02 Oktyabr 2016 12:10
775
Nazirlər Kabineti
A- A+

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 370

 

№ 370                                    Bakı şəhəri, 27 sentyabr 2016-cı il

 

“Birgə texnologiyalar parkının fəaliyyətinin təşkili və idarə olunması Qaydası”nın təsdiq edilməsi barədə

 

“Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 168 nömrəli Fərmanının 4.1.7-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Birgə texnologiyalar parkının fəaliyyətinin təşkili və idarə olunması Qaydası” təsdiq edilsin (əlavə olunur).

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı  il 27 sentyabr tarixli 370 nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

Birgə texnologiyalar parkının fəaliyyətinin təşkili və idarə olunması

 QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 168 nömrəli Fərmanının 4.1.7-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və birgə texnologiyalar parkının (bundan sonra - birgə texnopark) fəaliyyətinin təşkili və idarə edilməsi məsələlərini tənzimləyir.

1.2. “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”də (bundan sonra - Əsasnamə) göstərilmiş “Texnoparkın yaradılması məqsədləri”, “İdarəedici təşkilatın funksiyaları”, “İdarəedici təşkilatın gəlirləri”, “Texnoparkın rezidentinin fəaliyyəti”, “İnkubatorun rezidentinin fəaliyyəti”, “Texnoparkın torpaq sahələrindən istifadə”, “Texnoparkın ləğvi” bölmələri üzrə müddəalar birgə texnoparklara da şamil edilir.

1.3. Bu Qaydada istifadə olunan anlayışlar Əsasnamə ilə müəyyən edilir.

1.4. Birgə texnoparklar ixtisaslaşmış və qarışıq profilli ola bilər.

1.5. Bu Qaydada istifadə olunan investor (sərmayədar) anlayışı “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

 

2. Birgə texnoparkın yaradılması

 

2.1. Özəl və xarici investisiyaları innovasiya və yüksək texnologiyalar sahəsinə cəlb etməklə, texnoparkınqurulmasına nail olmaq üçün dövlət, bələdiyyə və ya xüsusi mülkiyyətdə olan torpaqlarda investorla birgə texnopark yaradıla bilər.

2.2. Birgə texnoparkın yaradılması haqqında qərarı dövlət mülkiyyətində olan torpaqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanının və ya dövlət müəssisəsinin (birgə texnoparkın dövlət elm və təhsil müəssisələri yanında yaradılması barədə isə həmin müəssisənin təqdimatı əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin) təklifinə əsasən Azərbaycan Respublikasının Prezidenti, bələdiyyə mülkiyyətində olan torpaqlara münasibətdə müvafiq bələdiyyə, xüsusi mülkiyyətdə olan torpaqlara münasibətdə isə xüsusi mülkiyyətçi qəbul edir.

2.3. İnvestor (sərmayədar) dövlət mülkiyyətində olan torpaqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanına və ya dövlət müəssisəsinə (birgə texnoparkın dövlət elm və təhsil müəssisələri yanında yaradılması barədə isə həmin dövlət elm və təhsil müəssisəsinə), bələdiyyə mülkiyyətində olan torpaqlara münasibətdə müvafiq bələdiyyəyə, xüsusi mülkiyyətdə olan torpaqlara münasibətdə xüsusi mülkiyyətçiyə birgə texnoparkın yaradılması haqqında investisiya təklifi ilə müraciət edir.

2.4. Birgə texnoparkın yaradılması haqqında investisiya təklifinə aşağıdakı sənədlər əlavə edilir:

2.4.1. investor haqqında ümumi məlumat;

2.4.2. investorun maliyyə vəziyyəti və maliyyə mənbəyi haqqında məlumat;

2.4.3. yaradılması təklif edilən birgə texnoparkın fəaliyyət profili haqqında məlumat;

2.4.4. birgə texnoparkınyaradılmasının iqtisadi əsaslandırılması;

2.4.5. yaradılması təklif edilən birgə texnoparkın əsasnaməsinin layihəsi;

2.4.6. yaradılacaq idarəedici təşkilatın təsisçilərinin təsis müqaviləsinin layihəsi;

2.4.7. yaradılacaq idarəedici təşkilatın nizamnaməsinin layihəsi;

2.4.8. birgə texnoparkın yaradılması ilə əlaqədar tədbirlər planının layihəsi.

