08 Oktyabr 2016 01:10
1324
Nazirlər Kabineti
A- A+

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 375

 

№ 375                                     Bakı şəhəri, 4 oktyabr 2016-cı il

 

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə

 

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 may tarixli 2032 nömrəli Sərəncamının 6.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi” təsdiq edilsin (1 nömrəli əlavə).

2.  “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin strukturu” təsdiq edilsin

(2 nömrəli əlavə).

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı  il 4oktyabr tarixli 375 nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

1 nömrəli əlavə

 

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin

 

NİZAMNAMƏSİ

 

1. Ümumi müddəalar

 

1.1. “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Cəmiyyət) “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 may tarixli 2032 nömrəli Sərəncamına (bundan sonra – Sərəncam) əsasən yaradılmışdır.

1.2. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur.

1.3. Cəmiyyət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları və bu Nizamnaməni rəhbər tutur.

1.4. Cəmiyyətin aparatı, törəmə cəmiyyətləri,  idarə, filial və nümayəndəlikləri Cəmiyyətin strukturunu təşkil edir.

1.5. Cəmiyyətin rəsmi adı aşağıdakı kimidir:

1.5.1. tam halda – “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti;

1.5.2. qısaldılmış halda – “Azərxalça” ASC;

1.5.3. ingilis dilində tam adı – “Azerkhalcha” OpenJointStockCompany;

1.5.4. ingilis dilində qısaldılmış adı – “Azerkhalcha” OJSC.

1.6. Cəmiyyətin hüquqi ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi 2, AZ1110.

 

2. Cəmiyyətin hüquqi statusu

 

2.1. Cəmiyyət hüquqi şəxsdir, müstəqil balansa, banklarda hesablaşma hesabına və digər hesablara malikdir.

2.2. Cəmiyyətin ayrıca əmlakı vardır və öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir. Cəmiyyət qanunvericiliyə uyğun olaraq əqdlər, sazişlər, müqavilələr bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmələrdə iddiaçı və ya cavabdeh qismində çıxış etmək hüququna malikdir.

2.3. Cəmiyyət üzərində Azərbaycan Respublikasının Dövlət gerbi təsvir edilmiş və Cəmiyyətin Azərbaycan dilində adı  göstərilmiş möhürə, müvafiq ştamplara və blanklara, bayrağa, emblemə, loqotipə və digər fərqləndiricinişanlara malikdir.

2.4. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılması və ya ləğv edilməsi, həmçinin törəmə cəmiyyətlərinin yaradılması, yenidən təşkili və ya ləğv edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Nizamnaməyə və digər normativ hüquqi aktlara uyğun olaraq həyata keçirilir.

2.5. Cəmiyyət öz fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi və inkişafı ilə bağlı zəruri hallarda xarici dövlətlərdə özünün filiallarını, nümayəndəliklərini və törəmə cəmiyyətlərini yaratmaq, yenidən təşkil və ləğv etmək hüququna malikdir.

2.6. Dövlət Cəmiyyətin öhdəlikləri üçün cavabdeh deyildir və Cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün dövlətə məxsus səhmlərin dəyəri həddində risk daşıyır.

2.7. Cəmiyyət dövlətin üzərinə götürdüyü hər hansı öhdəliklərinə görə cavabdeh deyildir.

 

3. Cəmiyyətin əsas məqsədləri və fəaliyyət istiqamətləri

 

3.1. Cəmiyyətin əsas məqsədi xalça və xalça məmulatlarının istehsalı, ixracı, onların ölkə daxilində və xaricdə satışının təşkili, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsindən ibarətdir.

 3.2. Cəmiyyət bu Nizamnamənin 3.1-ci bəndində göstərilən məqsədlərə nail olmaq üçün aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

3.2.1. xalçaçılıq məhsullarının istehsalı;

3.2.2. xalçaçılıq məhsullarının təmiri, yerli istehsalçılardan tədarükü və satışı;

3.2.3. xalça istehsalı üzrə mütərəqqi texniki vasitələrin, istehsalın idarə olunması üzrə müasir sistem və üsulların tətbiq edilməsi;

3.2.4. xalçaçılıq sahəsində ənənələrin, bədii və texniki işləmə üsullarının, xalça çeşnilərinin bərpa edilməsi və dirçəldilməsi;

3.2.5. ixrac üçün xarici bazarların araşdırılması;

