Alternative content

01:55 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xüsusi dizaynı və üslubu ilə fərqlənən park şəhər sakinlərində xoş duyğular yaradacaq
Xüsusi dizaynı və üslubu ilə fərqlənən park şəhər sakinlərində xoş duyğular yaradacaq
ANA SƏHİFƏ / Tədbirlər
01:10 06.10.2016

 

Prezident İlham Əliyev Xətai rayonunda yeni yaradılan park kompleksinin açılışında iştirak edib

 

Oktyabrın 6-da Bakının Xətai rayonunda yeni yaradılan “Sevirəm” park kompleksinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva açılışda iştirak ediblər.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva parkın rəmzi açılışını bildirən lenti kəsdilər.

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov yeni yaradılan park kompleksi barədə dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, yeni park kompleksinin ümumi ərazisi 3,2 hektardır. Ərazidə aparılan geoloji işlərin nəticəsində neft tullantıları və mərmər tozu aşkar edilib. Ərazinin torpağı mərmər tozundan və neft tullantılarından təmizlənəndən sonra 2016-cı ilin iyunundan parkın yaradılmasına və tikinti işlərinə başlanılıb. Burada işlər sentyabrda başa çatıb.

Qeyd edək ki, ərazisi münbit torpaqla örtülən parkın uzunluğu 288 metr, eni isə 110 metrdir. Park kompleksinin üç girişi var.

Yaşıllaşdırma zamanı IDEA - Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq İctimai Birliyinin təşəbbüsü ilə parkda ağacəkmə kampaniyası keçirilib. Ərazidə 4 mindən artıq müxtəlif növ ağac, o cümlədən 30 illik Eldar şamı, 35 illik sərv, 12 illik tuya ağacları əkilib.

Parkda avtomat suvarma sistemi, su və yanğın çənləri, nasosxana, təhlükəsizlik müşahidə kameraları quraşdırılıb, müasir işıqlandırma sistemi yaradılıb.

Ərazidə təbii daşlardan yonulmuş heykəllər landşaftla vəhdət təşkil edir. Parkda qoyulmuş 14 heykəlin hər biri xüsusi dizaynı və üslubu ilə fərqlənir. Müxtəlif mövzularda olan bu heykəllər Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilmiş “Daşın nəğməsi” birinci Beynəlxalq heykəltəraşlıq simpoziumu çərçivəsində müxtəlif ölkələrdən olan heykəltəraşların yaratdıqları əsərlərdir.

Parkda eləcə də Heydər Əliyev Fondunun dəstəyi ilə “Ürəklər” kompozisiyası təqdim olunur. Bu kompozisiya Bakıya, təbiətə, insanlara olan sevgini əks etdirir.

Yeni istirahət guşəsinin ərazisində yaradılmış şəlalədə dekorativ və təbii daşlardan istifadə olunub. Burada uşaqlar üçün əyləncə meydançası və yelləncəklər quraşdırılıb.

Kompleksin ərazisində iki yerdə avtodayanacaq, bir dekorativ perqola – keçid və kafe var. Ərazidə yanğınsöndürən maşınlar və velosipedçilər üçün hərəkət zolaqları da salınıb.

Parkın ərazisində, həmçinin “GreenCar” mərkəzi tərəfindən elektriklə işləyən nəqliyyat vasitələrinin enerjidoldurma stansiyası quraşdırılıb.

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva yeni park kompleksində ağac əkdilər.