2.5. Dövlət, bələdiyyə və ya xüsusi mülkiyyətdə olan torpaqlarda birgə texnoparkın yaradılması məqsədi ilə daxil olan investisiya təklifinə 20 (iyirmi) iş günü müddətində baxılır.

2.6. Dövlət mülkiyyətində olan torpaqlarda birgə texnoparkınyaradılmasına aşağıdakı qaydada baxılır:

2.6.1. birgə texnoparkın yaradılması haqqında investisiya təklifi daxil olduqda, mərkəzi icra hakimiyyəti orqanı və ya dövlət müəssisəsi (birgə texnoparkın dövlət elm və təhsil müəssisələri yanında yaradılması barədə isə həmin dövlət elm və təhsil müəssisəsi) investorun təklifini qeydiyyata alır və investora qeydiyyatı təsdiq edən sənəd (arayış) təqdim edir;

2.6.2. mərkəzi icra hakimiyyəti orqanı və ya dövlət müəssisəsi (birgə texnoparkın dövlət elm və təhsil müəssisələri yanında yaradılması barədə isə həmin dövlət elm və təhsil müəssisəsi) investorun təklifinin və ona əlavə edilmiş sənədlərin bu Qaydanın 2.4-cü bəndinin tələblərinə uyğunluğunu yoxlayır. Təklifə əlavə edilməli bütün sənədlər təqdim edilmədikdə, təklifin qeydiyyata alındığı tarixdən 3 (üç) iş günündən gec olmayaraq mərkəzi icra hakimiyyəti orqanı və ya dövlət müəssisəsi (birgə texnoparkın dövlət elm və təhsil müəssisələri yanında yaradılması barədə isə həmin dövlət elm və təhsil müəssisəsi) həmin çatışmazlıqları göstərməklə, investora bu barədə yazılı məlumat verir. Bu zaman təklifə baxılmanın axımı dayandırılır və dayandırılmış müddət təklifə baxılmanın ümumi müddətinə daxil edilmir;

2.6.3. investor yazılı məlumatı aldığı vaxtdan ən geci 15 (on beş) iş günü müddətində həmin çatışmazlıqları aradan qaldırmalıdır. Çatışmazlıq aradan qaldırıldıqdan sonra baxılmanın ümumi müddətinin axımı bərpa edilir;

2.6.4. investorun təklifinin dəyərləndirilməsi mərkəzi icra hakimiyyəti orqanında və ya dövlət müəssisəsində (birgə texnoparkın dövlət elm və təhsil müəssisələri yanında yaradılması barədə isə həmin dövlət elm və təhsil müəssisəsində) bu məqsədlə yaradılmış qiymətləndirmə komissiyası (bundan sonra - komissiya) tərəfindən həyata keçirilir;

2.6.5. komissiya mərkəzi icra hakimiyyəti orqanı və ya dövlət müəssisəsi (birgə texnoparkın dövlət elm və təhsil müəssisələri yanında yaradılması barədə isə həmin dövlət elm və təhsil müəssisəsi) tərəfindən onun işçiləri arasından seçilmiş şəxslərdən yaradılır və komissiya ictimai əsaslarla fəaliyyət göstərir. Komissiyanın tərkibi (sədri və digər 4 üzvü) mərkəzi icra hakimiyyəti orqanının və ya dövlət müəssisəsinin (birgə texnoparkın dövlət elm və təhsil müəssisələri yanında yaradılması barədə isə həmin dövlət elm və təhsil müəssisəsinin) rəhbəri tərəfindən müəyyən edilir;