3.2.6. beynəlxalq sərgilərdə iştirak;

3.2.7. xalçaçılığın inkişaf etdirilməsi məqsədi ilə bu sahədə qabaqcıl təcrübənin öyrənilməsi, beynəlxalq əməkdaşlığın həyata keçirilməsi;

3.2.8. xalça satışı üzrə respublikada və xaricdə satış mərkəzlərinin yaradılması,  həmçinin ölkədaxili və xarici satış şirkətləri (agentləri) ilə əlaqələrin qurulması;

3.2.9. Azərbaycan xalçalarının xarici ölkələrdə təbliği, o cümlədən “Azərbaycan xalçası” brendinin yaradılması və təşviq edilməsi üzrə sistemli tədbirlərin həyata keçirilməsi;

3.2.10. xalçaçılığın inkişaf etdirilməsi məqsədi ilə müvafiq təkliflərin hazırlanması və bu sahədə dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlərin görülməsi;

3.2.11. xalçaçılıq sahəsində peşə təhsilinin dəstəklənməsi, tədris mərkəzlərinin təşkil edilməsi;

3.2.12. xalçaçılığa dair elmi konfrans, simpozium və sərgilərin təşkili;

3.2.13. Azərbaycan xalça sənətinə dair dərsliklərin, kitabların, sənədli filmlərin hazırlanması.

3.3. Cəmiyyətməqsəd və fəaliyyət istiqamətləri ilə əlaqədar qanunvericiliklə qadağan olunmayan digər fəaliyyət sahələri ilə məşğul ola bilər.

3.4. Cəmiyyət bu Nizamnamə ilə müəyyən edilmiş məqsədlər üçün lisenziya tələb olunan fəaliyyət növü ilə yalnız belə lisenziya aldıqdan sonra məşğul ola bilər.

 

4. Cəmiyyətin nizamnamə kapitalı, əmlakı və mənfəəti

 

4.1. Cəmiyyətin nizamnamə kapitalı onun Nizamnaməsinə uyğun olaraq, təsisçinin qərarı ilə Cəmiyyətin mülkiyyətinə verilmiş və qanunla müəyyən edilmiş qaydada qiymətləndirilmiş aktivlərin balans dəyərindən təşkil olunur.

4.2. Cəmiyyətin əmlakı əsas fondlardan, dövriyyə vəsaitlərindən və digər maddi və qeyri-maddi aktivlərdən ibarətdir. Cəmiyyətin əmlakı onun müstəqil balansında əks olunur. Cəmiyyət əmlakı üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir.

4.3. Cəmiyyətin əmlakının dəyəri onun balansında göstərilir.

4.4. Cəmiyyətin nizamnamə kapitalı 15 000 000 (on beş milyon) manatdır, onun səhmlərinin  nominal  dəyərindən  təşkil  olunur və nominal dəyəri 1 (bir) manat olan 15 000 000 (on beş milyon) ədəd adi səhmlərdən ibarətdir.

4.5. Cəmiyyətin əmlakı aşağıda göstərilən mənbələr hesabına təşkil olunur:

4.5.1. nizamnamə kapitalına daxil olan əmlak;

4.5.2. maliyyə-təsərrüfat fəaliyyətinin həyata keçirilməsindən daxil olan gəlirlər;

4.5.3. qanunla qadağan olunmayan digər mənbələr.

4.6. Cəmiyyətin nizamnamə kapitalının artırılması və ya azaldılması Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

4.7. Cəmiyyətin nizamnamə kapitalına qoyulan maya puldan, qiymətli kağızlardan, başqa əmlakdan, əmlak hüquqlarından və pul dəyəri olan digər hüquqlardan ibarət ola bilər.

4.8. Cəmiyyət qanunlarda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri müəyyən edilmiş qaydada ödədikdən sonra Cəmiyyətin, onun törəmə cəmiyyətlərinin, idarə, filial və nümayəndəliklərinin fəaliyyətindən əldə edilmiş mənfəəti mərkəzləşdirilmiş fondlarda cəmləşdirmək və həmin vəsaitlər üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

4.9. Cəmiyyət balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinintəkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.

