1972-ci ildən İsmayıllının ictimai həyatının fəal iştirakçısıyam. 1981-ci ildə ümummilli lider Heydər Əliyevin bölgəmizə səfərlərinin şahidi olmuşam. Müasir dövrdə də ölkə başçısı İlham Əliyevin rayonumuza etdiyi 5 səfərin hər birinin sevincini yaşamışam. Bu səfərlərin bəhrələrini - rayonumuza tərəqqi, firavanlıq, yeni ruh gətirməsini aydınlığı ilə görüb duymuşam, ailəmin və bölgə sakinlərinin timsalında bunları hiss etmişəm.
Bu ilin avqustundakı səfər xüsusilə unudulmazdır. Səfər zamanı Prezidentimizin açılışını etdiyi obyektlər qazanılan uğurlarımızın, sosial-iqtisadi inkişafımızın göstəricisidir. Hər yeni istifadəyə verilən obyekt həm də yeni iş yerləri deməkdir. Təkcə velosiped zavodunda 60 nəfər İsmayıllı sakini işlə təmin olunub.
Prezident İlham Əliyev 2014-cü ilin sentyabrın 22-də İsmayıllıya səfəri zamanı Olimpiya idman kompleksinin yenidən qurulması və əsaslı təmiri ilə əlaqədar tapşırıq vermişdi. O tapşırıq məsuliyyətlə icra olunub. Son səfər zamanı ölkə rəhbəri orada da olub, görülən işlərdən razı qalıb. İsmayıllı Olimpiya İdman Kompleksi indi respublikada ən işlək idman müəssisələrindəndir. Kompleksdə bir çox idman növləri üzrə yarışlar və təlim-məşq toplantıları keçirilir. Əsaslı təmirdən sonra burada da iş yerlərinin sayı artıb.
29 kilometrlik İsmayıllı-Qaraməryəm magistral yolu Prezident İlham Əliyevin tapşırığı ilə qısa zamanda yeni standartlar əsasında çəkilib. Açılış lentini Prezident özü kəsdi. Yol boyu 2 körpü və 12 dayanacaq tikilib. İsmayıllı, eləcə də Göyçay sakinləri bu yolun abadlaşdırılmasından çox məmnundurlar.
İki qrupluq - 40 nəfərlik uşaq bağçasının əsaslı təmirdən sonra beş qrupluğa, müvafiq olaraq da 100 nəfərliyə çatdırılması Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilib.
“İsmayıllı-2” su elektrik stansiyasının istifadəyə verilməsi isə əhəmiyyətli iqtisadi nailiyyətdir və ölkəmizin iqtisadi qüdtərinin təzahürüdür. “İsmayıllı-1” su elektrik stansiyasından çıxan təmizlənmiş su “İsmayıllı-2” su elektrik stansiyasına daxil olacaq. Beləliklə, İsmayıllı su elektrik stansiyası ümumi gücü 3,2 meqavat olan su elektrik stansiyaları silsiləsini təşkil edəcək. Rayonun Sumağallı kəndi yaxınlığında inşa edilən su elektrik stansiyası ildə 8 milyon kilovatsaat elektrik enerjisi istehsal etmək imkanına malikdir. Bütün bunları görmək, duymaq, yaşamaq bir dövlət qulluğu veteranı kimi məni çox sevindirir. Görülən işlərə, icra olunan layihələrə görə biz ismayıllılılar Prezident İlham Əliyevə minnətdarıq.
Valeh SALEHOV,
dövlət qulluğu veteranı