2.6.6. zərurət yarandıqda, komissiyanın tərkibinə kənar təşkilatların mütəxəssisləri və müstəqil ekspertlər daxil edilir. İnvestor tərəfindən təklifin hazırlanması üçün cəlb olunmuş mütəxəssislər, ekspertlər, məsləhətçilər, eləcə də hüquqi və maliyyə cəhətdən investorla əlaqədə olan hüquqi şəxsin nümayəndələri və ya fiziki şəxslər komissiyanın tərkibinə daxil edilə bilməzlər;

2.6.7. komissiya investorun təklifinə dair rəyini özünün yekun iclasında müəyyən edir, iclası  protokol ilə rəsmiləşdirir və onu təklifə baxılmanın ümumi müddətinin bitməsinə ən geci 5 (beş) iş günü qalmış yazılı formada mərkəzi icra hakimiyyəti orqanına və ya dövlət müəssisəsinə (birgə texnoparkın dövlət elm və təhsil müəssisələri yanında yaradılması barədə isə həmin dövlət elm və təhsil müəssisəsinə) təqdim edir;

2.6.8. dövlət elm və təhsil müəssisəsinin komissiyasının rəyi müsbət olduqda, dövlət elm və təhsil müəssisəsi investisiya təklifini və bu Qaydanın 2.4-cü bəndinə əsasən tələb olunan sənədləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir;

2.6.9. komissiyanın investor tərəfindən təqdim edilmiş təklifə dair rəyi müsbət olduqda, mərkəzi icra hakimiyyəti orqanı və ya dövlət müəssisəsi (birgə texnoparkın dövlət elm və təhsil müəssisələri yanında yaradılması barədə isə bu Qaydanın 2.6.8-ci yarımbəndinə əsasən həmin müəssisənin təqdimatı əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti) təklifi və bu Qaydanın 2.4-cü bəndinə əsasən tələb olunansənədləri, həmçinin birgə texnoparkın fəaliyyət ərazisi, sosial və digər infrastrukturla təminatı imkanları haqqında məlumatı Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;

2.6.10.   birgə texnoparkın fəaliyyət ərazisi haqqında məlumatda ərazi sərhədlərinin dəqiq təsviri və ərazinin planı, yaradılması təklif olunan birgə texnoparkda yerləşən torpaqların tərkibi haqqında məlumat, torpaq sahələrinin mülkiyyətçilərinin və torpaq istifadəçilərinin siyahısı göstərilməlidir;

2.6.11. investorun (sərmayədarın) təklifinə dair komissiyanın rəyi mənfi olduqda, mərkəzi icra hakimiyyəti orqanı və ya dövlət müəssisəsi (birgə texnoparkın dövlət elm və təhsil müəssisələri yanında yaradılması barədə isə həmin dövlət elm və təhsil müəssisəsi) qeydiyyat prosedurunun ümumi müddəti çərçivəsində təklifi və ona əlavə edilmiş sənədləri öz rəyi ilə birlikdə investora qaytarır;

2.6.12. investor tərəfindən təqdim edilmiş təklifdə və ya ona əlavə olunmuş sənədlərdəki çatışmazlıqlar bu Qaydanın 2.6.3-cü yarımbəndi ilə müəyyən edilmiş müddətdə aradan qaldırılmadıqda, mərkəzi icra hakimiyyəti orqanı və ya dövlət müəssisəsi (birgə texnoparkın dövlət elm və təhsil müəssisələri yanında yaradılması barədə isə həmin dövlət elm və təhsil müəssisəsi) təklifi və ona əlavə edilmiş sənədləri investora qaytarır.

2.7. Bələdiyyə və ya xüsusi mülkiyyətdə olan torpaqlara münasibətdə müvafiq bələdiyyə və ya xüsusi mülkiyyətçi investordan daxil olmuş investisiya təklifini 20 (iyirmi) iş günü müddətində qiymətləndirir və rəyi müsbət olduqda, birgə texnoparkın yaradılması haqqında qərar verir.