 

5. Cəmiyyətin ali idarəetmə orqanı

 

5.1. Cəmiyyətin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır.

5.2. Cəmiyyətin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilmiş məsələlər Sərəncama uyğun olaraq həll edilir.

 

6. Cəmiyyətin müşahidə şurası

 

6.1. Cəmiyyətin müşahidə şurası (bundan sonra – Müşahidə Şurası) Cəmiyyətin fəaliyyəti üzərində ümumi rəhbərliyi və nəzarəti həyata keçirən və icra səlahiyyətlərinə malik olmayan orqandır.

6.2. Müşahidə Şurası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən 3 (üç) nəfər üzvdən ibarətdir. Müşahidə Şurasının tərkibi Nazirliyin (2 nəfər), Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin (1 nəfər) nümayəndələrindən ibarətdir. Nazirlik Müşahidə Şurasının üzvlərini vəzifəyə təyin və vəzifədən azad edir, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verir.

6.3. Cəmiyyətin icra orqanlarının üzvləri Müşahidə Şurasına üzv seçilə bilməzlər.

6.4. Müşahidə Şurasının üzvlərinin səlahiyyət müddəti 3 (üç) il təşkil edir.

6.5. Müşahidə Şurasının müstəsna səlahiyyətlərinə aşağıdakılar aiddir:

6.5.1. Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi üçün sənədlərə baxıb Nazirliyə təqdim etmək;

6.5.2. Cəmiyyətin inkişaf strategiyasının formalaşdırılması barədə Nazirliyə təkliflər vermək;

6.5.3. Cəmiyyətin Müşahidə Şurasının, icra strukturlarının və əməkdaşlarının fəaliyyəti zamanı maraqlar münaqişəsinin istisna olunmasının qayda və şərtlərini müəyyənləşdirmək və onların icrasına nəzarət etmək;

6.5.4. Cəmiyyətin fəaliyyətinə dair daxili qaydaları, idarəetmə prosedurlarını, habelə onun aparatının struktur bölmələrinin, idarə, nümayəndəlik və filiallarının, həmçinin törəmə cəmiyyətlərinin əsasnamələrini və nizamnamələrini təsdiq etmək;

6.5.5. kənar auditorun, habelə digər yoxlamaların nəticələrinə baxmaq və bu yoxlamaların yekunlarına müvafiq tədbirlər görmək;

6.5.6. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərarın qəbul edilməsi üçün Nazirliyə müraciət etmək;

6.5.7. kənar auditoru və ona ödəniləcək xidmət haqqının məbləğini müəyyən etmək;

6.5.8. ssudaların, borcların, kreditlərin, zəmanətlərin alınması və verilməsi üzrə tələbləri müəyyənləşdirmək, həmçinin Cəmiyyətin büdcəsinin, fəaliyyət planlarının və investisiya proqramlarının icrasına nəzarət etmək;

6.5.9. dəyəri 1 000 000 (bir milyon) manatdan (və ya ekvivalenti) yuxarı olan, lakin Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizini keçməyən məbləğdə məhsul, iş və xidmətlərlə bağlı öhdəlikləringötürülməsinə, o cümlədən kredit öhdəliklərinin Cəmiyyət tərəfindən qəbuluna qanunvericiliyə uyğun razılıq vermək;

6.5.10. Cəmiyyətin Nizamnaməsinə və strukturuna, habelə nizamnamə kapitalının miqdarına dair Nazirliyə təkliflər vermək;

6.5.11. Cəmiyyətin səhmlərinin, istiqrazlarının və digər növ qiymətli kağızlarının buraxılması, yerləşdirilməsi, dövriyyəsi, ləğvi, habelə onların birləşdirilməsi, xırdalanması (bölünməsi) və konvertasiyası ilə əlaqədar Nazirliyə təkliflər vermək;

6.5.12. təftiş komissiyasının təşəbbüsü ilə Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin təftişi barədə qərar qəbul etmək.

6.6. Müşahidə Şurası özünün müstəsna səlahiyyətinə aid edilmiş məsələlərin həllini Cəmiyyətin icra orqanlarına həvalə edə bilməz.

6.7. Müşahidə Şurasının üzvü mülkiyyətində olan qiymətli kağızlarla əqdinbağlanılmasından əvvəl bu barədə məlumatı kütləvi informasiya vasitələrində açıqlamalıdır.

6.8. Müşahidə Şurasının sədri onun üzvləri arasından Nazirlik tərəfindən seçilir. Müşahidə Şurasının sədri Şuranın növbəti iclaslarını 3 (üç) ayda bir dəfədən az olmayaraq çağırır və iclaslara rəhbərlik edir.

