Alternative content

15:46 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Balabəy evi
Balabəy evi
ANA SƏHİFƏ / Oxucu məktubları
01:10 23.10.2016

Meşənin kənarında, yaşıllıqlar qoynunda, füsunkar bir ərazidə qırmızı kərpicdən inşa edilən bu malikanə elə tikilib ki, günəş şüası onu hər tərəfdən tutur. Yataq və qonaq otaqları, hamamı, aynabəndi, küləfirəngisi, qarşısında da çarhovuzu... Malikanənin giriş qapısı o qədər geniş və hündürdür ki, oradan atlı da başını əymədən rahatca keçə bilər. Bu qapının önündəki lövhə onun həqiqi  sahibindən sonra dəfələrlə dəyişdirilib. Gah “məktəb” yazılıb, gah “sanatoriya”, daha da “xəstəxana”. İstifadə edilmədiyi vaxtlar da olub. Lakin qarşısında nə yazılır-yazılsın, hansı məqsəd üçün istifadə olunur-olunsun, yerli əhali ona həmişə qədirbilənliklə “Balabəyin evi” deyib. 130 il öncə də belə olub, indi də belədir.

Binaya daxil olan kimi bir qapı sağa, digəri sola açılır. Düz getsən, daş pilləkənlərlə ikinci mərtəbəyə qalxacaqsan. Əldən-ələ keçən bu möhtəşəm bina öz  sahibinin adını zaman-zaman yaşadıb.

Balabəy kişi əsilli-nəcabətli, varlı-dövlətli, çox xeyirxah, elmə, təhsilə önəm verən geniş dünyagörüşlü bir şəxs olub. Onun Bakı, Tiflis və Peterburqdakı banklarda şəxsi hesabı vardı. Təəssüf ki, tarixin müəyyən dövrlərində, xüsusilə sovet dönəmində bəy nəslinə, bəy irsinə, bəy mülklərinə kütləvi hücumlar olub. Neçə-neçə  yaraşıqlı mülklər yer üzündən silinib, nə var, nə var bəylərə, bəyzadələrə məxsusdur.

Halbuki belə insanların demək olar hamısı, o cümlədən Balabəy kişi sağlığında var-dövlətindən, şəxsi nüfuzundan xalq üçün, millət üçün də istifadə edib. Lakin sovetin diktatura maşını Balabəy kişidən də yan keçməyib. 1930-cu illərdə bu xeyirxah insana yalnız “bəy” adını  daşıdığına görə 10 il iş kəsiblər. Amma özü sürgün edilsə də, nə yaxşı ki, malikanəsi gözdən yayınıb, dağıdılmayıb. İndi ondan xeyirxah bir məqsəd üçün istifadə olunur. Xeyli vaxtdır ki, bu sahə xəstəxanaya çevrilib. Bir neçə kəndin əhalisi bu binada şəfa tapır. Kim bilir, Balabəy kişi yaşasaydı, bu binanın şəfa ocağına çevrilməsinin xeyir-duasını özü verərdi. Amma bu xeyir-duanı xəstəxananın açılış mərasimində iştirak edən oğlu verdi. Özü də sidq ürəklə, təmiz niyyətlə, heç bir təmənna güdmədən.

 

Elbrus MƏMMƏDOV,

Bərdə rayonu