2.8. İnvestorun (sərmayədarın) təklifinə dair müvafiq bələdiyyə və ya xüsusi mülkiyyətçinin rəyi mənfi olduqda, habelə investor tərəfindən təqdim edilmiş təklifdə və ya ona əlavə olunmuş sənədlərdəki çatışmazlıqlar bu Qaydanın 2.6.3-cü yarımbəndi ilə müəyyən edilmiş müddətdə aradan qaldırılmadıqda, təklif və ona əlavə edilmiş sənədlər investora qaytarılır.

2.9. İnvestor və ya onun iştirak payı olan kommersiya təşkilatı (idarəedici təşkilat və ya operatorda olan iştirak payı istisna olmaqla)birgə texnoparkın rezidenti kimi fəaliyyət göstərə bilər.

 

3. Birgə texnoparkın fəaliyyətinin təşkili və idarə olunması

 

3.1. Birgə texnoparkın fəaliyyətinin təşkili, idarə olunması və inkişaf etdirilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə, Əsasnaməyə və bu Qaydaya uyğun olaraq idarəedici təşkilat tərəfindən həyata keçirilir.

3.2. İdarəedici təşkilat dövlətin iştirak payı olan birgə texnoparklarda dövlətin və investorun iştirak payına uyğun təsisçiliyi ilə, bələdiyyənin iştirak payı olan birgə texnoparklarda bələdiyyə və investorun iştirak payına uyğun təsisçiliyi ilə, xüsusi mülkiyyətçinin iştirak payı olan birgə texnoparklarda xüsusi mülkiyyətçinin və investorun iştirak payına uyğun təsisçiliyi ilə yaradılır.

3.3. İdarəedici təşkilat birgə texnoparkın yaradılması haqqında qərarla müəyyən edilir.

3.4. Əsasnamənin 5-ci hissəsi ilə müəyyən olunmuş funksiyaların yerinə yetirilməsində tərəflərin bərabərhüquqlu iştirakını təmin etmək üçün kollegial orqan olan birgə komissiya yaradılır.

3.5. Dövlət mülkiyyətində olan torpaqlarda yaradılan birgə texnoparklara münasibətdə təsis edilmiş birgə komissiyada dövləti Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən səlahiyyətli orqan təmsil edir.

3.6. Birgə texnoparkın daha səmərəli idarə olunmasını təmin etmək üçün birgə komissiyanın qərarı ilə müsabiqə əsasında operator cəlb edilə bilər.

3.7. İdarəedici təşkilat və operator birgə texnoparkın fəaliyyətinə görə cavabdehdirlər. Operatorun əsas fəaliyyəti birgə texnoparkın idarə olunmasına dair idarəetmə sazişi çərçivəsində həvalə olunmuş funksiyaları icra etməkdən ibarətdir.

3.8. Operator birgə texnoparkı onunla idarəedici təşkilat arasında bağlanılan idarəetmə sazişi əsasında idarə edir. İdarəetmə sazişi Əsasnamənin 4.5-ci bəndinə əsasən müəyyən edilir.

3.9. İdarəedici təşkilat və operator birgə texnoparkın rezidenti kimi fəaliyyət göstərə bilməzlər.

3.10. Birgə texnoparkın fəaliyyətinin təşkili məqsədi ilə aşağıdakı tədbirlər həyata keçirilir:

3.10.1. birgə texnoparkın fəaliyyəti üçün ayrılmış ərazi istifadəyə yararlı vəziyyətə gətirilir;

3.10.2. birgə texnoparkın infrastrukturu yaradılır;

3.10.3. inkubator və texnologiya transferi mərkəzi yaradılır;

3.10.4. fəaliyyət profilinə uyğun olaraq, innovasiya məhsulunun və (və ya) yüksək texnologiyaların hazırlanması, işlənilməsi, təkmil-ləşdirilməsi və istehsalı üçün elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin həyata keçirilməsi ilə bağlı xidmətlərin göstərilməsi təşkil edilir.