6.9. Müşahidə Şurası üzvlərinin, Cəmiyyətin icra orqanının və təftiş komissiyasının tələbi ilə Müşahidə Şurasının növbədənkənar iclası onun sədri tərəfindən çağırılır. Müşahidə Şurasının iclaslarına Müşahidə Şurasının üzvü olmayan şəxslər də dəvət oluna bilərlər.

6.10. Müşahidə Şurasının sədri Cəmiyyətin sədri ilə məsləhətləşməklə, müzakirə olunacaq məsələləri müəyyən edir və iclasın gündəliyini hazırlayır. Hər bir iclasın reqlamentini müzakirə ediləcək məsələlərdən asılı olaraq Müşahidə Şurasının sədri müəyyənləşdirir.

6.11. Müşahidə Şurasının üzvlərinə iclasın keçirilməsinin yeri və vaxtı, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 5 (beş) iş günü qalmış zəruri sənədlər əlavə edilməklə, yazılı məlumat verilir.

6.12. Müşahidə Şurasının iclaslarında Cəmiyyətin sədri iştirak edir. İdarə Heyətinin üzvləri Müşahidə Şurasının iclaslarında Müşahidə Şurasının sədrinin təşəbbüsü ilə iştirak edə bilərlər.

6.13. Müşahidə Şurasının iclası onun üzvlərinin hər biri iştirak etdikdə səlahiyyətli sayılır. Müşahidə Şurasının qərarları açıq səsvermə yolu ilə, iclasda iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səs hüququna malikdir. Səslər bərabər olduqda, iclasın sədrinin  səsi həlledici hesab edilir.

6.14. Qəbul olunmuş qərarın əleyhinə səs vermiş Müşahidə Şurasının üzvü öz mövqeyi barədə 5 (beş) iş günü müddətində yazılı rəy təqdim etməli və həmin rəy protokola əlavə olunmalıdır.

6.15. İclasın gündəliyinə Müşahidə Şurasının hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli və bu məsələnin müzakirəsində iştirak etməməlidir. Bu zaman həmin üzv məsələyə dair səsvermədə iştirak etmir və onun iştirakı yetərsay müəyyən edilərkən nəzərə alınmır.

6.16. Gündəliyə daxil edilməmiş və ya tələb olunan bütün aidiyyəti sənədləri iclasdan əvvəl təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılığı olduğu hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.

6.17. Müşahidə Şurasının iclaslarının nəticəsi Müşahidə Şurasının üzvləri və Müşahidə Şurasının katibi tərəfindən imzalanmış iclas protokolunda əks olunmaqla rəsmiləşdirilir. Müşahidə Şurasının katibi Şuranın iclasında iştirak edə bilmədikdə, Müşahidə Şurasının sədri onu əvəz edəcək şəxsi təyin edir. Protokol Müşahidə Şurası tərəfindən təsdiq edilərək İdarə Heyətinə göndərilir.

6.18. Müşahidə Şurasının katibi Müşahidə Şurasının sədri tərəfindən Müşahidə Şurasının üzvü olmayan əməkdaşlar sırasından təyin olunur və Müşahidə Şurasının sədrinə hesabat verir.

6.19. Müşahidə Şurasının katibi:

6.19.1. Müşahidə Şurasının iclaslarını təşkil edir;

6.19.2. Müşahidə Şurasının iclaslarının keçirilmə vaxtı, yeri və iclasın gündəliyi barədə Müşahidə Şurasının üzvlərinə, habelə bu Nizamnamənin 6.9-cu və 6.12-ci bəndlərində göstərilən şəxslərə iclasa azı 5 (beş) iş günü qalmış yazılı məlumat verir;

6.19.3. Müşahidə Şurasının iclaslarının protokolunu tərtib edir və imzalanması üçün Müşahidə Şurasının üzvlərinə təqdim edir;

6.19.4. Müşahidə Şurasının qərarlarının layihələrini hazırlayır, baxılması və imzalanması üçün Müşahidə Şurasının sədrinə təqdim edir;

6.19.5. Müşahidə Şurasının qəbul etdiyi qərarların aidiyyəti üzrə göndərilməsini təmin edir.

 

7. Cəmiyyətin icra orqanı

 

7.1. İdarə Heyəti Cəmiyyətin kollegial icra orqanıdır.

