Kəndimizə təbii qaz verilməsi münasibətilə keçirilən mərasimdə məşəli alovlandırmaq mənə həvalə olunanda həm kövrəldim, həm də qürur hissi keçirdim. Qürurlandım ona görə ki, bir vaxtlar Bərdənin adlı-sanlı sürücü mexanikləri sırasında mənim də adım tez-tez çəkilərdi. Kövrəldim ona görə ki, çəkdiyim zəhmət, axıtdığım alın təri unudulmayıb. Fikrimcə, belə hörmət, ehtiram təkcə mənim əməyimə verilən qiymətdən yox, xalqımızın yüksək xüsusiyyətindən, mənəvi zənginliyindən xəbər verir.
Kəndimizə qaz xətti çəkilişində iştirak edənlər də çox sağ olsunlar. Onlar öz işlərini yüksək keyfiyyətlə, özü də qısa müddətdə başa çatdırıblar. Artıq havaların birdən-birə soyuması, yağışlı-yağmurlu günlərin başlanması bir çox işlərə maneçilik törətsə də, odun toplamaq, yanacaq tədarük etmək qayğısından xilas olmuşuq.
Kəndimizə qaz verilməsi sakinlərin hamısında bayram ovqatı yaradıb.
İradə MƏMMƏDOVA,
Bərdə rayonu, Mustafaağalı kənd sakini