə hakimlərin iş həcminin yükünü azaltmağa və vətəndaşların məhkəməyə müraciətini yüngülləşdirməyə kömək edir. Bunun təmin edilməsi üçün məhkəmə işçiləri savadlı olmalı və öz hüquqi biliklərini daim artırmalıdırlar. Bundan başqa, məhkəmənin qəbul etdiyi qərar aydın olmalı, sadə dildə və məhkəmə qərarının yazılmasına aid olan hüquq normalarına riayət edilməklə yazılmalıdır.

İPM-nin 68-ci maddəsində qeyd edilir ki, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tətbiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmə qərarları qəbul edilərkən dörd element nəzərə alınmalıdır: a) işin halları tam və hərtərəfli araşdırılmalıdır (sübutlarla təsdiq edilməlidir); b) tərəflərin dinlənilmə hüququ təmin edilməlidir; c) məhkəmə öz qərarını qəbul etmək üçün kifayət edən daxili inamını formalaşdırmalıdır; d) məhkəmə qərarı işi araşdırmış hakimlər tərəfindən qəbul edilməlidir.

Başa düşülən şəkildə yazılmış, qanunla əsaslandırılmış və məntiqi cəhətdən düzgün tərtib olunmuş qərar tərəflərin həm məhkəmənin qərarını anlamağa, həm də bu qərarın qanuni və obyektiv olduğuna inanmasına yardım edir. Təcrübədən də göründüyü kimi, məhkəmə qərarının əsaslı olmasının anlaşılması onu yuxarı instansiyalarda mübahisə predmetinə çevirməyin qarşısını alır və ədalət mühakiməsinə inamı möhkəmləndirir. (Məhkəmə davasının bitməsi dövlətin xeyrinədir-Expedit rei publicae ut sit finis litium). Bundan başqa, hakimin peşəkarlığının mühüm göstəricilərindən biri də onun tərəfləri prosesin istənilən mərhələsində barışığa gətirə bilmək bacarığıdır.

İPM-nin 66.1-ci maddəsinə əsasən mübahisənin predmeti barədə sərəncam hüququna malik olduqları hallarda, tərəflər mübahisənin tam və ya qismən həll edilməsi məqsədilə barışıq sazişi bağlaya bilərlər.

Mübahisənin sülhlə həll olunmasının əsasını isə hakimlərin səmimiliyinə və tərəfsizliyinə əsaslanan məhkəmə orqanlarına göstərilən etimad hissi təşkil edir.

Ümumiyyətlə, məhkəmələr inzibati mübahisələrə baxdıqda hər şeydən əvvəl öz müstəqilliklərini qorumalı və cəsarətli, eyni zamanda ədalətli qərarlar qəbul etməli, icra hakimiyyəti orqanlarının təzyiqinə və təsirinə tabe olmamalıdırlar. Bununla yanaşı qeyd olunmalıdır ki, hakim bütün məhkəmə icraatı zamanı "Etik davranış kodeksi" qaydalarını unutmamalıdır.

Həmin normativ aktın qaydalarına görə, hakim bütün fəaliyyəti dövründə dövlətin, vətəndaşın və ədalət mühakiməsinin qarşısında onun məsuliyyətini təcəssüm etdirən hakim andına sadiq olmalı, səlahiyyətlərini həyata keçirərkən və xidmətdənkənar fəaliyyətində bu anda uyğun davranış nümayiş etdirməlidir. Hakim bütün hallarda Azərbaycan Respublikasının Konstitusiyasına riayət etməli, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununu və digər normativ hüquqi aktları rəhbər tutmalı, cəmiyyətdə məhkəmə hakimiyyətinə, habelə hakimlərin müstəqilliyinə və qərəzsizliyinə hörmətin artmasına rəvac verməlidir. Hakim yüksək məhkəmə mədəniyyətini nümayiş etdirməklə proses iştirakçılarının hər birinə qarşı münasibətdə ədəb və nəzakətlə davranmalı, prosesin bütün iştirakçılarından bir-birinə və məhkəməyə hörmətlə yanaşmağı tələb etməli, məhkəməyə qarşı aşkar hörmətsizlik göstərənləri cəzalandırmalıdır.

Hakimlərin ədalətli məhkəmə qərarları insanların dövlət məmurlarına, dövlət orqanlarının rəhbərlərinə, ən əsası isə dövlətə inam və güvənliyi artırmaqla aralarında şəffaf, sağlam və saf münasibətlərin yaranmasına, özbaşınalığın və süründürməçiliyin azalmasına da yardım etmiş olar.

 

Nigar RƏSULBƏYOVA,

Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video