7.2. İdarə Heyəti  Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Sərəncam və bu Nizamnamə ilə Cəmiyyətin səhmdarlarının ümumi yığıncağına, Müşahidə Şurasına, Təftiş Komissiyasına və sədrinə verilmiş müstəsna səlahiyyətlər istisna olmaqla, Cəmiyyətin idarə edilməsi ilə bağlı bütün məsələləri həll edir.

7.3. İdarə Heyətinin tərkibi 5 nəfərdən – Cəmiyyətin sədri, sədrin müavinləri və Nazirlik tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən 2 üzvdən ibarətdir.

7.4. İdarə Heyətinin işinə Cəmiyyətin sədri rəhbərlik edir. Cəmiyyətin sədrini və onun müavinlərini Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.

7.5. İdarə Heyəti:

7.5.1. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada hesabat verir;

7.5.2. Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi barədə sənədləri hazırlayır və Müşahidə Şurasına təqdim edir;

7.5.3. Cəmiyyətin Nizamnaməsinə və strukturuna, habelə nizamnamə kapitalının miqdarına dair Müşahidə Şurasına təkliflər verir;

7.5.4. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılması haqqında Müşahidə Şurasına təkliflər verir;

7.5.5. Cəmiyyətin fəaliyyətinə dair illik iş proqramlarını, onların yerinə yetirilməsi haqqında hesabatları təsdiq edir;

7.5.6. Cəmiyyətin inkişaf strategiyasının formalaşdırılması barədə Müşahidə Şurasına təkliflər verir;

7.5.7. yeni texnologiyaların tətbiqi ilə  bağlı qərarlar qəbul edir;

7.5.8. Cəmiyyətin törəmə cəmiyyətlərinin, idarə, filial və nümayəndəliklərinin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin keçirilməsi ilə bağlı qərar qəbul edir;

7.5.9. Cəmiyyətin saxlanılması və ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi üçün qanunda nəzərdə tutulmuş mənbələrdən (kreditlər, qrantlar, texniki yardımlar, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən daxilolmalar və s.) Cəmiyyətin sərəncamına daxil olan məqsədli vəsaitlərin təyinatı üzrə xərclənməsini təmin edir;

7.5.10. Cəmiyyətin iştirak etdiyi birgə layihələrə əmlak və (və ya) pul şəklində pay qoyur;

7.5.11. Cəmiyyətin, onun törəmə cəmiyyətlərinin, idarə, filial və nümayəndəliklərinin istifadəsi üçün ayrılmış dövlət torpaqlarını təyinatı üzrə istifadə edir;

7.5.12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı ilə Cəmiyyətin törəmə cəmiyyətlərinin, filial və nümayəndəliklərinin yaradılması, yenidən təşkili və ləğv edilməsi haqqında qərarlar qəbul edir;

7.5.13. Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin büdcələrini təsdiq edir.

7.6. İdarə Heyətinin iclası üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İclaslar müvafiq qaydada protokollaşdırılır və müzakirə edilmiş məsələlər üzrə qərarlar qəbul edilir. Həmin qərarlar Cəmiyyətin sədri tərəfindən imzalandıqdan sonra qüvvəyə minir.

7.7. Cəmiyyətin İdarə Heyətinin qərarları sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər bölündükdə, iclasa sədrlik edənin səsi həlledici sayılır.

 

8. Cəmiyyətin sədri

 

8.1. Cəmiyyətin sədri:

8.1.1. Cəmiyyətin səmərəli fəaliyyət göstərməsini təmin edərək, onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirir;

8.1.2. Cəmiyyətin sədrinin müavinləri arasında vəzifə bölgüsünü müəyyənləşdirir;

8.1.3. Cəmiyyətin İdarə Heyətinin fəaliyyətini təşkil edir və reqlamentini təsdiq edir;

8.1.4. Cəmiyyətin üzərinə düşən vəzifələrin yerinə yetirilməsi, onun hüquq və öhdəliklərinin həyata keçirilməsi üçün zəruri tədbirlər görür;

8.1.5. Cəmiyyətin adından etibarnaməsiz fəaliyyət göstərir, habelə Cəmiyyəti bütün dövlət orqanlarında, idarə, müəssisə və təşkilatlarda, о cümlədən beynəlxalq təşkilatlarda təmsil edir;

