Alternative content

23:22 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Etirafla istilik olmur
Etirafla istilik olmur
ANA SƏHİFƏ / Oxucu məktubları
01:11 18.11.2016

 

Qəzetimizin 29 oktyabr 2016-cı il tarixli nömrəsində dərc edilmiş “Niyə məhz 15 noyabrda?!” sərlövhəli məqalə ilə bağlı “Azəristiliktəchizat” ASC-dən cavab almışıq. Cavabda bildirilir: 

“Azərbaycan” qəzetinin 29 oktyabr 2016-cı il tarixli nömrəsində dərc olunmuş “Niyə bəs 15 noyabrda?! Qış mövsümünə keçməyin zəruriliyini kim və necə müəyyən edir” sərlövhəli məqalədə qeyd edilən fikir və mülahizələr “Azəristiliktəchizat” ASC-də müzakirə olunmuşdur.
İlk növbədə bildirmək istəyirik ki, istilik mövsümünün başlanması və ya başa çatdırılması uzun illər boyu aparılmış klimotoloji və geofiziki tədqiqatların nəticəsi olaraq hazırlanmış və hazırda da qüvvədə olan normativ-hüquqi aktlarla tənzimlənir ki, burada da əsas şərt kimi beş gün ərzində orta sutkalıq temperaturun 8 dərəcə C-dən aşağı və ya yuxarı olması qəbul edilmişdir.
Uzun illər istilik mövsümünün başlanması respublikanın dağlıq və dağətəyi rayonlarında 1 noyabr tarixindən, digər ərazilərdə, o cümlədən Bakı şəhərində 15 noyabr tarixindən həyata keçirilmişdir.
Son illər havanın temperaturunun oktyabr ayının sonlarından başlayaraq soyuması, məqalədə də haqlı olaraq qeyd edildiyi kimi, bu məsələyə yenidən baxılmasını zəruri edir və bununla bağlı müəyyən təkliflər hazırlanmaqdadır. Bu araşdırma və təkliflər ilk növbədə Azərbaycan Respublikası ərazisində tikinti klimotologiya və geofizikası, yaşayış və ictimai binalarda mikroklimat parametrləri, istilik enerjisindən istifadə qaydaları və digər sənədləri əhatə edir.
Qeyd etmək lazımdır ki, payız-qış mövsümünə keçid ölkənin bütün yanacaq-enerji və mənzil-kommunal təsərrüfatı kompleksini əhatə etdiyindən onların birgə və qarşılıqlı fəaliyyətinin tənzimlənməsi xüsusi əhəmiyyət kəsb edir və bu tənzimləmə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Digər tərəfdən, istilik mövsümünün müddəti “Azəristiliktəchizat” ASC ilə istehlakçılar arasında bağlanmış müqavilə ilə tənzimləndiyindən həmin istehlakçılar, o cümlədən təhsil və səhiyyə müəssisələri, mənzil-kommunal təsərrüfatları, həmçinin mənzil mülkiyyətçiləri öz binalarında payız-qış mövsümünə hazırlıq işlərini başa çatdırmalı, mövsümün vaxtından əvvəl başlanması ilə bağlı müraciət etməklə nəzərdə tutulan müddətdən artıq dövr üçün verilən istilik enerjisi haqqının ödənilməsi üçün zəruri tədbirlər görməlidirlər.
Ölkə üçün istilik təchizatının əhəmiyyətini və hazırkı dövrdə onun aktuallığını nəzərə alaraq, bu məsələyə diqqət yetirdiyinizə və təkliflərinizə görə sizə təşəkkür edir, əməkdaşlıq etməkdə maraqlı olduğumuzu diqqətinizə çatdırırıq.

 

İlham MİRZƏLİYEV,
sədr müavini

 

REDAKSİYADAN:


Göründüyü kimi, ölkədə, o cümlədən paytaxtda mərkəzləşdirilmiş istilik sisteminə cavabdeh olan qurum qəzetimizin bu sahədəki çatışmazlıqlara, eləcə də bürokratik əngəllərə, xüsusən istilik mövsümünün havanın temperaturunun aşağı düşməsi ilə yox, keçmiş SSRİ-dən qalan inzibati qaydalarla başlanmasına diqqət çəkməsini haqlı tənqid hesab edir. Lakin bir var bu anormal halı etiraf etmək, bir də var onun aradan qaldırılması üçün konkret tədbirlər görmək, yuxarı icra orqanları qarşısında bu barədə məsələ qaldırmaq və s. Bax, “Azəristiliktəchizat” ASC-nin cavabında bu, yoxdur.
Düzdür, bir mətbu orqanı olaraq biz də başa düşürük ki, sözügedən problem bütünlükdə ölkənin yanacaq-enerji və mənzil-kommunal təsərrüfatları, həmçinin yerli icra orqanlarından asılı olduğu üçün onun təkbaşına həlli çətin işdir! Bununla belə, “istilik mövsümünün vaxt sarıdan tənzimlənməsi məsələsi bizlik deyil, qoy həmin məsələ ilə müvafiq qurumlar məşğul olsun” - deyib fəaliyyətsiz qalmaq da qəbuledilməzdir. Əvvəla, ona görə ki, havalar soyuyan kimi əli istilik batareyalarında qalan əhalinin bu işdə ən çox umduğu, deməli, həm də ən çox qınadığı məhz “Azəristiliktəchizat”dır. Soyuqdan alt-üst paltar geyinib birtəhər canlarını qızdırmaq istəyən sakinlərin nə işlərinə qalıb ki, istiliyin verilməsi təkcə “Azəristiliktəchizat”dan yox, habelə “Azəriqaz”dan, yerli icra hakimiyyətlərindən asılıdır. O qurumlardan ki, gözləri çöldəki havada deyil, təqvimin vərəqində olur, yəni, noyabrın 15-ni gözləyirlər.
Bu səbəbdən haqqında söhbət gedən problemin həllində bizim də ən çox gözləntimiz “Azəristiliktəchizat” ASC-dəndir. Amma baxmayaraq ki, qurum redaksiyamızda cavab məktubunda bununla bağlı müəyyən təkliflərin hazırlandığını yazır, bütün hallarda biz də heç jurnalist kimi yox, bir sakin olaraq həmin işin çox ləng getməsi qənaətindəyik. Hətta o təkliflər “tikinti klimotologiya və geofizikası, yaşayış və ictimai binalarda mikroklimat parametrləri, istilik enerjisindən istifadə qaydalarını və digər sənədləri” əhatə etsə belə... Elə həm də bu ləngliyin nəticəsi deyilmi ki, noyabrın 15-dən, yəni, köhnə qayda ilə istilik mövsümünün başlanmasından bir neçə gün keçsə də belə, paytaxtda və yəqin ki, ölkənin digər şəhərlərində qızdırılmayan mənzillərin, obyektlərin sayı kifayət qədərdir. Ola bilsin, onların bir hissəsini mənzil və obyekt sahiblərinin günahı üzündən qızdırmaq mümkün olmur. Bəs, belə hallara kim nəzarət etməlidir? Qonşularmı? Bu, iş deyil axı...
Digər tərəfdən, yenidən “klimotoloji” və “geofiziki” tədqiqatlar apararaq onların nəticələri əsasında mənzillərin və sosial obyektlərin qızdırılmasını təqvimlə deyil, havanın enən temperaturu ilə nizamlayan yeni “normativ hüquqi akt” qəbul etmək mümkün deyilmi? Bəs, bununla kim məşğul olmalıdır? Yenə soyuq mənzillərdə qalan sakinlər?!
Cavab məktubundan “Azəristiliktəchizat” ASC-nin istehlakçılarla bağladığı müqavilələrdən söhbət gedir. Hüquqi şəxslərlə, daha doğrusu, cavab məktubunda göstərildiyi kimi, təhsil və səhiyyə müəssisələri, mənzil-kommunal təsərrüfatları ilə deyə bilmərik, amma mənzil mülkiyyətçiləri ilə belə bir müqavilənin bağlanmasının hər halda biz şahidi olmamışıq. Bəlkə istilik təchizatında olan mövcud çatışmazlıqların bir səbəbi də budur?!
Bir sözlə, görünür, sözügedən sahədə normal vəziyyətin yaradılması üçün hələ çox iş görmək lazımdır. Özü də mərkəzi istilik sisteminə qoşulmuş bütün istehlakçılar daxil, hamılıqla. Yalnız bu halda bütün fəsillər kimi qışı da sevinclə qarşılayar, məmnunluqla yola salarıq.
İndiki gedişlə görünür o sevinc bizə yaxın illərdə də qismət olmayacaq...

 

“Azərbaycan”