3.11. İnkubator və texnologiya transferi mərkəzindən başqa, birgə texnoparkdainnovasiya fəaliyyətinin inkişafı və elmi fəaliyyətin genişləndirilməsi məqsədi ilə digər struktur bölmələri də yaradıla bilər.

3.12. Birgə texnopark üçün nəzərdə tutulmuş dövlət, bələdiyyə və ya xüsusi mülkiyyətdə olan torpaq sahələri, binalar və qeyri-yaşayış sahələri (bundan sonra – sahələr) icarəyə vermək hüququ ilə idarəedici təşkilatın istifadəsinə verilir. Birgə texnoparka verilən infrastruktur obyektlərindən yalnız onun fəaliyyət məqsədləri üçün istifadə edilir.

 

4. Birgə komissiyanın fəaliyyətinin təşkili

 

4.1. Birgə komissiyanın tərkibi, dövlət mülkiyyətində olan torpaqlara münasibətdə bu Qaydanın 3.5-ci bəndi ilə müəyyən olunan müvafiq səlahiyyətli orqanın nümayəndələri, bələdiyyə mülkiyyətində olan torpaqlara münasibətdə müvafiq bələdiyyənin üzvləri, xüsusi mülkiyyətdə olan torpaqlara münasibətdə isə xüsusi mülkiyyətçi və (və ya) onun nümayəndələri, habelə investor və (və ya) onun nümayəndələri daxil edilməklə müəyyən edilir.

4.2. Birgə komissiya ictimai əsaslarla fəaliyyət göstərir.

4.3. Birgə komissiyanın tərkibi, onun sədri də daxil olmaqla 7 üzvdən ibarətdir.

4.4. Birgə komissiyanın işinə rəhbərliyi birgə komissiyanın üzvləri arasından seçilmiş sədr həyata keçirir.

4.5. Birgə komissiyanın iclaslarına sədrliyi sədr, iclaslarının təşkilini və işinin əlaqələndirilməsini isə birgə komissiyanın üzvləri arasından seçilmiş katib yerinə yetirir.

4.6. Birgə komissiyanın iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli hesab edilir.

4.7. Birgə komissiyanın iclasları bir qayda olaraq, ildə ən azı 4 (dörd) dəfə keçirilir. Əlavə iclaslar komissiya sədrinin, üzvlərinin yarıdan çoxunun və ya idarəedici təşkilatın tələbi ilə çağırıla bilər.

4.8. Birgə komissiyanın üzvü iclaslarda şəxsən iştirak etməlidir. Birgə komissiyanın üzvü iclasda iştirak edə bilmədiyi təqdirdə, o, bu barədə birgə komissiyanın sədrini əvvəlcədən məlumatlandırmalıdır. İclasda birbaşa iştirak edə bilməyən birgə komissiyanın üzvü iclasda müzakirəsi nəzərdə tutulmuş məsələlərin baxılmasında qiyabi şəkildə iştirak edə bilər. Bu məqsədlə üzv iclasın keçiriləcəyi günədək əsaslandırılmış rəyini yazılı və ya elektron şəkildə birgə komissiyanın sədrinə göndərir. Rəyini yazılı və ya elektron formada təqdim etmiş üzv birgə komissiyanın iclasında iştirak etmiş hesab edilir və səsvermədə onun səsi nəzərə alınır.

4.9. Birgə komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, birgə komissiyanın sədrinin səsi həlledici hesab edilir.

4.10. Birgə komissiyanın iclasları komissiya sədrinin və katibinin imzaladığı protokolla rəsmiləşdirilir.

 

5. Birgə texnoparkınmaliyyələşdirilməsi və gəlirin bölüşdürülməsi

 

5.1. Birgə texnoparkın fəaliyyətinin təşkili və idarə olunması xərclərinin, həmçinin gəlirlərin bölüşdürülməsi bu Qaydanın 3.2-ci bəndinə əsasən yaradılacaq idarəedici təşkilatın təsis müqaviləsi ilə müəyyən edilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video