8.1.6. Cəmiyyətin işçilərinin say həddinin, əməkhaqqı sisteminin müəyyən olunması və xərclər smetasının təsdiq edilməsi üçün təkliflər hazırlayaraq Nazirliyə təqdim edir;

8.1.7. Cəmiyyətin daxili intizam qaydalarını təsdiq edir;

8.1.8. Cəmiyyətin aparatının struktur bölmələrinin, törəmə cəmiyyətlərinin, idarə, filial və nümayəndəliklərinin rəhbərlərinin səlahiyyətlərini müəyyən edir;

8.1.9. Cəmiyyətin işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməkhaqqı fondu dairəsində təşkil edir;

8.1.10. Cəmiyyətin aparatının, idarə, filial və nümayəndəliklərinin, habelə törəmə cəmiyyətlərinin strukturunu və ştat cədvəlini təsdiq edir;

8.1.11. Cəmiyyətin aparatının (sədrin müavinləri istisna olmaqla), idarə, nümayəndəlik və filiallarının bütün işçilərini, həmçinin törəmə cəmiyyətlərinin rəhbərlərini, onların müavinlərini, baş mühasiblərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür (Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının, həmçinin törəmə cəmiyyətlərinin rəhbərlərinin vəzifəyə təyin  və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərinin görülməsi Nazirliklə razılaşdırılmaqla həyata keçirilir);

8.1.12. Cəmiyyətin törəmə cəmiyyətlərinin, filial və nümayəndəliklərinin nizamnamələrinin (əsasnamələrinin) təsdiq olunması və onlarda dəyişikliklər edilməsi barədə təkliflər verir;

8.1.13. Cəmiyyətin qərarlarının yerinə yetirilməsinə nəzarət edir;

8.1.14. Cəmiyyətin idarə olunması ilə əlaqədar daxili sənədləri təsdiq edir;

8.1.15. Cəmiyyət adından müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;

8.1.16. Cəmiyyətin idarə edilməsi, cari fəaliyyətinin tənzimlənməsi üçün ona verilmiş səlahiyyətlər daxilində icrası məcburi olan əmrlər, sərəncamlar və göstərişlər verir;

8.1.17. Cəmiyyətdə, onun törəmə cəmiyyətlərində, idarə, filial və nümayəndəliklərində beynəlxalq maliyyə, kadr, təchizat və digər idarəetmə qaydalarının və standartlarının tətbiqi ilə bağlı tədbirlər görür;

8.1.18. fəaliyyət istiqamətlərinə uyğun olaraq, müvəqqəti komissiyalar, komitələr və işçi qrupları yaradır;

8.1.19. Cəmiyyətin mərkəzləşdirilmiş fondlarının yaradılması və istifadə olunması qaydaları barədə qərar qəbul edir;

8.1.20. Cəmiyyətin törəmə cəmiyyətlərinin, idarə, filial və nümayəndəliklərinin işini təşkil edir və onların təsdiq edilmiş gəlir və xərclər smetası üzrə xərclərinin ödənilməsini həyata keçirir;

8.1.21. Cəmiyyətin törəmə cəmiyyətləri, idarə, filial və nümayəndəlikləri arasındakı münasibətlərdə yaranan mübahisələri həll edir;

8.1.22. Cəmiyyətin fəaliyyətini səmərəli təşkil etmək üçün hüquqi şəxs yaratmaqla (birgə müəssisələr) və ya hüquqi şəxs yaratmadan (alyanslar, ittifaqlar) birgə layihələri həyata keçirir və bu layihələrin idarə edilməsində iştirak edir;

8.1.23. Cəmiyyətin əmlakı barədə qanunla və bu Nizamnamə ilə müəyyən edilmiş qaydada sərəncam verir, müqavilələr bağlayır, etibarnamələr verir, banklarda hesablaşma hesabı və digər hesablar açır, hesabları və tədiyə tapşırıqlarını imzalayır.

8.2. Cəmiyyətin sədri vəzifələrini yerinə yetirərkən, vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etməyə, dövlətin və Cəmiyyətin maraqlarına sadiq olmağa və bu maraqları öz maraqlarından üstün tutmağa və ehtiyatlı olmağa borcludur və bu vəzifələrin lazımi qaydada yerinə yetirilməsi üçün məsuliyyət daşıyır.  

8.3. Cəmiyyətin sədri öz vəzifələrini yerinə yetirə bilmədikdə, ezamiyyətdə və ya məzuniyyətdə olduqda, onun səlahiyyətlərinin icrası Cəmiyyətin sədri tərəfindən təsdiq edilmiş vəzifə bölgüsünə əsasən həyata keçirilir.

