27 May 2012 01:05
783
Hüquq məsləhəti
A- A+

Oxucuların suallarına cavab verir

 

İki aydan çox keçməsinə baxmayaraq, aldığım mənzilin əvvəlki mülkiyyətçisi və ailə üzvləri qeydiyyatdan çıxmamışlar. Buna görə mən əlavə kommunal xidmət haqqı ödəməyə məcburam. Onları qeydiyyatdan çıxarmaq üçün  rayon məhkəməsinə müraciət edəndə bildirdilər ki, bu məsələyə rayon polis idarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsi baxır. Oradan isə bildirdilər ki, vətəndaşların qeydiyyatdan çıxarılması daxili işlər orqanlarının səlahiyyətlərinə aid deyil. Bəs bu məsələ kimin səlahiyyətinə aiddir?

 

Yalçın Abbasov,

Bakı şəhəri, Qarabağ müharibəsi veteranı, ehtiyatda olan zabit

 

- Belə problemlə vətəndaşlar tez-tez qarşılaşırlar. Bunun səbəbi problemin qeydiyyatla bağlı qanunvericilikdən, konkret desək, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" qanunun 9-cu maddəsindən qaynaqlanmasındandır. Belə ki, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması halları qanunun 9-cu maddəsində öz əksini tapmışdır. Lakin həmin maddədə qarşılaşdığınız problemin müvafiq icra hakimiyyəti orqanı, konkret desək, müvafiq rayon polis idarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsi tərəfindən həlli imkanı nəzərdə tutulmamışdır. Çünki 9-cu maddənin 1-ci hissəsinə görə, şəxs yaşayış yerini dəyişdikdə, yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Sizin qarşılaşdığınız halda isə əvvəlki sakinlər yeni yaşayış yeri üzrə qeydiyyata alınmadıqları üçün qanunun 9-cu maddəsinin 1-ci hissəsinin tətbiqi mümkün deyildir. Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş digər əsasların isə sizin qarşılaşdığınız problemlə əlaqəsi yoxdur.

Əvvəlki sakinlərin sizin mənzilinizdə qeydiyyatda qalmaqda davam etməsi qanunun bir sıra müddəaları ilə ziddiyyət təşkil edir. Belə ki, qanunun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Qanunun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun 5-ci maddəsində göstərilir ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Hazırda əvvəlki sakinlərin sizin mənzilinizdə qeydiyyatda qalmaları üçün hüquqi əsas yoxdur, onların qeydiyyatı yalnız formal xarakter daşıyır və faktiki vəziyyəti əks etdirmir.

Siz rayon polis idarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin imtina cavabını aldıqdan sonra Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, müvafiq inzibati-iqtisadi məhkəməyə müraciət edə və sözügedən şəxslərin mənziliniz üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh rayon polis idarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş edə bilərsiniz. Hazırda müvafiq inzibati-iqtisadi məhkəmələr tərəfindən inzibati icraat qaydasında belə mübahisələrə baxılır və həll olunur.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video