8.4.  Cəmiyyətin sədri ayrı-ayrı səlahiyyətlərinin icrasını müavinlərinə və Cəmiyyətin struktur bölmələrinin rəhbərlərinə həvalə edə bilər.

9. Cəmiyyətdə mühasibat uçotunun və maliyyə hesabatının aparılması

 

9.1. Cəmiyyət “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, statistik uçotu aparır və statistik hesabatları tərtib edir.

9.2. Cəmiyyət “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”na uyğun olaraq, mühasibat uçotunu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

9.3. Cəmiyyətin birinci maliyyə ili onun dövlət qeydiyyatına alındığı tarixdən başlayır və həmin il dekabrın 31-də başa çatır. Növbəti maliyyə ili isə yanvarın 1-dən başlayır və dekabrın 31-də başa çatır.

9.4. Cəmiyyət nümayəndəlik və filiallarının seqment maliyyə hesabatları ilə birlikdə öz maliyyə hesabatlarını tərtib edir, həmçinin törəmə cəmiyyətlərinin rüblük və illik maliyyə hesabatlarına baxır. Cəmiyyət törəmə cəmiyyətlərə malik olduqda, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edir. Törəmə cəmiyyətlər illik maliyyə hesabatlarını hər il maliyyə ili bitdikdən sonra 4 (dörd) ay müddətində Cəmiyyətə təqdim edir. Cəmiyyət illik birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hər il maliyyə ili bitdikdən sonra      6 (altı) aydan gec olmayan müddətdə auditor rəyi ilə birlikdə, həmçinin Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanılması barədə məlumatı mətbu orqanda dərc etdirməyə və Cəmiyyətin internet səhifəsində yerləşdirməyə borcludur.

9.5. Müşahidə Şurasının üzvləri, İdarə Heyətinin sədri və ya üzvləri, habelə Cəmiyyətin struktur bölmələrinin (filial, nümayəndəlik, idarə və s.) rəhbərləri özlərinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.5-ci, 49-1.6-cı və 49-1.7-ci maddələri ilə müəyyən edilmiş qaydada açıqlamalıdır.

9.6. Cəmiyyət illik maliyyə hesabatlarını hər il maliyyə ili bitdikdən sonra auditor rəyi ilə birlikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir.

9.7. Cəmiyyət törəmə cəmiyyətlərinin, idarə, filial və nümayəndəliklərinin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.

 

10. Cəmiyyətin təftiş komissiyası

 

10.1. Cəmiyyətdə maliyyə-təsərrüfat fəaliyyətinin təftişini həyata keçirmək üçün 3 (üç) nəfərdən ibarət tərkibdə təftiş komissiyası yaradılır. Cəmiyyətin təftiş komissiyasının üzvləri Nazirlik tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.

10.2. Cəmiyyətin təftiş komissiyasının üzvü Cəmiyyətin səhmdarı, Müşahidə Şurasının və İdarə Heyətinin üzvü ola bilməz.

10.3. Cəmiyyətin təftiş komissiyası üzvlərinin səlahiyyət müddəti 3 (üç) il təşkil edir.

10.4. Cəmiyyətin təftiş komissiyası Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Daxili audit haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş vəzifələri yerinə yetirir.

10.5. Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin təftişi Cəmiyyətin təftiş komissiyasının təşəbbüsü əsasında Müşahidə Şurasının qərarı ilə həyata keçirilir.

10.6. Cəmiyyətin təftiş komissiyasının tələbi ilə Cəmiyyətin bütün orqanları və vəzifəli şəxsləri Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti ilə əlaqədar olan sənədləri təqdim etməlidirlər.

10.7. Cəmiyyətin təftiş komissiyası “Daxili audit haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerinə yetirdiyi vəzifələr üzrə Müşahidə Şurasına təklif və tövsiyələr təqdim edir.

10.8. Cəmiyyətdə daxili audit xidməti (daxili audit bölməsi və ya daxili auditor) yaradılır. Daxili audit xidmətinin əməkdaşları öz funksiyalarını yerinə yetirərkən, müstəqil qiymət vermək və nəticə çıxarmaq hüququna malikdirlər. Daxili audit xidməti “Daxili audit haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş vəzifələri yerinə yetirir. Daxili audit xidmətinin əməkdaşı “Daxili audit haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə cavab verməlidir.

 

11. Daxili audit və maliyyə nəzarəti

 

11.1. Cəmiyyət daxili audit xidmətini təsis edir. Daxili audit xidmətinin əməkdaşları öz funksiyalarını yerinə yetirərkən, qanuna uyğun olaraq müstəqil qiymət vermək və nəticə çıxarmaq hüququna malikdirlər.

11.2. Cəmiyyətin daxili audit xidmətinin əməkdaşları ali iqtisadi və ya hüquqi təhsilə və ya digər ixtisas üzrə ali təhsilə və audit və ya müvafiq sahələrdə azı 4 (dörd) il iş stajına malik olmalıdırlar.

11.3. Daxili audit xidməti aşağıdakıları yerinə yetirir:

11.3.1. Cəmiyyətin, onun törəmə cəmiyyətlərinin, idarə, filial və nümayəndəliklərinin fəaliyyətinin Azərbaycan Respublikasının qanunvericiliyinə və Cəmiyyətin daxili  sənədlərinə uyğunluğunu yoxlayır;

11.3.2. Cəmiyyətin təsərrüfat fəaliyyətinin, habelə maliyyə vəziyyətinin dəqiq qiymətləndirilməsi məqsədi ilə bütün sahələrdə aparılan əməliyyatların mütəmadi nəzarətini həyata keçirir;

11.3.3. daxili audit yoxlamalarının nəticələri, habelə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması haqqında Cəmiyyətin sədrinə məlumat və təkliflər verir.

11.4. Cəmiyyətin bütün əməkdaşları daxili auditi həyata keçirən əməkdaşların tələbi ilə zəruri olan sənədləri təqdim etməyə, onlara öz vəzifələrinin icrası üçün lazımi şərait yaratmağa borcludurlar.

 

12.  Cəmiyyətin müstəqil (kənar) auditi

 

12.1. Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin müstəqil (kənar) auditi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

 

13. Cəmiyyətin törəmə cəmiyyətləri, idarə, filial və nümayəndəlikləriilə qarşılıqlı münasibətləri

 

13.1. Cəmiyyətin törəmə cəmiyyətləri, idarə, filial və nümayəndəlikləri ilə qarşılıqlı münasibətləri Azərbaycan Respublikasının qanunlarına, bu Nizamnaməyə, habelə onların nizamnamə və əsasnamələrinə və Cəmiyyətin daxili sənədlərinə uyğun olaraq tənzimlənir.

13.2. Cəmiyyət törəmə cəmiyyətləri, idarə, filial və nümayəndəlikləri ilə qarşılıqlı münasibətlərdə aşağıdakı səlahiyyətlərə malikdir:

13.2.1. Cəmiyyətin törəmə cəmiyyətlərinin, idarə, filial və nümayəndəliklərinin idarəetmə orqanlarını formalaşdırmaq;

13.2.2. Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumlarının balansında olan əmlakın hüquqi və fıziki şəxslərə icarəyə verilməsinə razılıq vermək;

13.2.3. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumlarının təsərrüfat fəaliyyəti üzrə proqnoz göstəricilərininformalaşdırılmasına və hesabatlara nəzarət etmək, bu məsələlərə aid tövsiyələr və təkliflər vermək, habelə müzakirələrdə iştirak etmək;

13.2.4. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumlarının fəaliyyətinin yekunlarına baxılmasını təmin etmək;

13.2.5. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumlarının təqsiri üzündən Cəmiyyətə dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək;

13.2.6. Cəmiyyətin törəmə cəmiyyətlərinin maliyyə-təsərrüfat fəaliyyətini təhlil və təftiş etmək.

 

14. Cəmiyyətin yenidən təşkili və ləğvi

 

14.1. Cəmiyyətin yenidən təşkili və ləğvi barədə qərarlar Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilir.

 

Qeyd.  Bu Nizamnamədə dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.             

 

 

––––––––––––––––––––

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı  il 4 oktyabr tarixli 375 nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

2 nömrəli əlavə

 

 

 

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin

 

STRUKTURU

 

 

  1. “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin aparatı.
  2. Cəmiyyətin idarə, nümayəndəlik və filialları.
  3. Cəmiyyətin törəmə cəmiyyətləri.

 

Qeyd. Bu strukturda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video